“Ən yaxşı tamaşaçım və müəllimim anamdır”
Gənc Tamaşaçılar
Teatrının istedadlı aktrisası Səbinə Məmmədova Rusiyanın Mədəniyyət
Nazirliyinin dəstəyi və Rusiya Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə
baş tutan XII Beynəlxalq Yay Teatr məktəbində təhsilini başa vuraraq vətəninə
geri dönüb. Aktrisa dünyanın 30 teatrı və Rusiyanın 40 şəhərindən olan teatr
aktyorları ilə birgə Moskvada keçirilən Beynəlxalq Yay teatr məktəbində ölkəmizi
təmsil edib. Səfərdən dönər-dönməz "Kaspi”-nin qonağı olan Səbinə Məmmədova səfər
təəssüratlarını bizimlə bölüşdü.Onunla ilk dəfə
5 il bundan öncə - teatra yeni gəldiyində görüşmüşdük. O zaman ilk debütünü
yaşayan gənc aktrisa bu 5 il ərzində teatrda irili-xırdalı bir çox tamaşalarda
biri-birindən maraqlı obrazlar canlandırıb. Teatrda bir çox obrazların müəllifi
olan aktrisaya müasir Leyli deyənlər də az deyil. Bu da onun "Leyli və Məcnun”
tamaşasındakı Leyli obrazından irəli gəlir. Uşaqlar isə onu "Çeburaşka” kimi
tanıyır və sevirlər.
- Səbinə xanım, istərdik söhbətə yay məktəbindəki
iştirakınızdan başlayaq.
- Əslində yay məktəbinə
ötən il getmək istəyirdim. Qismət elə gətirdi ki, iyunda Qazaxıstanın Astana şəhərinə
qastrol səfərimiz baş tutdu. Bu da yay məktəbi ilə üst-üstə düşürdü. Ona görə də
fikrimdən daşındım. Ancaq bu il istəyimə nail oldum. Əmin oldum ki, insan bir
şeyi həqiqətən, ürəkdən istəyirsə, o arzusu mütləq həyata keçir. Yay məktəbinin
elanı verildiyini eşidəndə, sənədlərimi hazırlamağa başladım. Bizim teatrda səhnə
plastikasından dərs deyən müəllimimiz Ceyhun Dadaşovdan mənə kömək etməyini
xahiş etdim. Sağ olsun, o da öz dəstəyini əsirgəmədi. Son ana qədər elə zənn
edirdim ki, artıq məni qəbul etməyiblər. Hətta bunun üçün böyük ruh düşkünlüyü
yaşayırdım. Dostlarım mənə qəbul olunduğumu deyəndə, sevincimin həddi-hüdudu
yox idi.Adlarımız
açıqlandıqdan sonra ilkin mərhələdə bizə bir çox materiallar verdilər ki,
onları oxuyub, hazır şəkildə məktəbə gedək. Ora gedənə qədər bir ay ərzində 5 bədii
film, 3 sənədli film, 4 animasiya filmi izlədim, 1 kitab oxudum. Bu bir ayda
öyrəndiklərimin özü belə mənim üçün bir məktəb oldu.
- Sosial şəbəkədən izlədiyim qədəri ilə, dərsləriniz
çox səmərəli keçib.
- Bəli, bu məktəbdən
çox şey öyrəndim. Bir klassik əsər hazırladıq. Mən orada müasirliyi qoruyaraq
maraqlı bir obraz təqdim etdim. Sonda münsiflər heyəti də ifamı bəyəndiyini
qeyd etdi. Heç bir kompleks hissi
yaşamadan çimərlik geyimi ilə səhnəyə çıxdım. Mühit tamama başqa idi. Rejissorlar
aktrisaya obrazı həvalə edərkən onun boyunun, çəkisinin heç də fərqinə
varmırlar. Rejissorlar üçün istedad hər şeydən öndə gəlir.
- Şərq qadınına bənzədiyiniz üçün yəqin ki, sizə o
tip bir obraz həvalə ediblər.
- (Gülürük)
Orada mənə "gözəl, cazibədar, istedadlı Şərq qadını” deyirdilər.
- Hansı ölkənin aktyorları ilə tanış olmaq imkanı əldə
etdiniz?
- MDB ölkələrinin
aktyorları daha çox idi. Ərəb Əmirliklərindən, ABŞ-dan, Şotlandiyadan və digər
ölkələrdən, o cümlədən dost və düşmən ölkələrin nümayəndələrini bu məktəbdə
görmək mümkün idi.
- Hazırda çalışdığınız teatrda əsas mövzu teatr rəhbərliyinin
dəyişməsidir. İndi teatrda hansı proseslər
gedir?
- Mən orada təhsil
alarkən sosial şəbəkələrə girmək üçün vaxtım yox idi. Bu xəbəri eşidəndə çox təəccübləndim.
Çünki biz belə bir dəyişikliyin olacağını gözləmirdik. Ümid edirəm ki, yeni rəhbərimiz
Naidə xanım da Mübariz müəllim kimi bizləri başa düşəcək və daim öz dəstəyini əsirgəməyəcək.
- Sosial şəbəkədən söz düşmüşkən,
"Facebook”da, "İnstagram”da çox aktivsiniz. Bunu işinizin bir parçası hesab edirsinizmi?
- Sosial şəbəkələrdə
çox olmuram. "İnstagram” səhifəmi 3 ildir ki, açmışam. 3 il ərzində 20 mindən çox izləyicim var. Mənə yazılan
mesajların hamısına cavab yazmağa vaxtım olmur. Əslində sosial şəbəkəyə zamanım
olduğu müddətcə daxil oluram.
- Mesajların içərisində sevgisini bildirən,
evlilik təklif edənlər necə, varmı?
- (Gülürük) Hər
gün evlilik təklifi alıram desəm, yalan olar. Amma onların içərisində sevgisini
etiraf edənlər, mənimlə görüşmək istəyənlər də az deyil.
- Tənqidlərlə aranız necədir?
- Yaxşıdır.
Ancaq bəzən bizdə tənqidlə təhqirin yerini səhv salırlar. Misal üçün, mənim ən
yaxşı tamaşaçım, müəllimim anamdır. Elə məni ən çox tənqid edən də odur. O, mənim
bütün tamaşalarıma baxıb və mənim bir nömrəli tənqidçimdir. Özü filoloqdur,
işinin peşəkarıdır, Azərbaycan dilinin qrammatikasını gözəl bilir. Səhnədə
hansı sözün vurğusunu düz deməyəndə, evdə onun mənə izahını verir. Anam məni tərifləsə
də, tənqid etsə də, ona inanıram.
- Səbinə xanım, müasir Leyli olmaq çətindirmi?
- Müasir düşüncə
ilə Leyli olmaq çox çətindir. Tamaşanın rejissoru Nicat Kazımov tamaşanı
hazırlayanda bizə hadisənin yaşandığı dövrdən bəhs etdi, obrazın yaşadığı hadisələri
danışdı. Amma əlbəttə ki, əsas yük aktyorların öhdəsinə düşür. Gərək araşdırıb
canlandıracağın obrazın hansı mərhələlərdən keçdiyini öyrənəsən. Obrazı mənə həvalə
edəndə, Leyli haqqında məlumat topladım. Hətta mənə dedilər ki, Leyli ilə Məcnun
həqiqətən ər-arvad olublar və uzun müddət uşaqları olmayıb. Və o variantların
içindən bizim pyesə uyğun variantı seçdim və onu işləməyə başladım. Leylini
olduğu kimi canlandırmaq üçün başladım uzun yubkalar, dikdaban ayaqqabılar
geyinməyə. Belimi bağlayırdım, ayaqlarıma stul bağlayırdım ki, yerişim
ağırlaşsın. Kim deyirsə ki Leyli arıq, sısqa bir qız olub, bu, doğru deyil. Şərq
qadını həmişə dolu olub.
- "Leyli və Məcnun” tamaşasında ərəb sözləri çox
idi. Onları əzbərləmək necə?
- Mənə desələr
ki, bir şey əzbərlə, mən heç vaxt onu əzbərləyib səhnəyə çıxa bilmərəm. Onu
mütləq şəkildə başa düşməliyəm. O sözlərin mənasını bir-bir açdıq. Evdə də ərəb-fars lüğət kitabım var, ondan da
bir az faydalandım. Teatrda Nicat Kazımovun, evdə də anamın köməkliyi ilə Leylinin
sözlərini mənimsədim.
- "Leyli və Məcnun” tamaşasından əvvəl Bəhram
Osmanovun quruluş verdiyi "Müharibə” tamaşasında da yerişinizlə diqqət çəkmişdiniz.
- Bu tamaşada da
özümə bir yeriş tapmışdım. "Müharibə” tamaşasındakı Semira 13 yaşında zorlanmış bir qızdır. Müharibənin ən
ağır dövrləridir və Semira yaşadığı hadisələr nəticəsində artıq qız deyil, bir
qadındır. Onun bütün hormonları dəyişib, haradasa istəklər yaranıb. Bəhram müəllimlə
oturub zorlanan qızın yeriş formasını fikirləşib tapdıq. O, təxminən oğlan kimi
gəzməli idi. Mənim üçün bu obrazı canlandırmaq bir qədər çətin idi.
- Çox gənc yaşınızdan sizi seriallarda görürük.
- İlk dəfə "Həyat
varsa”, sonra "Bir ovuç torpaq”, "Bir ailəm var”, "Məryəm” və sair seriallara çəkildim.
2 ildir ki, Media Master prodakşın məni dəyərləndirir. Prodakşının rəhbəri Rüstəm
Əliyev, quruluşçu rejissor Şahin Qəhrəmanla işləmək mənə çox rahatdır və böyük
bir təcrübədir.
- Və çəkildiyiniz "Ögey ana” serialının ötən
həftə final bölümü yayımlandı. Ögey ananın doğma qızı olmaq necə hissdir?
- Cəmilə obrazı
serialda beş əsas obrazdan biri idi. Bu obrazı canlandırmaq üçün uzun
saçlarımdan imtina etdim. Mənim üçün hər seriala yeni imiclə çıxmaq önəmlidir.
Çox maraqlı bir obraz idi. 21 yaşında sentimental, melanxolik, müasir, ətrafdakı
insanların fikri ilə razılaşan, hüquqlarını tapdalamağa icazə verməyən Səbinədən
bir hissə var idi onda.
- Seriala baş rolla gəlməyin özü bir uğur deyilmi?
- Bəlkə də. Hətta
həmin ərəfələrdə sosial şəbəkədə mənə "səni kim tapşırıb?”, "kimin adamısan?” -
kimi mesajlar yazırdılar. O zamanlar bu sözlər mənə çatmırdı. İllər keçdikcə,
anlayıram ki, baş rola çəkilmək üçün hər şey etməyə hazır olan insanlar varmış.Məncə, insanın
niyyəti düz olduqdan sonra, yerdə qalan hər şey düzələndir. Alın yazısını kim
silə bilər ki?
- Peşəkar səhnədəki ilk obrazınızı
xatırlayırsınızmı?
- Əlbəttə.
"Hasarın o üzü” tamaşasındakı Çiçək obrazını heç zaman unutmaram. Səhnədə bütün
arzuladığım obrazları oynaya bilərəm, amma Çiçəyin mənə verdiyi ilk həyəcan,
ilk təəssüratı heç bir obrazımdan ala bilmərəm. Həyatdakı bütün ilklər gözəldir.
Bundan sonra "Qırmızı papaq” tamaşasında rol aldım.
- Yadımdadır, bu obrazlarınızdan sonra "İlin ən gənc
aktrisası” mükafatına layiq görüldünüz.
- Bu mükafata
layiq görüləndə çox sevindim. Düzdür, sevincimi bir az qırdılar və bu mənim
üçün gözlənilməz oldu. Sənətimdəki ilk sevincimlə ilk "şillə”mi eyni zamanda
aldım. Zaman öz sözünü deyir. Bu mükafatı alanda qəlbimi qıran insanlar indi
deyir ki, o mükafat gənclərə verilməlidir. O vaxt teatrda məndən başqa gənc
aktrisa yox idi axı. 24 yaşım var idi, uğur qazanmışdım və inanırdım ki, səhnədə
qazandığım nailiyyətlərimlə heç kimi məyus eləməmişəm.
- Bu 5 ildə dəstəkçiniz kimlər olub?
- Ən birinci dəstəkçim
anamdır. O mənə həm maddi, həm də mənəvi dəstəkdir. O qədər çətin günlərim olub
ki... "Cəhənnəmdən gələn məktublar” tamaşasından əvvəl obraz canlandırarkən səhnədən
çıxıb, anama zəng vurdum, bildirdim ki, daha teatrda işləməyəcəm. Anama
qorxduğumu, bacara bilməyəcəyimi dedim. Anam mənə elə ürək-dirək verdi ki, səhnədə
var gücümlə çalışmağa başladım.
- Səbinə xanım, sizin rəqsə olan marağınızdan da xəbərdarıq.
Rəqsin həyatınızdakı yeri haradadır?
- Rəqs mənim üçün
ayrı bir dünyadır. Bütün həyatım rəqsdir, biz həyatda gəzmirik, rəqs edirik. Rəqs
aktyor üçün çox böyük mərhələdir.
Xəyalə Rəis