• cümə, 19 Aprel, 23:44
  • Baku Bakı 24°C

Ərdoğan-Putin görüşündə pozitiv nəticələr

30.09.17 10:00 1665
Ərdoğan-Putin görüşündə pozitiv nəticələr
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin arasında Ankarada keçirilən danışıqlarda gözlənildiyi kimi, kürd referendumu və Suriya məsələsi prioritet olub. Rəsmi Ankara referendumla bağlı uzun müddət idi ki, neytrallıq nümayiş etdirən Rusiyanın mövqeyini dəyişdirməyə müvəffəq olub. Rəsmi Moskva bəyan edib ki, İraqın suverenliyini tanıyır və kürd referendumuna qarşıdır. 1,5 saatdan çox davam edən danışıqlar Beştəpədəki prezident iqamətgahında keçirilib. Rusiya lideri İraq Kürd Regional Rəhbərliyinin bazar ertəsi günü keçirdiyi referendumla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin bəyanatındakı: "İraqın ərazi bütövlüyünün tərəfdarıyıq” cümləsini təkrarlayıb. "Sözsüz, İraqın kürd muxtariyyətində keçirilən müstəqillik referendumu ilə bağlı son vəziyyəti də müzakirə etdik. Rusiyanın prinsipial mövqeyi bəllidir – bu mövqe Rusiya XİN-nin bəyanatında öz əksini tapıb. Bu gün biz cənab prezidentlə bu barədə ətraflı danışdıq”, - deyə Putin qeyd edib.O, əlavə edib ki, "Suriyaya dair razılaşmaların əldə olunması – Rusiya və Türkiyənin ümumi uğurudur, bu ölkədə müharibənin dayandırılması üçün, faktiki olaraq, artıq lazımi şərait yaradılıb. V. Putin türkiyəli həmkarı ilə Ankarada keçirdiyi danışıqlardan sonra bildirib:"Çətinliklərə baxmayaraq, biz müsbət nəticə əldə edə bilmişik.Hesab edirəm ki, bu razılaşmalar bizim ümumi, çox mühüm uğurumuzdur. Bu, həm də dostumuz cənab Ərdoğanın uğurudur”. V.Putin qeyd edib ki, terrorçuların məhv edilməsi və suriyalıların dinc həyata qayıtması yalnız region üçün deyil, bütün dünya üçün prinsipial məsələdir.Türkiyə və Rusiya liderləri Suriyadakı böhranın nizamlanması üçün XİN, Müdafiə Nazirliyi və xüsusi xidmət orqanlarınınxətti ilə əməkdaşlığın davam etdirilməsinə dair razılığa gəliblər.
Birgə mətbuat konfransında Rəcəb Tayyib Ərdoğan Suriya və İraqın ərazi bütövlüyü məsələsində Rusiya ilə həmfikir olduqlarını deyib, İraq Kürd Regional Rəhbərliyinin bütün xəbərdarlıqlara məhəl qoymayaraq, qeyri-qanuni referendumu keçirməsini yada salıb, daha böyük səhvlərin qarşısının alınmasının vacibliyini qeyd edib. "Suriyavəİraqı müzakirə etdik.İraq və Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyi məsələsində həmfikir olduq. Bu referendumun heç bir qanuniliyi yoxdur. Şimaliİraqrəhbərliyi böyük səhvə yol verib. Heç kimin bizim regionu alovlandırmağa haqqı yoxdur”, - deyə Ərdoğan jurnalistlərə bildirib.
O, əlavə edib ki, "Suriya ixtilafının siyasi yolla həllində birgə iradəmizi yenidən ortaya qoyduq. İstər İraq, istərsə də Suriya mövzusunda həmfikirik. Beynəlxalq birlik də İraqın ərazi bütövlüyündən yanadır. Dostum Putinlə görüşün məhsuldar keçdiyinə inanıram”.
Ərdoğan Putin ilə Suriyanın İdlib şəhərində yaradılan deskalasiya zonalarındakı toqquşmalardan da danışdıqlarını, Suriya böhranının siyasi həlli yolunda əməkdaşlığı davam etdirmək məsələsində razılığa gəldiklərini söyləyib.
"İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu barəsində Ərdoğanla Putin arasında önəmli fikir ayrılığı yoxdur”.
Bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. "Nə üçün fikir ayrılığı olsun? Xeyr, fikir ayrılığı yoxdur. Bundan əlavə, kənd təsərrüfatı məhsulları ilə bağlı danışıqlar oldu. Pomidor idxalı ilə bağlı problemlərin olduğunu bilirsiniz. Bununla bağlı müzakirələr davam edir. Hər iki ölkənin Kənd Təsərrüfatı nazirlikləri davamlı olaraq əlaqədədirlər”, - deyə Peskov bildirib.
Bir faktı da qeyd edək ki, Moskvanın kürd məsələsi, bütövlükdə kürdlərə qarşı mövqeyi hamıya bəllidir. Kreml hər zaman kürdlərə isti münasibəti ilə seçilib. Hətta münasibətlərin gərgin olduğu vaxt Moskvada kürdlərin nümayəndəliyini də açmışdı. Bəzi kremlyönümlü ekspertlər isə hesab edir ki, indi vəziyyət fərqlidir, bu isti münasibət Moskva ilə Ankara arasında problemlərə yol aça bilər. "Sivilizasiyaların dialoqu” tədqiqat institutunun direktoru Aleksey Malaşenko hesab edir ki, Rusiya üçün sözsüz ki, Türkiyə daha əhəmiyyətlidir və referendumu da dəstəkləyə bilməz.
Yeri gəlmişkən, liderlər tək siyasi deyil, iqtisadi, ticarət və enerji sahəsində də müzakirələr aparıblar. Rusiya prezidenti qısa zaman kəsiyində Türkiyədə ilk atom enerji blokunun işə salınacağını da bildirib. V.Putin ilin ilk 7 ayında ikitərəfli ticarət həcmindəki artımdan danışıb, bu il Türkiyəyə gələn rus turistlərinin sayının 11 dəfə artaraq 2.5 milyonu keçdiyinə diqqət çəkib. "Nəticə odur ki, Türkiyədən ixrac 57 faiz artıb”, - deyə V.Putin bəyan edib. Bundan başqa, prezidentlər Rusiyanın "S-400” zenit-raket kompleksinin Türkiyəyə tədarük edilməsini də müzakirə ediblər. Rusiya lideri bildirib ki, "iki ölkə olaraq şura toplantılarına böyük önəm veririk. Nazirlərimiz mütəmadi görüşürlər”. Türkiyə prezidenti bildirib ki, ölkələrarası önəmli əlaqələrdən biri də energetika sahəsini əhatə edir: "Türk axını” və "Akkuyu” nüvə stansiyası ilə bağlı danışıqlar davam edir. Türkiyə Rusiya ilə birgə reallaşdırdığı "Akkuyu” AES və "Türk axını” qaz borusu enerji layihələrinin icrasını sürətləndirməyə hazırdır”.
Ərdoğan bu iki sektora aid rəqəmlərdə ilin ilk 7 ayında böyümə müşahidə olunduğunu qeyd edib,"Türk Axını” və Akkuyu Atom Elektrik Stansiyası kimi enerji layihələrində olan bəzi axsamaların da qısa zamanda aradan qaldırılacağını vurğulayıb. Prezidentlər Rusiyaya Türkiyədən pomidor ixracı məsələsini də müzakirə ediblər. V.Putin bildirib ki, nazirlik və müvafiq idarələrin sürətli işi nəticəsində bu sahədə bütün problemləri aradan qaldırılıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər