Ərdoğan Almaniyada “biz burada varıq və güclüyük” mesajını verdi

Ərdoğan Almaniyada “biz burada varıq və güclüyük” mesajını verdi

Siyasət
01 Noyabr 2012, 17:55 1474
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Almaniya səfəri dünya mətbuatının gündəmini tutub. Almaniya qəzetləri yazır ki, özünü Berlində çox rahat hiss edən baş nazir burada dünyada ən böyük türk səfirliyini açıb, hətta Avropa Birliyinə təkliflər də verib. Türkiyə baş nazirinin Almaniyada ziddiyyətli şəxs kimi qəbul edildiyini vurğulayan alman mətbuatı “Bu gün bir çox almanlar sual edir: Bu şəxs Almaniyaya münasibətdə hansı mövqeni, hansı siyasi məqsədləri güdür?” kimi fikirlər səsləndiriblər.
Buna baxmayaraq, Ərdoğanın səfəri türk diplomatiyasının uğuru kimi dəyərləndirilir. Belə ki, Almaniya kansleri Angela Merkel Ərdoğanla görüşdə Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu deyib: “Bəzi fikir ayrılıqlarına baxmayaraq, Türkiyənin Avropa Birliyinə qəbuluyla bağlı danışıqlar davam etdiriləcək”. Kansler əlavə edib ki, söhbət AB-nin üzvü olan Kiprin müstəqilliyinin Türkiyə tərəfindən tanınmamasından gedir. Ərdoğan isə qeyd edib ki, əgər Türkiyə 2023-cü ilədək Avropa Birliyinə qəbul edilməsə, Ankaranın buna marağı itə bilər.
1987-ci ildə Avropa Birliyinə üzvlük ərizəsi verən Türkiyə 1999-cu ildə namizədlik statusu alıb. 2005-ci ildən başlanan danışıqlar Kipr məsələsinə görə düyünə düşüb. Kipr Respublikası Avropa Birliyinin üzvüdür və Türkiyə onun müstəqilliyini tanımır. Fransa ilə Almaniya isə Türkiyənin Avropa Birliyinə qoşulmasına qarşı çıxırlar.
Danışıqlarda Ərdoğan onu da deyib ki, Türkiyə avrozonaya alternativ olan yeni TL-zona pul zonası yaratmağı planlaşdırır. Onun sözlərinə görə, AB-yə üzv olmayan bir sıra ölkələr böhrandan ziyan çəkməyiblər: «Məsələn, Böyük Britaniya avrozonaya daxil olmayıb və buna rəğmən ölkələrində vəziyyət sabitdir». Baş nazir avro böhranının aradan qaldırılmasında Türkiyənin köməyini də təklif edib. Onun sözlərinə görə, Türkiyə böhranın aradan qaldırılması üçün əlindən gələni etməyə hazırdır: “Türkiyə AB üçün başağrısına çevrilməyəcək. Biz bu yükü öz üzərimizə götürməyə hazır olmaq vəziyyətinə gəlirik”. Baş nazir Merkellə görüşdə ölkəsinin vətəndaşları üçün tətbiq edilən viza rejiminə də toxunub. Qeyd edilir ki, Almaniyada 3 milyona yaxın türk yaşayır və onların çoxu da alman vətəndaşıdır.
Əksəriyyət hesab edir ki, Ərdoğanın səfəri ölkəsinin Avropa Birliyinə üzvlüyü məsələsi ilə bağlıdır. Maraqlıdır ki, baş nazir bir ay bundan öncə partiya üzvləri qarşısında çıxışında Avropa Birliyi və Avropanı neqativ planda, faktiki olaraq onları düşmən obrazında göstərmiş - «türklərə viza verməyən irqçilər» adlandırmışdı. Hər dəfə ehtiyatlı olan baş nazir bu dəfə AB-ni əməlli-başlı tənqid etmişdi. Məlumat üçün bildirək ki, Türkiyə quruma üzvlük üçün ortaya qoyulan 35 bənddən yalnız biri üzərində işləri başa çatdırıb. 13 bənd üzrə Ankara Brüssellə danışıqlar aparır. Alman qəzetləri yazır ki, Almaniya Ərdoğana görə tək almanların vətəni deyil. Bu ölkə həm də türklərin yaşadığı ölkədir: “Yeni dəbdəbəli səfirlik vasitəsilə onlara mesaj göndərmək istəyir ki, baxın, biz burada varıq. Bizim ləyaqətimiz var və biz güclüyük. İlk dəfə olaraq Ərdoğanın dövründə türk hökuməti Almaniyadakı soydaşlarını təşkil etmək və mobilləşdirməyə çalışır. Bu işdə yəhudi və erməni diasporaları nümunə kimi göstərilir. Bunun üçün xaricdə yaşayan türklərlə bağlı yeni qurum - Türklərin işi üzrə Agentlik də yaradılıb. Baş nazir çalışır ki, türklər daha əvvəlki kimi Türkiyəyə gəlmədən səs versinlər”
Alman qəzetləri onu da qeyd edirlər ki, artıq 10 ildir ki, Ədalət və İnkişaf Partiyası (AKP) ölkədə hakimiyyətə gəlib və partiyanın bu yolda uğur qazanmasının səbəblərindən biri də bu partiyaya Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etməsidir. “O, alovlu çıxışları ilə şəhərə əyalətdən gəlmiş miqrantları öz tərəfinə çəkə bilib. Özünün mühafizəkar və ifrat millətçi Rifah Partiyasında yetişdiyinə baxmayaraq, Ərdoğan siyasətdə mərkəzçi mövqeni seçdi. Bu işdə ona hazırkı prezident Abdulla Gül də kömək edirdi. Onlar birlikdə AKP-ni yaratdılar. Ərdoğan NATO və Avropa İttifaqına sadiqliyini təsdiq etdi və maliyyə bazarlarının onların qaydaları ilə hərəkət edəcəyini əmin etdi. AKP-ni bir çox liberal xadimlər də dəstəklədi. Onlar ümid edirdilər ki, AKP hərbiyyədən hakimiyyəti qəbul edərək 1982-ci il Konstitusiyasının və həbi rejimin ağır fəsadlarından ölkəni azad edəcək. Lakin Türkiyə öz müstəqil siyasətilə fəxr etsə də, Ərəb Baharını hazırlıqlı qarşılaya bilmədi. Qonşularla sıfır problem siyasəti yürütməyə çalışan və bu çərçivədə Suriya ilə münasibətləri möhkəmlədən Ankara 2011-ci ilin əvvəlində Suriyada zorakılıqlar başlayanda bu siyasətinin əziyyətini çəkdi. Qarşıda yeni problemlər durur. 2014-cü ilin prezident seçkilərində Ərdoğan öz namizədliyini yenidən irəli sürsə, Türkiyənin çətin iqtisadi mərhələyə qədəm qoyduğu dövrdə onun partiyası tənqidlərə məruz qala bilər” - deyə alman nəşrləri bildirirlər.
Yeri gəlmişkən, Türkiyə nümayəndə heyətinin səfərində PKK məsələsi də gündəmdə olub. Belə ki, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Avropanı PKK terror təşkilatı ilə bağlı mövqeyinə görə tənqid edib. Almaniyanın ədliyyə naziri və Fransanın Palatalar Birliyinin sədri ilə görüşən Çiçək "Bu hörgüt bizi gülləylə, sizi narkotiklə öldürür" deyib. TBMM sədri terror təşkilatının Avropada qazandığı pullarla silah alaraq Türkiyə vətəndaşlarını, narkotik maddəylə isə avropalıları öldürdüyünü söyləyib: "Belə dəhşətverici mənzərə qarşısında diplomatik üslubla məsələni dəyərləndirmək əvəzinə, həqiqətin diliylə, çox açıq danışmaq daha faydalıdır". Çiçək Fransaya saxta erməni iddiaları ilə bağlı da tənqidlər ünvanlayıb: “Türkiyə Avropa Birliyinə üzvlük məsələsində əngəllənməməlidir. Fransa nə üçün bu əngəllərə öncüllük edir? Fransanın öncüllük etdiyi başqa bir xüsus da türklərlə ermənilər arasındakı əlaqələrdir. Bu sizinlə bizim aramızdakı bir məsələ deyil. Türklərlə ermənilər arasındakı bir məsələdir, tarixi məsələdir. Üç səs alacağıq deyə beynəlxalq məsələləri daxili siyasətə alət etmək doğru deyil”.
Azər NURİYEV