• çərşənbə axşamı, 23 aprel, 23:56
  • Baku Bakı 20°C

Ərdoğanın Bakı səfəri mühüm məqamlardan xəbər verir

02.09.14 12:53 2231
Ərdoğanın Bakı səfəri mühüm məqamlardan xəbər verir
Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov: «Azərbaycanla Türkiyə arasında əlaqələr dünyada ikinci örnəyi olmayan əlaqələrdir»

“Azərbaycanla Türkiyə arasındakı əlaqələr artıq yeni bir mərhələyə çatıb və strateji əlaqələri özündə əks etdirir. Bu da onu göstərir ki, Türkiyə ilə Azərbaycanın bütün istiqamətlər üzrə mövqeləri birdir və həqiqətən də strateji tərəfdaş olan iki dövlətdir”. Bu fikirləri “Kaspi” qəzetinə müsahibəsində Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov səsləndirib. Səfir iki ölkə arasındakı siyasi, iqtisadi və mədəni münasibətlərdən və qarşıda görüləcək işlərdən danışıb.
- Cənab səfir, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin daha sıx ola biləcəyi barədə fikirlər irəli sürülür. Yəni münasibətlər tam qənaətbəxş deyil. Əgər bu fikirlərdə həqiqət varsa, o zaman hansı imkanlar əldən verilib?
- Azərbaycanla Türkiyə arasında olan əlaqələri ümumiləşdirəndə belə ifadə işlətmək olar: Azərbaycanla Türkiyə arasında əlaqələr dünyada ikinci örnəyi olmayan əlaqələrdir. Təbii ki, dəyişən dünyada əlaqələrin gündəlik də olmasa, ara-sıra təkmilləşdiriləməsinə ehtiyac yaranır. Sadəcə, ola bilsin ki, iki ölkə arasında iqtisadi əlaqələr bizim siyasi əlaqələrimizin potensialını əks etdirmir. Ona görə önümüzdəki dönəmlərdə əsas məqsədimiz Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələri yüksək səviyyəyə çatdırmaqdır. Hal-hazırda 5 milyarda yaxın ticarət mübadiləmiz olduğu halda əlaqələrimizi gerçəkdən əks etdirən rəqəmlərə nail olmalıyıq. Həmin rəqəmlər də ondan daha artıqdır - yəni 10 milyard dollara çata biləcək səviyyə əldə etməliyik. Azərbaycanla Türkiyə arasındakı əlaqələr artıq yeni bir mərhələyə çatıb və strateji əlaqələri özündə əks etdirir. Bu da onu göstərir ki, Türkiyə ilə Azərbaycanın bütün istiqamətlər üzrə mövqeləri birdir və həqiqətən də strateji tərəfdaş olan iki dövlətdir.
- Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq hansı səviyyədədir?
- Təbii ki, sadaladığım sahələr arasında hərbi əməkdaşlıq da mühüm yer tutur. Azərbaycan müstəqillik əldə etdikdən sonra – 1991-ci ildə Türkiyə Azərbaycanı tanıyan ilk dövlət idi. O vaxtdan bəri Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq geniş istiqamətdə inkişaf edir. Bizim gənclərimizin əksəriyyəti Türkiyənin hərbi məktəblərində təhsil alır. Onların çox gözəl örnəkləri var. Əminliklə deyə bilərik ki, ölkələr arasında hərbi əməkdaşlıq yüksək xətlə davam etdirilir.
- Dağlıq Qarabağ probleminin həllində Türkiyənin aktiv rol oynamaması ilə bağlı fikirlər də səslənir. Sizcə bu məsələdə qardaş ölkə daha fəal mövqe tuta bilərmi?
- Məlum olduğu kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində danışıqlarda mühüm rol oynayan ATƏT-in Minsk qrupunun burda rolu mövcuddur. Minsk qrupunun 12 üzvü var. O üzvlərdən biri də Türkiyədir. Təəssüf ki, Türkiyə bu təşkilatda həmsədr kimi iştirak etmir. Həmsədr qismində ABŞ, Fransa və Rusiya çıxış edirlər. Münaqişənin tənzimlənməsində, danışıqların aparılmasında bu üç ölkənin mövqeyi daha öndə görünür. Təbii ki, Türkiyə müxtəlif vaxtlarda bu məsələnin həlli istiqamətində daha aktiv şəkildə öz mövqeyini bildirir. Biz də Türkiyənin bu məsələ ilə bağlı mövqeyini yüksək qiymətləndirir və dəstəkləyirik ki, danışıqlar prosesində Türkiyənin rolu daha da artsın. Amma bu, Minsk qrupunun formalaşdığı zaman həll olunması lazım olan məsələ idi. Təəssüf ki, bu o zaman həll olunmayıb. Artıq danışıqlar prosesi mövcud format üzrə davam edir.
- Türkiyə-Ermənistan münasibətlərinin bərpası ilə bağlı söhbətlər zaman-zaman gündəmə gəlir. Bu məsələni həll olunmuş saymaq olarmı? Sizcə iki ölkə arasında sərhədlərin açılması məsələsi yenidən hallana bilərmi?
- Türkiyə dövləti həmişə bəyan edir ki, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması məsələsi yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən, işğal altında olan torpaqlarımızın azad olunmasından sonra mümkün ola bilər. Keçmişdə Türkiyənin prezidenti də, baş naziri də bu bəyanatla çıxış ediblər. Türkiyə müxtəlif beynəlxalq arenalarda da bu mövqedən çıxış edir. Bu məsələyə bir prizmadan baxmaq lazımdır: vaxtilə bu sərhədlərin bağlanması səbəbi Azərbaycanın torpaqlarının işğal olunması ilə bağlı di. Məntiq də ondan ibarətdir ki, yalnız bu səbəb aradan qalxdıqdan sonra bu məsələyə baxıla bilər. Biz Türkiyənin ən yüksək səviyyədə etdiyi bəyanatları göz önündə saxlayaraq belə qənaətə gələ bilərik ki, bu, hal-hazırda prioritet məsələlərdən biridir. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, işğal olunan Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin çıxarılmasını tələb edən, bunu dəfələrlə bəyan edən ölkədir.
- Türkiyə və Azərbaycan diasporunun birgə fəaliyyəti haqqında nə deyə bilərsiniz? Türkiyədə yaşayan azərbaycanlılar ölkəmizlə bağlı hansı işləri həyata keçirirlər? Onların fəaliyyəti sizi qane edirmi?
- Türkiyə ilə Azərbaycan diaspor təşkilatları müxtəlif ölkələrdə, xüsusən də Avropada və Amerikada sıx əlaqədədirlər. Biz də bu cür çoxsaylı fəaliyyətlərin şahidi oluruq. Onlar müxtəlif məsələlərdə bərabər iştirak edirlər. Təbii ki, onların fəaliyyəti daha geniş şəkildə ola bilər. Düzdür, xaricdə olan Azərbaycan diasporası formalaşmış şəkildə fəaliyyət göstərir. Azərbaycan dövlətinin də buna böyük dəstəyi var. Azərbaycanda Diaspor üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Türkiyədə isə 3 il bundan öncə bu istiqamətdə siyasəti həyata keçirən belə bir qurum təşkil olunub. Onlar bu istiqamətdə Azərbaycanın təcrübəsini də maraqla izləyirlər.
- Məlumdur ki, incəsənət, ədəbiyyat və mədəniyyət siyasətlə bərabər ölkələr arasında körpü rolunu oynayır. Bu cür əlaqələrin daha da inkişafı üçün hansı addımların atılmasına ehtiyac var?
- İki ölkə arasında əlaqələr dərin mədəni və tarixi köklərə söykənən əlaqələrdir. Demək olar ki, bu sahədə də çox böyük inkişafın şahidiyik. Bu da ondan ibarətdir ki, Azərbaycanın mədəniyyəti tam şəkildə Türkiyənin müxtəlif bölgələrində təmsil olunur. İl ərzində Azərbaycanla bağlı sərgilər, ölkəmizin musiqi həftələri və s. keçirilir. Azərbaycanın şairləri, yazıçıları Türkiyədə keçirilən müxtəlif festivallarda fəal iştirak edirlər. Demək olar ki, Azərbaycan mədəniyyəti Türkiyədə çox geniş təbliğ olunub. Türkiyənin hər bir şəhərində dövlət universitetlərinin və özəl ali məktəblərin incəsənət fakültələrinin qurulmasında Azərbaycan bəstəkarlarının, musiqiçilərinin və incəsənət xadimlərinin yaxından rolu var. Hətta bu gün də həmin fakültələrin bir çoxunda Azərbaycanın tanınmış rəssamları, heykəltaraşları və s. çalışırlar. Vaxtaşırı Türkiyədə Azərbaycan Mədəniyyət günləri keçirilir. Sonuncu dəfə 2012-ci ildə burada Azərbaycanın Mədəniyyət günləri keçirildi. Keçən il Türkiyənin müxtəlif şəhərlərində Azərbaycan Rəqs Ansamblının konsertləri keçirildi. Azərbaycanın bir sıra yazıçı və bəstəkarlarının əsərləri qardaş ölkənin müxtəlif teatr və opera səhnələrində qoyulur. Burada TÜRKSOY-un fəaliyyəti də təqdirəlayiqdir. Mədəniyyətimizi tanıtmaq istiqamətində uğurlu fəaliyyət həyata keçirilir.
- Ortaq Türk tarixi, əlifbası və televiziyasının yaradılmsı ilə bağlı səslənən fikirlər ətrafında hansısa əməli iş görülürmü?
- Türkdilli ölkələrin şurası fəaliyyət göstərir. Həmin şuranın baş qərargahı İstanbul şəhərindədir. Şura vasitəsilə müxtəlif layihələr həyata keçirilir. Birgə tarix və əlifba, uzaq perspektivdə birgə dil istiqamətində çoxsaylı toplantılar təşkil olunur. Artıq bu sahədə işlər başlanıb. Məlumdur ki, Türk dünyasının onurğasını hər zaman Türkiyə ilə Azərbaycan müəyyən edib. Biz artıq geniş bir coğrafiyanın içində aparılan işlə bərabər Türkiyə ilə Azərbaycan arasında da bu işə başlamışıq. AMEA-nın Tarix İnstitutu bu məsələlərdə böyük işlər görüb və hal-hazırda Türkiyə tarixçiləri ilə bərabər ortaq tarix üzərində işlər başlanılıb. Məqsəd də ondan ibarətdir ki, gələcək nəsillər bizim ortaq tariximizi, dəyərlərimizi bilsinlər. Həmçinin həm Türkiyə, həm də Azərbaycan orta məktəb dərslərində ortaq tarixin dərsləri də keçirilsin. Bu istiqamətdə işlər görülür və müəyyən nailiyyətlər də əldə olunub. Təbii ki, bu qısa bir zamanda bitəcək bir iş deyil. Amma əsas işə başlamaq və onu davam etdirməkdir. Vaxtaşırı tarixçilər görüşür və fikir mübadiləsi aparırlar. Əsas odur ki, həm Türkiyə, həm də Azərbaycan tərəfindən belə bir istək var və bu istiqamətdə işlər davam edir. Qaldı ki, geniş çapda ortaq tarix, əlifba, televiziya, filmlərin çəkilişi və s. şura çərçivəsində bu istiqamətdə işlər həyata keçirilir.
- Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 3-də Azərbaycana səfəri baş tutacaq. Bu səfərdən qarşılıqlı gözləntilər nədir?
- Bu səfər Azərbaycanla Türkiyə arasında əlaqələrin hansı səviyyədə olduğunu bir daha göstərir. Artıq ənənəyə çevrilib: hər iki ölkədə seçkilərin nəticələrindən sonra ilk xarici səfər məhz Azərbaycandan Türkiyəyə, Türkiyədən də Azərbaycana olur. Bu, çox sevindirici haldır ki, Türkiyənin 12-ci prezidenti Ərdoğan ilk xarici səfərini Azərbaycana edəcək. Bu səfər Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoymasını təsdiqləyən bir səfər olacaq. İki ölkə arasında keçmişdən davam edən və önümüzdə olan illərdə irimiqyaslı layihələrin həyata keçirilməsi istiqamətində müəyyən təkrar söhbətlərin aparılması lazımdır. Çünki Azərbaycanla Türkiyə arasında həyata keçirilən layihələr bölgə çapında olan layihələr deyil, dünya miqyaslı layihələrdir. Ona görə bu səfər bu cür əhəmiyyətli məsələlərin müzakirəsinə də imkan verəcək. Bildiyiniz kimi iki ölkə arasında Strateji Əməkdaşlıq Şurası fəaliyyətdədir. Bu şuranın çərçivəsində də çox iri miqyaslı məsələlər müzakirə olunur, vacib sənədlər imzalanır. Biz Türkiyə prezidentinin ölkəmizə səfərini yüksək qiymətləndiririk. Bu, iki ölkə arasında dostluğu, qardaşlığı və strateji tərəfdaşlığı bir daha sübut edən səfərdir.
- Cənab səfir, müsahibəyə görə təşəkkür edirəm!
- Sağ olun. “Kaspi” qəzetinin fəaliyyətinə uğurlar arzulayıram!
Təranə Məhərrəmova
Ankara

banner

Oxşar Xəbərlər