Energetik içkilər haramdımı?

Energetik içkilər haramdımı?

Cəmiyyət
29 Noyabr 2012, 08:53 9963
Energetik içkilər hazırda dünyanın bir çox ölkələrində istifadə olunur. Bu içkilərdən istifadə son zamanlar Azərbaycanda da artmağa başlayır. İlk dəfə olaraq, 1987-ci ildə Avstriyada və 1997-ci ildə Amerikada satılmağa başlanan enerji içkiləri, xüsusilə gənclər arasında çox məşhurdur. Bu içkilərin zərərli, yaxud xeyirli olmasının daim dünya ölkələrini düşündürməsinə baxmayaraq, günü-gündən energetik içkilərin qəbulu artmaqdadır.

Amma bəzi Avropa ölkələrdə, məsələn, Norveç, Danimarka Fransada bu içkilərin sərbəst satışı qadağandır. Bu günlərdə Çeçenistan lideri Ramzan Kadırov da muxtar respublikanın ərazisində energetik içkilərin satışını qadağan edən qanun layihəsini hazırlamaq sərəncamı verib. Həkimlərin iştirakı ilə keçirilən müşavirədə çıxış edən R.Kadırov energetik içkiləri “zəhər” adlandırıb. O, öz qərarını, həmçinin, onunla izah edib ki, energetik içkilərin istifadə olunması islama ziddir. R.Kadırov deyib ki, Çeçenistan gələcəkdə energetik içkilərin federal səviyyədə qadağan olunması təklifi ilə də çıxış edəcək.

Bu içkilər nə üçün meydana çıxıb?

Qeyd edək ki, ötən həftə Rusiyanın baş sanitar həkimi Gennadi Onisçenko energetik içkilərin qadağan edilməsi təşəbbüsünü dəstəkləyib. Onun təbirincə, energetik içkilər vasitəsilə gənclər spirtli içkilərə və narkotikə aludə olurlar.

Energetik içki istehsalçıları isə qadağanın əleyhinədirlər. Onlar hesab edirlər ki, əks göstərişlər nəzərə alınaraq, gündə 1-2 banka içməklə tonus qaldıran maddələr – kofein və taurin - ehtiva edən içkilər səhhətə ziyan vurmaz.

Bunun zərərli olub-olmadığına və ümumiyyətlə energetik içkilərin islamda halal, ya haram buyurulduğuna keçməzdən əvvəl, aydınlaşdırmağa çalışaq ki, bu enerji içkiləri adlanan şey nə deməkdir. Enerji içkiləri dayanıqlılığı və fiziki performansı artırmaq baxımından ortaya çıxarılıb. Bəzi enerji içkiləri, xüsusilə atletlər üçün nəzərdə tutulub, amma çoxu ümumi istifadəyə istiqamətlidir. Bəs bu içkilərin tərkibi nədir, təməl maddələri nələrdir ki, insanda belə enerji yaradır? Enerji içkilərinin təməl maddələri kofein, taurin və qlukuronolaktondur. Kofein mərkəzi sinir sisteminə təsir edərək, beyinə gedən və beyindən gələn mesajları sürətləndirir. Beləcə, energetik içkilər adamın daha oyanıq və aktiv olmasını təmin edən bir xəbərdarlıqçı olur. Taurin isə bədəndə təbii mövcud olan amin turşusudur. Amin turşuları zülal istehsalında iştirak edirlər. Onlar bədəni zərərli maddələrdən, toksinlərdən təmizləyirlər. Stressli zamanlarda və sıx fiziki fəaliyyətlərdə bədən az miqdarda taurin itirə bilər. Buna görə də bəzi adamlar enerji içkilərini bədənlərindəki taurin miqdarını köhnə səviyyəsinə çatdırmaq üçün içirlər.

Amma tibb elmləri doktoru, professor Adil Qeybulla bizimlə söhbətində energetik içkilərin tərkibi ilə bağlı tam dəqiq məlumatın olmadığını dedi. Bircə o məlumdur ki, onların tərkibinə müxtəlif maddələrlə yanaşı kofein daxildir: “Biz bilirik ki, kofein insan orqanizminə zərərdir və ürək döyünmələrini artırır. Ürək qüsuru olan, qan təzyiqinə meylli olan adamlarda energetik içkilər bəzən ciddi problemlər yaradır. Ona görə də, bu içkilərin davamlı qəbulu arzuolunan deyil. Ümumiyyətlə, hesab edirəm ki, tərkibi məlum olmayan içkilərin qəbulundan mümkün qədər çəkinmək lazımdır”.

Onların tərkibi və fəsadları niyə cəmiyyətə düzgün çatdırılmır?

Professorun fikrincə, enerji içkilərinin maddə asılılığına gətirib çıxarmasından və spirtlə birlikdə alınmasının yaradacağı zərərlərdən ciddi narahatlıq duyulur. Kafenin asılılığı və kafenin məhrumluğu da gəncləri gözləyən digər təhlükələrdir. Enerji içkilərinin bəzilərinin bir şüşəsində ancaq 14 qutu kola içməklə alınacaq miqdarda, yəni 505 milliqram kofein mövcuddur. Kofein zəhərlənməsi isə çox ciddi bir haldır. Bu zəhərlənmə əsəbilik, narahatlıq, baş ağrısı, ritm pozuqluğu, yuxusuzluq, tərləmə, əllərdə titrəmə, sinir sistemi pozğunluğu ilə yanaşı, mədə ağrısı, sinədə yanma, bulanma, qusma, ishal kimi həzm sistemi əlamətlərinə səbəb olur. Çox miqdarda kofein, xüsusilə də, hipertansiyon, ürək qeyri-kafiliyi, ritm pozuqluğu kimi xəstəlikləri olanlarda ürək və yüksək təzyiq böhranlarına yol aça bilir. (Qeyd edək ki, “Drug and Alcohol Dependence”(ABŞ) jurnalının son sayında nəşr olunan araşdırma enerji içkilərinin şüursuz istifadəçisi olan gənclər arasında kofein zəhərlənməsinin hər ötən gün sürətlə artdığını ortaya qoyub).

“Niyə Azərbaycanda bu kimi içkilərin tərkibini dəqiq müəyyənləşdirmək çətindir?” sualına gəldikdə, Adil müəllim bunları dedi: “Azərbaycanda ərzaq məhsullarının keyfiyyət parametrini yoxlamaq üçün müvafiq laboratoriyalar mövcuddur. Amma yəqin ki, bu laboratoriyalar son dərəcədə yüksək səviyyədə olmadığı üçün və peşəkar kadrlar hazırlanmadığı üçün bu kimi içkilərin tərkibini müəyyənləşdirmək olmur. Əlbəttə ki, zamanında, əvvəlcədən içkilərin tərkibi barədə bizə dəqiq məlumat verilsə, biz də istehlakçı kimi düzgün nəticə çıxararıq”. Bunlarla yanaşı, ekspert bu məsələdə, yəni energetik içkilərinin tərkibinin yoxlanılmamasında korporativ maraqların olduğunu da güman etdi.

İslamda haramdır...

Dünyaca məşhur “Memorial” Xəstəxanasının Ürək və Damar Cərrahiyyəsi mütəxəssisi Dr. Harun Arbatlının energetik içkilərlə bağlı dünya mediasında səsləndirdiyi fikirlər də oxşardır: “Kalorili yeməklər yedikdən sonra enerji içkisi qəbul etmək olmaz. Bu içki spirtlə birlikdə qəti olaraq qəbul olunmamalıdır. Bu içkilərin ürək xəstələrinə mütləq pis təsiri olur. Xüsusilə, yaşlıların yüksək təzyiq, hətta infarkt keçirməsinə səbəb ola bilər”.

Yuxarıda qeyd etdik ki, Çeçenistan lideri R.Kadırov energetik içkiləri islama zidd adlandırıb. Bununla bağlı ilahiyyatçı Elşad Miri ilə əlaqə saxladıq. O, birmənalı şəkildə təsdiq etdi ki, spirt tərkibli bütün içkilər islama ziddir: “İçkinin tərkibi müəyyənləşdirilməlidir. Əgər az miqdarda da olsa, həmin içkinin tərkibində spirt varsa, bu, haramdır. Çünki, islam adından asılı olmayaraq, hasısa içkinin tərkibində spirt varsa, onun haram olduğunu bildirir və içilməsinin də qəti şəkildə qadağan olunduğunu qeyd edir. İslam dinində bir qayda var – “çoxu haram olanın azı da haramdır”. Yəni içkinin 100 qramı haramdırsa, bir qramı da haramdır. Əgər həqiqətən də satışda olan içkilərin tərkibində spirt varsa, bunu aşkarlayıb problem kimi gündəmə gətirmək olar”.

Energetik içkilərin satışının dayama vaxtı çoxdan çatıb!

Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da energetik içkilərin gətirilməsinə və satışına qadağa qoyulması təklif edilir. Azərbaycan Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov Trend-ə bildirib ki, bu içkilər Fransa, Danimarka, Norveçdə qadağan edilib. Rusiya Dövlət Duması tərəfindən də onların qadağan edilməsi məsələsi qaldırılıb. Dövlət Məmmədov hesab edir ki, Azərbaycanda da energetik içkilərin ölkə ərazisində satışının dayandırılması vaxtı çoxdan çatıb: “Bu içkilərin əsasən gənclərin kütləvi toplaşdığı yerlərdə satıldığını deyən ASİB sədrinin sözlərinə görə, tərkibində süni kofein olan energetik içkilər əslində deyildiyi kimi insanlara heç bir enerji vermir. Bu içkinin qəbulundan sonra onun tərkibindəki kimyəvi preparatlar hesabına insanın enerjisi həddindən artıq gücləndirilir, 4-5 saatdan sonra isə insan düşkün vəziyyətdə qalır. Buna görə də insan özü yenidən enerji yığmağa başlayır. Energetik içki ilə arağın insan orqanizminə göstərdiyi təsirlər də fərqlidir. Arağı çox içən insan müvazinətini itirdiyi halda, energetik içkini çox içən şəxs artıq özünü dünyanın ən güclüsü hesab edir, qarşısındakı bütün insanlar ona cılız görünür. Bu içki birbaşa beynə təsir etdiyi üçün onu qəbul edən insanların mərkəzi sinir sistemi gələcəkdə pozulur”.

Ekspertin sözlərinə görə, energetik içkidən istifadə edən insanlar gələcəkdə narkomana da çevrilə bilərlər. Dövlət Məmmədov onu da bildirib ki, bu içkiləri ölkəyə idxal edən şəxslər məhsulun tərkibi və istifadəsi ilə bağlı məlumatların Azərbaycan dilində verilməsini təmin etməməklə qanunvericiliyin tələblərini pozurlar. Nəticədə də, bu içkilərdən kimlərin istifadə edib-edə bilməyəcəyi məlum olmur.

Elgün Mənsimov