• çərşənbə axşamı, 19 mart, 15:09
  • Baku Bakı 8°C

Ərdoğanın ABŞ səfərinin böyük uğuru

14.11.19 16:43 1861
Ərdoğanın ABŞ səfərinin böyük uğuru
Qondarma erməni soyqırımının tanınmasını nəzərdə tutan qətnamə bloklanıb

ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında az qala tarixi görüş kimi qeyd olunan danışıqlar başa çatsa da, şübhəsiz, onun nəticələri uzun müddət müzakirə mövzusu olaraq qalacaq. Heç kimə sirr deyil ki, Trampın Ərdoğanı hərarətli bir tərzdə qəbul etməsinə baxmayaraq, iki NATO müttəfiqi arasında münasibətlər son onilliklərdə ən aşağı səviyyəyə enib. Danışıqlar zamanı da bunu açıq-aydın hiss etmək mümkün olub. Məsələn, Türkiyə prezidenti, Trampın təhqiredici məktubunu özünə qaytarıb. Ərdoğan birgə mətbuat konfransında "Bu məktubu hörmətli prezidentə qaytardım” deyib. İki liderin Ağ Evdə təkbətək görüşü 1 saat 15 dəqiqə davam edib. Xatırladaq ki, oktyabrın 16-da D.Tramp R.T.Ərdoğana sərt ifadələrlə dolu məktub göndərib. O, məktubunda rəsmi Ankaranın Suriyada əməliyyatları dayandırmayacağı təqdirdə Türkiyə iqtisadiyyatını çökdürəcəyini bildirmişdi. Eləcə də, qondarma erməni soyqırımını tanıyan ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi bədnam qətnamə də bura daxildir. Nümayəndələr Palatasındakı "erməni soyqırımı” qərarını tənqid edən Ərdoğan, narahatlığını prezident Trampa çatdırıb. O deyib ki, Türkiyə dialoq tərəfdarıdır və erməni tərəfinə ortaq komissiya yaratmaq təklifini qüvvədə saxlayır.Əlavə edib ki, 104 il əvvəl baş verən hadisələrlə bağlı qərarı siyasətçilər yox, tarixçilər verməlidir: "Ermənistana, gəlin "arxivlərimizi açaq” dedik, amma gəlmədilər. "Ermənistana, "ortaq tarix komissiyası quraq, tərkibində üçüncü tərəflər də olsun” dedik. Bu məsələnin həlli ilə bağlı bütün xoş niyyətimizi və siyasi iradəmizi ortaya qoyduq. "Arxivləriniz varsa, siz də açın” dedik və biz arxivlərimizi açdıq. Bizim sadəcə Türkiyə Silahlı Qüvvələri arxivində 1 milyon sənədimiz var. "Buyurun, gəlin” dedik, amma gəlmədilər, gələ bilmirlər. Niyə? Çünki çalışmağa başladıqları zaman, axtardıqlarını tapa bilməyəcəklərini özləri də bilirlər. "Buyurun, Harvardın, Fransanın belə bir kiçik arxivi var” dedik, amma onu da qəbul etmədilər”. O qeyd edib ki, "erməni soyqırımı” məsələsi gündəmə gələndə siyasətçilər yox, tarixçilər önə çıxmalıdırlar: "Ermənistan onsuz da dünənin dövlətidir. 1991-ci ildə dövlət olublar. Bundan öncə müxtəlif yerlərdə köçəri olaraq dolaşırdılar. Türkiyədə də eyni şəkildə köçəri olaraq yaşayarkən, məcburi köç məsələsi gündəmə gəldi, bu addımlar atıldı. Bu gün Türkiyədə 100 minə yaxın erməninin olduğunu bilirsinizmi? Bunun 60 mini vətəndaşımızdır, 40 mini qeyri-qanuni şəkildə ölkəmizdə yaşayır. Biz bu 40 mini ölkəmizdən deportasiya etməmişik. Bunları Ermənistana göndərə bilərdik, amma göndərmədik. Məhz bu, türk millətinin insani keyfiyyətini ortaya qoyur. Bunu görmürlər və görmək istəmirlər. Ermənistan ölkələrimiz arasında 2009-cu ildə imzalanan protokolları ratifikasiya etməkdən qaçdı. Erməni diasporu isə yalan və iftiralarına davam edərək, ölkəmizə qarşı qara piarını davam etdirdi. Bunların işi və pulu çoxdur. ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qərar, təəssüf ki, siyasi revanş halına gətirilib. Alınan qərarın tarixi reallıqlarla heç bir əlaqəsi olmadığı aşkardır. Bu qərar bizim nəzərimizdə yox hökmündədir. Bu cür siyasi qərarlarla ölkəmizi basqı altına alacaqlarını düşünənlər gec-tez, yanıldıqlarını anlayacaqlar”.
Təqdiredici haldır ki, qondarma qətnamə bloklanıb. ABŞ Senatı Hüquq komitəsinin sədri Lindsi Qrem Ərdoğanla görüşdən sonra Osmanlı İmperiyasında qondarma erməni soyqırımını tanıyan qətnamənin yuxarı palatada baxılmasını bloklayıb. Qrem, senatorun bütün palata tərəfindən qəbul olunan qətnaməni blok edə bilmək hüququndan istifadə edib. "Mən elə indicə prezident Ərdoğanla görüşdüm. Ümid edirəm ki, Türkiyə və Ermənistan birlikdə bu problemi həll edə biləcəklər", - deyə senator vurğulayıb. Lindsi Qrem onu da əlavə edib ki, qətnaməni keçmişə deyil, gələcəyə görə bloklayır. Bundan əvvəl demokrat senator Bob Menendez onu Senatda nəzərdən keçirməyi təklif etmişdi. Xatırladaq kı, "erməni soyqrımı” ilə bağlı qətnamənin qəbulu Xarici İşlər Komitəsində demokrat Robert Menendez tərəfindən təklif edilmiş, Türkiyə isə buna sərt reaksiya vermişdi.
Suriyadakı böhrana toxunan Әrdoğan vurğulayıb ki, ABŞ-ın bu mövzudakı ən etibarlı tərəfdaşı Türkiyədir. Bununla yanaşı, mətbuat konfransı vaxtı Tramp, jurnalistin "suriyalıların vətənlərinə qayıtması məsələsini avropalı liderlərlə müzakirə etmək imkanınız oldumu” sualına cavabında yanlışlığa yol verib və Ərdoğan dərhal məsələyə müdaxilə edib. Belə ki, Tramp Türkiyənin suriyalıların vətənlərinə dönməsi üçün 4 milyard dollar xərclədiyini deyib. Ərdoğan isə Trampın sözünü kəsərək, bunun 4 deyil, 40 milyard dollar olduğunu bildirib. Ərdoğan Trampla keçirdiyi təkbətək və heyətlər arası görüşlərdən sonra bəzi respublikaçı senatorların da iştirak etdiyi iclasda çıxış edib. Türkiyədə çox sayda kürdün yaşadığını bildirən Ərdoğan, ABŞ-ın keçmiş prezidenti Barak Obama dövründə Suriyadan Türkiyəyə 350 min kürdün köç etdiyini vurğulayıb. Türkiyə prezidenti, Tramp da daxil olmaqla bəzi səlahiyyətlilərin kürd olaraq adlandırdığı qrupun əslində separatçı terror təşkilatı PKK olduğunu vurğulayıb: "'Sizin kürd dediyinizisə PKK-PYD-YPQ-dir. Bunlar terror təşkilatıdır”. Ərdoğan "Mazlum Kobani'” ləqəbli terrorçunun terror təşkilatı PKK-nın başçısının mənəvi övladı olduğunu deyib. O, Suriya sərhədində yaradılmağa planlaşdırılan təhlükəsiz bölgəyə 1 milyon qaçqının yerləşdirilməsi ilə bağlı planın hazır olduğunu söyləyib.
FETÖ məsələsi də gündəmdə olub. Tramp ilə Türkiyənin milli təhlükəsizliyini təhdid edən terror təşkilatları ilə mübarizə məsələsini də müzakirə etdiklərini ifadə edən Rəcəb Tayyib Ərdoğanbildirib ki, FETÖ-nun ABŞ-dakı mövcudluğuna qəti şəkildə son qoyulmasını tələb edir.
Yeri gəlmişkən, Ərdoğanın Vaşinqtona səfəri ABŞ mətbuatında geniş müzakirə olunub. Görüşlə bağlı hazırlanan xəbərdə Trampın Ərdoğana dediyi "Onun böyük pərəstişkarıyam” sözlərini xatırladan CNN, parlamentarilərin sözügedən görüşdən gözlədikləri qarşılamanın bu olmadığını qeyd edib. CNN-in Ağ Ev müxbiri Kevin Liptakın yazdığı məqalədə ən diqqət çəkən ifadə isə belədir: "Trampdan, heç bir lider, Ərdoğan qədər istədiyini ala bilmədi”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər