• cümə, 29 Mart, 15:52
  • Baku Bakı 14°C

Əqli mülkiyyətin innovativ iqtisadiyyatda rolu

05.06.18 17:19 1011
Əqli mülkiyyətin innovativ iqtisadiyyatda rolu
"Yaşadığımız «biliklər cəmiyyəti»ndə, texnologiyaların sıçrayışı dövründə və rəqəmsal innovasiyaların «rəqəmsal imperativ» zamanında innovativ inkişaf tədqiqatların nəticəsində əldə edilən biliklərin və texnologiyaların, investisiyaların və əqli mülkiyyətin yaratdığı insan kapitalının ekosistemidir”. Heydər Əliyev Mərkəzində keçirilən "Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” adlı beynəlxalq konfrans-sərgi və "Qeyri-maddi aktivlər və qlobal dəyər zəncirləri: İqtisadiyyat innovasiyanın faydalarından necə yararlana bilər?” adlı regional seminarda səslənən bu fikirlər ölkəmizdə əqli mülkiyyətin inkişafı, hüquqlarının qorunması, qarşıda duran vəzifələr və görüləcək işlərə diqqət yetirməyə fürsət yaratdı.
"Əqli mülkiyyətin dəyişmiş rolu onun fəaliyyətinin yeni konteksti və ona münasibətdə bizim düşüncə tərzimizin dəyişməsi Azərbaycan üçün çox aktualdır” - deyə seminarı giriş sözü ilə açan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycanın yeni iqtisadi siyasətinin mühüm qolu – innovativ inkişafa qədəm qoyduğunu bildirdi: "Qeyri-neft sektorunu inkişaf etdirən, diversifikasiyanı uğurla aparan və «Made in Azerbaijan» brendini təşviq edən dövlətimiz qısa müddətdə böhran vəziyyətini arxada qoyaraq, iqtisadi artımlı dinamika ilə müşahidə olunur. Yaşadığımız «biliklər cəmiyyəti»ndə, texnologiyaların sıçrayışı dövründə və rəqəmsal innovasiyaların «rəqəmsal imperativ» zamanında innovativ inkişaf tədqiqatların nəticəsində əldə edilən biliklərin və texnologiyaların, investisiyaların və əqli mülkiyyətin yaratdığı insan kapitalının ekosistemidir”. Ölkə miqyasında aparılan islahatların əqli mülkiyyət sahəsinə öz müsbət təsirini göstərdiyini deyən K.İmanov rəqabətqabiliyyətlilik indeksinin "Əqli mülkiyyətin qorunması” alt göstəricisi üzrə Azərbaycanın 37-ci yeri tutduğunu diqqətə çatdırdı: "Belə ki, Azərbaycan 2016-2017-ci illərlə müqayisədə "Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksələrək, MDB ölkələri sırasında lider mövqeyini möhkəmləndirib. Ölkəmizin kreativ iqtisadiyyatının ÜDM-dəki payı 5%-i ötüb, dünyanın orta səviyyəsindədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur. Piratçılığa qarşıgörülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi müxtəlif sahələrdə 20-30% aşağı düşüb”.
K.İmanov Azərbaycanın əqli mülkiyyət sahəsində fəal beynəlxalq əməkdaşlıq apardığını, müəlliflik və oxşar hüquqlar sahəsində 6, sənaye mülkiyyətinə aid 11 beynəlxalq çoxtərəfli konvensiya və sazişlərdə iştirak etdiyini qeyd etdi: "Hal-hazırda ÜƏMT-nin müəlliflik hüququna aid 2 yeni müqaviləsinə – Mərakeş və Pekin müqavilələrinə qoşulma prosesi gedir, həmçinin sənaye mülkiyyəti ilə bağlı 3 sazişə qoşulma planlaşdırılır”. İH sədri qeyd etdi ki, hazırda ölkəmizdə Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi və ÜƏMT-nin birgə hazırladıqları "Universitet və elmi tədqiqatinstitutlarında əqli mülkiyyət siyasəti üçün milli layihə”həyata keçirilir: "Layihə ölkəmizdə elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılması, tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi, yaradılan yüksək texnologiyaların iqtisadiyyatda tətbiqi üçün əlverişli şəraitin yaradılması və iqtisadi səmərəsinin artırılması məqsədlərinə xidmət edir. Bununla bağlı 2017-ci ildə Birgə Bəyannamə imzalanıb. Qeyd olunan məsələlərə aid 2016-2017-ci illərdə ÜƏMT ilə birgə əməkdaşlıqda 3 beynəlxalq tədbir keçirilib, elm ocaqlarında əqli mülkiyyət siyasəti ilə bağlı tanınmış beynəlxalq ekspertlər tərəfindən yardım göstərilib, mütəxəssislər hazırlığı aparılıb. Buradakı sərgidə əməkdaşlığın bəhrəsi kimi startapların və spinautların fəaliyyətlərinin nəticələri nümayiş edilir”.
K.İmanov qeyd etdi ki,Azərbaycanın uzunmüddətli Əqli mülkiyyət Strategiyasının hazırlanması, Elm və sənaye arasında bağlantı, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması, "Made in Azerbaijan” brendinin təşviqi, "Əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair Madrid Sazişi” çərçivəsində qorunan yerli əmtəə nişanlarının xərclərinin qismən dövlət hesabına ödənilməsi və kütləvi istehsal olunan və fərdi toxunan xalçalarımız üzərində Azərbaycana aid loqonun ilmələrlə toxunmasına dəstək verilməsi və qeydiyyata alınması, rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüququ ilə qorunan obyektlərin istifadə edilməsinin idarəetmə sisteminin tətbiqi və s. həyata keçiriləcək tədbirlər sırasındadır.

Əqli mülkiyyət tədricən rəqəmsallaşır

Əqli mülkiyyət dünyasının çox dinamik inkişaf etdiyini bildirən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Frensis Qarri hazırda bir sıra tendensiyaları izləyə bildiyimizi qeyd etdi: «Bu tendensiyaların iqtisadiyyatını inkişaf etdirməyə çalışan Azərbaycan kimi ölkələrə xüsusi təsiri var. Son 10 ildə artım dinamikasını müşahidə edirik. Artıq bilik iqtisadiyyatına keçid baş verir. Müxtəlif bazarlarda şirkətlər müdafiə olunmağa çalışırlar. Habelə, əqli mülkiyyət və innovasiyaların coğrafiyası dəyişməkdədir». Baş direktor bildirdi ki, ÜƏMT-ə 60 faiz ərizələr Asiya ölkələrindən daxil olur: «Beynəlxalq patent ərizələrinin 49 faizi Asiya ölkələrindən gəlir. İnnovasiyalara xüsusi fokus yönəlir. Tərəflər arasında innovasiya əsaslı rəqabət gedir. Bütün bu inkişaf prosesi nəticəsində əqli mülkiyyət dünyası mürəkkəb aləmə çevrilir. Hökumətlərarası çoxtərəfli sazişlərdə bu məsələlər öz yerini tapır».
ÜƏMT rəhbəri qeyd etdi ki, YUNESKO, ÜST kimi nüfuzlu təşkilatların da bu prosesə töhfəsi var: «Texnologiya baxımından güclü dəyişikliklər baş verir. Big Data və robotların fəaliyyəti əqli mülkiyyət hüquqlarına təsir edir. Əqli mülkiyyət tədricən rəqəmsallaşır. Gələcəkdə Big Data iqtisadiyyatın əsasına çevriləcək. Universitetlər, tədqiqat institutları bu sahədə yeni biliklərin yaranması üçün müstəvidir. Hazırda bu qurumlar elm və texnologiyalar arasında körpü rolunu oynayır. Bunun üçün tədqiqatların dəstəklənməsi lazımdır. Tədqiqat institutları öz məhsullarını bazara çatdırmalıdırlar. Elm və texnologiya arasında körpü mütləqdir. Əqli mülkiyyət qlobal dəyər zəncirində bağları təmin edir”.

Biznesin elmə dönməsi

AMEA prezidenti Akif Əlizadə əqli mülkiyyətin qorunmasının hazırkı gündə Azərbaycanda problemli olduğunu söylədi: «Azərbaycanda tədqiqat işlərini həyata keçirən AMEA rəqabətli iqtisadliyyatın formalaşmasına öz töhfəsini verir. Elmi tədqiqat institutlarının tərkibində texnoparkların yaradılması bu istiqamətdə atılan addımlardandır. Elm və biznes əməkdaşlığının inkişafı üçün də AMEA dəstək göstərir. Belə ki, startap müsabiqələrin təşkili və layihələrin dəstəklənməsi, birgə beynəlxalq transfer mərkəzlərinin təsis edilməsi, təlim kadrlarının təşkili bu istiqamətdə atılan addımlardandır”. A.Əlizadə qeyd etdi ki, AMEA texnologiyalar parkında 13 rezident fəaliyyət göstərir: «Dünyanın iqtisadi nəhəngləri əqli mülkiyyətin inkişafı ilə uğurlara nail olurlar. İnnovasiya siyasətində rəqabət qabiliyyətli iqtisadiyyat qurula bilir”.
Biznesin Azərbaycanda bir qədər cavan olduğunu qeyd edən AMEA prezidenti bu üzdən biznesin elmə o qədər maraq göstərmədiyini qeyd etdi: "Əlbəttə, alimlər təkliflər irəli sürürlər. Biznesin elmə dönməsi intellektual elmin inkişafı sahəsində irəliləyiş olardı”.

