Energetik içkilərin satışına məhdudiyyət qoyula bilərmi?
Milli
Məclisin plenar iclasında çıxış edən deputat Qənirə Paşayeva 18 yaşına çatmamış
uşaqlara enerji içkilərinin satılması ilə bağlı narahatlığını bildirib. Qeyd
edib ki, valideynlər də bununla bağlı ona müraciətlər edir. "Energetik içkilər
uşaqlarımıza, böyüyən nəslimizə, genefondumuza çox böyük zərər vurur. Bu,
sadəcə asılılıq yaratmaq deyil. Bunun çox ciddi zərərləri də var”.
Q.Paşayeva
bildirib ki, valideynlər övladlarına nəzarət etmək imkanında olmadıqlarını
deyirlər: "Onlar deyir, biz uşaqları məktəblərə göndəririk. Məktəblərin də
hamısının ətrafında rahat şəkildə bu içkilər satılır. Əgər bu gün ölkənin vacib
qurumu – Qida Təhlükəsizliyi Agentliyi və Ombudsman bu barədə həyəcan təbili
çalırsa, bununla bağlı parlamentə müraciət olunursa, deməli, ciddi addımlar
atılmalıdır”. Xanım deputat 18 yaşına çatmamış uşaqlara enerji içkilərinin
satılmasının qadağan olunması, həmçinin bu tələbləri pozanlara qarşı sərt cəzaların
tətbiqini zəruri sayıb: "Kimlərsə pul qazanacaq deyə, millətin gələcəyini
təhlükəyə atmaq doğru deyil”.
Tibb üzrə ekspert, professor Adil Qeybulla düşünür ki, maarifləndirmə işi olmadan inzibati qadağalar mənasızdır:
"Hesab edirəm ki, əsas məsələ energetik içkilərin nəzarət altına alınmasını
mexanizmidir. Bu içkilər hal-hazırda bütün mağazalarda açıq şəkildə satılır.
Sahibkarlar bu içkiləri satmaqda maraqlıdır. Hər kəsdən şəxsiyyət vəsiqəsi
tələb etmək mümkün deyil. Məncə, bu məsələnin inzibati qaydada qadağan edilməsi
mümkün deyil. Ona görə də təbliğat işlərini gücləndirmək lazımdır. KİV-də bu məsələ
xüsusilə işıqlandırılmalı, energetik içkilərin sağlamlığa zərəri haqqında
mütəxəssis rəylərinə əsaslanan materiallar hazırlanaraq ictimaiyyətə təqdim
olunmalıdır. Valideynlər və uşaqlar bu içkilərin həqiqətən zərərli olduğunu
dərk etməlidir. Qadağa qoymaqla nəyəsə nail olmaq mümkün deyil. Energetik
içkilər inkişaf edən orqanizmə böyük ziyan vurur. Onların tərkibində protein, taurin
kimi maddələr və müxtəlif qarışıqlar var. Bəzi energetik içkilərin texniki
standartlara uyğun şəkildə hazırlandığı da bəlli deyil. Bu maddələr ürək
döyüntülərini artırır, ürəyə artıq yük düşür. Bəzən hətta ağır ürək patologiyalarına
qədər gətirib çıxara bilir. Belə içkilər, həmçinin beyinə də həddən artıq
yorucu təsir göstərir. Bu mənada gənclərin energetiklərdən kütləvi şəkildə
istifadə etməsi məqsədəuyğun sayılmır. Bu təkcə gənclərə deyil, böyüklərə də
aiddir. Ona görə də maarifləndirmə işləri aparılmalı, bu içkilərin anti-təbliğat
kampaniyası həyata keçirilməlidir. Yalnız düzgün təbliğat aparıldığı halda biz
uğura nail ola bilərik”.
İnsan Hüquqları XXI Əsr Fondunun sədriŞahin Camalovisə qeyd etdi ki, hal-hazırda dünyanın bəzi ölkələrində 18 yaşına çatmayan şəxslərə energetik
içkilərin satışı qadağan edilib: "Məncə, Azərbaycanda da belə bir metod tətbiq
edilə bilər. Düşünürəm ki, energetik içkilərlə bağlı ciddi problemlər var. Təəssüflər
olsun ki, bununla bağlı laboratoriya nəticələri, konkret araşdırmalar yoxdur.
Amma əksər ölkələrdə bu içkilərin qadağan edilməsi onların həqiqətən təhlükəli
olduğundan xəbər verir. Bununla bağlı çoxsaylı neqativ hadisələrin şahidi
oluruq. Bu məsələ aidiyyəti qurumlarda müzakirə edilirsə, deməli, məsələ
həqiqətən də təhlükəli hal alıb. Ona görə də 18 yaşına çatmayan gənclərə
energetik içkilərin satılması qadağası, hesab edirəm ki, faydalı bir addım olardı.
Bunun üçün qanunvericilikdə təşəbbüs göstərilməlidir. Bütün alkoqollu içkilərə
qadağalar müəyyən olunduğu kimi, energetik içkilərin satışına da belə qadağa
qoyula bilər. Qanunun icrası mexanizmini tənzimləmək asandır. Əsas məsələ
qanunvericilikdə belə bir maddənin olmasıdır. Hesab etmirəm ki, qadağa
qoyulduqdan sonra bu içkilərə olan maraq daha da artacaq. İlkin mərhələdə müəyyən
maraq olsa da, mexanizm işlədikcə öz təsirini göstərəcək”.
Sosioloq Cavid İmamoğlu bildirir ki, uşaqların sağlamlığının qorunması kontekstindən
yanaşdıqda, təklif olunan məsələ kifayət qədər önəmli və aktualdır: "Azərbaycanda
0-18 yaş aralığında olan hər kəs uşaq hesab olunur. Onların sağlamlığının
qorunması birbaşa olaraq dövlətin müstəsna səlahiyyətindədir. Parlament üzvünün
belə bir təkliflə çıxış etməsi uşaqların sağlamlığının qorunması istiqamətində
mühüm addım kimi qiymətləndirilə bilər. Bu həm də gələcəkdə zərərli
vasitələrdən asılılıqların azaldılması istiqamətində atılan addımlardan biri
hesab oluna bilər. Məncə, bu məsələyə nəzarət etmək üçün təkcə qanun layihəsi
hazırlamaq kifayət etmir. Burada ictimai nəzarət də xüsusi əhəmiyyət kəsb edir.
Ayrı-ayrı şəxslər öz məsuliyyətini dərk etməlidir. 18 yaşına çatmayan şəxslərə
siqaret və alkoqollu içkilərin satışı qadağan edildiyi kimi, energetik
içkilərin də satışı qadağan edilə bilər. Bu içkilərin tərkibi hələ də
qeyri-müəyyən olaraq qalmaqdadır. Onun sağlamlığa vurduğu zərər inkar edilmir.
Belə olan halda, kütləvi istifadəni nəzərə alsaq, bu müdaxilə mütləqdir. Amma
bu müdaxiləni elə bir formada etmək lazımdır ki, məsələyə ictimai sağlamlıq
kontekstindən yanaşılsın. Elə etmək lazımdır ki, cəmiyyət özü nəyin doğru,
nəyin səhv olduğunu aydınlaşdıra bilsin. Əks halda, bu içkilərə maraq daha da
arta bilər. Hamı bu içkilərin zərərli olduğunu dərk edir. Ona görə də yeniyetmə
və uşaqlara onların fəsadları haqda maarifləndirmə işi aparılmalıdır. Gəncləri
bu zərərli vərdişdən çəkindirmək bizim borcumuzdur”.
Şəbnəm Mehdizadə