• çərşənbə, 24 Aprel, 19:07
  • Baku Bakı 23°C

Ən yeni tariximizin çox mühüm hadisəsi

25.05.17 09:30 1808
Ən yeni tariximizin çox mühüm hadisəsi
Azərbaycanda uğurla həyata keçirilən hərtərəfli islahatlar, balanslı siyasi kurs, qeyri-neft sektorunun daha da inkişafına hesablanan tədbirlər ölkəmizi Cənubi Qafqazın lider dövlətinə çevirib. İqtisadi inkişafın təmin olunması, sabitliyin davamlı xarakter alması, xarici ölkələrlə qarşılıqlı maraqlara söykənən münasibətlərin qurulması Azərbaycanın beynəlxalq arenada nüfuzunu artırıb. Qütbləşən dünyada müstəqil addımları ilə diqqət çəkən ölkəmiz etibarlı tərəfdaş kimi də xarici dövlətlərin, beynəlxalq təşkilatların hörmətini qazanıb. Bu gün tolerantlıq, multikulturalizm ənənələrini, zəngin tarixini yaşadan, milli-mədəni dəyərlərini qoruyub saxlayan, nəsillərdən-nəsillərə ötürən Azərbaycan həm də beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkan, idman ölkəsi kimi də diqqət cəlb etməkdədir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində son illər ölkəmizdə çoxsaylı beynəlxalq forumlar, konfranslar, həmçinin "Avroviziya-2012”, "Bakı-2015: I Avropa Oyunları”, Dünya Şahmat Olimpiadası, "Formula 1”, "Bakı-2017: IV İslam Həmrəyliyi Oyunları” kimi dünya miqyaslı yarışlar keçirilib. Bu yarışların ən yüksək səviyyədə təşkil olunması, idmançılarımızın qazandığı nailiyyətlər Azərbaycanı dünyaya daha yaxından tanıdıb, nüfuzunu bir qədər də artırıb.

"Bakı-2017: IV İslam Həmrəyliyi Oyunları”nda Azərbaycan yığmasının qalib olması isə ölkəmizin gücünü, qüdrətini, insanlarımızın birliyini, həmrəyliyini növbəti dəfə nümayiş etdirib. Təsadüfi deyil ki, mayın 23-də "Bakı-2017: IV İslam Həmrəyliyi Oyunları”nda qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxış edən dövlət başçısı İ.Əliyev də yarışlarda Azərbaycan yığmasının qalib gəlməsinin çox möhkəm təməlinin olduğunu vurğulayıb. Prezident deyib ki, bu nailiyyətlər Azərbaycan dövlətinin inkişaf etdiyini göstərir. Xalqımızın idmançılarımızla fəxr etdiyini vurğulayan ölkə rəhbəri qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda aparılan düşünülmüş siyasətin, o cümlədən idman sahəsindəki siyasətin bəhrəsini verdiyini nümayiş etdirib. O, bildirib ki, bu gün idman ölkəmizdə ictimai proseslərdə xüsusi yer tutur. Prezident İ.Əliyev inkişaf etmiş ölkələrdə idmanın həm dövlətə, həm də xalqa böyük qələbə gətirdiyini də diqqətə çatdırıb.

Millət vəkili, politoloq Hikmət Məmmədovda mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, İslam Həmrəyliyi Oyunları ilk növbədə ölkəmizin idman və mədəni həyatında mühüm hadisələrdən bir kimi yadda qalıb: "Bu sözləri deyərkən hamımız başa düşürük ki, nəyi isə demədik, nə isə yarımçıq qaldı, ədalətli qiymətləndirmə aparmadıq. Bu böyük hadisəni tam miqyası ilə obyektiv qiymətləndirməyə çalışsaq, yalnız belə ifadə edə bilərik. İslam Həmrəyliyi Oyunları ən yeni tariximizin çox mühüm hadisələrindən birinə çevrildi. Bu hadisə mədəni-iqtisadi sahədən başlamış sosial-siyasi sahəyə qədər, həyatımızın bütün sahələrinə nüfuz etdi. Hər bir azərbaycanlının qürur və fəxarətlə yad edəcəyi tədbir oldu. İctimai mədəniyyətimizin yeni keyfiyyətdə formalaşmasına mühüm təsir göstərdi. Cəmiyyətimizin hər bir fərdinin sosiallaşmasına və cəmiyyətdaxili inteqrasiyanın təmin olunmasına öz töhfələrini verdi. Vətəndaşlarımızın milli dövlətimizlə ozünüidentifikasiyası üçün mühüm mənəvi baza yaratdı. Könüllülərdən ibarət böyük gənclər ordusunda özünə inam yaratmaqla, onların vətənə xidmət işindən zövq almalarına, özlərini vacib sosial fərd kimi hiss etmələrinə yardım etdi. Bu da mühüm sosio-psixoloji faktor olmaqla, gənclərin gələcək həyatında stimulverici bir hadisə oldu”.

Millət vəkili deyib ki, yarışlarda idmançılarımız özlərini əsil ev sahibi kimi hiss edərək, İslamiadada birinciliyi qazanıblar. Onun sözlərinə görə, qalib olan hər bir idmançının ailə büdcəsində və maddi vəziyyətində mühüm dəyişiklik baş verib. Fərqlənə bilməyən idmançılarımızda isə daha əzmlə gələcək yarışlara hazırlaşmaq həvəsi oyanıb: "Bu yarışların keçirilməsi ölkəmizin turizm həyatının canlanmasına da səbəb oldu. Ən mühümü isə bu gün beynəlxalq aləmdə küncə sıxışdırılmağa çalışılan müsəlman aləmində yeni və əsaslı inteqrasiya meyilləri yaratdı. Əgər həmrəylik olarsa, İslam sivilizasiyasının nə qədər böyük güc olduğu gerçəkliyini hamıya bir daha nümayiş etdirdi. Əlbəttə, bütün bunlarla bərabər, Azərbaycanın sözün əsil mənasında modern bir müsəlman ölkəsi kim yeni standartlar yaratmağı bacaran mühüm əməkdaşlıq və tərəfdaşlıq platforması olmasını önə çıxartdı. Azərbaycanın bir neft ölkəsindən daha çox, bir idman, mədəniyyət, turizm, sənaye ölkəsi olduğunu göstərdi”.

H.Məmmədov qeyd edib ki, 50-dən çox ölkədə İslam Həmrəyliyi Oyunları televiziya vasitəsilə yayımlanıb və bu, ölkəmiz haqqında mühüm informasiya təbliğatı rolunu oynayıb: "İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir daha yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirərək, sözün həqiqi mənasında idman oyunlarının, beynəlxalq tədbirlərin keçirilməsində bir Azərbaycan standartı yaratdığını sübut etdi. Prezident İlham Əliyev çox haqlı olaraq qeyd etdi ki, biz açılış mərasimində İslam dininin mütərəqqiliyini göstərdik. Göstərdik ki, İslam dini elm dinidir, mədəniyyət dinidir, sülh dinidir, mərhəmət dinidir. Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik. Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə, bütün dünyaya nümayiş etdirdik. Eyni zamanda, bağlanış mərasimi də Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Yəni, bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Bu fikirlərdən də göründüyü kimi, İslam Həmrəyliyi Oyunları ölkəmizə və İslam dünyasına öz töhfələrini verməklə, İslam sivilizasiyasının nə qədər böyük olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər