• cümə axşamı, 25 aprel, 12:16
  • Baku Bakı 23°C

Ərciyəz dağının ətəyindəki şəhər - Fotolar

25.04.19 11:30 1973
Ərciyəz dağının ətəyindəki şəhər - Fotolar
Səfərimiz Türkiyənin Kayseri şəhərinədir. Məqsəd 14-cü Məktəblərarası Beynəlxalq Teatr Festivalında iştirak etmək idi. Türkiyə səfirliyinin Mədəniyyət müşavirliyi tərəfindən təşkil olunan səfər çərçivəsində təşkilatçılar bizi Kayserinin gəzməli-görməli yerləri ilə tanış etdilər.

Kayseri Türkiyənin mədəniyyət, sənət, elm və turizm mərkəzi kimi ən önəmli şəhərlərindən biridir.
"Kaisareia”dan "Kayseri”yə
Keçmişini, tarixi abidələrini, adətlərini qoruyub saxlamaqla, ona müasir yön qatan şəhər, turistləri özünə cəlb edir. Şəhərin köhnə adı Mazaka olub, bu ad Roma dövrünə qədər davam edib. Roma dövründə şəhərə imperator şəhəri mənasında "Kaisareia” adı verilib. Ərəblər isə bu məmləkəti Kaysariya adlandırıb. Türklər Anadolunu fəth etdikdən sonra şəhərə Kayseriye adı verilib. Bu ad, Cümhuriyyət dövründə Kayseri şəklini alıb.

Kayseri Anadolunun ən qədim şəhərlərindəndir. Nəinki Türkiyədə, dünyada bəzi müəssisələr ilk dəfə məhz Kayseridə yaranıb. Misal üçün, dünyanın ilk tibb fakültəsi olan Gevher Nesibe Darüşşifa və tibb mədrəsəsi ilk dəfə Kayseridə açılıb. Baxmayaraq ki, indi tibb sahəsində Türkiyənin digər bölgələri Kayseridən daha məşhurdur, ancaq tarixə boylananda, buranın ilkləri daha çox diqqət çəkir.

Cümhuriyyət dövründə - 1924-cü ildə Türkiyənin ilk təyyarə fabriki burada qurulub. Daha sonra 1953-cü ildə dəmiryolları bağlantılarının xətti olan Sümer Bez Fabrikasının tarixi də buradan başlayıb. XX əsrin ikinci yarısın da artıq Kayseri Türkiyənin əsas sənaye şəhəri olaraq tanınırdı. Bu gün Kayseri iqtisadi, mədəni, səhiyyə, təhsil, idman sahəsində Türkiyənin ən sürətli inkişaf edən şəhərlərindəndir.
Atatürkün xalqa müraciət etdiyi saat otağı

Kayseri hava limanından enərkən diqqətimizi çəkən ilk şey başı qarlı dağlar oldu. Bu, bizim kitablardan oxuduğumuz Ərciyəz dağı idi. Başının və yamaclarının qarla əhatələndiyi bu dağda qış turizm kompleksi salınıb. Turizm kompleksində qonaq olarkən aydın oldu ki, burada nəinki qış, eyni zamanda, yay turizm kompleksi də fəaliyyət göstərir. Yazda bizə əsl qarlı qış ab-havası bəxş edən turizm kompleksində ən yeni texnoloji avadanlıqlardan istifadə edilib. Ərciyəz Anadolunun ən yüksək zirvəsi hesab edilir. 3.917 metr yüksəklikdə yerləşir. Qış idman növləri və alpinizm üçün Türkiyədə gediləcək ən gözəl yerlərdən biri olan Ərciyəz Kayserinin 25 km cənubunda yer alır. Burdakı xizək mərkəzi bütün dünyada məşhurdur. Ərciyəz dağında qurulan Qış İdmanları və Turizm Mərkəzi qonaqlarına 18 mexaniki qurğu şəbəkəsi ilə müxtəlif nöqtələrə sürüşmək imkanı təqdim edir.

Qış turizmindən və bu kompleksdən zövq aldıqdan sonra şəhərin tarixi küçələrini gəzmək qərarına gəldik. İlk olaraq Cümhuriyyət meydanına baş çəkdik və məşhur Saat Qülləsini gördük. Bu qüllə 1906-cı ildə II. Əbdülhəmidin zamanında hazırlanıb. Qədim qüllənin yanında düzbucaqlı Müaqkitan (saat otağı) tikilib. Deyilənə görə, Mustafa Kamal Paşa Kayseriyə gələndə xalqa müraciət etmək üçün burdan istifadə edirmiş.

Daha sonra şəhərin tarixi küçələrini gəzdik, muzeylərə üz tutduq. Kayseridə turistlərin diqqətini çəkən bir çox muzeylər var. İlk tibb fakültəsinin məhz burada salınmasını nəzərə alaraq, bu muzeyin daha çox turist cəlb etdiyini deyə bilərik. Qədim daşlardan hörülmüş bu məkan Səlcuqların dövründə Anadoluda açılmış ilk xəstəxanalardandır. Buranın özəlliyi, sinir xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulmasıdır. Muzeyə daxil olduqda istifadə edilən su səsi və musiqi insana ayrı bir rahatlıq verir. Muzeyi gəzdikcə həmin dövrdə müalicə məqsədi ilə salınan otaqlar bir-bir gözümüzün qarşında canlandı. Otaqlarda quraşdırılan elektron lövhələrdə müalicə üsulları göstərilib. Bəzi otaqlarda təbiblərin təbii vasitələrlə dərman hazırlamaları, xəstələrlə müalicə üsulları maket vasitəsi ilə göstərilir.
Kayserinin qürur mənbəyi
Muzeydən ayrılıb kayserililərin fəxri yeri sayılan Məktəb Muzeyinə yollanırıq. Onlar buraya Milli Mübarizə Muzeyi də deyirlər. Kayserinin ilk modern təhsil ocağı olan bu məktəb 1904-cü ildə Əbdülhəmid dövründə neoklassik memarlıq üslubuna uyğun olaraq kəsmə daşlardan hazırlanıb. Sakarya Müharibəsində Kayseri məktəbinin sonuncu sinif şagirdlərindən 62 gənc könülü olaraq döyüşə qatılıb, hamısı da şəhid olub. Həmin il məktəb məzun verə bilməyib. Şəhid olan şagirdlərin diplomları muzeydə qorunur və bu diplomlar Kayseri əhalisinin qürur mənbəyi hesab edilir. Çünki onlar düşünür ki, canını qurban verən həmin oğullar sayəsində bu gün Kayseri şanlı tarixi ilə öyünür.

Müharibənin qızğın çağında Ankaranın işğal edilmə riski olduğundan, Kayseridə məşhur olan bu məktəb parlament rolunu oynayıb. Tarixi mənbələrdə Kayseri o zaman "İkinci baş şəhər” olaraq tanınırdı. Bu qısa müddət ərzində məktəb parlamentin əsas binası kimi də istifadə edilib. Məktəbin otaqlarında həmin dövrdən qalan tribuna, çıxış etmək üçün səhnə də əks olunub. Hətta onların həmin dövr üçün qəzetləri, çap üsulları, hazırlanma prosesi də qorunub saxlanaraq, turistlərə nümayiş etdirilir.

Bu məktəb Türkiyənin tarixi şəxsiyyətlərini yetişdirib. Belə ki, Turqut Özal, Jale Baysal, Behçet Kamal Çağlar və Abdullah Gül kimi ölkənin önəmli şəxsiyyətləri məhz bu məktəbdə təhsil alıblar. Muzeyi gəzərkən kifayət qədər məlumat əldə almaq mümkündür. Çünki hər otaqda məlumat lövhələri yerləşdirilib və bir çox məqamlar maket şəklində qurulub.

Kayseridə baş verən tarixi hadisələri izlədikdən sonra Osmanlı dövründən qalma, qədim evlərin və küçələrin olduğu kimi saxlanıldığı bir məkanla - Talasla tanış olduq. Talas tarix qoxan küçələri, daş binaları, köhnə evləri, məscidləri, kilsələri ilə heyran qalacağınız bir məkandır. Ərciyəz dağının ətəklərində yerləşən Talas, qədim mədəniyyətini, görünüşünü qoruyan əhəmiyyətli bir məhəllədir. Bura Aşağı və Yuxarı Talas olaraq iki ayrı bölümdən ibarətdir. Yuxarı Talasda qeyri-müsəlmanlar (daha çox ermənilər və rumlar), aşağı Talasda isə müsəlmanlar yaşayıblar. Burada bağlar, bağçalar, böyük bağçalı evlər və malikanələr mövcuddur.

Kayseri dünyaca məşhur Memar Sinanın da vətənidir. Osmanlı İmperatorluğunda Qanuni Sultan Süleyman, II Səlim və III Muradın padşahlığı dövrlərində baş memar kimi fəaliyyət göstərən Memar Sinan yaratdığı abidələrlə dillər əzbəridir. Bəzən onu memarlıq əsərləri ilə dünya tarixində ilk ulduz hesab edirlər. 1489-cu ildə dünyaya göz açan Memar Sinanın mərkəzi küçədə heykəli ucaldılıb. Onun adına böyük bir park salınıb. Bu park fantanlar, gül çiçəklərlə bəzədilib.

Kayserililərinin uşaqlarının əyləncə mərkəzi isə daha böyükdür. Belə ki, onların böyük heyvanat bağçası dedikləri məkan, uşaqların istirahəti üçün nəzərdə tutulub. 180 hektarlıq ərazidə tikilən "Anadolu Harikalar Diyarı Hayvanat Bahçesi”ndə 2500-ə yaxın heyvan saxlanılır. Burada müxtəlif növ quşlar, sürünənlər, vəhşi və ev heyvanları qorunur. Heyvanat bağçasının ətrafında isə Elm Mərkəzi fəaliyyət göstərir.

Kayseri Elm Mərkəzində təxminən 100 təcrübə qurğusu və xüsusi dizayn qalereyası mövcuddur. Burada elmi təcrübələrin aparıldığı atelyelər (sənət atelyesi, fənn elmləri atelyesi, robot atelyesi) salınıb. 14 metr diametrli qübbəsi və 109 kreslo tutumu ilə Türkiyənin ən böyük Göy Evində təhsil və əyləncə məqsədli filmlər də göstərilir. Filmlər astronomiya, səma cisimlərindən bəhs edir. Kayseri Elm Mərkəzində təbiətdəki ünsürlərin yaranma formalarını təcrübə qurğuları ilə müşahidə imkanı təqdim edilir. Belə ki, burada 60 sərgi qurğusu yerləşdirilib.

Bu mərkəzi gəzmək üçün sizə bir gün ancaq kifayət edir. Çünki mərkəzdə o qədər avadanlıqlar var ki, dinozavrların yaranışından tutmuş - kosmosdakı həyata qədər, hər bir nüans xırda detallarına qədər avadanlıqlarla uşaqlara göstərilir. Onlar burada əylənərək öyrənmək imkanına sahib olurlar.

Kayserinin 10 ən gözəl məkanı
Reportajımın sonunda isə Kayseridə mütləq görməli olduğunuz 10 yeri qeyd etmək istəyirəm: İlk olaraq, Ərciyəz qış turizm mərkəzinə gedin, Gevher Nesibe Xəstəxana muzeyinə getməyibsinizsə, "Kayserini gördüm” deməyin. Həmçinin, Səlcuklu muzeyinə getməklə buranın tarixinə daha yaxından bələd olacaqsınız. "Kayseri Saat Qalası Kayserinin əsas rəmzidir” desəm, yəqin ki, yanılmaram.

Saat qalasının yanında, şəhərin mərkəz küçələrində diqqətimi çəkən əsas məqam isə insanların rahatlığının təmin olunması oldu. Belə ki, şəhəri gəzən insanların oturmaq, mənzərədən zövq ala-ala, quşları yemləyərək rahat şəkildə istirahət etməsi üçün hər bir şərait yaradılıb.

Kayseri Milli Mübarizə Məktəbi sizə bu şəhərin qürur mənbəyindən bəhs edəcək. Kayseri Elm Mərkəzində nəinki uşaqlarınız, özünüz də astronomiya, təbiət biliklərinizi artıracaqsınız. Kayseriyə uşaqlarla birlikdə gedibsinizsə, "Harikalar diyarı” dedikləri parka mütləq baş çəkin. Bütün bunlardan əlavə, əgər "Qapalı çarşı”da olmasanız, Kayseridə olduğunuza heç kimi inandıra bilməzsiniz.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər