Epizodik rolların kralı - Fotolar
«Mən
ikiüzlü insanları sevmirəm. Əfsuslar olsun ki, yalan çoxalıb, xüsusilə də
televiziyada». Bu günlərdə 80 illiyini qeyd edən tanınmış aktyor Leonid
Kanevski Rusiya mətbuatına müsahibəsində etiraf edib.1939-cu
ilin mayında Kiyevdə, sadə yəhudi ailəsində doğulan L.Kanevskini sənət yoluna təsadüflər
gətirməyib. Gələcək aktyorun valideynləri incəsənətlə yaxından maraqlanırdılar.
Atası texnoloq idi. Anası konservatoriyanı bitirməsinə baxmayaraq, evdar qadın.
O, özünü ailəsinə, ərinə və iki oğluna həsr edərək, işindən vaz keçmişdi.Yəqin
ki, hər iki oğlunun sənətə olan marağı analarının genlərindən gəlirdi.
Aleksandrda ədəbiyyata, Leoniddə isə teatr və kinoya həvəs oyanmışdı. Oğlan
doğma Kiyevdəki bircə film premyerasını da əldən verməzdi, bütün cib xərcliyini
film nümayişlərinə sərf edərdi. Qəbul imtahanlarının vaxtı çatanda isə Leonid
valideynlərinə Moskva teatr institutlarından birinə daxil olmağı
planlaşdırdığını bildirdi. Əvvəlcə valideynləri bu xəbərə şübhə ilə yanaşdılar,
ancaq oğullarının ciddi olduğunu bildikdən sonra etiraz etmədilər. Oğlanın
qarşısına qoyulan yeganə şərt bu oldu ki, anası onu tək buraxmayacaq.
Sonralar L.Kanevski sovet, Rusiya və İsrailin teatr
və kino aktyoru kimi şöhrət qazandı. 1971-ci ildən 1989-cu ilədək teleekranda
populyar olan «İstintaq bilicilər tərəfindən aparılır» verilişinin müəlliflərindən
biri kimi tanındı. 2002-ci ildə sovet televiziyasında iki filmə çəkildi.
2006-cı ildə isə L.Kanevski «İstintaq bilicilər tərəfindən aparılır» populyar
dedektiv-sənədli verilişin əsas simasına çevrildi. O,
proqramın bir bölümünün çəkilişi ilə bağlı bir neçə il əvvəl Bakıda da olub.
Sonralar isə "Naftalan” reklamının çəkilişləri ilə bağlı Bakıda olan aktyor
"Brilyant əl” filminin Bakıdakı çəkilişində iştirak etdiyi günləri yada salıb:
"Bakıya "Brilyant əl” filminin çəkilişləri zamanı
etdiyim ilk səfərimi xatırladım. Həmin günlərin xoş xatirələri hələ də
yadımdadır. Peşəkar çəkiliş qrupu ilə işləyirdik. Bakı yaddaşımda doğma şəhər
kimi qalıb”.Hazırda
80 yaşını qeyd edən aktyor daim işə tələsir. Bunu təkcə nizam-intizamı və məsuliyyəti
ilə deyil, həm də peşəsinə olan sonsuz sevgisi ilə əlaqələndirir.
Reytinqi manyaklar qazanır
- Leonid Semyonoviç, sizin televiziyada kriminal aləmdə
nüfuz üstünlüyü haqqındakı neqativ fikirlərinizi oxumuşam. Amma sizin «İstintaq
bilicilər tərəfindən aparılır» tele-layihəniz də kriminal aləmlə
bağlıdır.
- Mənim
aləmimdə bu, kriminal deyil. Bu layihə Tomin, Syomin ilə birgə düşünülməyib, məhz
Kanevski ilə düşünülüb. İlk əvvəl qərara gəldik ki, sovet dövrünün - 1920-ci
ildən başlayaraq 1990-cı illərə qədər olan tarixini əhatə edək. Proqram 13
ildir ki, efirdədir. 13-15 yaşlı uşaqlar mənə yaxınlaşıb: «Necə də maraqlıdır!»
deyə bildirirlər. Əslində onlar kriminala istənilən telekanalda baxa bilərlər.
Amma onlara məhz bu illər haqqında bilmək maraqlıdır: necə yaşayıblar, ünsiyyət
qurublar, zarafatlaşıblar. Mən bu haqda məsuliyyət hissi ilə danışıram. Bilirəm
ki, həmin vaxtlar yaşamaq həm gözəl, həm də çox mürəkkəb idi. Dramatik, xoşbəxt
və eyni zamanda qəmli idi. O cümlədən, insanlar arasındakı münasibət daha şəffaf
idi. Əgər insan yolda yıxılardısa o dəqiqə onun köməyinə çatardılar. İndi çox
ehtimal ki, yanından keçib gedərlər. Mən bu günü pisləmirəm, sadəcə, insanların
bir-birinə münasibəti dəyişib. Lakin o zamanlar mütləq dayanıb soruşardılar.
- Bu tarixlərə nüfuz edərkən siz insanların mahiyyətini
başa düşdünüz?
- Mənim
fikrimcə, insanlardakı ən iyrənc keyfiyyət acgözlük və tamahkarlıqdır. Bax,
cinayətin kökü burdan başlayır. Mən müəlliflərdən tez-tez: «Fövqəladə
fırıldaqçılar haradadır? İstedadlı pul kəsənlər haradadır?» deyə soruşuram. Biz
bir qayda olaraq zamanın sındırdığı, əzdiyi və cinayətkara çevirdiyi istedadlı
insanlar haqqında danışırıq. Əfsuslar olsun ki, prodüserimizin dediyi kimi
«Reytinqi manyaklar qazanır».
- Sizin kino rollarınızın siyahısı zəngindir, lakin
bunlar əsasən epizodik rollardır.
- Bəli, əsasən
də mənfi personajlardır (gülür).
- Sizi «Epizodik rolların kralı» adlandırdıqda
incimirsiniz ki?
- Bu,
son dərəcə gözəldir! Stanislavski demişkən, "kiçik rollar yoxdur, kiçik
aktyorlar var”. Əsas epizodik rolu yaddaqalan etməkdir. Təvazökarlıqdan uzaq da
olsa, deyəsən, mən bunu bacarmışam.
Ardımca «Çyort poberi» sözlərini eşitdim
- Teatrda özünüzü tamamilə təsdiqləmisiniz. Bəs sizə
kinoda baş rollar verilmədiyinə görə mütəəssir olmurdunuz?
- Yox...
Çünki teatrda işləmək xoşbəxtlik idi. Mən dahi rejissor və pedaqoq Efrosla işləyirdim.
Peşə məktəbini bitirəndə: "indi üstümə rollar yağacaq”- deyə düşünürdüm! Təhsildən
sonra Minskdən kinoda sınaq çəkilişlərinə dəvət teleqramı aldım. «Dan yerinin
sökülməsinə 40 dəqiqə qalmış» filmində Belarus kənd istehlak cəmiyyətinin
müdiri rolunun sınaq çəkilişlərinə dəvət olunursunuz”- deyə məktubda
yazılmışdı. Rejissordan «Qəribədir, mənim simamda Belarus kənd istehlak cəmiyyətinin
müdiri rolu inandırıcı olarmı?»- deyə soruşdum. O, bir qədər düşünüb: «Qorxulu
heç nə yoxdur. Düşünərik ki, o, müharibədən sonra orada məskən salıb»- deyə
cavab verdi. Bu mənim ilk epizodik rollarımdan idi. Onların içərisində – sərxoşlar,
qanqsterlər, qaçaqmalçılar və baçqa obrazlar vardı.
- Müsbət rollar heç olmayıb?
- Yalnız
bir dəfə. «Oderdə bahar» filmində kəşfiyyatçı-leytenant rolunda çəkilmişəm. Bir
yaxşı oynanılmış epizod səni məşhur artist edə bilər. İndi məşhur olmaq
asandır: hər hansı teleserialda göründünsə artıq məşhursan. Amma 10-15 və ya 40
ilə davam gətirməyi çox adam bacarmır. Mən qürrələnmirəm, mənim həyatım belə gətirib.
«Brilyant əl» filmindən sonra 1969-cu ildə mən yuxudan məşhur oyandım. Kinonun
ümumittifaq premyerasından sonra səhəri küçəyə çıxanda ardımca «Çyort poberi»
sözlərini eşitdim. Daha sonra yenə buna oxşar mənfi rollar gəlirdi. Mən onları
ləzzətlə oynayırdım. Nağılları daha çox sevirdim. Pavel Arsyonovun çəkdiyi
«Halvanın dadı» filmində biz Armen Ciqarxanyan və Yevgeni Yevstiqneyevlə
epizodik rollarda oynayırdıq. Bu, xoşbəxtlik idi. Mənim tərəf-muqabillərimlə bəxtim
həmişə gətirirdi. Bilmirəm, onlara mənimlə oynamaq necə idi (gülür).
- Sonunda sizi mayor Tomin xilas edir. Bəs siz bu
rolun əsiri olmadınızmı? Siz bu müsbət milis işçisi rolunu oynadıqdan sonra yəqin
ki, yaramaz rollarda çəkilmirdiniz?
- Əksinə,
Tominə çox minnətdarlıq hissi ilə yanaşıram. Baxmayaraq ki, o vaxtlar müxtəlif
siyahılar mövcud idi. Məsələn, mənfi rollara çəkilməsinə qadağa qoyulmuş
aktyorların siyahısı. Onlar generallar və rəhbərlərin rollarında çəkilirdilər:
Lanavoy, Ulyanov, Tixonov və başqaları. Bir də «məsləhət görülməmiş»i var idi
ki, mən həmin siyahıya düşmüşdüm. Amma bir rolu itirmişdim ki, bu da «Nə yardan
doyur, nə əldən qoyur” filmi idi. Hətta, filmdə çəkilmək üçün mənə kostyum da
tikilmişdi. Sonradan bildim ki, bədii şurada rejissorlar məni bu rola «məsləhət
görməmişdilər». Bədii şurada «Üç muşketyor» filminin rejissoru Georgi Yunqvald
Xilkeviçə «Biz sizə Kanevskidən istifadə etməyi məsləhət görmürük»- desələr də,
o, «mülahizələrinizə baxmayaraq, o, mənə lazımdır» - deyə cavab vermişdi. Və mən
Bonasye roluna çəkildim. Sovet hakimiyyəti dövründə də hər şey rejissordan
asılı idi.
- 1991-ci ildə siz teatr yaratmaq üçün İsrailə
getdiniz. Orada hansı çətinliklərlə rastlaşdınız?
- Yarım
il tamaşaçı ilə dil problemi yaşandı. İlin birinci yarısında biz yalnız rus
dilində tamaşalar oynadıq. Sonradan başa düşdük ki, yalnız rusca oynamaq
tamaşaçı itkisinə səbəb olur. Sonra biz ivrit dilini öyrənmək məcburiyyətində
qaldıq və ilin axırında tamaşanı ivritcə oynadıq. İkinci «İdiot» tamaşasını həm
rus, həm də ivritcə oynadıq. Ləhcə olsa da, onu bizə bağışladılar. Ona görə ki,
teatrımız son dərəcə gözəl idi. Hazırda məni Rusiyada görənlər «Siz
qayıtmısınız?» - deyə soruşduqda – «Mən heç yerə getməmişdim» - cavabını verirəm.
İlk əməkhaqqım 690 rubl idi
- Hazırkı dövrdə sizi nələr qane edir? Nələrdən
narazısınız?
- Mən
ikiüzlü insanları sevmirəm. Əfsuslar olsun ki, yalan çoxalıb, xüsusilə də mətbuatda
və TV-də. Eyni zamanda, hərəkət azadlığı başlayıb, sovet vaxtlarında bu yox
idi. Bunu qiymətləndirmək lazımdır. Bu gün cavanlar bunun nə demək olduğunu
anlamırlar – xarici ölkələrə getmək olmazdı. İndi qazanmaq azadlığı var, o
vaxtlar isə əməkhaqqını gözləməli idin. Mənim ilk əməkhaqqım 1960-cı ildə 690
rubl idi. Bu, çox az idi. Çox şadam ki, qızım bu zəmanədə yaşayır və kostyum
üzrə rəssamdır. Mən özüm «Müfəttiş» və «Gecikmiş məhəbbət» tamaşalarında onun
müəllifi olduğu iki kostyumda səhnəyə çıxıram.
- 80 yaşınız olmasına baxmayaraq, yaxşı
göründüyünüzə, aktiv həyat tərzi
keçirdiyinizə görə valideynlərinizə, yoxsa düzgün həyat tərzinə minnətdarsınız?
- Yəqin
hamısı bir yerdə - həm genlər, həm öz peşənə, yaxınlarına, tamaşaçılarına
yanaşma tərzi. Bunların hamısı birlikdə stimulvericidir. Özünü formada
saxlamalısan ki, nə yaxınların, nə tamaşaçıların, nə də özün aynaya
yaxınlaşanda deməyəsən ki, «Aman Allahım, bu kimdir?» Bir də sərgüzəştlərə hər
zaman hazır olmalısan. Elə zamanlar olub ki, dalbadal dörd il mənim tamaşalarda
rolum olmayıb. Baxmayaraq ki, çox çəkilirdim, gəzirdim... Bu zaman ruh
düşkünlüyü yarana bilərdi. Və birdən Lyova Durovla «Zarafatçı» meydana çıxırdı.
Bax, həmişə hazır olmaq vacibdir. Yaxalamaq və oynamaq. Əgər mən formada
olmasaydım, o vaxt hər şey istədiyim kimi alınmazdı.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova