Ərdoğan korrupsiya qalmaqalına aydınlıq gətirdi

Ərdoğan korrupsiya qalmaqalına aydınlıq gətirdi

Təfsilat
25 Dekabr 2013, 16:23 594
“Doqquz gündür bir əməliyyat həyata keçirilir. Adına korrupsiya və rüşvət əməliyyatı deyildi, daha sonra tarixin ən böyük korrupsiya əməliyyatı deyildi. İstintaqın gizli aparılmasına baxmayaraq, mediaya davamlı məlumat sızdırıldı. Bizə düşən vəzifə bu orqanları təmizləməkdir. İnsanları ləkələməyə kimsənin haqqı yoxdur”. APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) vilayət təşkilatlarının rəhbərləri ilə keçirdiyi müşavirədə çıxış edərkən deyib.

R.T.Ərdoğan bildirib ki, hökumətə qarşı bu əməliyyat daxili bir əməliyyat deyil, bunun beynəlxalq miqyası da var: “Gəzi Parkı hadisələrində açıq bir xəyanətə şahid olduq. O zaman hökumətimizin may ayında əldə etdiyi uğurlar hədəf alınmışdı, indi isə kürd probleminin həlli prosesi hədəf alınıb. Bəzi dairələr, qurumlar, mərkəzlər bizə qarşı qurulan bu tələdə maşa kimi istifadə edildilər. Biz bu medianı, bu təşkilatları illərdir çox yaxşı tanıyırıq. Açıq deyirəm: son olay göstərdi ki, Türkiyədə öz dövlətinin deyil, başqalarının mənafeyini düşünən, vətənə xəyanət içərisində olan, başqalarının casusu olan media qurumları və təşkilatlar var. Dövlətin içində təəssüf ki, belələri mövcuddur. Hökumət olaraq biz bunun üzərinə gedirik”.

R.T.Ərdoğan bir daha nurçular hərəkatını və onların lideri Fətullah Güləni nəzərdə tutaraq dövlətin içində qeyri-qanuni paralel təşkilatlanmalar olduğunu vurğulayıb: “Bir hərəkat, bir ideya ən əvvəl əxlaq sahibi olmaq məcburiyyətindədir. Hər yolu mübah görən, hər yolu özlərinə rəva görən bir hərəkat əsla uğur qazana bilməz. Bir tərəfdən “Quran”, Allah, peyğəmbər deyəcəksən, amma adın kasetlərlə, kompromatlarla anılacaq. Kimsənin bu əziz dindən bu cür istifadə etməyə haqqı yoxdur. Bu komppromatlar Baykala, Dəmirələ, Ərbakana da quruldu. Ən sərt cavabı verməzsək, bənzərləri qurulmağa davam edəcək. Biz bu çirkin əməliyyatdan güclənərək çıxacağıq”.

Qeyd edək ki, bu gün Türkiyədə korrupsiya qalmaqalında adı hallanan nazirlərdən üçü - iqtisadiyyat naziri Zəfər Çağlayan, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdar istefa veriblər.
Xatırladaq ki, İstanbul və Ankarada keçirilmiş xüsusi əməliyyat nəticəsində 52 nəfər saxlanılmışdı. Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan da olub. Bununla yanaşı, korrupsiya qalmaqalını araşdıran yüksək vəzifəli polis məmurları işdən azad edilib.

Həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub.
Bir neçə gün öncə korrupsiya qalmaqalında adı hallanan Fatih bələdiyyəsinin sədri Mustafa Dəmir və saxlanılan iş adamı Əli Ağaoğlu həbsdən azad edilib. Həmçinin məhkəmənin qərarı ilə daxili işlər nazirinin oğlu Barış Gülər və iş adamı Rza Zərrab barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə həbs olunanlar arasında iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan da var.