• çərşənbə, 17 Aprel, 02:43
  • Baku Bakı 14°C

Ərdoğanın Moskvada Dağlıq Qarabağ problemindən danışması təqdir edilir

14.03.17 10:30 998
Ərdoğanın Moskvada Dağlıq Qarabağ problemindən danışması təqdir edilir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən həftə Rusiyada səfərdə olub. Vladimir Putin və Ərdoğan arasında ikitərəfli görüşdən sonra Rusiya və Türkiyə Yüksək səviyyəli Əməkdaşlıq Şurasının VI iclası keçirilib. Rusiya-Türkiyə münasibətlərinin layiq olduğu səviyyəyə çıxması, "Türk axını” layihəsinin həyata keçirilməsi, enerji sahəsində əməkdaşlıq, Suriya siyasəti, terrorizmə qarşı birgə mübarizə və sair məsələlər gündəmə gətirilib. Prezidentlərin görüşündə bizim üçün diqqət çəkən məqam Ərdoğanın Dağlıq Qarabağ problemindən söhbət açması, münaqişənin həllinə dair fikirlərini rusiyalı həmkarının diqqətinə çatdırması oldu. Türkiyə prezidenti Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, problemin həlli təcili addımlar tələb edir. Onun sözlərinə görə, təmas xəttində baş verənlər vəziyyətin nə qədər kritik olduğunu, Azərbaycanla Ermənistan arasında yeni müharibə riskinin nə qədər artdığını göstərir. R.T.Ərdoğan münaqişənin həlli üzrə hərtərəfli müzakirələrin tezliklə başlamasını zəruri hesab etdiyini də dilə gətirib. Qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin həllində qabaqcıl rol oynaya biləcəyinə inanır. Türkiyə prezidenti rusiyalı həmkarı V.Putinlə birgə keçirdiyi mətbuat konfransında isə deyib ki, keçirilən görüşlərdə Türkiyə-Rusiya-Azərbaycan üçlü ittifaqının yaradılması da müzakirə edilib.

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov Rusiya və Türkiyə prezidentlərinin növbəti görüşü ilə bağlı fikirlərini "Kaspi”yə bölüşərək deyib ki, bu səfər zamanı yalnız ikitərəfli məsələlərin geniş spektrinə dair məsələlər deyil, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Deputatın sözlərinə görə, tərəflər münaqişənin tez bir zamanda həllinin artıq gəlib çatdığını dilə gətiriblər: "Prezidentlərin görüşündə Dağlıq Qarabağ probleminin dondurulmuş münaqişə olmadığı, istənilən halda hadisənin ən mürəkkəb ssenari üzrə inkişaf edə biləcəyi vurğulanıb. Cənab Ərdoğan təxminən bu ruhda fikirlər səsləndirib. O, bu münaqişənin həllində Rusiyanın daha ciddi imkanlara malik olduğunu, daha həlledici tərəf olduğunu da diqqətə çatdırıb. Fikrimcə, Rusiya tərəfi üçün də bu məqam olduqca vacibdir. Bir çox hallarda bu münaqişənin həlli prosesində ABŞ və Fransa da eyni iddiada çıxış edir. Lakin hər kəsə bəllidir ki, Ermənistana təsir-təzyiq etmək imkanlarına ən çox və ən yüksək səviyyədə Rusiya malikdir. Ona görə də Rusiya-Türkiyə münasibətlərinin normal məcraya yönəlməsi, daha da inkişaf etməsi bir sıra fundamental məsələlərdə hər iki dövlətin ortaq mövqedən çıxış etmələri ilə nəticələnə bilər. Bu isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də yeni imkanlar, yeni pəncərələr aça bilər. Bu baxımdan, Rusiya və Türkiyə arasındakı Yüksək səviyyəli Əməkdaşlıq Şurasının VI iclasında Türkiyə prezidentinin ölkəsini narahat edən bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ problemini də qaldırması özü-özlüyündə çox mühüm hadisədir. Belə davam edərsə, problemin həllində yeni dinamizmin də şahidi ola bilərik”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da qəzetimizə açıqlamasında bildirib ki, Rusiya və Türkiyə arasında yaşanan təyyarə insidentindən sonra hər iki ölkə rəhbəri son 6 ayda 4-cü dəfə bir araya gəliblər. Onun sözlərinə görə, tərəflər arasındakı münasibətlər artıq normallaşma mərhələsini keçib və daha da yaxşılaşmağa doğru inkişaf edir: "Ərdoğanın Moskva səfərində əsas müzakirə mövzusu Suriya məsələsi idi. Ancaq buna baxmayaraq, Türkiyə prezidenti rusiyalı həmkarı ilə təkbətək görüşdə, eləcə də Rusiya və Türkiyə arasındakı Yüksək səviyyəli Əməkdaşlıq Şurasının VI iclasında Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Ümumilikdə isə Ərdoğan bu görüşdə Azərbaycanla bağlı iki açıqlama dilə gətirib. Onun birinci açıqlaması Rusiya-Azərbaycan-Türkiyə formatının yaradılması idi. Digər açıqlaması isə bir qədər əvvəl qeyd etdiyim kimi, Dağlıq Qarabağ probleminin ədalətli həllinin sürətləndirilməsinin vacibliyidir. Ərdoğan qeyd etdi ki, münaqişə tezliklə həllini tapmazsa, müharibə yenidən başlaya bilər. Türkiyə prezidenti bu fikrində tamamilə haqlıdır. Ərdoğan rusiyalı həmkarı ilə keçirdiyi hər görüşdə qısa da olsa Dağlıq Qarabağ məsələsinə diqqət çəkir. Bu, bizim üçün olduqca vacibdir. Ancaq inanmıram ki, məhz bu görüşdən sonra həqiqətən də Rusiyada Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün təşəbbüslər göstərilsin. Sadəcə Ərdoğan dolayısı ilə Rusiyanın diqqətinə onu çatdırır ki, bu münaqişənin həlli Moskvanın özünün də xeyrinədir. Çünki münaqişə həllini tapdığı təqdirdə bölgədə tamamilə sabitlik yaranır və əməkdaşlıq üçün geniş imkanlar açılır. Əgər "Mərhələli həll planı” ilə razılaşıb işğalçılıq siyasətinə son qoyarsa, hətta Ermənistan da gələcəkdə bu formata qoşula bilər. Bunun əvəzində isə bizə 5 rayonun azad edilməsi müqabilində Dağlıq Qarabağda referenduma dair razılıq verilməsi məsələsini "sırımaq” istəyirlər. Bu isə münaqişənin ədalətli həlli deyil, Ermənistanın xeyrinə atılan növbəti addımdır. Azərbaycan heç bir halda belə təkliflərlə razılaşmayacaq”.

E.Şahinoğlunun fikrincə, ola bilsin ki, Putin Ərdoğanın Moskva səfərində qaldırdığı birinci məsələ, yəni Rusiya-Azərbaycan-Türkiyə formatının yaradılması ilə razılaşsın. Politoloq qeyd edib ki, belə bir formulun işə düşməsi hamının xeyrinədir: "Hazırda Rusiya-Türkiyə ticarət dövriyyəsi yenidən artır və gələcəkdə bu məbləğin artırılaraq 100 milyard dollara çatdırılması əsas hədəfdir. Bunun üçün ortada böyük layihələr var. Türkiyə Azərbaycanın strateji müttəfiqi, Rusiya isə ölkəmizlə tərəfdaş dövlətdir. Təbii ki, Azərbaycan da bütün bu proseslərdə rol almaq istəyir. Ona görə də regionda üçlü formatın işə düşməsi bizim də xeyrimizədir. Buna qədər də Azərbaycan-Türkmənistan-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran kimi formatlar mövcud idi. Artıq beşinci belə bir formatın yaradılmasından söhbət gedir. İşğalçı Ermənistanın isə heç bir belə formatı yoxdur. Ermənistan heç kim üçün maraqlı deyil. Azərbaycanın enerji resursları, ortaq layihələri və maliyyə potensialı ölkəmizlə əməkdaşlığı digər dövlətlər üçün zəruri edir. Vacibdir ki, bu ölkələr Dağlıq Qarabağ münaqişəsinin həllini də sürətləndirsinlər. Çox təəssüflər olsun ki, biz bunu hələlik müşahidə etmirik. Həmsədrlərin bölgəyə son səfəri də belə bir fikir yürütmək üçün əsasdır. Yenə də işğala məruz qalanla işğal edənə eyni münasibət göstərilir”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər