• cümə axşamı, 18 aprel, 06:42
  • Baku Bakı 12°C

Ərdoğandan gözlənilən bəyanat

24.04.14 17:59 1264
Ərdoğandan gözlənilən bəyanat
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qondarma erməni soyqırımının ildönümü ərəfəsində səsləndirdiyi bəyanatının ardınca növbəti mesajı ilə gündəmi tutub. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir səsləndirən baş nazirin dedikləri onu ermənipərəstlikdə günahlandıranlara layiqli cavab olub. Jurnalistlərin “Ermənistanla diplomatik münasibətlərin qurulması sərhəd qapılarının açılması ola bilər” sualına cavabında bildirib ki, Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından söhbət belə gedə bilməz: “Bəzi şərtlər var. Dağlıq Qarabağ məsələsi bizim üçün əsasdır. Bu münaqişə həll olunmadan iqtidarımız razılığı gələ bilməz. Çünki bu hadisədə ciddi haqsızlıq var”.
Baş nazirin fikirlərini xarici işlən naziri Əhməd Davudoğlu da davam etdirib. Davudoğlu Ərdoğanın qondarma erməni soyqırımı barədə səsləndirdiyi mesajı şərh edib. O, bu çağırışa cavab veriləcəyinə ümid etdiyini deyib: “Tarix ağ-qara deyil. Hamı başqalarının kədərini bölüşmək böyüklüyünü göstərməlidir. Ümidvaram ki, uzatdığımız əl havada qalmaz. Türkiyə heç bir açıqlamanı təzyiq altında vermir. Həmçinin bu, vaxaşırı verilən dövri bir açıqlama deyil”. Bunun bir çağırış olduğunu deyən Əhməd Davudoğlu bu çağırışa cavab veriləcəyinə ümid etdiyini deyib.
Ardınca AKP rəhbərinin müavini Mehmet Əli Şahin bildirib ki, Türkiyə-Ermənistan münasibətləri yalnız Azərbaycan torpaqlarının azad olunmasından sonra bərpa edilə bilər. Onun sözlərinə görə, Türkiyə bunu dəfələrlə bəyan edib. Mehmet Əli Şahin deyib ki, baş nazir Ərdoğan özünün bütün bəyanatlarında bildirib ki, yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən sonra münasibətlərin normallaşması və Türkiyə-Ermənistan sərhədinin açılması barədə söhbət gedə bilər. Onun sözlərinə görə, 1915-ci il hadisələrində Türkiyədə təkcə ermənilər deyil, ərəblər, kürdlər, eləcə də türklər də həlak olublar: “1915-ci ildə ermənilərin dövlətə qarşı üsyan etdiklərini və onların dinc əhaliyə qarşı xarici qəsbkarlarla birləşdiklərini sübut edən çoxlu sayda faktlar var. 1915-ci ildə yerli əhali özlərini ermənilərdən qorumağa məcbur olub”.
Dünən isə dünya erməniləri qondarma soyqırımının növbəti ildönümünü keçiriblər. Növbəti dəfə antiTürkiyə ovqatında şüarlar səsləndirib, qardaş ölkənin bayraqlarını yandırıblar. “Soyqırım”la bağıı Türkiyə hökumətinin bəyanatından ruhlanan ermənilər Ankaranın üzr istəməli olduğunu bəyan ediblər. İrəvanın Azadlıq meydanında qondarma erməni soyqırımını anmaq üçün məşəlli yürüş zamanı “Daşnaksutyun” partiyasının üzvləri Opera Teatrının qarşısında Türkiyə bayraqlarını yandırıblar.
