Ərdəbildə İran-Azərbaycan biznes forumu keçirilib - Fotolar
Azərbaycan nümayəndə heyətinin İran İslam
Respublikasına səfəri çərçivəsində Ərdəbildə biznes forum keçirilib. Tədbirdə Azərbaycan tərəfi yüngül və qida sənayesi,
kənd təsərrüfatı, maliyyə, İKT, tikinti və s. sahələrdə
fəaliyyət göstərən iş adamları ilə təmsil
olunub.
Biznes forumda çıxış edən Azərbaycanın İqtisadiyyat
naziri Şahin Mustafayev vurğulayıb ki, dövlət başçılarının siyasi iradəsi nəticəsində
son illərdə Azərbaycan-İran əlaqələri strateji səviyyəyə yüksəlib. Vurğulanıb
ki, son 3 ildə Azərbaycan və İran prezidentləri 7 dəfə görüşüb, Azərbaycan və
İran nümayəndə heyətləri 100-ə yaxın qarşılıqlı səfər həyata keçirib, 40 sənəd
imzalanıb, Dövlət Komissiyasının 3 iclası təşkil olunub. Azərbaycanda
iqtisadiyyatın müxtəlif sahələrində 500-dən çox İran investisiyalı şirkət fəaliyyət
göstərir və İran tərəfdən Azərbaycan iqtisadiyyatına 2,7 milyard ABŞ dolları
investisiya yatırılıb. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və
2016-cı ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 70 faizə yaxın artıb.
Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında imzalanmış "Xudafərin” və
"Qız Qalası”, eləcə də "Ordubad” və "Marazad” sazişləri hər iki tərəfdən qüvvəyə
minib. 2017-ci ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti tərəfindən
36 MVt gücündə Ordubad SES-in təməli qoyulub. Şimal-Cənub beynəlxalq nəqliyyat
dəhlizinin I mərhələsi yekunlaşmaq üzrədir. Artıq Azərbaycanda
8,3 km-lik dəmir yolu xətti və dəmir yolu körpüsü hazırdır. Hazırda İranda 1,7
km dəmir yolu xəttinin və terminalın tikintisi davam edir. Nəqliyyat dəhlizinin
tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xətti üzrə isə işlərin 90%-dən çoxu
tamamlanıb və 2017-ci ildə yekunlaşdırılacaq. Ötən il 330 kV Muğan
(İmişli-Parsabad) elektrik xətti istismara verilib, elektrik satışı üzrə Çərçivə
Sazişi imzalanıb.
2016-cı ildə Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı
zavodunun, bu ilin yanvarında isə Pirallahı Sənaye Parkında Azərbaycan-İran
birgə layihəsi olan əczaçılıq zavodunun təməli qoyulub. Ötən il həmçinin, Azərbaycan və İran arasında iqtisadi, nəqliyyat və turizm
sahələrində əməkdaşlığın davamlı inkişafına töhfə verəcək Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd dəmir yolu
ilə sərnişin qatarı işə düşüb. Bu yolla il ərzində 12 min sərnişin daşınacaq.
Şahin Mustafayev diqqətə çatdırıb ki, təkcə 2016-cı ildə iş adamlarının iştirakı ilə 15 biznes forum, işgüzar
görüş və sərgilər keçirilib. Viza rejiminin sadələşdirilməsi
nəticəsində 2017-ci ilin əvvəlindən başlayaraq İran vətəndaşları 3 gün ərzində
elektron vizalar ala bilir. Prezident İlham Əliyevin yeni Sərəncamı ilə
bütün sərhəd-keçid məntəqələrində viza verilməsi təmin ediləcək, turistlərin
sürətli keçidi üçün xüsusi zolaqlar yaradılacaq, sərhəd məntəqələrinin iş
saatları artırılacaq. Bütün bunlar isə, iş adamları arasında əlaqələrin genişlənməsinə
imkanlar açır.
Şahin Mustafayev bildirib ki, səfər çərçivəsində Azərbaycan
nümayəndə heyəti Şeyx Səfi məqbərəsini, Şah İsmayıl Xətainin məzarını ziyarət
edib və bu bizdə böyük təəssürat yaradıb. Bu gün inkişaf edən dostluq, mehriban
qonşuluq münasibətləri, tarixi köklər xalqlarımızı bir-birinə bağlayır, yaxın mədəniyyət
və eyni dinə mənsubuq.
İran İslam Respublikasının Ərdəbil əyalətinin valisi Məcid Xudabəxş Azərbaycanla iqtisadi əməkdaşlığın Ərdəbil vilayəti üçün böyük maraq
kəsb etdiyini deyib. Qeyd edib ki, bu əlaqələr daha da genişləndirilməlidir.
Turizm, kənd təsərrüfatı, xüsusilə əkinçilik və emal sahəsinin inkişaf etdirilməsi
üçün biznes-forumun rolu böyükdür.
İran İslam Respublikasının rabitə
və informasiya texnologiyaları naziri Mahmud Vaezi ölkəsinin Azərbaycanla əlaqələrin
inkişafında maraqlı olduğunu, iqtisadi əməkdaşlığın genişləndirilməsi
üçün böyük potensialı vurğulayıb, sənaye, kənd təsərrüfatı,
ticarət və s. sahələrdə əməkdaşlığa dair fikirlərini bölüşüb.
Ərdəbil Ticarət, Sənaye və Kənd Təsərrüfatı
Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən
iş adamları arasında əməkdaşlıq imkanlarına, Azərbaycanın biznes və investisiya
mühitinə dair təqdimatlar keçirilib.
Sonra AZPROMO və Ərdəbil Ticarət, Sənaye və Kənd Təsərrüfatı
Palatası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyası və Ərdəbil Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası
arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb.