• çərşənbə, 17 Aprel, 02:34
  • Baku Bakı 14°C

Ərdoğanın 100 günü

10.12.14 10:02 1055
Ərdoğanın 100 günü
Rəcəb Tayyib Ərdoğanın prezident kimi and içməsindən, Türkiyə prezidenti kürsüsünə əyləşməsindən 100 gün ötdü. Hər bir dövlətdə yeni seçilən prezidentin “100 gün”lük fəaliyyət dövrünə qiymət verilməsi artıq ənənə şəklini alıb. Avqust ayında prezident kürsüsünə əyləşən Rəcəb Tayyib Ərdoğan bu müddət ərzində aktiv fəaliyyəti ilə seçildi. İndi artıq əminliklə demək olar ki, Ərdoğan bu “100 günlük” mərhələni uğurla həyata keçirib.
“Yatan yox, tərləyən prezident olacağam” şüarı ilə kürsüyə əyləşən Ərdoğan bu sözünün üstündə tam durdu, desək yanılmarıq. İlk 3 ayda Türkiyənin sabiq prezidentlərini kölgədə qoymağa başlayan Ərdoğan 100 gün ərzində 14 dəfə xarici ölkələrə səfər edib. Sabiq prezidentlərdən Süleyman Dəmirəl 7 il ərzində 57 ölkəyə 125, Turqut Özal vəzifəsi müddətində 29 ölkəyə 40, Kənan Evren 7 ildə 23 ölkəyə 32 dəfə səfər edib. 10-cu prezident Əhməd Necdət Sezər isə 7 il ərzində 48 xarici səfərdə olub. Bu istiqamətdə rekord 11-ci prezident Abdullah Güldədir. Abdullah Gül prezident olduğu dövrdə 84 ölkəyə 110 dəfə səfər edib. Ərdoğanın 3 ayda xarici səfərlər istiqamətində nümayiş etdirdiyi rəqəmlər isə ona rekord qazandıracaq kimidir.
AKP iqtidara gəldiyi dövrdə, daha dəqiq desək, 2002-ci ildən bəri Türkiyədə ən güclü fiqur kimi ortaya çıxan Ərdoğan bütün rəqiblərini inamla üstələyərək sədri olduğu partiyanı bütün seçkilərdə qalibiyyətlə irəli aparır. Həmin vaxta kimi Türkiyədə həm hakimiyyət, həm də müxalifət sıralarında ciddi siyasi fiqurların olmasına baxmayaraq, Ərdoğan bütün rəqibləri üzərində inamla qələbə çalmağa müvəffəq olub. Ötən gün keçirilən sorğunun nəticələrinə görə, Ərdoğanı ölkə əhalisinin böyük bir qismi, təqribən 67 faizi dəstəkləyir.
Prezidentin 100 gününə nəzər salsaq, görərik ki, bu müddət heç də onun üçün asan keçməyib. Əsas narahatlığa səbəb olan hadisələrdən ən başlıcası PKK terror təşkilatı və PYD (Partiya Yekitiya Demokrat - Demokratik Birlik Partiyası) tərəfdarlarının Suriyanın Kobani şəhərində “İslam Dövləti” terror qruplaşmasının kürdləri öldürməsini bəhanə gətirərək Türkiyədə kütləvi etiraz aksiyası keçirməsi idi. Aksiya nəticəsində ölkənin 8 əyalətində komendant saatı tətbiq edildi və bu hadisələr Qərb mediasında “Kürd baharı”nın başlanması kimi təqdim edildi. Əslində isə, aksiyaların məqsədi 2009-cu ildə başladılan və kürdlərlə barışığı nəzərdə tutan “demokratik açılım” (“Çözüm süreci”) prosesinin yarımçıq qoyulması idi. Çünki problemsiz Türkiyə bölgədə “demokratik dəyərlərin” yayılmasına çalışan qüvvələrin maraqlarına ziddir.
Ötən yüz gün içində problemlərlə yanaşı , bir çox uğurlu addımlar da atıldı ki, bunlardan biri də Mosulda “İslam Dövləti” tərəfindən girov saxlanılan türkiyəli diplomatların azad edilməsi oldu. Önəmli məsələlərdən biri də yeni prezidentin inauqurasiyası və bu mərasimi yeni prezident sarayında keçirməsi oldu. Ərdoğan yeni sarayının bahalı olması və həddən artıq böyüklüyü barədə iradlara rəğmən, yeni iqamətgaha köçdü. Bu addımı Ərdoğan tərəfdarları təhlükəsizliklə izah etdilər. İnsafən desək, buna əsas da olub. Belə ki, Çankaya köşkündə Gülən tərəfdarları dəfələrlə Ərdoğanı şantaj edən video və audioyazılar yaymışdılar.
