“Əndazəni aşmaq lazım deyil” MÜSAHİBƏ

“Əndazəni aşmaq lazım deyil” MÜSAHİBƏ

Müsahibə
10 Yanvar 2013, 11:54 1645
Milli futbol komandamızın baş məşqçisinin köməkçisi Nazim Süleymanov “Kaspi”nin suallarına cavab verir

Yanvar ayının sonunda Azərbaycan milli futbol komandası təlim-məşq toplantısı üçün Dubaya gedəcək. Orada komandamız həmçinin Özbəkistan və Lixtenşteyn milli komandaları ilə yoxlama görüşləri keçirəcək ki, bunların ikincisi reytinqə düşür. Millimizin planları, yeni futbol mövsümünü hansı ovqatla qarşıladıqları barədə ölkənin əsas komandasının baş məşqçisinin köməkçisi, keçmişin məşhur futbolçusu Nazim Süleymanovla söhbətləşdik. Mütəxəssisin sözlərinə görə, indi millinin oyunçuları qış tətilində olsalar da, hər kəs fərdi qaydada məşqçilərin göstərişlərinə uyğun təlim keçir.
- Öz təcrübəmdən də bilirəm, arxayınlaşmaq olmaz. Qarşıda çox mühüm mövsüm var, boş dayanmağa vaxt yoxdur. Yazın bayram günləri, martın 22-si və 26-da dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lüksemburq və Portuqaliya ilə rəsmi görüşlərimiz olacaq. Məqsədimiz də bu oyunlara mükəmməl hazırlaşıb, ələlxüsus da Lüksemburqu məğlub etməkdir. Portuqaliyaya gəlincə, yenə də öz sahəmizdə dünya şöhrətli Kristiano Ronaldonun başçılıq etdiyi güclü rəqiblə layiqincə mübarizə apara biləcəyimizi güman edirəm. Həm də Braqada başımıza gətirdikləri futbolçularımızın heysiyatına bərk toxunduğuna görə bu oyuna komandanı mənəvi cəhətdən hazırlamağa ehtiyac olmayacaq. Məsuliyyət, üstəgəl idman hirsi lazımi nəticə verməlidir. Bu mənada Belfastda Şimali İrlandiyaya qarşı heç-heçəmizi misal çəkmək olar. Odur ki, bədbinliyə heç bir əsas yoxdur. Xal ehtiyatımıza gəlincə isə elə bilirəm ki, indiki mərhələnin yekun xalımız keçən dəfə qazandığımız yeddi xaldan az olmayacaq. Buna gücümüz çatar və hər görüşdə məhz buna can atırıq.
Hələlik cəmi 2 xalımız varsa, bu da pis nəticə deyil. Heyf ki, İsraillə ev oyununda üç xal qazana bilmədik, hərçənd gözəl oynamışdıq və bu üç xalı götürməyə layiq idik. Bu gün milli komandamızın yaxşı heyəti var, aralarında gələcək vəd edən oyunçular da az deyil. Əminəm ki, artıq cari seçmə mərhələsində yaxşı nəticə göstərə bilərik.

- Milli komandamızın xüsusilə də son dəqiqələrdəki oyununu izləyərkən uşaqların yetərincə hərəkət etmədiyi, rəqibləri qabaqlamağa o qədər də çalışmadıqları, ötürmə səhvlərinin artdığı nəzərə çarpır. Bütün bunlar futbolçuların fiziki cəhətdən lazımi qədər hazır olmamasına dəlalət etmirmi?
- Doğrudan da fiziki hazırlıq bəzi istisnalar nəzərə almaqla bizim zəif yerimizdir. Elə bu səbəbdən Rusiyaya qarşı oyunun 85-ci dəqiqəsində lazımsız bir qol buraxdıq. Həmin görüşdə hakim səhvi də mənfi rol oynadı. Şimali İrlandiya oyununda da eyni hadisə təkrarlandı, axıra beş dəqiqə qalmış uşaqlar yorğunluqdan diqqətsizlik edərək rəqibin cərimə zərbəsindən qol vurmasına imkan yaratdılar.

Sözsüz ki, məşqlər zamanı uşaqların diqqətini bu nöqsanlara yönəldir, onları fiziki hazırlığa daha çox fikir verməyə çağırırıq. Bu məsələdə futbolçuların çalışdıqları klubların məşqçilərinin üzərinə də böyük məsuliyyət düşür.

- Yenə də əksər hallarda futbolçularımızın oyunu ürəkaçan olmur. Sanki komandamız rəqibin ad-sanı qarşısında məğlub olur.
- Yox, elə deyil. Hər oyunda qüvvəmizi ortaya qoymağa çalışırıq. Məncə, daha çox rəqibə yüngül münasibətdən danışmaq lazımdır. Təcrübəli Berti Foqtsun başçılığı ilə bütün məşqçi heyəti olaraq bunu aradan qaldırmaq üçün əllərimizdən gələni əsirgəmirik. Sözsüz ki, milli komandanın oyununda nöqsanlar da az deyil, ilk növbədə müdafiə və orta xətt, habelə orta xətlə hücumçular arasındakı əlaqələndirmənin zəif olması oyunun səviyyəsinə mənfi təsir göstərir, səhvlərə və buraxılan qollara səbəb olur.

- Sizcə, milliləşdirilən xarici oyunçuları yığmaya cəlb etməklə əndazəni aşmırıqmı?
- Bu qeydinizlə cani-dildən razılaşardım, amma məsələ bundadır ki, bu gün bizdə lazımi qədər səviyyəli, gözədəyən oyun göstərən yerli futbolçu yoxdur. Yerlərdə, bölgələrdə istedadlı gənc futbolçular hazırlamaq işlərinə müasir şərait və diqqət ayrılmasa, əcnəbi oyunçuları mililəşdirib oynatmağa məcbur olacağıq. Bunun faydalı tərəfi də var, legionerlərə baxa-baxa yerli uşaqlarımız da həvəsə düşər, çox şey öyrənə bilərlər. Amma bu işdə, siz demişkən, əndazəni aşmaq da lazım deyil. Məncə, vaxtı gəlincə bu problemi yoluna qoya bilərik. Bu ümidi bizə ölkə prezidenti İlham Əliyevin təsdiq etdiyi Azərbaycanda 2006-2015-ci illərdə futbolun inkişafına dair dövlət proqramının qəbulu verir. Bildiyimiz kimi, bu sənəddə əsas diqqət uşaq futbolunun inkişafına yönəldilir. Deyə bilərəm ki, ölkənin müxtəlif şəhərlərində artıq 20-dən artıq qapalı idman meydançası tikilib. Həmçinin futbol klubları da inkişaf etdirilir, onların bir çoxu özlərinə stadion, təlim bazası tikdirir. Bu proqramın bəhrəsini verəcəyinə heç bir şübhəm yoxdur.

- Ölkənin futbol çempionatında fasilədir. İndiki birinciliyin əvvəlkilərdən fərqini nədə görürsünüz? Birinci dövrənin nəticələri Sizi qane edirmi?
- Çempionatdakı gərgin mübarizə əlbəttə, sevindiricidir. Belədə futbolçularımız, o cümlədən millinin üzvləri sərt mühitdə ustalıq səviyyələrini artıra bilirlər. Əvvəllər sona 4 tur qalmış bu qədər komandanın “altılıq”a düşmək şansına malik olmasını xatırlamıram. Hələlik birinci yerdə mənim keçmiş komandam, sabit oyunu ilə qalanlardan yaxşı mənada seçilən “İnter” gedir. Amma çox güman ki, ikinci dövrədə digər komandalar onlara qarşı ikiqat əzmlə oynayacaqlar və işləri çətin olacaq. Avropa Liqasında hamımıza xoş sürpriz bəxş edən “Neftçi” isə bir qədər geriləyib. Şübhəsiz ki, fasilədən sonra bu komanda adına layiq oyununa dönüb hamının gözünü qorxuda biləcək. Bunun üçün hər bakılıların cür imkanları var.

Şanlı keçmişi, ənənələri olan “Kəpəz”in isə sönük oyunu yumşaq desək, təəccüblüdür. Milli komandamıza Gəncədən həmişə yaxşı oyunçular gəlib. Məncə, AFFA bu klubdakı vəziyyətlə çox ciddi şəkildə, özü də təxirə salmadan məşğul olmalıdır. Zaqatalanın “Simurq” komandasının isə yaxşı oyununu qeyd etmək istəyirəm. Burada həm klub rəhbərliyi, həm də oyunçular tərəfindən işə məsuliyyətli yanaşmasının gözəl nümunəsini görürük.

Vaxtilə futbolda ilk addımlarımı atdığım şəhəri təmsil edən “Sumqayıt” komandası da ortabab büdcəsilə yaxşı gedir, sərt və çox diqqətli oyunu ilə hər kəsə özünü ciddi qəbul etdirməyi bacarır. Çox istərdim ki, “Sumqayıt” ötən illərin gözəl ənənələrinə qayıtsın.

Böyük imkanlara malik, ən yüksək yerlərə namizəd olan “Bakı” və “Xəzər Lənkəran” isə hamını məyus edir. Amma vəziyyəti düzəltmək üçün hələ vaxtları var. Yəqin ki, çempionatın ikinci yarısı onlar üçün ciddi sınağa çevriləcək.

İdman saytlarının birinə baxıb oxudum ki, Azərbaycan futbol çempionatı dünya reytinqində 84-cüdür. Bunun yaxşı, yaxud pis olduğunu demək çətindir. Hər halda daha yüksək yerdə ola bilərdik.
- Ötən ilin hansı hadisəsini daha mühüm hesab edirsiniz?
- Əlbəttə, Londondakı Olimpiya Oyunlarında Azərbaycan idmançılarının uğurlu iştirakını. Həmçinin payızda Bakıda keçirilən qızlar arasında dünya futbol çempionatından da böyük ləzzət aldım. “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki oyununa da sevindim. 2012-ci ilin bu hadisələri bir daha sübut edir ki, ölkəmizdə idman inkişaf edir. 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycana həvalə olunması da xoş xəbər oldu. Bununla yanaşı, 2024-cü il Olimpiya Oyunlarının da Bakıda keçirilməsi əla olardı.
- Son olaraq ilin ən yaxşı futbolçusu kimi hesab edirsiniz?
- Əlbəttə ki, Lionel Messini! Zəmanəmizin ən böyük futbolçusudur. İnanmıram yaxın illərdə onunla ayaqlaşan biri çıxsın. Hərçənd milli komandamızın baş məşqçisi Berti Foqts başqa cür düşünür, dünyanın ən yaxşı futbolçu olaraq Andres İnyestanı görür. Nə demək olar, bu da onun zövqüdür.

Rafiq Mustafayev