İqtisadi inkişafın göstəricisi

Avrasiya Patent Təşkilatının (EAPO) prezidenti Saule Tlevlessova rəhbərlik etdiyi qurumun ixtiralar sahəsində regional təşkilat olduğunu qeyd edərək 8 dövlət üzvündən birinin də Azərbaycan olduğunu diqqətə çatdırdı: «Keçən il Azərbaycandan təşkilata 37 ərizə daxil olub. Təşkilat üzv dövlətlər üçün müəyyən endirimlər tətbiq edir. Yarandığı gündən bəri quruma 320 ərizə verilibsə, onlardan 240-ı ixtira kimi qeydə alınıb. Hazırda Azərbaycanda 7320 patent dəstəklənir. Bu o deməkdir ki, bu qədər patent ölkə iqtisadiyyatı üçün istifadə oluna bilər. Azərbaycandan ərizələrin 80 faizi elmi müəssisələrin, institutların payına düşür. Bu isə ölkənin böyük gələcəyinin olmasını deməyə əsas verir. Əgər elm müəssisələri və universitetlər tədqiqatlarla məşğuldurlarsa, bu, gələcəkdə iqtisadi inkişafın göstəricisi deməkdir».

Tədqiqat və innovasiya mərkəzlərinin inkişaf etdirilməsi

Uğurlu inkişafın təməlində bilik yönümlü cəmiyyətin, rəqabət qabiliyyətli texnoloji innovasiyaların dayandığını deyən təhsil naziri Ceyhun Bayramov yaşadığımız bilik və innovasiya iqtisadiyyatı dövründə davamlı və hərtərəfli inkişafın təmin edilməsində elm və təhsilin rolunun əhəmiyyətli dərəcədə artmaqda olduğunu bildirdi: "Təbii ki, innovasiya prosesi yeniliklərin yaradılmasından başlayaraq, o yeniliklərin mənimsənilməsi və bazara çıxarılmasında olan bütün mərhələlərdə əqli mülkiyyətin iştirakını özündə ehtiva edir. Əqli mülkiyyət amili innovasiyaların səmərəli tətbiqinə şərait yaratmaqla, əsaslı rəqabəti də stimullaşdırır. Ali təhsil müəssisələrinin elmi-tədqiqat və innovasiya mərkəzləri kimi inkişaf etdirilməsi, universitetlərin elmi-texniki fəaliyyətlərinin nəticələrinin kommersiyalaşdırılması isə yüksək elmi potensial tələb edir”.
Nazir məlumat verdi ki, hazırda universitetlərdə və elmi təşkilatlarda 33 mindən artıq alim məşğul olur ki, onların 35 faizi fəlsəfə doktoru, 8 faizi isə elmlər doktorudur. Artım dinamikasına görə Azərbaycan son illər regionda birinci yerə çıxıb. İlkin tədqiqatlara görə, 1118 elmi-tədqiqat işinin təxminən 43 faizi ali təhsil müəssisələrinin payına düşür. Təhsil Nazirliyinin strukturunda olan universitetlərdə çalışan 9 mindən artıq professor-müəllim heyəti tərəfindən ixtiraların patentləşdirilməsinə dair son 5 ildə 116 sifariş verilib, patent və ixtiraların sayı isə 159 olub. Onlardan 98-i Azərbaycanda, 66-ı isə ölkə hüdudlarından kənarda patent alıb. Qlobal elmi bazadan istifadə aktivliyinin dinamikası 2017-ci ildə əvvəlki illərlə müqayisədə 75 faiz artıb. Elmi jurnallarda çap olunmuş məqalələrin sayında son 4 ildə 68 faiz artım qeydə alınıb: "Ölkəmizdə mövcud elmi potensialın formalaşdırılması və davamlı inkişafın təmin edilməsi məqsədi ilə AMEA ilə birlikdə tədqiqat universitetlərinin yaradılması istiqamətində işlərə başlanılıb. Bu universitetlərin yaradılması müasir dövrün ali təhsil müəssisələri qarşısında qoyduğu yeni çağırışlarla bağlı universitetlərə yeni statusların verilməsi zamanı əqli mülkiyyət hüquqlarının qorunması və əqli mülkiyyət nəticələrinin reallaşdırılması səviyyəsi əsas meyarlardan biri kimi nəzərdən keçiriləcək”.
Sessiya və panel müzakirələrində ÜƏMT, Rusiya, Fransa, ABŞ, Böyük Britaniya, Yunanıstan və s. ölkələrin əqli mülkiyyət sahəsi üzrə tanınmış ekspertlərinin çıxışları dinlənildi.
Tədbirdə universitetlər tərəfindən yaradılan startapların nümayişi və onların nailiyyətlərini əks etdirən sərgi ilə tanışlıq da maraqla qarşılandı. Belə ki, sərgidə 21 startap-layihə nümayiş olundu. Onların 16-sı 7 yerli universitet, 2-i özəl şirkət, 3-ü AMEA (Yüksək texnologiyalar parkı) tərəfindən təqdim edildi. Qeyd edildi ki, bu layihələr Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətli, dayanıqlı və təhlükəsiz inkişaf modelinin təşəkkül tapmasına istiqamətlənmiş addımlardandır.

Təranə Məhərrəmova


banner

Oxşar Xəbərlər