Yeni prezidentin ən önəmli addımlarından biri kimi onun Azərbaycana səfərini göstərmək olar. Artıq Türkiyədə yeni seçilən baş nazir və prezidentin ilk xarici səfərini Azərbaycana etməsi ənənə şəklini alıb. Digər önəmli məqamlardan bir isə heç şübhəsiz, Moskva-Ankara münasibətlərinin dərinləşməsi məsələsidir. Bir vaxtlar az qala diplomatik münasibətlərin kəsiləcəyi həddində olan Türkiyə-Rusiya münasibətləri artıq özünün strateji önəm dövrünü yaşayır. Putinin Ankara səfərində əsas məqsəd Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti toplantısında iştirak olsa da, bu, dünyanın enerji siyasətini dəyişdirən səfər kimi yadda qaldı. Tərəflər arasında bir çox məsələlərin müzakirəsindən əlavə, Putinin Türkiyə paytaxtındakı açıqlamaları da diqqət çəkdi. Belə ki, Rusiya lideri Rusiyanın “Cənub axını” qaz kəməri layihəsinin reallaşdırılmasından imtina etdiyini, eləcə də Türkiyəyə ixrac edilən qazın qiymətində ilkin mərhələdə 6, daha sonra isə 15 faizlik endirim olunacağını bəyan etdi. Qazın qiymətində endirim Türkiyə üçün önəmli olması ilə yanaşı, Qərbin sanksiya məngənəsində sıxılan Moskva üçün məcburiyyətdir.
Digər önəmli layihələrdən biri də Türkiyə ərazisində “yüz illik evlilik” kimi qələmə verilən “Akkuyu” atom elektrik stansiyasının (AES) tikintisidir ki, bu da enerji asılılığı olan Türkiyə üçün çox vacibdir. Çünki Rusiyadan idxal edilən qazın 43%-i elektrik enerjisi istehsalına sərf edilir. Buna görə də Ankara gələcəkdə də həyati əhəmiyyət daşıyan AES tikintilərini davam etdirəcək. Ərdoğan-Putin görüşünün nəticəsi kimi Rusiyanın Türkiyə ilə yeni qaz kəməri layihəsinin həyata keçirilməsi niyyətində olduğu da aydın oldu.
Ümumiyyətlə, son illər Ankara ilə Moskva arasında əməkdaşlıq daha sürətlə inkişaf etməkdədir. Lakin müşahidəçilər hesab edir ki, burada hər şeyin hamar olduğunu da düşünmək yanlışlıq olardı. Bu ölkələrin hər birinin dünya siyasətində öz rolu var. Rusiya SSRİ dağılandan sonra yenidən supergüc olmaq iddiasındadır. Türkiyə də dünya miqyasında söz sahibi olan regional lider dövlətə çevrilmək istiqamətində fəallıq göstərir. Onları birləşdirən məqamlar - Avrasiyada yerləşmələri, Rusiya ərazisində çoxlu sayda türk xalqları nümayəndələrinin yaşaması və s. kimi faktorlardır. Bunlara son illər Rusiya və Türkiyədə baş verən daxili siyasi proseslərin göstərdiyi təsiri vurğulamaq lazımdır. Məsələ ondan ibarətdir ki, son illər Ankara ilə Moskva arasında iqtisadiyyat, ticarət, turizm və mədəniyyət sahəsində ciddi dəyişikliklər baş verdi. İndi iki ölkə arasındakı ticarət dövriyyəsi 34 milyard dollar həcmindədir. 2020-ci ilə qədər tərəflər bu rəqəmi 100 milyarda qaldırmaq əzmindədirlər. İki ölkə arasında nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında saziş mövcuddur. Moskva Türkiyə ərazisindən öz təbii enerji daşıyıcılarının nəql edilməsinə xüsusi əhəmiyyət verir. Hazırda iqtisadi-ticari əlaqələrin daha geniş miqyasda inkişaf etdirilməsi üzərində iş aparılır. Rusiya-Türkiyə münasibətlərinin geosiyasi aspektində fikir ayrılığı da az deyil. İlk növbədə Yaxın Şərqdə cərəyan edən proseslərə Ankara ilə Moskva fərqli bucaq altında baxırlar. Ankara Əsədin hakimiyyətdən getməsini arzulayır. Moskva isə hər hansı dəyişikliyin Əsədin də iştirak etdiyi seçki yolu ilə həll edilməsinin tərəfdarıdır. Digər fərqli yanaşma isə Rusiya tərəfindən ilhaq edilən Krımın taleyi ilə bağlıdır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər