• cümə axşamı, 25 aprel, 12:47
  • Baku Bakı 23°C

Ən ideal bədən çəkisi

26.07.18 11:00 5397
Ən ideal bədən çəkisi
Artıq çəkinin və köklüyün bir çox xəstəliyə səbəb olduğu 2000-2500 ildən çoxdur ki, bilinir. Xroniki bir xəstəlik olan köklük, həm uşaqlar, həm yeniyetmələr, həm də yetkin insanlar arasında son zamanlar get-gedə artır. Cavanlara və orta yaşlı insanlara nisbətən yaşlı insanlar daha az çəkili olurlar. Son zamanlarda bir çox ölkələrdə köklük inanılmaz dərəcədə artdığı üçün bu ölkələrdə şəkərli diabet, ürək-damar xəstəlikləri ilə bağlı ölümlər də artmağa başladı. Köklüyün ortaya çıxmasında birdən çox faktor rol oynayır. Ancaq bunların içində ən önəmli olanı az hərəkətlilik, yəni oturaq həyat tərzi (sedanter həyat tərzi) və yüksək kalorili, xüsusi ilə də yüksək miqdarda karbohidratlı qidalarla qidalanmaqdır.
Az hərəkətlilik zamanı bir insan daha az enerji işlədir və nəticədə çəkisi artır. Bütün hərəkətsiz vərdişlər (məsələn masa başında uzun müddət oturmaq, video oyunlar oynamaq və sairə), tez-tez və uzun müddətli televizora baxmaq köklüyün ən önəmli səbəbləridir. Köklük şəkərli diabet, insulin rezistansı, hipertoniya, hiperxolesterinemiya (qanda xolesterinin miqdarının yuxarı olması), ürək-damar xəstəliyi, ürək çatışmazlığı, aritmiya, insult və ya beyin-damar xəstəliyi, xərçəng, qaraciyər yağlanması, öd kanalları və ya öd kisəsi daşları, depressiya, osteoartrit və sairə kimi xəstəliklərin əsas səbəblərindəndir. Artıq çəkili və kök insanların çox olduğu ölkələrin səhiyyə xərcləri də daha çox olur. Artıq çəkili olmaqla kök olmaq bir-birindən tamamən fərqlidir. Artıq çəkiyə sahib olmaq da, insanda ürək-damar xəstəliyinə tutulma riskini artırır. Bir insan artıq çəkili və ya kök olub-olmadığını bilməsi üçün, bədənin kütlə indeksini (BKİ) ölçməlidir. Çünki bədənimizdəki yağın miqdarı artdıqca, bədən kütlə indeksimiz də artar. Bədən kütlə indeksini ölçmək çox sadədir və bədən kütlə indeksini ölçmək üçün heç həkim olmağa belə ehtiyac yoxdur. Belə ki, bədən kütlə indeksi, Çəki: (boy2) düsturu ilə ölçülür. Bədən kütlə indeksinin vahidi kq/m2 dir. Məsələn bir insanın boyu 170 sm, çəkisi isə 70 kiloqramdırsa, bu insanın bədən kütlə indeksi 70 : 1.7 x 1.7 = 24.2 kq/m2 -dir. Bədən kütlə indeksi 25 ilə 29.9 kq/m2 arasında olan insanlar artıq çəkili insanlardır. Bədən kütlə indeksi 30 və daha yuxarı olan insanlar isə kök insanlar sayılır. Bir insanda bu rəqəm 40-dan yuxarıdırsa, o insan ağır dərəcədə kök insan olaraq qəbul edilir. Ən ideal olanı bədən kütlə indeksinin 20-25 kq/m2 arasında olmasıdır. Bundan başqa, bədən kütlə indeksi 25-35 kq/m2 arasında olan insanlar bel çevrələrini də ölçdürməlidirlər.
Köklüyün bir neçə forması var və sağlamlıq baxımından ən zərərli köklük qarın köklüyüdür ki, bel çevrəsini ölçməklə, qarın köklüyünü müəyyən etmək mümkündür. Qarın boşluğunda toplanan yağ dəri altında toplanan yağa nisbətən daha zərərlidir. Yəni bədəndəki yağ miqdarı qədər, yağın harada toplandığı da önəmlidir. Qarın köklüyü mərkəzi köklük, visseral köklük və ya kişi köklüyü olaraq da adlandırılır. İdeal olanı, bel çevrəsinin kişilərdə 94 sm-dən qadınlarda isə 80 sm-dən artıq olmamağıdır. Bel çevrəsinin kişilərdə 102, qadınlarda isə 88 sm-dən çox olması, onların ürək-damar xəstəlikləri baxımından risk altında olduqlarını göstərir ki, mütləq çəki verilməlidir. Bu rəqəmlər Asiya irqinə sahib insanlarda bir az fərqlidir. Belə ki bel çevrəsinin asiyalı kişilərdə 90, qadınlarda isə 80 sm-dən çox olması, onların ürək-damar xəstəlikləri baxımından risk altında olduğunu göstərir. Ümumiyyətlə, həm bədən kütlə indeksimiz, həm də bel çevrəmiz artdıqca ürək-damar xəstəliklərinə tutulma riskimiz də artar. Yalnız burda bir məsələyə aydınlıq gətirmək istəyirəm. "Fitnes” və ya "Body’’ idman növləri ilə məşğul olan insanlarda yağ miqdarını müəyyən eləmək üçün bədən kütlə indeksi ölçülməməlidir. Çünki bu insanlarda artıq piy toxumasının olmamağına baxmayaraq, əzələ miqdarı çox olduğu üçün bu insanların bədən kütlə indeksləri çox çıxa bilər. Bu insanlar bel çevrələrini ölçdürməlidirlər.
Son söz: Bütün yetkin insanlarda artıq çəki və köklüyün olub-olmadığı araşdırılmalıdır. Yetkin insanlar mütləq bədən kütlə indeksini ölçməlidirlər. Ən ideal olanı bədən kütlə indeksinin 20-25 kq/m2 arasında olmasıdır. Bədən kütlə indeksi 25-35 kq/m2 arasında olan insanlar bel çevrələrini də ölçdürməlidirlər. Bədən kütlə indeksi artdıqca, yuxarıda saydığım xəstəliklərə tutulma riskimiz də artar. Bədən kütlə indeksi 30 dan yuxarı olan bütün insanlar mütləq çəki verməli, yəni arıqlamalıdırlar. Ayrıca, bədən kütlə indeksi 25-30 kq/m2 arasında olub (yəni artıq çəkilidirlərsə), şəkərli diabet, hipertaniya, hiperxolesterinemiya, ürək-damar xəstəliyi, insult və ya beyin damar xəstəliyi, osteoartrit kimi xəstəliklərdən hər hansı biri varsa, bu insanların da mütləq çəki verməsi, yəni arıqlamaları lazımdır. Bədən kütlə indeksi 25-30 kq/m2 arasında olub, yuxarıda sayılan xəstəlikləri olmayan insanların isə çəki almamaqları çox önəmlidir.
Yalçın Velibey
Kardioloji Uzmanı
banner

Oxşar Xəbərlər