• cümə, 19 Aprel, 05:20
  • Baku Bakı 18°C

Ərdoğan prezidentliyə namizədliyini verəcəkmi?

09.04.14 08:44 1418
Ərdoğan prezidentliyə namizədliyini verəcəkmi?
Uzun müddət idi ki, Türkiyədə bələdiyyə seçkiləri və onun mümkün nəticələri ölkənin gündəmini zəbt etmişdi. Əksəriyyət bu qənaətdə idi ki, seçkilər AKP iqtidarına ciddi zərbə vuracaq, hətta onu siyasi səhnədən belə siləcək. Lakin gözləntilərin əksinə olaraq hakim partiya nəinki seçkilərdə qalib gəldi, hətta mövqelərini bir az da möhkəmləndirdi.
İndi isə əsas məsələ avqustda keçiriləcək prezident seçkiləridir. Türkiyədə keçirilən bələdiyyə seçkilərində qazanılan qələbədən sonra baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərinə qatılacağı gündəmə gəlib. Bir müddət əvvəl Türkiyə KİV-i Ərdoğanın prezident seçkilərində öz namizədliyini irəli sürəcəyi ilə bağlı məlumat yaymışdı və AKP-nin növbəti qələbəsini prezidentliyə doğru bir addım kimi qiymətləndirmişdi. Lakin baş nazirin köməkçisi Bəşir Atalay baş nazirin prezident olub-olmayacağı barədə hələ bir qərar verilmədiyini bildirib. AK Partinin mətbuat katibi Hüseyn Çelik isə məsələyə belə münasibət bildirib: “Məgər hörmətli baş nazirimizin prezidentliyə namizəd ola biləcəyi ilk dəfəmi eşidilir? Hər halda, heç kim ondan “Mən artıq gedəcəm, nəvələrimlə vaxtımı keçirəcəm” sözlərini gözləmir. Xalqımız da baş nazirimizi prezidentliyə aparır. Xarizmatik bir lider olaraq öz partiyasını 8-ci dəfə qələbəyə aparması Türkiyə üçün, bizlər üçün böyük bir şansdır. Bu bir tarixdir. Amma aramızda danışılıb, qərar verilmiş bir şey yoxdur. Bu məsələdə baş nazirimizin istəyi nəzərə alınacaq”. Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək də ölkə prezidenti Abdullah Güllə baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident postu uğrunda mübarizə aparacaqlarını deyib.
Xatırladaq ki, bu il avqustun 10-da Türkiyədə prezident seçkiləri keçiriləcək. Türkiyədə prezident seçkiləri iki turda keçiriləcək. Əgər namizədlərdən heç biri birinci turda lazımi sayda səs toplamazsa, onda avqustun 24-də ikinci tur keçiriləcək. 2007-ci ildə keçirilən ikinci turun nəticələrinə görə, əvvəlki prezident seçkilərindən fərqli olaraq, 2014-cü ildən Türkiyədə prezident parlament deyil, xalq tərəfindən seçiləcək. Referendumun nəticələrinə uyğun olaraq, Türkiyənin dövlət başçısı əvvəlki yeddi il əvəzinə beş il müddətinə seçiləcək.
Bəlli olduğu kimi, baş nazir Rəcəb Tayyib Ərdoğan üçüncü dəfə bu kürsüyə yiyələnə bilməz. Məhz bu səbəb də onu prezidentlik kürsüsünə yaxınlaşdırır. Elə baş nazir də dəfələrlə bu niyyətdə olduğunu bəyan edib. Dünən də partiyasının qrup toplantısında çıxış edən baş nazir vurğulayıb ki, Türkiyədə keçiriləcək prezident seçkiləri xüsusi əhəmiyyət kəsb edəcək və ondan sonra ölkədə hər şey dəyişəcək. Onun sözlərinə görə, prezident seçkilərində xalqla sıx əlaqələrə malik olan şəxslər namizəd olmalıdırlar. “Milliyyət” qəzetinin yazdığına görə, Ərdoğan seçkilərdə hakim partiyanın namizədinin adını açıqlamayıb. Öz növbəsində hakim Ədalət və İnkişaf Partiyası rəhbərinin müavini Əli Şahin bildirib ki, Ərdoğanın prezident seçilməsindən sonra hazırkı dövlət başçısı Abdullah Gül baş nazir postunu tuta bilər. Onun sözlərinə görə, prezident Abdullah Gül böyük siyasi təcrübəyə malikdir və hakim partiya bu təcrübədən faydalanmaq istəyir.
Prezident Abdullah Gülə gəldikdə, onun mövqeyi maraq doğurur. Türkiyə prezidenti ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın onun postuna namizəd olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Jurnalistlərin sualını cavablandıran Gül baş nazirin ona sürpriz etməyəcəyini deyib: “Baş nazir mənə sürpriz etməz. Açıq desək, mən də ona belə bir sürpriz hazırlamaram”. Daha sonra Abdullah Gül özünün baş nazir vəzifəsinə gətirilməsi ilə bağlı sualı da cavablandırıb. O, bildirib ki, seçkilərin nəticələrindən sonra bu məsələlər müzakirə ediləcək: “Seçkilərin nəticələri rəsmi formada açıqlandıqdan sonra mütləq bu məsələ ilə bağlı öz aramızda müzakirə aparacağıq. İndi bir söz deməyəcəyəm. Mənim də bu məsələdə öz fikirlərim var”.
Yeri gəlmişkən, ötən gün Ərdoğanın müavini Əmrullah İşler də baş nazirin namizəd olacağı barədə qərarını qarşıdakı günlərdə açıqlayacağını, iştirak edəcəyi təqdirdə, ilk turda 50% səs yığacağını iddia edib. Əmrullah İşler hazırkı prezident Abdullah Gülün baş nazir olub-olmayacağı barədə də suala cavab verib. O, millət vəkili olmadığı üçün Abdullah Gülün seçki başa çatan kimi baş nazir olmasının mümkün olmayacağını bildirib.
O ki qaldı müxalifətə, onlar hər vəchlə Ərdoğanın planının baş tutmasına qarşıdır. Müxalifət partiyaları bir müddət əvvəl seçkilərlə bağlı birləşib vahid qüvvə ilə çıxış etməyi təklif etmişdilər. Lakin bu planın baş tutma ehtimalı zəifdir. Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı partiyasının parlament fraksiyasının dünənki toplantısında çıxışında bu məsələyə diqqət ayırıb: “Danışılanlara görə, heç prezident seçkisi keçirməyə ehtiyac qalmayıb, baş nazirlə hörmətli Gül öz aralarında anlaşanda, məsələ həll olunacaq. 77 milyonluq ölkədə prezidentliyə iki nəfərin layiq görülməsi millətimizə hörmətsizlikdir”. Bağçalı bildirib ki, prezident bütün milləti təmsil edən, barəsində hər hansı şübhə və korrupsiya iddiası olmayan şəxs seçilməlidir: “Əvvəlcə muxtariyyətə, sonra Quzey Kürdüstana açıq qapı buraxandan prezident olmaz. Cəmiyyəti qütblərə və 36 yerə ayırandan prezident olmaz. “Twitter”i əngəlləyən, “YouTube”u bağlayan, fərdi hüquqları məhdudlaşdırandan prezident olmaz”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər