• cümə axşamı, 25 aprel, 15:44
  • Baku Bakı 23°C

Ərdoğandan ABŞ-a cavab

30.07.18 18:54 413
Ərdoğandan ABŞ-a cavab
Türkiyə-ABŞ münasibətlərindəki gərginlik səngimək bilmir. Bu dəfə iki ildir Türkiyədə həbsdə olan amerikalı keşiş Andrev Brunson gərginliyin mənbəyinə çevrilib. ABŞ prezidenti Donald Trampın "Brunson buraxılmasa, Türkiyə sanksiya ilə üzləşə bilər” bəyanatına prezidentRəcəb Tayyib Ərdogan"biz təzyiqə boyun əyməyəcəyik, Amerika isə vacib və vicdanlı tərəfdaşını itirmək riskinə gedir” bəyanatı ilə cavablandırıb.
Vaşinqtonda düşünürdülər ki, tərəflər NATO-nun Brüssel sammitində keşişin həbsdən azad olunması ilə bağlı razılıq əldə ediblər. A.Brunson20 ildən çox Türkiyədə yaşayıb. O, ötən həftə həbsdən buraxılsa da, məhkəmə istintaqı bitənədək ev dustağı edilib. Vaşinqton isə onun dərhal bəraət alacağını, yaxud sadəcə, vətəninə deportasiya olunacağını gözləyirdi. Brunson casusluqda, terrorçuluqda, 2016-cı ilin uğursuz çevriliş cəhdinə bağlılıqda ittiham olunur. Vaşinqton isə onun günahsız olduğunu deyir. Brunsona ittihamlar təsdiqlənərsə, 35 ilədək həbsə məhkum edilə bilər. Ötən həftə Tramp Brunsonun saxlanmasına görə Türkiyəni "böyük sanksiyalar”la hədələdi. Elə həmin gün vitse-prezidentMayk Pensdə oxşar xəbərdarlıq etdi. Ərdogan ötənilki çıxışlarının birində demişdi ki, Brunsonu bir halda buraxar – ABŞ da Fətullah Güleni deportasiya etsin. Ankara Güleni 2016-cı il çevriliş cəhdinin arxasında durmaqda suçlayır. "Birləşmiş Ştatlar unutmamalıdır ki, münasibətini dəyişməsə, Türkiyə kimi güclü və səmimi tərəfdaşını itirəcək”,– deyə Ərdogan bəyan edib.
Yeri gəlmişkən, Ərdogan müsahibəsində iki ölkə arasında qırıcılarla bağlı məsələyə də toxunub. Bildirib ki, Birləşmiş Ştatlar F-35 qırıcılarını Ankaraya verməkdən imtina edərsə, beynəlxalq məhkəməyə müraciət edə bilər: "Alternativsiz bir dünyada yaşamadığımız unudulmamalıdır”. Türkiyə 2017-ci ilin sentyabrında Rusiya ilə S-400 raketlərinə dair müqavilə imzalayıb. Gözlənildiyinə görə, Türkiyəyə ilk Rusiya raket kompleksləri gələn il çatdırılacaq. Türkiyə Rusiyadan bu kompleksləri alan ilk NATO dövləti olacaq. ABŞ qeyd edir ki, S-400 komplekslərini NATO sistemləri ilə birgə işlətmək mümkün deyil, bu isə o deməkdir ki, Türkiyə raket əleyhinə vahid müdafiə sisteminin tərkib hissəsi funksiyasını yerinə yetirə bilməyəcək. İyun ayında ABŞ prezidenti Donald Tramp Türkiyəyə F-35 təyyarələrinin veriləcəyinə dair vəd verib. Lakin ABŞ Konqresində müdafiə büdcəsinə edilmiş düzəlişdə ABŞ müdafiə nazirinə F-35-lərin Türkiyəyə verilməsinin məqsədəuyğunluğunu bir daha götür-qoy etmək təklif olunub. Bu məsələ öyrənilənədək isə Türkiyəyə F-35 təyyarələrinin verilməsini dondurmaq təklif olunub.
Türkiyə prezidenti İrana qarşı təzyiqlərə də toxunub. Ərdoğan bəyan edib ki, Ankara İrana qarşı Birləşmiş Ştatların sanksiyaları dəstəkləmək niyyətində deyil, çünki ölkə İran qazının alınmasında maraqlıdır. "Mən Obamaya dedim və Trampa datəkrar etdim ki, əgər İrandan nəql etdiyimiz mavi yanacağı dayadırsaq,Türkiyəyə qazı kim verəcək?”
O da bəlli olub ki, Ərdoğan beş ölkənin liderlərinə Türkiyənin BRICS qrupuna qəbul edilməsi üçün müraciət edib: "Əgər siz bizim adımızı əlavə etsəniz platformanın adı BRICST olacaq”. İnkişaf etməkdə olan ölkələri BRICS qrupuna daxil beş ölkə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Türkiyəni 10-cu illik toplantıya İslam Əməkdaşlığı Təşkilatının sədri kimi dəvət etmişdilər. Ərdoğan bu sammitə Türkiyənin xarici işlər, maliyyə, müdafiə və ticarət nazirləri, habelə hakim AKP rəsmiləri ilə qatılmışdı. Ərdoğan bildirib ki, BRICS üzvləri onun təklifini müsbət qarşılayıblar: "Xüsusilə Çin təşkilatın genişləndirilməsinə rəğbətlidir. Mən gördüm ki, onlar başqa ölkələrin bu platformaya qoşulmasını nəzərdən keçirirlər. Onlar buna qarşı deyillər”. Ərdoğan bunu da deyib ki, Türkiyə BRICS-in digər 5 üzvü ilə birlikdə həm də G20 qrupuna daxildir. Türkiyə prezidenti onu da deyib ki, ölkəsi sentyabr ayında Fransa, Almaniya və Rusiyanın iştirakı ilə Suriyaya və başqa regional məsələlərə həsr ediləcək sammit keçirməyi planlaşdırır. Sammit sentyabrın 7-də İstanbulda keçiriləcək. Türkiyə lideri sammitin gündəliyindəki məsələlərin təfərrüatlarına varmayıb, lakin deyib ki, Ankara Moskva ilə dialoqu davam etdirəcək. Sammit xəbərini hələlik nə Moskva, nə Paris, nə də Berlin təsdiq ediblər. Ərdoğan onu da anons edib ki, tezliklə Tehranda Vladimir Putin və prezident Həsən Ruhani və Ərdoğan arasında görüş keçiriləcək. Bu görüşün dəqiq vaxtı bildirilməyib. Son belə bir sammit aprelin əvvəllərində Ankarada olmuşdu. Bu danışıqların ardınca Türkiyə, Rusiya və İran bildirmişdilər ki, "Suriyada sakitliyin yaranması və davamlı atəşkəsin bərqərar olması üçün səylərini davam etdirəcəklər”. Suriya münaqişəsində fərqli tərəfləri dəstəkləsələr də, Türkiyə, Rusiya və İran ötən ildən bəri Suriyada sülhün əldə olunması məqsədilə "Astana prosesinə” başlayıblar. Bu çərçivədə danışıqların növbəti mərhələsi iyulun 30-31-də Rusiyanın Soçi şəhərində keçiriləcək.

Azər
banner

Oxşar Xəbərlər