• çərşənbə axşamı, 23 aprel, 17:19
  • Baku Bakı 24°C

Ənənəvi baş örpəyi - Kəlağayı

13.12.16 15:21 6363
Ənənəvi baş örpəyi - Kəlağayı
İçərişəhərin dar, qənbər daşlar döşənmiş küçələri ilə addımlayan yaşlı əcnəbi xanım yoldan keçənlərdən "Kəlağayını haradan almaq olar?”- deyə maraqla soruşur. Bəziləri kəlağayıların hansı mağazada satıldığını bilmədiklərindən, ya da ümumiyyətlə belə dükanların fəaliyyətindən xəbərsiz olduqlarından çiyinlərini çəkir, heç cür yol göstərə bilmirlər. Nəhayət, yaşlı sakinlərdən biri "Bəlkə əntiq mallar satılan dükanlarda olar bilər” deyərək, şəhərimizin qonağını yönəltməyə çalışır.

Ölkəmizə gələn əcnəbilər artıq Azərbaycan qadınlarının gözəllik simvolu, yüz illərdən bəri qoruyub saxladığımız ənənəvi baş örtüyünü - kəlağayını axtarırlar. "Heyratı”, "Bəstə-nigar”, "Gəlinlik”, "Qızılı”, "Mixəyi”, "Noxudu”, "Yaşıl-qara”, "Zeytun”, "Bənövşəyi”, "Ağzəmin-zanbağı”, "Ağzəmin-qızılı” və s. kəlağayılar əcnəbiləri cəlb edir. Elə bu yaxınlarda "Kaspi”də qonaq olan dünya şöhrətli fransız aktyoru və rejissoru Robert Hosseinin həyat yoldaşı Kendis Patuya da kəlağayı hədiyyə olunanda "elə mən bu gün kəlağayı almağı düşünürdüm” deyərək, sevinclə dilləndi.

YUNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənətinin "Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi nənələrimizin ənənəvi baş örpəyinə yeni həyat verdi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan "Kəlağayı faylı” Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu artıq beynəlxalq səviyyədə təsdiq etdi.
Buta ornamentli baş örpəyi
Bu gün dünya ölkələrində sevə-sevə sərgilədiyimiz, əcnəbilərə qürurla təqdim etdiyimiz ənənəvi baş örpəyini qız gəlinlərimiz də həvəslə öz qarderoblarına daxil edirlər.

Tarix elmləri doktoru, professor Nərgiz Quliyeva ənənəvi baş örpəyinin qorunması və təbliği istiqamətində görülən işlərdən razılığını ifadə edir: "Müstəqil Azərbaycanda təkcə Kəlağayı yox, xalqımızın adət-ənənəsinə aid olan bayramlar, alətlər, yeməklər, geyimlər və s. dünya səviyyəsinə qaldırılır. O cümlədən, milli örpəyimiz olan kəlağayıdan istifadə edilməsi, həmçinin örpəyin üzərindəki "Buta” ornamenti ənənəmizin xırda incəliklərinə qədər qorunmasına işarədir”. Kəlağayı sənətinin artıq dövlət səviyyəsində hifz olunduğunu deyən etnoqraf alim hazırda Şəkidə və Basqalda təbii ipək əsasında kəlağayı istehsalının həyata keçirildiyini bildirir: "Bakının mərkəzi ərazilərində, xüsusən İçərişəhərdə yerləşən dükanlarda kəlağayıların xarici vətəndaşlara satışı ənənəvi baş örpəyinin təbliği istiqamətində həyata keçirilən mühüm işdir”.
Kəlağayının dünyada təbliği istiqamətində görülən işlər yetərincədirmi?
Bəzi regionlarımızda "çarqat” adlanan Kəlağayının hələ qədimlərdən halallığın və saflığın təcəssümü olduğunu qeyd edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Tofiq Babayev kəlağayı qədim adətlərimizin ayrılmaz tərkib hissəsi olmaqla öz rəngləri ilə xeyir, şər, səadət və bədbəxtlik barədə xəbərdaredici rol oynadığını deyir. Tədqiqatçı alim "Kaspi”yə açıqlamasında kəlağayının tarixindən danışaraq vaxtilə Azərbaycanı gəzib-dolaşmış Şərqin və Qərbin bütün səyyahları, tacirləri və alimlərinin öz əsərlərində ənənəvi baş örpəyimizdən bəhs etdiyini bildirir. Xüsusən, İsmayıllı rayonunun Basqal qəsəbəsinin zövqlə işlənmiş ipək parçaları, zərif kəlağayıları onları heyran edib. Həmçinin Basqal həmin dövrdə ipək kəlağayı istehsalında nəinki Azərbaycanda, eləcə də bütöv Cənubi Qafqazda mühüm yer tutub: "Basqalda basmaqəlib üsulu ilə al-əlvan naxışlanmış kəlağayıların zəngin çeşidləri hazırlanıb. Bu kəlağayıların ən gözəl nümunələri XIX əsrin ortalarından başlayaraq, Paris, London, Sankt-Peterburq, Moskva, Tbilisi və digər beynəlxalq sərgilərin yüksək mükafatlarını qazanıb. Öz bədii gözəlliyi ilə məşhur olan Basqal kəlağayıları bir sıra sərgilərdə, o cümlədən 1862-ci ildə Londonda təşkil edilmiş beynəlxalq sərgidə də maraq doğurub”. T.Babayev tədqiqatları zamanı xaricilərin kəlağayıya olan marağının da şahidi olub: "Basqala səfərlərimizn birində İtaliyadan olan bir turist də bizimlə gəldi. O qızının toyu üçün xüsusi kəlağayı toxutdurdu. Üstəlik, bir neçə kəlağayı da hədiyyə aldı”.

Tədqiqatçı alim kəlağayıya el-oba arasında rəğbəti baş örpəyinin çətin zəhmətlə ərsəyə gəlməsi ilə əlaqələndirir: "Ata-baba ustadların dediklərinə görə, kəlağayını ərsəyə gətirmək, evə təzə gələn gəlinin nazını çəkməkdən ağırdır. Belə ki, kəlağayının hazırlanması bir neçə mərhələdən keçməklə, uzun zaman tələb edir. Birinci mərhələ kəlağayının sapının istehsalıdır. Kəlağayı üçün çox nazik ipək sap tələb olunur. Bir qram nazik sap 10-12 baramadan alınır. Əvvəlcə kəlağayılıq məhsul dəzgahda toxunur, daha sonra qayçı ilə 150-160 santimetr ölçüdə doğranır. Sonra onu soda qatılmış suda 20-30 dəqiqə qaynadırlar. Kəlağayını 2-3 dəfə soyuq suda yaxalayır, yüngülcə sıxır, asaraq qurudurlar. Qurutduqdan sonra naxışlama işi başlanır.

Kəlağayını armud, qoz, cır alma ağacından hazırlanmış, üzəri böyük ustalıqla oyulmuş nəbati, həndəsi və kosmoqonik təsvirlərdən ibarət qəliblərlə naxışlayırlar. Burada əsasən, basmanaxış üsulundan istifadə olunur. Qəliblər naxışlarına görə müxtəlif adlarla adlandırılır. Naxışların içərisində "Günəş”, "Səmayi-şəms”, ”Haşiyə”, "Şax”, "Buta”, "Mədahil”, "Xarı bülbül”, "Heyratı”, "Xətayi”, "Kəpənək”, "Çobanyastığı”, "Çiyələk” və "Aypara” daha məşhurdur. Kəlağayı naxışlandıqdan sonra onun boyanması işinə başlanılır”.

T.Babayev bu gün bəzi ucqar dağ kəndlərimizdə dədə-baba üsulu ilə kəlağayı hazırlanmasının hələ də unudulmadığını sevinclə qeyd edir. Belə ki, avtomat dəzgahlı sexlərdən fərqli olaraq, qədim üsulla hazırlanan kəlağayılar gec hasil olsa da, keyfiyyəti və gözəlliyi ilə digərlərindən tam fərqlənir. Əl əməyi ilə çalışan ustalar xüsusi emalatxanalarda çox bəsit alətlərdən istifadə etməklə keyfiyyətli və göz oxşayan baş örpəyini hazırlaya bilirlər.
Kəlağayı muzeyinin yaradılmasına ehtiyac var
Kəlağayı almaq istəyənlərin bəzən müəyyən çətinliklə qarşılaşmasının səbəbi nədir? Tədqiqatçıların fikrincə, bu çətinliklər baş örpəyinin istehsalı sahəsində yaranan problemlərdən qaynaqlanır. Kəlağayı istehsalı və təbliği sahəsində çoxlu problemlərin də mövcud olduğunu bildirən T.Babayevin sözlərinə görə, ölkəmizdə bu sahədə müəyyən işlərin görülməsinə ehtiyac var. Belə ki, əvvəllər kəlağayıları təbii rənglərdən hazırlayırdılar, bu gün isə istehsal prosesində kimyəvi rənglərdən istifadə olunduğu üçün örtüklərin rəngləri tez solur: "Vaxtilə ən yüksək keyfiyyətli boyağı yerli boyaq bitkilərindən alırdılar. Əvvəllər nar qabığının qırmızı rəngindən və ya tut ağacından alınan rənglərdən istifadə olunurdu. Ərazinin boyaq bitkiləri ilə zənginliyi və toxuculuğun yüksək dərəcədə inkişafı Basqalda boyaqçılıq sənətinin geniş yayılması üçün əlverişli şərait yaradıb və o, müstəqil sənət sahəsi kimi inkişaf edib. Ancaq bu gün daha çox kimyəvi rənglərdən istifadə olunur. Nəticədə yaylıqların rəngi tez köhnəlir”.

T.Babayev ölkəmizdə kəlağayı muzeyinin yaradılmasını vacib hesab edir: "Biz ölkəmizə turistlərin cəlbi haqqında danışırıq. Turizmi inkişaf etdirmək üçün milli dəyərlərə, ənənələrə diqqəti yönəltmək lazımdır. Yaxşı olar ki, bizdə Kəlağayı muzeyi yaradılsın. Həmçinin kəlağayının ticarətinin genişləndirilməsi məqsədilə şəhərin xüsusi yerlərində, o cümlədən İşərişəhərdə kəlağayı mağazaları açılsın. Çünki əcnəbi qonaqlar kəlağayı axtaran zaman çətinliklə üzləşirlər”.
Kəlağayı festivalı keçirilsin
Tədqiqatçı alimin ənənəvi baş örpəyinin qorunması və təbliği istiqamətində təkliflərindən biri ölkəmizdə Kəlağayı festivalının keçirilməsi ilə bağlıdır: "Əgər Göyçayda "Nar festivalı”, Lerikdə "Plov festivalı”, Qubada "Alma festivalı” keçirilirsə, niyə Basqal qəsəbəsində "Kəlağayı festivalı” keçirilməsin? Bu, ənənəvi baş örtüyünün təbliği, milli-maddi dəyərimizin daha da tanıdılması istiqamətində mühüm addım olar”. T.Babayev Basqalda fəaliyyət göstərən kəlağayı sexinin imkanlarının genişləndirilməsinin tərəfdarıdır: "Əvvəllər Basqalda 4 sex fəaliyyət göstərirdisə, bu gün cəmi bir sex işləyir və orada da 3-4 adam çalışır. Geniş zallarda müasir texnikanın son sözü ilə qurulmuş 100-dən çox toxucu dəzgahı, maşınlar, boyaqxanalar ölüm sükutuna qərq olublar. Bunun nəticəsidir ki, respublikamızın mağazalarında kəlağayını "gördüm” deyən yoxdur. Kəlağayının istehsalını, ticarətini artırmaq üçün bu sexlərin fəaliyyətini genişləndirmək lazımdır. Bu, həmçinin kəlağayının daha geniş arenada təbliğinə kömək edər. Çünki kəlağayının keçmiş şöhrətini qaytarmağa ehtiyac var. Vaxtilə ölkəmizə böyük şöhrət gətirən, nənələrimizin, qız-gəlinlərimizin sevimli baş örtüyünün bu gün də məişətimizdə geniş yayılması yaxşı olardı!”
Kəlağayıya maraq varmı?
İçərişəhərdəki, mağazalara yolumuzu salarkən, ürək açan mənzərə ilə qarşılaşmadıq. Turistlərin ən sıx üz tutduğu bu qədim ərazidə ayrıca kəlağayı dükanı demək olar ki, yoxdur. Əntiq əşyalar satılan dükanlarda əsasən Şəki və bəzi hallarda Basqalda istehsal edilən kəlağayılara rast gəlmək olur. "Qız qalası” yaxınlığında bir dükanda Rusiyanın Nijni Novqorod şəhərindən turist kimi şəhərimizə gələn Nadejda Vasilyevanın kəlağayı almaq istədiyini və dükan sahibi Anar adlı şəxsin maraqla milli baş örtüyü barədə geniş məlumat verdiyinin şahidi oldum. Rusiyalı qadının milli baş örtüyünə olan marağını görən dükan sahibi qiymətdə xeyli güzəştə getdi. Dükan sahibi ilə söhbətdən öyrəndik ki, kəlağayı baş örtüyü o qədər də çox satılmır. Onun dediyinə görə, ayda səkkiz, on kəlağayı satılır ki, onun da çoxunu əcnəbi xanımlar alırlar. "Kəlağayını milli, ənənəvi baş örpəyi kimi təbliğ etmək lazımdır. İstehsalı da genişlənməlidir ki, xaricilər gələndə asanlıqla əldə edə bilsinlər.”

Tədqiqatçı alimlər milli adət-ənənəmizin ayrılmaz hissəsi olan və adı artıq beynəlxalq nüfuzlu siyahılara daxil edilən kəlağayı sənətinin daha da inkişaf etdirilməsinin və təbliğinin genişləndirilməsinin tərəfdarıdırlar. Bu həm iqtisadi baxımdan gəlir qazanmağa, həm də ənənəvi baş örpəyinin dünyada təbliğinə kömək olar.
Dayandur Tağıyev
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb
banner

Oxşar Xəbərlər