• çərşənbə axşamı, 19 mart, 14:39
  • Baku Bakı 8°C

Ər axtaran qızlar öz arzularına çatdılarmı? - Fotolar

16.02.17 15:40 4160
Ər axtaran qızlar öz arzularına çatdılarmı? - Fotolar
Dünən Nizami Kino Mərkəzində çoxdandır gözlədiyimiz "Ər quyusu” filminin təqdimatı oldu. Əslində rejissorlar film çəkərkən daha çox tanınmış simalara üstünlük verirlər. Düşünürlər ki, filmə məşhurlar çəkilərsə, onların ünlü dostları da qala gecəsinə təşrif buyuracaq, yaxud film daha baxımlı olacaq. Belə olduqda filmin təqtimatı və təbliği də jurnalistlərin xüsusi diqqətində olacaq. Biz də sözügedən filmin press-relizinə baxdıqda güman etdik ki, filmdə cəmi 3-4 tanınan sima var, ona görə bu gecəyə az adam gələcək. Ancaq gümanımız bizi yanıltdı. Qala gecəsinə kimlər gəlməmişdi ki, saymaqla tükənən deyil. Ona görə də bircə onu deyə bilərəm ki, qala gecəsində cəmiyyətimizin ziyalıları, xalq artistləri, tanınmış aparıcılar bir araya toplanmışdılar.

Kino mərkəzinə daxil olar-olmaz təşkilatçılar bizi qarşılayıb nəzakətlə yerlərimizdə əyləşdirdilər. Hər zamankı kimi, film deyilən vaxtdan bir saat sonra başladı. Mətbuat nümayəndələri olaraq biz artıq buna alışmışıq. Axı qala gecələrinin ab-havası bir başqa olur. Gecənin aparıcısı tanınmış aktrisa Zümrüd Qasımova idi. O, ilk olaraq səhnəyə çıxıb, tamaşaçıları salamladı və filmin yaradıcı heyətini təqdim etdi.

Nəhayət, işıqlar söndü beynəlxalq teatr festivallarındakı uşaq tamaşalarının mahir yazarı Səidə Haqverdiyevanın ilk çəkdiyi film qarşımızdakı böyük ekrandan yayımlanmağa başladı. Yəqin ki, yaşı 30-u haqlayan tamaşaçılar filmi izləyərkən orada öz uşaqlıq illərini xatırladılar. O vaxt maqnitofonlar kasetlə işləyirdi, karandaşla lenti başa yığırdıq, bax, o vaxtları deyirəm. Şirinçayla saça bəzək vurulan, pamada ilə yanaq qızardılan dövrlərdən gedir söhbət...

Filmdə evin böyük qızı olan Gülşahın 25 yaşı var və o, ərə getmək istəyir. Onu qeyd etməyi unutdum axı, evin başıçısı, altı qız atası Məhərrəm Qurbanovun oğlu yoxdur, qızlarsa duz yükü kimi "evdə qalıblar”. Gülşah evin ən böyük qızıdır. Onun tək arzusu ərə getməkdir. Atanın ikinci qızı rolunu canlandıran Könül Şahbazova da əsl kəndçi qızı rolunun öhdəsindən məharətlə gəlir. Ailənin ortancıl qızı isə həyata başqa rakursdan baxır. Ona görə yox ki, daha gəncdir, həm də ona görə ki, əlindən kitab düşmür.

Aktyorlar Sevinc Sarıyeva, Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov və Gülnarə Abdullayeva mühitdən qopuq deyillər, əksinə mühitlə orqanikdirlər. Ailə-məişət mövzusunda çəkilən tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Əfşan Əsədovadır. Ekran işinin səs operatoru Kamal Qarabasma, səs rejissoru isə Anar Quliyevdir.

Xronometrajı 95 dəqiqə olan filmin çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda aparılıb. Filmdə Cavid Telmanın Xaliq obrazı diqqətimidən yayınmır. Yarı rus, yarı öz dilimizdə danışan aktyorun şirin bir ləhcəsi var. Hansı ki, bu ləhcə onu daha çox sevdirməyə vadar edir. Onun təqdimatında kənd avarası tipajı xarakterikdir.

Səidə Haqverdiyevanın müəllifi olduğu "Qara qızın qara bəxti” hekayəsinin motivləri əsasında çəkilən "Ər quyusu” filmində əsl kənd həyatı əks olunur. Hətta deyərdim ki, o ab-havanı görən insanlar bu filmi izləyəndən sonra kənddən ötrü burunlarının ucu belə göynəyər. Dağın ətəyi, isti samovar, təndir çörəyi, ocaqda bişən yeməklər, sacda pöşələnən lavaşlar...

Bu evin qızları çox qoçaqdırlar. Analarına nənə deyə müraciət edirlər. Bu nənə də bizim bildiyimiz qayğıkeş ana deyil ha, bütün günü falçı Qara Məryəmin yanına gedir, əlindəki olan-qopanından ona verir ki, 6 qızdan sonra oğlu olsun. Qara Məryəm də hər dəfəsində onu aldadır. Qonşunun qızı ərə gedərkən qızlara deyir ki, onun bəxtini Qqara Məryəm deyil, qara eşşək açıb. Belə ki, gecə hər kəs yatanda eşşəyə üç dəfə minirsən və bəxtin açılır. Evdə qalan böyük bacı da bəxtinin açılması üçün gecə xəlvətcə qonşularının eşşəyini minmək istəyir. Ancaq başına gəlməyən qalmır. Qonşunun həyətində qazılan quyuya düşür və salamat yeri qalmır. Demək ki, onun qisməti nə Qara Məryəmdə, nə də qara eşşəkdə imiş. Onun qisməti məhz qonşunun tualet üçün qazdığı həmin o quyuda imiş. Sevdiyi xalası oğlu Xalid gecəikən onu görür, elə xəstəxanadaca qıza elçi düşür. Beləcə, bacı ərə gedir.

Filmdə rol alan 3 balaca bacı da Uşaq "Oyuq” Teatr Studiyanının yetirmələridir. Bu gün ölkədə azyaşlı aktyorların yetişmədiyini deyən rejissorlar bu filmə baxsalar, fikirlərindən tamamilə daşınacaqlar. Hansı ki, bu qızlar gələcəyin peşəkar aktrisasına ən gözəl namizədlərdən biridirlər.
Maraqlısı da budur ki, ən maraqlı yerində film bitir. Oturub davamını gözlərkən pərdələr qapanır. Bu o deməkdir ki, Səidə Haqverdiyevadan filmin ikinci hissəsini tələb etməyə haqqımız var. Hə ,bir də unutmamış onu da deyim ki, filmin sonunda öyrənmiş olduq ki, Səidə Haqverdiyeva bu filmi öz anasının əziz xatirəsi üçün çəkib. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

Xəyalə Rəis




banner

Oxşar Xəbərlər