• cümə, 29 Mart, 14:00
  • Baku Bakı 14°C

Ərdoğan: “Meydanlara çıxırıq...”

11.06.13 13:57 1482
Ərdoğan: “Meydanlara çıxırıq...”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim partiyanın qrup toplantısında çıxış edib. Lent.az-ın verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan deyib ki, son iki həftə ərzində ölkədə baş verən prosesləri diqqətli bir şəkildə təhlil edirlər.
Ərdoğan bildirib ki, insan hüquqlarına, dəyərlərə, fərqli fikirlərə və fərqli inanclara həminə sayğı ilə yanaşıblar və bəzi gənclərin də bu gün niyə aksiyalara qatıldıqlarını araşdırırlar. O, seçki və təhdidlərlə heç nəyə nail ola bilməyən qüvvələrin, o cümlədən CHP-nin bu gün qanunsuz aksiyalarla istəklərinə çatmağa çalışdıqlarını vurğulayıb:
“Gəzi parkından bir neçə ağacın başqa yerə köçürülməsinə etiraz olaraq başlayan olaylar ilk andan etibarən fərqli bir məcrada cərəyan etməyə başlayıb. Yanlış məlumatlandırma və hadisədən siyasi istismar nəticəsində proseslər belə cərəyan etdi. Bu gün küçələrdə, meydanlarda dağıntı törədənlər, mülki şəxslərin avtomobillərini, polislərin maşınlarını yandıranlar ətraf mühitə ziyan vurmurlarmı? Ətraf mühitə həssaslığınız budurmu? Dörd insanımız həyatını itirib. Bu, artıq məsum bir dirəniş deyil. Ölkə xaricindəki və daxilindəki müəyyən qüvvələr Türkiyə iqtisadiyyatını və beynəlxalq nüfuzunu hədəf alıblar. Türkiyə bayrağını yandırmağa, Atatürklə terror təşkilatının liderinin portretlərini yan-yana qaldırmaq səviyyəsində alçaqlığa belə gedildi. Rəcəb Tayyib Ərdoğan nə etməlidir? Gedib diz çöküb deməlidir ki, o portretləri endirin. Ankarada yol verilən vandallıqlar İstanbuldakı olaylardan güc alıb. Bunların qarşısında danışanda bəziləri deyir ki, Ərdoğan sərt danışır. Buna sərt deyirsənizsə, qüsura baxmayın, bu Rəcəb Tayyib Ərdoğan dəyişməz”.
Baş nazir deyib ki, iki ildir küçə-küçə çağırış edən CHP bu olaylarda da baş rol oynamağı istəyib, bunu bacarmayıb: “CHP gənclərin arxasında gizlənərək, onları meydana çağıraraq Böyük Türkiyəyə zərbə vurmağa çağırıb. Reyhanlı olaylarından da CHP rəhbərliyi fərqli niyyətlə istifadə etməyə çalışdı. Bu gün Reyhanlı olayını planlaşdıran əsas şəxs də yaxalandı. Bütün bunlara görə CHP sədri Kamal Kılıcdaroğlunu istefaya dəvət edirəm. Partiyadaşlarım deyə bilər ki, Kemal Kılıcdaroğlunun CHP sədri olması yaxşıdır, çünki zəifdir. Ancaq demokratiyada güclü müxalifətin olması vacibdir. 7 ay sonra seçkidə CHP-dən bütün bunların cavabını soruşacağıq. Bu, Türkiyənin dostları və düşmənləri üçün açıq bir imtahandır. Türkiyə 76 milyon insanı ilə demokratiyasına, iqtisadiyyatına sahib çıxacaq. Seçilmiş hökumətləri devirmək heç kimin haqqı və həddi deyil. Bu gün də millət ona xidmət edənlərə sahib çıxır. İstanbulda hava limanında, o cümlədən ölkənin bir çox yerlərində möhtəşəm bir coşquyla qarşılandım”.
Ərdoğan artıq bu insanlara meydanlara çıxaraq cavab verəcəklərini bildirib: “ Artıq meydanlara çıxacağıq. Bu gün Sincanda, sabah İstanbulda mitinq keçirəcəyik. “Biz çoxuq!” demək üçün yox, səssizlərin səsini duyurmaq üçün meydanlara çıxırıq. Biz bu problemləri həll edəcəyik. Polislərə hücum edənlər, polisimizi qətl edənlərin cavabları veriləcək. Hər kəsi sabitliyə, rasional düşüncəyə dəvət edirəm. Səmimi duyğularla o aksiyalara qatılan gəncləri o meydanlardan çəkilməyə dəvət edirəm. Qalanlara gəlincə, demək istəyirəm ki, artıq bu iş sona yetib, buna dözüm göstərməyəcəyik”.
banner

Oxşar Xəbərlər