• cümə, 19 Aprel, 09:06
  • Baku Bakı 13°C

Çəngəllə deyil, əllə yeyin, evdə o dadı almağı isə unudun - Reportaj

31.01.20 11:02 7014
Çəngəllə deyil, əllə yeyin, evdə o dadı almağı isə unudun - Reportaj
Ustalar deyirlər ki, xəmir qurudursa, tərəvəz pizzanın üstündə canlı görünmürsə, deməli...
"Bu yeməyi həftədə bir dəfə yeyənlərin ağız boşluğunda şiş əmələ gəlməsi 34 %, həzm sistemində isə 59 % azalır” deyirlər. Adı asılılıq yarada biləcək qidalar sırasındadır, hətta insanlar tox olanda belə, bu yeməkdən imtina edə bilmirlər. İtalyan mətbəxinin ən məşhur yeməyi olsa da, bu qidanı ən çox amerikalılar istifadə edirlər.

Söhbətin xəmir, pendir və sousun birləşməsindən əldə edilən möhtəşəm daddan - pizzadan getdiyini yəqin ki yuxarıdakı bir neçə cümlə artıq demiş oldu. Pizza, hazırda dünyanın dörd bir yanında sevə-sevə yeyilir, ölkəmizdə də həmçinin.

Restoranda dost-tanışlarla oturub pizza yeyəndə, müxtəlif suallar eşidirsən. İlk dəfə yeyənlər "Görəsən, hansı daha dadlıdır?”, bu dada bələd olanlar "Fərqli nə isə varmı?”, çox sevən, mətbəx bacarığı olanlar isə "Bu dadı evdə necə ala bilərəm?” və s. deyirlər. Pizza yeyəndə, ən çox mübahisə isə, çəngəllə, yoxsa əllə yeməklə bağlı olur. Elə bu tipli suallara cavab tapmaq üçün yolumuzu "Dominos pizza”dan saldıq.

O dadı evdə almaları çətin məsələdir

Biz işdən sonra getdik, bu, o deməkdir ki, artıq axşam yeməyi vaxtı yaxınlaşırdı. Pizza yemək üçün gələnlərin sayı artırdı və ustaların da mətbəxdə işi çoxalmışdı. Biz də işə bu prosesi izləməklə başladıq. İlk diqqətimizi çəkən ustaların əlcəksiz işləməsi oldu. Bildirdilər ki, restoran sistemində pizzanı əlcəklə bişirmirlər. Sadəcə olaraq işə başlamamışdan əvvəl və sonra əllər mütləq yuyulur.

Mətbəxə keçdiyimizdə ilk sifariş "Extravaganza” pizzası oldu. Qarğıdalı ununda hazır xəmir yayıldı, üzərinə pizza sousu yaxıldı. Daha sonra üzərinə pepperoni, jambon, sosiska, soğan, yaşıl bibər, göbələk, qara zeytun, qarğıdalı, mozarella pendiri əlavə edilib sobaya göndərildi. Belə baxanda, sadə görünür, amma biz o dadı evdə ala bilmirik. Ustalarla da söhbətə elə bu mövzu ilə başladıq.

Usta İlkin Əzizov deyir ki, restoranda yediyiniz pizzanın dadını evdə almağı unudun: "Xanımlar tez-tez bu sualla bizə müraciət edirlər. Ancaq təəssüf hissi ilə deməliyəm ki, o dadı evdə almaları çətin məsələdir. Birincisi, evdə hazırlanan xəmirin resepti restoranlardakı ilə eyni deyil. Pizza xəmirinin yumşaqlığı da önəmlidir. Evdə bunu dəqiq tutmaq olmur. İstifadə olunan ərzaqların da miqdarı vacibdir. Hansısa ərzağı az və ya çox olanda, dad dəyişir. Bundan başqa, pizzanın bişmə temperaturu çox önəmli faktorlardandır. Biz 245 dərəcədə, 8-9, maksimum 10-12 dəqiqəyə bişiririk. Bundan artıq sobada qalırsa, artıq o, yararsız olur. Ev şəraitində hərə bir temperaturda bişirir. Üstəlik, restoranlarda bunun üçün xüsusi sobalar var, evlərdə o da yoxdur. Maraq üçün evdə də edə bilərlər, ancaq dadlı pizza yemək istəyənlər restoranlara üz tutsa, daha yaxşı olar”.


Xəmir yumşaq deyilsə, qurudursa...

Həm də deyirlər ki, pizza xeyirlidir, amma evdə bişirilirsə. İlkin Əzizov bu fikirlə razılaşmadı: "Restoranda hazırlanan pizzalar daha təhlükəsiz olur, çünki biz pizzaları geniş kütlə üçün hazırlayırıq, buna görə də mütləq təhlükəsizliyi təmin etməliyik. Üstəlik, biz pizza ilə bağlı daha məlumatlıyıq. Evdə bişirilənlərin təhlükəli olduğunu demirik, amma restoranda hazırlananların təhlükəsizliyindən tam əmin ola bilərsiniz. Hər gün yeni məhsullar gətirilir, tərəvəzlərimiz təbiidir”.

Yemək bişdiyi halda orda xəmirin keyfiyyətini, tərəvəzin təbiiliyini necə müəyyənləşdirməsi haqda isə usta Öztürk Bayramov məlumat verdi: "Sobadan bişib gələn ərzağın yeni və köhnə olduğunu müəyyənləşdirmək heç də asan deyil. Bunu mütəxəssislər baxan kimi bilirlər. Ancaq müştərilər də diqqətli olsalar, bunu hiss edə bilərlər. Xəmir yumşaq deyilsə, qurudursa, deməli, yeni deyil. Tərəvəzlər pizzada bişsə də, onun təbiiliyini müəyyənləşdirmək mümkündür. Hər nə qədər bişmiş olursa olsun, təbii tərəvəz rəng, canlılıq baxımından, pizzanın üzərində özünü göstərə bilir. Tərəvəz pizzanın üstündə canlı görünmürsə, deməli, yeni deyil”.


Ananas və soğan eyni pizzada

Artıq 9 dəqiqə tamamdır və sobaya qoyduğumuz pizza bişib müştəriyə təqdim olunur. Yeni sifarişlər də qəbul edilir. Müştərinin biri pizza sifariş verdi, ancaq içərisindən soğan olmasını istəmədi. Ustalar deyirlər ki, bu məsələdə müştəri istəyi önəmlidir: "Bir müştərimiz var, hər gün səhər bir balaca toyuqlu pizza sifariş verir. Deyir ki, üzərində toyuq və pendirdən başqa heç nə olmasın. Yaşıl bibər, göbələk və qarğıdalını çıxarır. Soğanı çıxaranlar da çox olur. Ümumiyyətlə, pizzanın reseptində olan məhsulların hamısının istifadə edilməsi vacib deyil. Müştərinin zövqündən asılı olaraq, bir çox ərzağı əlavə edə, yaxud çıxara bilərik. Məsələn, ananas və soğanın eyni pizzaya əlavə edilməsi kiməsə qəribə gələ bilər, amma bunu istəyənlər də olur”.

Amerikada bir nömrəli pizza vəsaiti pepperonidir. Verilən sifarişlərin təxminən üçdə birində pepperoni istifadə edilir. İlkin bəy bu pizza növünün bizdə də çox sifariş edildiyini bildirdi: "Ən çox satılan pizzalar adətən peperoni və qarışıq pizzalardır. Ətli, toyuqlu və tərəvəz məhsullarından ibarət pizzalara daha çox tələbat olur. Amma ümumilikdə, hər növ pizza sifariş edirlər. Mən təklif edərdim ki, hər dəfə fərqli pizza dadsınlar. Çünki hər pizzanın xüsusi dadı var və hər pizza insana öz xüsusi ləzzətini pıçıldayır”.


Çəngəllə, yoxsa əllə?

Türkiyənin İğdır vilayətindəki məktəblərin birində müəllim işləyən Mehmet Özcan şagirdlərinə pizza sifariş edib. İlk dəfə pizza görən uşağın reaksiyası sosial şəbəkələrdə maraqla qarşılanmışdı. Belə ki, həyatında ilk dəfə pizza görən şagird"müəllim, bu necə yeyilir? demişdi. Doğrudan, bu necə yeyilməlidir? Çəngəllə, yoxsa əllə? Öztürk bəy bildirdi ki, çəngəllə o dadı tutmaq çətin məsələdir: "Bir çox müştəri çəngəllə yeyir deyə, biz stola çəngəl də qoyuruq. Ancaq pizza əllə yeyilməlidir. Çəngəllə yediyində o dadı ala bilməzsən”.

Pizza və qazlı su yaxşı tamamlama deyil

Fikir verdik ki, sifariş zamanı müştərilər pizzanın yanında şirin qazlı sular götürürlər. Bir rusiyalı həkim deyib ki, pizza ilə qazlı su heç də yaxşı tamamlama deyil. Ustalar deyirlər ki, pizzanın standartında yanında nəyi içib-içməməklə bağlı xüsusi qayda yoxdur: "Pizza ilə yanaşı, adi qazlı sular çox sifariş edilməsə belə, şirin qazlı sulara üstünlük verirlər. Pizza ilə hansı suları içib-içməməklə bağlı elə bir standart yoxdur. Müştərinin zövqündən asılıdır”.


Gecə saat 2-də də sifariş edirlər, səhər 5-də də

Kuryer Ümid Paşayev 7 ildir ki, pizza çatdırma işini həyata keçirir. Deyir ki, ölkəmizdə pizzasevərlərin sayı getdikcə artır: "Pizza yeməyin saatı yoxdur. Nə vaxt istəsələr, yeyə bilərlər. Bizdə səhər 5-ə qədər çatdırılma xidməti var. Və istənilən saatda sifarişlər olur. İnsanlar gecə saat 2-də də pizza sifariş edirlər, səhər 5-də də. Bizim iş elədir ki, hər gün müxtəlif ünvanlara çatdırma edirik, ona görə heç də hamısını yadda saxlaya bilmirik. Ancaq elə ünvanlar olur ki, ayda 15 dəfə sifariş verirlər, ona görə həmin ünvanları artıq əzbər bilirəm”.

Pizzanın dadı restoranlara görə dəyişir

Hər dəfə pizza yeyəndən sonra özünü xoşbəxt hiss etdiyini deyən müştəri Lalə xanım bildirdi ki, pizza onun əvəzolunmaz yeməyidir: "Hər gün pizza yediyimi deyə bilmərəm, ancaq çox sevirəm, böyük zövqlə yeyirəm. Düzü, bir müddət elə öyrəşmişdim ki, hər gün ürəyim istəyirdi. Ancaq sonra bunu nizama saldım. Ayda bir neçə dəfə yeyirəm. Məkan olaraq isə heç vaxt eyni yerə getmirəm. Çünki fikir vermişəm ki, pizzanın dadı restoranlara görə dəyişir. Bir neçə dadlı bişirilən yerləri özüm üçün müəyyənləşdirmişəm və davamlı olaraq onlara gedirəm”.

Hansı pizzanı seçməyə gəlincə isə, Lalə bildirdi ki, o həmin vaxt ürəyindən nə keçməsinə bağlıdır: "Demək olar ki, pizzanın sevmədiyim bir növü yoxdur. Ona görə, seçim elə də çətin olmur. Bəzən olur ki, evdə pepperonili bir pizza ürəyimdən keçir, ancaq gəlib menyuya baxanda fikrim dəyişir. Ancaq dostlarla oturanda, ortaq məxrəcə gəlib qarışıq pizza götürürük”.

Sonda ustalar bildirdilər ki, pizznı isti-isti yeyin, soyudusa, dadını unudun: "Soyuq olanda əsl dadı və keyfiyyəti hiss etmək olmur. Bizim ünvana çatdırma xidmətimiz var. Sifarişlərimiz bişirildikdən sonra yeddi dəqiqəyə ünvana çatdırılmalıdır ki, istiliyi qorunsun”.

Aygün Asimqızı




banner

Oxşar Xəbərlər