Qeyd edək ki, ermənilərin soyqırım iddiaları 1915-ci ilin aprel ayında Van şəhərində baş vermiş erməni üsyanı ilə bağlıdır. Rusiya imperiyasının işğalçı qoşunlarının Vana tərəf irəlilədiyini görən erməni əhali aprelin 19-da üsyan qaldıraraq şəhərdə 15 minə yaxın türkü qəfil yaxalayaraq qətlə yetirmişdi. Həmin vaxt şəhərdə yaşayan 41 min adamın 23 mini ermənilər olub. Amma ermənilər təşkil olunmuş halda Vana axışıblar və sayları 70 minə çatıb. Nəticədə şəhərdə 15 min türk qətl edilib. Vəziyyəti belə görən Osmanlı hökuməti aprelin 24-də şəhəri üsyançılardan təmizləyib və dinc erməni əhalinin qırılmasından ehtiyatlanaraq onları Rusiya ilə cəbhə xəttindən Aralıq dənizi sahillərinə köçürüb. Ermənilər həmin tarixin soyqırımı kimi tanınması fikrinə yalnız İkinci dünya müharibəsində baş vermiş yəhudi soyqırımının tanınmasından sonra düşüblər. Soyqırımı yəhudilərə dövlət qurmağa imkan vermişdi. Buna görə də ermənilər uydurma əsərlər yazdıraraq Van üsyanına soyqırımı donu geyindirməyə çalışıblar. 1965-ci ildə İrəvanda qondarma soyqırımına abidə qoyulub. Amma bununla belə, dünyanın əksər dövlətləri ermənilərə qarşı soyqırımı törədilməsi fikrini qəbul etmirlər. Saxta soyqırımı iddialarına görə, 1915-ci ildən 1923-cü ilə kimi Türkiyədə 1 milyon 500 min nəfər erməni öldürülüb. Olayların 1915-ci il aprelin 24-də Osmanlı imperiyasının paytaxtı İstanbulda erməni ziyalıların kütləvi həbsi və daha sonra öldürülməsindən başladığı iddia olunur.
Yeri gəlmişkən, Ermənistan prezidenti Serj Sarkisyan dünən yaydığı müraciətdə Türkiyəni 1915-1923-cü illər arasında Osmanlı imperiyasında baş verənlərə görə üzr istəməyə çağırıb. Sarkisyan həmin illərdə ermənilərin Cənubi Qafqazda, Anadoluda törətdikləri vəhşilikləri, qətliamları yada salmayaraq Türkiyənin üzr istəməli olduğunu vurğulayıb. Dövlət başçısı utanmadan ermənilərin Türkiyə cəmiyyətini düşmən qismində görmədiyini deyib: “Biz o ağır günlərdə öz həyatını təhlükəyə ataraq çoxsaylı ermənini qırğından xilas edən türkləri unutmuruq. Hər cəmiyyət, o cümlədən türklər insan həyatını qurtaran, soyqırımına qarşı çıxan əcdadları ilə fəxr etməlidir”. Sarkisyan Türkiyəni Ermənistanla sərhədləri açmağa, normal qonşuluq münasibətləri qurmağa səsləyib.
Dünən həmçinin daşnak gənclərin mitinqində Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması və sərhədlərin açılması üzrə 2009-cu ildə Sürixdə imzalanmış iki protokolun ləğv olunması tələbi də irəli sürülüb. Protokollar iki ölkə parlamentlərində ratifikasiya olunmalı idi. Lakin Türkiyə tərəfi sənədlərin ratifikasiyasını Qarabağ münaqişəsinin tənzimlənməsi ilə şərtləşdirmişdi. Erməni tərəfi sənədləri parlamentin gündəliyinə daxil edib, Ankaranın ratifikasiyasını gözləyirdi. Bəzi Ermənistan siyasi qüvvələri “Ermənistanın maraqlarına zidd” protokollardan imzaları geri çağırmağı tələb edirdi. Ötən həftə isə Serj Sarkisyan yenidən münasibətlərin sahmana salınması prosesinin “dondurulmasında” Ankaranı suçlayıb. Yerli təhlilçilər prezidentin Ermənistan-Türkiyə protokollarından “imzanı geri çağırmaq” fikrində olduğunu güman edirlər. Bu isə münasibətlərin tənzimlənməsi prosesindən çıxmaq deməkdir.
Azər NURİEV
banner

Oxşar Xəbərlər