• cümə, 29 Mart, 17:36
  • Baku Bakı 14°C

“Ən pis sülh, ən yaxşı müharibədən əlverişlidir”

07.07.15 11:26 2429
“Ən pis sülh, ən yaxşı müharibədən əlverişlidir”
Ərəstun Oruclu: “Bəzi geriçəkilmələrə baxmayaraq, istənilən halda “altılıq”la razılaşmaya getmək İran üçün əlverişlidir”

Avstriyanın paytaxtı Vyana şəhərində İran İslam Respublikası rəsmiləri ilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan ölkələrin xarici işlər nazirləri və Avropa İttifaqı arasında nüvə danışıqları aparılmaqdadır. 18 aydır mərhələlərlə davam edən və İranın zənginləşdirilmiş uran istehsalının məhdudlaşdırılmasını, əvəzində bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların ləğvini nəzərdə tutan danışıqların iyunun 30-da yekunlaşacağı gözlənilirdi. Lakin tərəflər arasında hələ də razılığın əldə edilməməsi prosesin bu günə qədər uzanmasına səbəb olub. Ehtimal var ki, tərəflər iyulun 7-də yekun nüvə sövdələşməsini əldə edəcəklər. İranla aparılan nüvə danışıqları, tərəfləri narazı salan səbəblər, rəsmi Tehranın “qırmızı xətt”i, nəticəsiz danışıqların dünyanı təhdid etməsi, proseslərin regiona təsiri və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu cavablandırır.
- Ərəstun bəy, İranla “altılar” qrupunun Vyanada apardıqları danışıqların uzanmasına səbəb və ya səbəblər nədir?
- Danışıqların uzanması sadəcə müzakirə predmeti olan detallarla əlaqəli deyil, bir çox amillərlə bağlıdır. Hazırda dünyada çox mürəkkəb geosiyasi durum yaranıb. Əvvəllər bu özünü daha çox Yaxın Şərqdə, İraq, Suriya bölgəsində, Ukraynada göstərirdisə, artıq bunların sırasına yeniləri də əlavə olunub. Bu gün Avropanın Yunanıstan kimi problemi var, Rusiya-Qərb qarşıdurması az qala hərbi güc nümayişi müstəvisinə keçməyə yaxınlaşır və sair. Belə bir şəraitdə danışıqlar prosesinə yeni çalarlar əlavə olunur. Bu da təbiidir. İran bölgənin ən güclü və ən sabit dövlətlərindən biridir. Ona qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, İran dövləti nümayiş etdirdi ki, o yaşamaq qabiliyyətindədir. İran yalnız özünü qorumaqla kifayətlənməyib, bir sıra hallarda bölgənin müxtəlif dövlətlərinə müdaxilə etmək imkanına da sahiblənib. İranın Yəmən, İraq, Suriya, eləcə də Yaxın Şərqin digər bölgələrinə, xüsusən də İsrail-Fələstin münasibətlərinə müxtəlif faktorlarla təsiri buna nümunədir. Bunlar göstərir ki, İranın imkanları düşünüldüyündən daha genişdir. Bütün bu reallıqlardan irəli gələrək yaranmış yeni geosiyasi durum danışıqlar prosesinə təsirsiz ötüşə bilməz. Ən birinci amil budur. İkinci amil İranla danışıqlar aparan “altılıq”ın formatı, maraq müxtəlifliyidir. Burada ABŞ, Rusiya, Çin amilləri var. Danışıqların detalları ilə tanış olmasaq da ehtimal etmək olar ki, müxtəlif maraqlardan irəli gələn fərqli yanaşmalar prosesə öz təsirini göstərir. Ən nəhayət, bilavasitə müzakirə predmeti olan İranın nüvə proqramı, bununla bağlı sanksiyaların aradan götürülməsi məsələsində tərəflərin hər birinin maksimal dərəcədə divident əldə etmək cəhdi də danışıqları uzadır.
- İran xarici işlər nazirinin müavini Abbas Araqçi mətbuata açıqlamasında bildirib ki, “Əgər bizim “qırmızı xəttimiz”ə hörmət edən razılaşma əldə edə bilsək, bu, böyük nailiyyət olacaq”. Sizcə, rəsmi Tehranın “qırmızı xətti” nədən ibarətdir?
- Fikrimcə, bu “qırmızı xətt”, ilk növbədə İranın nüvə tədqiqatlarına tam məhdudiyyət qoyulmasıdır. Baxmayaraq ki, rəsmi Tehran yalnız dinc məqsədlər üçün nüvə tədqiqatları apardığını qeyd edir, lakin İranın nüvə silahı əldə etməsinin yalnız zamana bağlı məsələ olduğunu hər kəs yaxşı anlayır. Bu reallıqdır və bunu qəbul etmək lazımdır. Hətta Barak Obamanın təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri səviyyəsində vaxtilə açıqlama verilib ki, İsrail özünü nüvə dövləti olan İranla qonşuluğa hazırlamalıdır. Yəni, İran “qırmızı xətt” dedikdə nüvə tədqiqatlarının tam dayandırılmasını nəzərdə tutur. Əminəm ki, İran buna getməyəcək. Çünki illərdir İranın israrlı mövqeyi belə bir qənaətə gəlməyə imkan verir. Rəsmi Tehranın “qırmızı xətt” hesab etdiyi digər məsələlər bu ölkənin daxilinə müdaxilə etmək cəhdləri, İrana tətbiq edilən sanksiyaların maksimum müddətə uzadılması da ola bilər. Əgər bunlar baş verməyəcəksə, İranın danışıqlarda razılığa gələcəyi realdır. Bu, İranın özü üçün də önəmlidir.
- Danışıqların uğurla başa çatması İrana nə qazandıracaq?
- İlk növbədə İran qlobal iqtisadiyyata inteqrasiya imkanı əldə edəcək. Bu, İran üçün son dərəcə önəmlidir. Düzdür, indiki situasiyanın bu ölkə üçün üstünlükləri də olub. Uzun illər İran sanksiyalardan ona görə qoruna bildi ki, onun iqtisadiyyatı qapalı idi. Bununla yanaşı, təcrid vəziyyətindən çıxmaq üçün İran müəyyən iqtisadi əlaqələrə də can atmışdı. Bütün məhdudiyyətlərə, iqtisadi sanksiyaların çətinliyinə baxmayaraq, rəsmi Tehran Çin, Yaponiya, Almaniya, Rusiya, bundan əvvəl isə SSRİ ilə iqtisadi əlaqələrini inkişaf etdirməkdə idi. İndiki məqamda sanksiyaların tamamilə aradan qaldırılması İran üçün daha geniş iqtisadi məkana çıxış, dünyaya açılış deməkdir. Müasir dövrdə neft amili tamamilə yeni keyfiyyətdə gündəmə gəlir. Yaxın 15-20 ildən sonra neft yanacaq mənbəyi deyil, daha çox kimya sənayesinin predmeti olacaq. Bu, tamamilə yeni bir dövrdür. Uzunmüddətli strategiya quran bir ölkə kimi İran da yeni mərhələyə hazırlaşmalı, yaranmış vəziyyətdən çıxmalıdır. Digər tərəfdən, sanksiyaların tətbiqindən sonra İranın xarici ölkə banklarındakı xeyli maliyyə vəsaitinə həbs qoyulub. Ölkə həmin vəsaitdən heç bir halda istifadə edə bilmir. Razılaşmadan sonra İran həmin vəsaitləri əldə edə, onu iqtisadiyyatın daha da inkişafına xərcləyə bilər. Ona görə də bəzi geriçəkilmələrə baxmayaraq, istənilən halda “altılıq”la razılaşmaya getmək İran üçün əlverişlidir.
- Əgər danışıqlar nəticəsiz başa çatarsa, bunu dünya üçün təhdid saymaq olarmı? Belə vəziyyətdə ABŞ və İsrail İranın nüvə obyektlərinə hava zərbələri endirə, bu ölkəyə hərbi müdaxilə edə bilərlərmi?
- Amerikanın müasir siyasətində belə niyyətlər görünmür. Əksinə, bir sıra hallarda rəsmi Vaşinqton İranla münasibətləri tənzimləmək üçün bəzi güzəştlərə getməyə də hazırdır. “Ən pis sülh, ən yaxşı müharibədən əlverişlidir” - prinsipinə üstünlük verilir. Gəlin görək, İranın nüvə obyektlərini sıradan çıxarmaqla ABŞ nə əldə edir? Belə şəraitdə İsrail müəyyən təminatlar əldə edə bilər. Amma bu da müəyyən zamana bağlıdır. Nəzəri cəhətdən İranın nüvə obyektlərinə hərbi müdaxilə olardısa, təxminən 10-15 il sonra bu ölkə bunun nəticələrini aradan qaldırar, hətta nüvə silahını hazırlayıb ortaya çıxara da bilər. Digər tərəfdən, mümkün hava zərbələrinin effektivliyi də sual altındadır.
- İran ətrafında cərəyan edən proseslərin, o cümlədən Vyanada aparılan danışıqların müsbət və ya mənfi sonluqla nəticələnməsi regiona nə vəd edir?
- Sözsüz ki, bütün bu hadisələrin regiona müsbət və mənfi təsirləri olacaqdır. İlk növbədə güclənən İran qonşularına daha çox müdaxilə edəcək. Burada söhbət siyasi, mədəni, iqtisadi, dini və sair müdaxilədən gedir. Bunlar mənfi tərəfləridir. İranla geniş anlaşma əldə olunmasının müsbət tərəfləri isə ondan ibarətdir ki, istənilən halda sülh müharibədən yaxşıdır. Əgər İrana qarşı hərbi müdaxilə olardısa, bundan onun qonşuları da əziyyət çəkərdilər. Misal üçün, Suriya hadisələri bu dövlətə qonşu olan ölkələrə də mənfi təsirini göstərməkdədir. Ən azından humanitar problemlər yaranır, dövlət qonşu ölkələrlə əməkdaşlıq əlaqələrini itirir və sair. Bu baxımdan, İranın Qərblə anlaşma əldə edə bilməsi müsbət haldır. Fikrimcə, iqtisadi münasibətlər, enerji siyasəti düzgün qurulacağı halda Azərbaycanla İran arasında qarşılıqlı təminatlı və etimada, maraqlara söykənən uzunmüddətli iqtisadi-siyasi münasibətlər qurmaq mümkündür. Məsələn, İran qazının Azərbaycan vasitəsilə Avropaya nəqli bu təminatlardan biri ola bilər. Bu halda Rusiyanın Azərbaycana münasibəti kəskinləşəcəkdir. Amma bu prosesdə Azərbaycanın tək deyil, Türkmənistan və İranla birgə iştirakı bizi Rusiyanın təsir və təhdidindən müdafiə imkanlarını genişləndirə bilər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər