• cümə, 29 Mart, 03:03
  • Baku Bakı 7°C

Ənənələrdən yaradıcılıqla bəhrələnilməlidir

17.06.15 11:48 1238
Ənənələrdən yaradıcılıqla bəhrələnilməlidir
Akif CABBARLI
İyulun 22-də Milli Mətbuatımızın 140 yaşı tamam olur. Kifayət qədər dolğun yaşdır və öz qanı, canı, tükənməz enerjisi və fədakarlığı ilə mətbuatımızın əsasını qoyan Böyük Kişilərin ruhu şaddır – başladıqları müqəddəs vəzifənin daşıyıcıları onların adlarına layiq fəaliyyət sərgiləməkdədirlər.
140 il. Allah bilir, neçə igidin ömrüdür. Bu şərəfli, çətin və məsuliyyətli, amma son dərəcə maraqlı və cazibəli keçən onilliklər Azərbaycanın ən say-seçmə yazarlarının, fəlsəfi düşüncə və yüksək əxlaqi dəyər yiyələrinin adlarını milli mətbuatımızın silinməz, pozulmaz səhifələrinə qızıl hərflərlə yazdı. Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Məhəmməd ağa Şaxtaxtinski, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Ceyhun Hacıbəyli, Nəriman Nərimanov və digər klassiklərimiz ən ekstremal şəraitdə, çətin dövrdə xalqın xoşbəxt gələcəyinə, azadlığına və azad sözə təşnəsinə yönəlik Böyük Söz eşqi ilə nələr etmədilər. Bu işıqlı insanların ideyaları Sovet dövründə də, müstəqillik illərində də davamlı olaraq öz mahiyyətini qoruyub saxladı və sözün, mənəviyyatın keşiyində duranların həyat və yaradıcılığının məhək daşına çevrildi. Bu həqiqətlər barədə mətbuat araşdırıcıları kifayət qədər yazıblar, danışıblar və ömrünün qırx iki ilini mötəbər qəzetlərdə və nüfuzlu telekanallarda yaradıcılığa həsr edən və özünü jurnalistlərimizin sadəcə sıra nəfəri sayan bir qələm sahibi kimi 140 ili öz yaradıcılıq və vətənpərvərlik atəşi ilə şərəfləndirənlərin hər birinin qarşısında mən də baş əyirəm.
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuatımızın 140 illiyi ilə bağlı sərəncamı bir daha göstərdi ki, dövlətimiz mətbuatın daha da inkişafında, ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamasında maraqlıdır və jurnalistlərin normal fəaliyyəti, onların sosial problemlərinin həlli hakimiyyətin əsas hədəflərindəndir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra demokratik inkişafı, vətəndaş cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyənləşdirmiş, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələri, o sıradan senzuranı aradan qaldırmış, KİV-in fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Mətbuatımız həmin dövrdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mətbuat sahəsində təməli Ulu Öndər tərəfindən qoyulmuş ənənələri uğurla davam etdirməkdədir. 2008-ci ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında KİV-in inkişafına Dövlət Dəstəyi Konsepsiyası”na uyğun olaraq mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dünyanın heç bir ölkəsində analoqu olmayan tədbir - jurnalistlərin mənzillə təmin edilməsi məhz prezident İlham Əliyevin yaradıcı insanların əməyinə verdiyi çox böyük qiymətin məntiqi nəticəsi hesab olunmalıdır.
Mətbuatın 140 illiyi ilə bağlı məlum sərəncamdan sonra Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun KİV rəhbərləri ilə görüşündə mətbuatımızın indiki durumu, perspektiv inkişafı ilə bağlı prioritetlər müəyyənləşdirilmişdir. Görüşdə qeyd olunmuşdur ki, bu mühüm dövlət sənədi mətbuatın inkişafı, jurnalistlərin yaradıcılığının qiymətləndirilməsi baxımından olduqca əhəmiyyətli bir mərhələnin başlanğıcı hesab oluna bilər. Professor Əli Həsənov çıxış və məqalələrində, jurnalistlərlə görüşlərində medianın qarşısında duran çox mühüm vəzifələrə daim konseptual şəkildə yanaşır, mətbuatla dövlət arasında əlaqələrin tənzimlənməsi mexanizminin detallarını hərtərəfli şəkildə əsaslandırır, bunun böyük faydalar verəcəyinə ümidvar olduğunu bildirir.
Mətbuatın 140 illiyinin bayram edilməsi təbii ki, ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm hadisəyə çevriləcək. Yubiley ərəfəsində çox güman ki, həmkarlarımız KİV-də əlamətdar hadisə ilə bağlı öz fikirlərini, təkliflərini bildirəcək, təəssüratlarını çatdıracaqlar. Bu yazılar, polemik söhbətlər sözsüz ki, mətbuatımızın keçdiyi çətin və şərəfli yola geniş spektrdə işıq salacaq, prioritet istiqamətlərin müəyyənləşdirilməsinə təkan verəcək. Bu yazıda mən də bəzi mülahizələrimi həmkarlarımla bölüşmək istərdim. Sovetlər birliyi dövründə Az.TV və “Kommunist” (indiki “Xalq qəzeti”), müstəqillik illərində “Azərbaycan” qəzeti redaksiyasında və Az.TV-də müəyyən vəzifələrdə işləmişəm. Hazırda İTV-də çalışıram. Harada işləmişəmsə, ilk növbədə BDU-dakı müəllimlərimin – Nəsir İmanquliyevin, Şirməmməd Hüseynovun, Nurəddin Babayevin, Seyfulla Əliyevin, Nəriman Zeynalovun, Əliş Nəbilinin, Cahangir Məmmədlinin, Yalçın Əlizadənin, Akif Rüstəmovun və digərlərinin öyrətdiklərini və tövsiyələrini tələbə yoldaşlarım kimi mən də yaradıcılığın başlıca meyarı hesab etmişəm. Bu müəllimlər bizə yazı hazırlamaq prosesinin bütün mərhələlərini ardıcıllıqla, səbrlə başa salır, təcrübədə sınaqdan da keçirirdilər. Tədris qəzetimiz “Jurnalist” bizi sözün əsl mənasında böyük mətbuata hazırlayırdı. Faktların öyrənilməsi, hər hansı şəxsin və ya obyektin fəaliyyəti, insanlarla ünsiyyət, nəyi isə öyrənmək mədəniyyəti, fakt və rəqəmlərə münasibət, sözlərin, ifadələrin düzgün seçilməsi, süjetin qurulması, başlanğıc və sonluq məsələlərini müəllimlərimiz bizə o dərəcədə səlis, anlaşıqlı başa salırdılar ki, öyrənməkdən və tətbiq etməkdən sadəcə zövq alırdıq. O vaxtlar, hələ tələbə ikən əsasən “Azərbaycan gəncləri”, “Bakı” və “Sovet kəndi” qəzetlərində yazılar dərc etdirən tələbə jurnalistləri böyük hörmətlə nişan verir, onlara qibtə ilə baxırdılar. Qəribəsi odur ki, o illərdə insanlar danışmağa, müsahibə verməyə sən deyən meyilli deyildilər. Əslində çoxları heç bunu bacarmırdı da. Rus dilinin dominantlığı və əsasən hazır mətnlərdən istifadə tendensiyası sərbəst danışmağa mane olurdu. Yaxşı yadımdadır, Az.TV-nin “Xəbərlər” proqramında çalışarkən müxtəlif peşə sahiblərindən, idarə rəhbərlərindən müsahibələr almalı olurduq. Bizim üçün çətin olan isə bu adamların sərbəst danışa bilməməsi və ya bundan boyun qaçırmaları idi. Məcbur olurduq ki, hər kəsin işinə, vəzifəsinə uyğun mətnlər hazırlayıb əzbərlətdirək, sonra çıxışlarını lentə yazaq. Bəzən heç əzbərləyə də bilmirdilər. İri kağızlarda böyük hərflərlə mətni yazıb, kameranın obyektivi ilə yanaşı tuturduq ki, oxusunlar. Belə hallar da qeyri-təbii qiymətləndirildiyi üçün çox vaxt işdə danlanırdıq. Şükürlər olsun ki, müstəqilliyin gətirdiyi dividentlər siyahısına insanların öz fikirlərini sərbəst ifadə etmək bacarığı da yazıldı və indi jurnalistlər bu sarıdan çətinlik çəkmirlər. Dediyim odur ki, indi müsahibə götürmək xeyli asanlaşıb, insanlar kifayət qədər məlumatlıdırlar, öz fikirlərini sərbəst ifadə edirlər və jurnalistlərimiz də müasir texnologiyalara o dərəcədə yiyələniblər ki, fakt toplamaq, mətn yazmaq, hadisələrin izinə düşmək baxımından heç bir çətinliklə üzləşmirlər.
Ötən əsrin 70-80-ci illərində mətbuatda çalışanlar yəqin yaxşı xatırlayırlar ki, o vaxt qəzetlərdə bir çox janrlardan istifadə olunurdu və bu, yazıların tez, rəvan oxunmasına, oxucular tərəfindən qəbul edilməsinə rəvac verirdi. Oçerk, felyeton, hesabat, müsahibə və digər qəzet-jurnal janrları jurnalistə imkan verirdi ki, mövzunun mahiyyətini daha geniş açsın, insanların və ya hansısa kollektivin gördüyü işləri oxucu kütləsinə daha geniş diapazonda, maraqlı priyomlarla çatdırsın. Çox təəssüf ki, indi bu janrlar unudulub gedib və qəzetlərdə təsadüfən rast gəlinir. Ola bilsin ki, müasir yazarlar daha ekspressiv və rahat oxunan məqalələrə üstünlük verirlər. Lakin unutmamalıyıq ki, keçmişin də maraq doğuran ənənələrinə ara-sıra üz tutmaq yalnız fayda verərdi. Doğrudur, gənc yazarlarımız adətən sensasiyalı xəbərlər yazmağa və yaymağa daha çox üstünlük verirlər. Lakin onlar hər an hər gün rastlaşdıqları sadə insanlardan, ölkənin sosial həyatında mühüm nailiyyətlər qazanan vətəndaşlardan, elm xadimlərindən, yaradıcı ziyalılardan bəhs edən yazıların dərcinə də diqqət yetirməlidirlər. Azərbaycanda elə kollektivlər, elə qurumlar var ki, aylarla, illərlə onların fəaliyyəti, ölkənin iqtisadi inkişafına töhfələr verən insanların düşüncə və niyyətləri mətbuat səhifələrinə çıxarılmır. Çox təəssüf ki, şou əhli, teleaparıcılar, bomjlar və qatillər barədə yazılar indi mətbuat səhifələrində daha çox yer alır. Zənnimcə, həyatımıza, cəmiyyətimizə daha geniş miqyasda nəzər salınmalı, yazıların coğrafiyası, yayılma arealı və mövzu rəngarəngliyi mətbuatın prioritetlərinə çevrilməlidir.
Keçmiş demişkən, bir məsələni də xatırlatmaq istərdim. Əlbəttə, dediklərim ötən dövrü idealizə və nostalji hisslərin ifadəsi kimi başa düşülməməlidir, çünki bütün sahələrdə olduğu kimi, jurnalistikamızda da keçmişin uğur gətirən, xeyir verən dəyərlərindən istifadə son dərəcə zəruridir və elə inkişaf etmiş qərb ölkələrində də bu cürdür. Nəinki yazılara həssaslıqla, eləcə də yazarlara ehtiram hissi ilə yanaşmaq müasir jurnalistikanın boyun borcu hesab olunmalıdır. Yaxşı xatırlayıram, 2002-ci ildə bir qrup jurnalist ABŞ Dövlət Departamentinin dəvəti ilə bu ölkədə səfərdə idi. Həmin tərkibdə mən Az.TV-ni təmsil edirdim. Orada olduğumuz müddətdə “New York Times”, “Washington post” qəzetləri redaksiyalarında, eləcə də bir sıra nüfuzlu telekanallarda və xəbər agentliklərində olduq, həmkarlarımızın iş üslubu, sosial vəziyyəti ilə maraqlandıq. Adını çəkdiyim və çəkmədiyim qəzetlərin rəhbərləri bizə məlumat verdilər ki, hər bir redaksiya öz daxili maliyyə imkanı hesabına azından beş-on nəfər qocaman və işsiz jurnalisti hamiliyə götürür və günün müəyyən saatlarında həmin publisistlər redaksiyaya gəlirlər. Onlara köməkçi də ayrılır. Təcrübəli və yaşlı jurnalistlər həftə ərzində bir-iki sanballı yazı ilə qəzetdə çıxış edir və kifayət qədər qonorar alırlar. Bu addım əslində humanist mahiyyət daşıyır. Ömrünü mətbuata həsr edən yaşlı jurnalist özünə gündəlik məşğuliyyət tapmaqla yanaşı, dolanışıq xərcini də çıxarır. Pensiya, üstəgəl qonorar. Bizim də imkanlı və nüfuzlu qəzetlərimiz gələcəkdə bu eksperimentdən istifadə edə bilərlər.
Jurnalistikamız inkişaf yolundadır. Bunu dövlətimizin mətbuata qayğısı da sübut edir, yazarlarımızın fəaliyyəti də. Ancaq çox istərdim ki, müasir jurnalistlərimiz tarixi ənənələrə söykənərək daha çox öyrənsin, ortaya oxucu marağını qədərincə təmin, edən bir-birindən maraqlı, şoudan, arzuolunmaz sensasiyadan uzaq yazılar qoysunlar. Bunun üçün isə təcrübəli jurnalistlərdən daha çox öyrənmək, mütaliə etmək, öz üzərilərində bacardıqca çox işləmək lazım gəlir. Bir tanışım danışır ki, populyar qəzetlərdən birinin müxbiri onun işlədiyi idarəyə gəlir. Müdirlə görüşəndə qayıdıb nə desə yaxşıdır – “Müdir, Siz hansı sualı istəyirsiniz qoyun, cavabını da özünüz deyin, narahat olmayın, sabahkı nömrədə dərc edəcəyik”. Deməli, jurnalist heç özü də bilmir ki, hansı sualların ardınca gəlib. Belə çıxır ki, adamın təsəvvürü, sual vermək, münasibət qurmaq bacarığı yoxdur, amma qəzetdə çalışır. Qəzetçilik təcrübəsi zəngin olan, jurnalistikamızda öz imici ilə seçilən yazarlarımız əslində heç bir təklif gözləmədən gənc müxbirlərlə, mətbuata yenicə qədəm qoyanlarla tez-tez görüşməli, onlara necə yazmağın, işlədikləri KİV-in tələblərinə düzgün əməl etməyin yollarını öyrətməlidirlər. Hər bir peşədə olduğu kimi jurnalistikada da varislik prinsiplərinin qorunub saxlanması çox vacibdir.
Baş yazar statusu qazanan redaksiya rəhbərləri də müdirlik sindromunu sındırmalı, gənclərin müəlliminə, ustadına, hamisinə çevrilməlidir. Baş redaktorlar jurnalist ailələrinə sözün əsl mənasında başçılıq, atalıq etməli, gənc yazarların sağlam əqidəli, saf niyyətli olmasına, ələbaxımlıqdan, hər hansı diktədən, lazımsız yönəltmələrdən uzaq durmasına çalışmalı, onları “reket” kimi arzuolunmaz yarlıqlardan uzaqlaşdırmalıdırlar.
Son vaxtlar Mətbuat Şurası və Azərbaycan Prezidenti yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondu ölkədə mətbuatın inkişafı ilə bağlı islahatlar aparılması sahəsində mühüm nailiyyətlərə imza atıblar. Redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi, mətbuat işçilərinin məsuliyyətinin artırılması yolunda atılmış addımlar alqışlarla qarşılanmalıdır. Bu təşkilatlara, eləcə də hər bir qələm sahibinə, qəzetlərdə, televiziya və radiolarda, informasiya portallarında çalışan həmkarlarıma yeni-yeni yaradıcılıq uğurları arzulayır, milli mətbuatımızın 140 illiyi münasibəti ilə onların hamısını ürəkdən təbrik edirəm.
banner

Oxşar Xəbərlər