AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Ərdoğan-Putin görüşündə müsbət nəticələr əldə ediləcək”

“Ərdoğan-Putin görüşündə müsbət nəticələr əldə ediləcək”

Müsahibə
02 Mart 2020, 19:50 2880
Toğrul İsmayıl: "İdlibə görə Rusiya-Türkiyə qarşıdurması ciddi xəta ola bilər”
 
Yaxın Şərq regionunda vəziyyətin yenidən gərginləşməsi dünyanın diqqət mərkəzindədir. Xüsusilə, Türkiyənin bölgədəki həyata keçirdiyi əməliyyatlar və Suriya məsələsində maraqlı tərəflərin mövcud reaksiyaları müxtəlif aspektlərdən şərh edilir. Bu baxımdan Suriya rejiminin türk əsgərlərinə hücumu, bunun baş verməsində maraqlı qüvvələrin olması, Türkiyənin Suriyada başlatdığı "Bahar qalxanı" əməliyyatı, yeni nəsil silahlardan istifadəsi, əldə etdiyi nəticələr, martın 5-də gözlənilən Ərdoğan-Putin görüşü ilə bağlı "Kaspi” qəzetinin suallarını beynəlxalq münasibətlər üzrə mütəxəssis, politoloq Toğrul İsmayıl cavablandırıb.
 
- Toğrul bəy, sizcə, İdlibdəki gərginliyin artmasının əsl səbəbi nə oldu? Nədən Suriya bu bölgəni ələ keçirmək fikrinə düşdü, Rusiya da buna dəstək verdi? 
 
- Əslində bu, Suriya üçün yox, Rusiya üçün önəmli məsələ idi. Fikrimcə, əsas məsələ də budur. Əvvəlcə Rusiya sadəcə Lazkiye və Tartus bölgəsinə hakim idi. Lakin "Sülh çeşməsi” hərəkatından sonra Rusiya Türkiyənin cənub-şərq bölgələrinə yaxın ərazilərdə də hərbi bazalar qurmağa çalışdı. Buna görə də həmin hərbi bazaların yollarını birləşdirmək üçün ana yola ehtiyac var idi. Digər tərəfdən, gərginliyin olmadığı bölgələrindəki müvafiq yerlər təmizlənmişdi. Türkiyənin nəzarətində olan 4-cü bölgənin nəzarətə alınmasına ehtiyac var idi. Fikrimcə, Rusiyanın getdikcə Suriyada dalana dirəndiyini görüb, iqtisadi çətinliklərlə birgə problemin bir an öncə həllinə nail olub, hərbi əməliyyatların dayandırılmasına çalışır. Məhz bu səbəbdən də belə tələsik qərarlar verilməyə başlandı. Türkiyə əvvəllər geri addım atırdı, lakin indi buna gedilmədi. Bununla da təzyiq və təsirlərlə bəyan edirdilər ki, Türkiyə doğru qərar verməyib və bu addım rəsmi Ankaranı geri sala bilər.   
 
- Hazırda Türkiyənin bölgədə həyata keçirdiyi "Bahar qalxanı” əməliyyatının əsas məqsədi nədir? 
 
- Hədəf Əsəd rejiminin irəlilədiyi yerləri geri almaq və Soçi anlaşmasında qeyd edilən ərazilərdəki sərhədləri bərpa etmək və Türkiyənin münaqişə bölgəsindəki nəzarət məntəqələrinin təhlükəsizliyini təmin etməkdir. Bildiyimiz kimi, bu ərazilərdə Türkiyənin dəstəklədiyi müxalif güclər var və o cümlədən 4 milyona yaxın Əsəd rejiminin əleyhinə olan əhali yaşayır. Təhlükəsizliklə bağlı təminat pozulduqdan sonra onların qısa müddət ərzində Türkiyəyə qaçqın kimi gəlmək təhlükəsi var. Ona görə də bunun qarşısının alınması üçün önləyici addımlar atılır.  
 
- İdlibdəki proseslər Rusiya-Türkiyə qarşıdurması ilə nəticələnə bilərmi? 
 
- Yox, belə bir qarşıdurma ilə nəticələnməz. Çünki Rusiya, İran və Suriya Türkiyəyə qarşı hərbi güc tətbiq edə biləcək gücdə deyillər. Eləcə də uzun müddətli müharibə tərəflərin heç birinin işinə yaramaz.  
 
- İndiki şəraitdə Türkiyə hərbi əməliyyatlarla bərabər həm də diplomatik müstəvidə danışıqlar aparır. Yaxın vaxtlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərfoğanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır. Sizcə, bu görüşdən hansısa nəticə əldə ediləcəkmi?
 
- Rusiya və Türkiyə prezidentləri arasında bundan öncə də görüşlər keçirilib və amma təəssüf ki, nəticə əldə edilməyib. Amma ümumilikdə tərəflər üçün müəyyən olunmuş xətlər bəllidir. Fikrimcə, Putinlə budəfəki görüşdə hansısa müsbət nəticələr əldə ediləcək. Konkret deyə bilmərəm hansı nəticələr, çünki proses çox qəlizdir. İndiki halda Putinin nüfuzu da sual altındadır. Düzdür, Türkiyənin şəhidləri oldu və bu faciəvi, üzücü hadisədir. Lakin göründüyü kimi, Türkiyə ona qarşı edilənlərə eyni ilə cavab verdi və əks-hücuma keçib, Əsəd rejimi qüvvələrinə çox ciddi zərbələr endirdi. Onu da qeyd etmək yerinə düşər ki, bu əməliyyatlar zamanı Türkiyə bütünlüklə texnoloji üstünlüyünü göstərdi. Bəlli oldu ki, Türkiyə daha modern silahlara sahibdir və bunun qarşısını almaq mümkün deyil. Əsəd rejimindəki Rusiya silahları isə köhnədir və bu səbəbdən də oradakı S-300 və S- 400 raket kompleksləri də Türkiyədə olan pilotsuz uçuş aparatlarına qarşılıq verə bilmədi. Çünki 70-ci, 80-ci illərin hərbi layihələrində dronlar nəzərə alınmayıb. Yəni, bu əməliyyatlarda Türkiyə texnologiyanın gücü ilə Əsəd qüvvələrinə qalib gəldi. Bununla da bu sahədə daha təcrübəli olduğunu göstərdi. Bir də nəzərə alamq laızmdır ki, hazırda Türkiyə NATO-nun ikinci hərbi gücüdür fikri təsadüfən səsləndirilmir.   
 
- BMT-nin və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndələri də Türkiyəyə səfər edəcəklər? Sizcə, onları Ankaraya gətirən nədir?
 
- Təbii ki, bu səfərlərin də əsas məqsədi Suriyadakı gərginlikdir. Yəni, Türkiyə eyni zamanda diplomatik fəaliyyətini gücləndirir. Çünki İdlib ətrafındakı proseslərdə problemlər çoxdur. İdlibdə sadəcə, hərbi əməliyyatlar məsələsi deyil, eyni zamanda insan faciəsi yaşanır, qaçqınlar məsələsi var. O cümlədən Türkiyə sərhəd maneəsini də aradan qaldırıb və qaçqınlar istədiyi yerə gedə bilərlər. Bu, məcburi köç deyil, ona görə də bunu doğru anlamaq lazımdır. Türkiyə sadəcə olaraq ərazisində olan qaçqınlara ölkədən çıxıb getmək azadlığı verib. Yəni, istəyənlər ölkəni tərk edə bilər, istəyənlər qala bilər. Amma təbii ki, Türkiyənin sərhədləri açması Avropa üçün ciddi bir problemdir. Bununla da Türkiyə Avropanı, BMT-ni məsuliyyətli olmağa dəvət edir.   
 
- NATO Türkiyənin müdafiə ediləcəyi ilə bağlı bəyanat yayıb? Bu, nə dərəcədə realdır? Konkret hansı addımlar atıla bilər? 
 
- NATO baş katibinin dəstəklə bağlı açıqlamaları var. Düşünürəm ki, Türkiyənin özünü qorumağa yetərincə gücü də var və onlara ehtiyacı yoxdur. Sadəcə, belə fikirlər Türkiyənin bir NATO ölkəsi olduğunubn göstəricisidir. Hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsi ilə birlikdə, bu olsa da olar, olmasa da, Türkiyə NATO-dan həm də İdlib ətrafında Suriya səmasında uçuşların qadağan olunmasını təklif deyir. Bu da bombardmanların dayandırılması ilə faciələrin qarşısı alacaq. Əvvəllər Türkiyədəki qaçqınların Avropaya köç etməsinə maneə yaradılırdı. Lakin indi heç bir əngəl yoxdur. Buna rəğmən Türkiyənin qaçqınlarla bağlı humanist siyasəti davam edir. İndiki halda, Türkiyənin bu addımı bir mesajdır. Məsələ burasındadır ki, Avropa ölkələri, dünya ictimaiyyəti Suriya qaçqınlarının problemlərinin həlli üçün Türkiyəyə söz verdilər, amma buna əməl etmədilər. Türkiyə isə son ana qədər sözünün üstündə durdu. Amma indi xərclərin artdığını, yeni köç dalğasının yaşandığını görüncə qaçqınlara sərbəstlik verir. Əslində, Türkiyə bununla heç də qanundankənar addım atmır. Bir məqamı da qeyd edim ki, Yunanıstan NATO-nun məclis toplantısında Türkiyə ərazisinə hava hücumundan müdafiə sistemlərinin verilməsinə etiraz etmişdi. Lakin qaçqınların köç məsələsi olduqdan sonra qoyduğu vetonu ləğv etdi. Yəni, ölkələr anlayırlar ki, yaranmış problem ortaq həll edilməlidir.      
 
- Sizcə, İdlib gərginliyinin yaxın zamanlarda səngiməsi mümkün olacaqmı? 
 
- Martın 5-də keçiriləcək görüşdən sonra gərginliyin azalacağını düşünürəm. Xüsusilə də, İdlibə görə Rusiya-Türkiyə qarşıdurması ciddi xəta ola bilər. Fikrimcə, ruslar ciddi şəkildə yanlış addım atır və gərəksiz olaraq gərginlik yaradır. Onu deyim ki, hazırda bölgədə Türkiyənin qarşısında dayana biləcək hansısa güc yoxdur. Anlaşma olmasa Türkiyə bölgədə hərbi əməliyyatlarını davam etdirəcək. Əsəd qüvvələri Soçi razılaşmasında yer almış ərazilərə qədər geri çəkilməyə məcbur ediləcək. Bundan sonra Türkiyə bir az da irəliləyəcək ki, danışıqlarda əli güclü olsun. Bir də ona diqqət etmək lazımdır ki, Türkiyə-Rusiya əlaqələrini "strateji” adlandırmaq yanlışdır. Türkiyənin Rusiya ilə Suriyadakı işbirliyi taktikidir və bunu hər iki dövlət bilir. Amma türk əsgərlərinin Suriyada xidməti zamanı hədəfə alınması təxribatdır və düşünülməmiş bir hadisədir. Bu səbəbdən də problemin yaxın zamanda həll edilməsi vacibdir.
         
BƏXTİYAR