• cümə axşamı, 28 mart, 13:36
  • Baku Bakı 16°C

“Ən yaxşı müəllim direktor olmalıdır” fikrindən uzaqlaşmalıyıq

21.12.13 09:40 3818
“Ən yaxşı müəllim direktor olmalıdır” fikrindən uzaqlaşmalıyıq
Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinin idarə edilməsinin səmərəliliyini və nəticə yönümlülüyünü artırmaq məqsədilə ilə təlimlər keçirəcək. 2014-cü ilin əvvəlindən başlanacaq təlimlərdə məktəb direktorları və direktor vəzifəsinə təyin olunmaq istəyən pedaqoji kadrlar iştirak edəcək. Pilot layihənin məqsədi, namizədlərin seçimi və s. barədə suallarımızı Təhsil Nazirliyinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev cavablandırdı.
- Treninqlər vasitəsilə biz ehtiyat kadrlar hazırlayacaq, həmçinin mövcud kadrların bilik və bacarıqlarının artırılmasına çalışacağıq. Noyabrdan təlimlərdə iştirak üçün elan verilib. Artıq beş yüzə yaxın adam təlimdə iştirak üçün ərizə verib. Treninqlər Qafqaz Universiteti ilə əməkdaşlığımız nəticəsində sözügedən universitet tərəfindən gerçəkləşdirilir. Treninqlərə başlamamışdan əvvəl namizədlər 3 mərhələdən keçəcəklər. İlkin mərhələdə biz müraciətlərə baxacağıq. Namizədlərin doldurduqları ərizə formasına əsasən, onların bir qismi ikinci mərhələyə keçəcək. İkinci mərhələdə müəllimlər kompyuter qarşısında oturub təhsillə bağlı tələb olunan mövzuda esse yazacaqlar. Esse yazdıqdan dərhal sonra namizədlərin məntiqi təfəkkür, təsəvvür, riyazi məntiqlə bağlı bilikləri yoxlanılacaq. Bu mərhələdə minimum balı yığa bilənlər üçüncü mərhələyə keçəcək. Üçüncü mərhələ müsahibədir. Burada namizədin ünsiyyət, şifahi nitq, idarəetmə sahəsində verilən situasiyalarla bağlı məsələləri həll etmə, qərar qəbul etmə qabiliyyəti və s. yoxlanılacaq. Qiymətləndirmə həyata keçirildikdən sonra əlli nəfər ən yaxşı namizəd təlimlərə cəlb ediləcək. Təlimlərdə kurrikulum, valideynlərlə, ictimaiyyətlə iş, maliyyə idarəetməsi və minimal mühasibat, büdcənin qurulması və idarə olunması, statistik biliklərin verilməsi, məlumatlar sistemi ilə iş, informasiya kommunikasiya texnologiyaları və bunun tədrisə tətbiqi, təhsil hüququ, sənədləşmə, normativ hüquqi aktlarla iş, məktəbdaxili nizam-intizam prosedur qaydaları və s. yöndə treninq veriləcək.
- Treninqdə iştirak zamanı kimlərə üstünlük verəcəksiniz?

- Namizədlərin pedaqoji təcrübə zamanı əldə etdikləri nailiyyətlər, bu nailiyyətlərin idarəetmə üçün uyğun olması və s. məsələlər seçimdə əsas götürüləcək. Bir sözlə, ən yaxşı müəllimləri deyil, daha çox idarəetmə qabiliyyəti olan insanları bu işə cəlb etmək istəyirik. Qeyd edim ki, təlimdə iştirak üçün minimal beş il pedaqoji təcrübə tələb olunur. Bu təlimdə iştirak şərtləri ilə direktorun işə qəbul şərtləri fərqli məsələlərdir. Təlimdə pedaqoji təcrübənin olması şərti ona görə qoyulub ki, treninq qısamüddətli, yəni üç aylıqdır. Məhz bu səbəbdən təhsilə tamamilə yad adama üç ay təlim keçib direktor hazırlamaq çox çətindir.
- Məktəb direktoru olan və 5 illik pedaqoji təcrübəyə malik istənilən şəxs bu treninqdə iştirak edə bilərmi?

- Xeyr. Bu təlim pilot xarakteri daşıdığına görə yalnız Bakı şəhərini əhatə edir. Bakı şəhərində yaşayan, burada çalışmaq istəyən və tələblərimizə uyğun istənilən namizəd təlimdə iştirak üçün ərizə verə bilər.
- Hazırda direktor kimi çalışan və yuxarıda sadaladığınız mərhələlərdən keçə bilməyən namizədlər vəzifələrindən çıxarılacaqmı?

- Hansısa mərhələni keçməyən direktor sadəcə təlimdə iştirakdan məhrum olacaq. Amma direktor kimi vəzifəsini davam etdirəcək. Çünki bu, attestasiya deyil, təlim üçün seçimdir. Təlim isə dövlət standartı əsasında aparılmır. Bu, yalnız icraçı tərəfindən müəyyən edilmiş şərtlər əsasında keçirilir. Təlimlər Qafqaz Universiteti tərəfindən keçirilir və Təhsil Nazirliyi layihənin sifarişçisidir və yalnız maliyyə dəstəyi verir. Şərtlər icraçı tərəfindən müəyyən edilib. Buna görə həmin şərtlər direktorun işini qiymətləndirmək üçün əsas ola bilməz. Amma bu, özü-özlüyündə düşünməyə əsas verəcək.
- Təlimləri kimlər keçəcək? Yerli, yoxsa əcnəbi müəllimlər?

- Təlimi Qafqaz Universitetinin müəllim heyəti aparacaq. Düşünürük ki, həmin universitetin müəllim heyətinin təlim keçmək üçün kifayət qədər təcrübəsi və biliyi var. Xaricdən kimlərisə cəlb etmək məsələsi Qafqaz Universitetinin səlahiyyətindədir.
- Pilot layihə başa çatdıqdan sonra davamı gələcəkmi?

- Təbii ki, uğur əldə edəriksə, belə təlimlərin sayı artacaq.
- Sizcə, təlimlərin təhsilin keyfiyyətinə təsiri necə olacaq?

- Bu barədə ümid və gözlənti səviyyəsində danışa bilərik. Çünki nəticələr təlimlər bitdikdən sonra bilinəcək. Təlimdə iştirak edənlərin sonrakı fəaliyyəti, məktəblərdəki dəyişikliklərdən sonra nəsə demək olar.
- Daha çox idarəetmə qabiliyyəti olan insanları treninqlərə cəlb etmək istədiyinizi bildirdiniz. Gələcəkdə ola bilərmi pedaqoji fəaliyyəti olmasa da, idarəetmə təcrübəsi olan insanlar direktor təyin edilsin?

- Bəli, gələcəkdə yalnız pedaqoji fəaliyyəti olanları deyil, daha çox idarəetmə təcrübəsi, bacarığı olan insanları məktəb idarəetməsinə cəlb edə bilərik. İdarəetmə qabiliyyəti olan valideynlər də bu vəzifəyə cəlb edilə bilərlər. Düşünürük ki, hər şey menecerlərdən asılıdır. “Ən yaxşı müəllim direktor olmalıdır” kimi ənənəvi fikirlərdən uzaqlaşıb, yaxşı menecer və yaxşı müəllim arasında bir fərqlilik yaratmaq lazımdır. Müəyyən mənada özünüidarəetmə təfəkkürünə malik, təşəbbüskar, ətrafdakı maraqlı tərəfləri düzgün şəkildə məktəb idarəetməsinə cəlb edən, özəl sektorla əməkdaşlıq qura bilən, digər donor təşkilatları cəlb etməklə məktəbin ümumi maraqlına uyğun layihələr həyata keçirən, bir sözlə, məktəbin keyfiyyətini qaldıran insanlar direktor olmalıdır. Bizim treninqlərdən də gözləntimiz budur.
- Hazırda fəaliyyət göstərən məktəb direktorlarının fəaliyyəti sizi qane edirmi?

- Direktorlarımızda yeni bacarıqlar, biliklər, yanaşmalar arzuolunan bir məsələdir. Yaxın gələcəkdə direktorlar üçün peşə standartları hazırlanmalıdır ki, onların qiymətləndirilməsi bu standartlar çərçivəsində həyata keçirilsin. Yalnız bu halda sizin suala dəqiq cavab vermək olar. Məktəblərin nəticələrinə baxıb nəsə demək olar. Amma pis məktəbin direktorunun pis olduğunu demək düzgün deyil. Çünki məktəbin keyfiyyəti bir sıra amillərdən, harada yerləşməsindən, şəraitindən, orada təhsil alanların valideynlərinin təhsilə verdiyi dəyərdən, ailələrin iqtisadi gəlirlərindən, məktəblərin evlərə yaxınlığından və s. onlarla amildən asılıdır. Direktorlara verilən səlahiyyət də çox önəmlidir.
- Yeri gəlmişkən, direktorlara qanunla verilən səlahiyyət onlara məktəbi istədikləri kimi idarə etməyə imkan verirmi?

- Bir müəssisənin rəhbəri kimi direktorun səlahiyyətlərinin olmadığını demək olmaz. Sadəcə, nəticəyönlülük nəzərə alınmalıdır. Aparılacaq islahatların bir istiqaməti də bundan ibarətdir ki, məktəblərə daha çox özünüidarəetmə səlahiyyətləri verib onlardan daha çox hesabat tələb etmək. Bu təlimləri ona görə keçirik ki, sabah məktəblərə özünüidarəetmə səlahiyyəti veriləndə, direktorlar tələb edəcəyimiz bilik və bacarıqlara sahib olsunlar.
- Yaxın vaxtlarda direktorların attestasiyası gözlənilirmi?

- Bu barədə hələlik rəsmi olaraq konkret göstəriş yoxdur. Ümumiyyətlə, qeyd etdiyim kimi, direktorların fəaliyyətini qiymətləndirmək üçün ilk növbədə qısa zamanda peşə standartlarını hazırlamalıyıq. Peşə standartları olmadan nəyisə qiymətləndirmək çox çətindir. Yalnız bundan sonra attestasiya keçirmək olar.
Lalə MUSAQIZI
banner

Oxşar Xəbərlər