• çərşənbə axşamı, 19 mart, 08:41
  • Baku Bakı 8°C

“Ən gözəl sevgi şagirdlərin sevgisidir”

15.06.18 12:01 8036
“Ən gözəl sevgi şagirdlərin sevgisidir”
Onun üçün müəllimlik fəaliyyəti 4 divar arxasında dərs deməklə bitmir. Düşünür ki, şagirdlərlə dost olmaq, onlara sərbəstlik vermək, onların inamını qazanmaq, hər şeylərini paylaşmaları üçün şərait yaratmaq müəllim olmağın ən önəmli şərtlərindəndir. Hazırda Ağcabədi rayonunun Taxtakörpü ərazisində yerləşən Laçın rayon Vağazin kənd orta məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Həmsöhbətimiz "İlin gənc müəllimi” müsabiqəsinin qalibi Şəbnəm Uğurludur.

Qeyd edək ki, Şəbnəm 1986-cı ildə Laçın rayonunda anadan olub. Ali təhsilini Azərbaycan Dillər Universitetində alıb və elə tələbəlik dövründə işləməyə başlayıb. Universiteti bitirdikdən sonra "Azərsun Holdinq”də tərcüməçi kimi çalışıb. 2012-ci ildə müəllimlərin işə qəbul imtahanından yüksək bal toplayaraq, könüllü şəkildə Ağcabədi rayonunda yerləşən Laçın rayon Vağazin kənd orta məktəbində fəaliyyətə başlayıb.

- Müəllim olmağı uşaqlıqdan arzu edibsiniz, ya universitetə qəbul olduqdan sonra?
- Əvvəldən müəllim olmağı arzulamışam desəm, yalan olar. Lakin hər bir insanın içində bir "mən” var və içimdəki o "mən”i bu peşədə gördüm, onunla ilk dəfə müəllim kimi tanış oldum. Yunus Əmrə demiş:
Məni məndə demə, məndə deyiləm,
Bir mən vardır məndə, məndən içəri.
Bir daha dünyaya gəlsəm yenə müəllim olaram.


- Bu ixtisası seçməyi valideynləriniz istədi, ya özünüz?
- Bəzi şeylər var ki, genlə gəlir. Mən müəllim ailəsində böyümüşəm. Bizim ailədə 5 SSRİ maarif əlaçısı var idi. Onlardan biri də atam idi. O, Laçın rayonunda rus dili müəllimi olub. Həmin mühitdə böyüdüyüm üçün istər-istəməz, təsir olur. Mən də bir az atama bənzəməyə çalışmışam.

- Sizin üçün "müəllim” nə deməkdir? Bu söz sizin üçün nə məna kəsb edir?
- Mənim üçün müəllim olmaq, 4 divar arxasında dərs deməklə bitmir. Müəllim sərhədsiz olmalıdır. Bəzən böyüklər "uşaq vaxtı deyirdik ki, görəsən, müəllim yemək yeyir” fikrini işlədirlər. Əlbəttə yeyir, müəllim də insandır. Şagirdlərlə dost olmaq, onlara sərbəstlik vermək, onların inamını qazanmaq, hər şeylərini sizinlə paylaşmaları üçün şərait yaratmaq müəllim olmağın ən önəmli şərtlərindəndir.

- İngilis dili elə də asan fənn deyil. Ən azından, fərqli dildir. Siz fənninizi uşaqlara necə sevdirirsiniz, onlarda bu fənnə həvəsi necə yaradırsınız?
- İngilis dili beynəlxalq dildir. Artıq müasir metodlar, yeni texnologiyalar dövrdür və bu innovasiyalar təhsilimizdən də yan keçmir. Şagirdlər də bu dilin dünyaya açılan bir qapı olduğunu bilirlər. Bir də, şagirdlər müəllimi sevəcəklərsə, onun tədris etdiyi fənni də sevəcəklər.

- Bir müəllim həm özünü, həm də fənnini şagirdlərə necə sevdirməlidir?
- Müəllim olduğu kimi davranarsa, uşağın qəlbinə yol taparsa, şagird onu sevəcək. Ən gözəl sevgi şagirdlərin sevgisidir. Təmənnasız, şərtsiz, sidq ürəklə olur. Dərsi oyunlarla keçmək, yeni üsullardan, kiçik müsabiqələrdən istifadə etmək, həvəsləndirici metodlardan yararlanmaq onlara tədris edilən fənni daha da sevdirir.

- "İlin gənc müəllimi” müsabiqəsinin qalibi seçilibsiniz. Sizcə, bu uğurun sirri nədir?
- Müsabiqənin şərtinə görə, "Cümhuriyyətin 100 illiyi "ilə bağlı video hazırlamalı idik. Bəlkə də, istiqamət başqa olsaydı, mən bu qədər həvəsli olmazdım. Cümhuriyyət sevgisi bu müsabiqəyə xüsusi bir həvəs, dəyər qatdı.Bir gün vaxt verdilər. Bura Bakı deyil, istənilən vaxt video çəkəcək birini tapmaq çətindir. Səhər məktəbə getdim, çox çətinliklə video çəkə biləcək bir adam tapdıq. Fərqli olsun deyə, ingiliscə etdim, amma aşağıdan alt yazı getdi ki, baxan hər kəs anlasın. Möhtəşəm alındı. Qarşıda duran məqsəd, Azedu.az saytında səsvermədə qalib gəlmək idi. Seçilən ən yaxşı 10 videodan biri oldu. Bu işdə mənə çox adam dəstək oldu. Hər telefondan və kompüterdən sadəcə, bir səs qeydə alınırdı. Fərdi hazırlıq keçdiyim 100 dən çox şagirdlərim, hansı ki, hazırda Azərbaycanın böyük ali təhsil müəssisələrində təhsil alırlar, onlar da səfərbər oldular. Bununla bağlı sizə maraqlı bir əhvalat da danışım. Burada ailəvi restoran var. Gedib elə təzəcə oturmuşduq ki, ofisiant telefon gətirdi və xahiş etdi ki, bu linkə daxil olub, səs verək. Baxdıq ki, mənim videomdur (gülür).

- Necə oldu ki, ucqar kənd məktəbində işləməyə getdiniz?
- Mən bu seçimi həyat yoldaşımın seçimindən qaynaqlanaraq etdim. O, könüllü olaraq Ağcabədidə Laçın qaçqınlarının məskunlaşdığı Taxtakörpü qəsəbəsində həkim olaraq çalışır. Həmin vaxt Bakıda böyük bir şirkətdə işləyirdim. O, mənə 2011-ci ildə evlənmə təklif etdi. Əslində, özünün Bakıya köçəcəyini söylədi, çünki, mənim buradakı şəraiti, həyatı qoyub ora getməyə razı olacağımı düşünmürmüş. Onun fədakarlığına heyran idim. Orxan savadlı, işini mükəmməl bilən həkim idi. Amma Bakıda rahat iş yerini deyil, Ağcabədinin palçıqlı yataqlarında camaatımıza xidməti seçmişdi. Özümü günahkar, eyni zamanda borclu hiss edirdim. Oradakı uşaqların da yaxşı müəllimə ehtiyacı olduğunu düşündüm. Və mən iş yerimi Laçın rayon Vağazin kənd 1 saylı orta məktəbə dəyişdim. İndi mənə daha çox ehtiyac duyulan yerdəyəm və ehtiyac olduğu müddətcə də burada qalacam.

- Hər peşənin çətinlikləri olur, bəs sizin sahədə bunlar hansılardır? Qarşınıza çıxan çətinlikləri, problemləri necə həll edirsiniz?
- Əlbəttə, başqa peşələr kimi müəllimliyin də çətinlikləri var. Övladlarım balacadır, böyük qızım Dənizin 5, kiçik qızım Günəşin isə 1 yaşı var. Səhər onları oyadıb, mən işdə olarkən qalacaqları yerə aparmaq, ordan məktəbə qayıtmaq qismən çətinlik yaradır. Amma məktəbdə uşaqlarımı görəndə, öz-özümə "əziyyətimə dəyər” deyirəm.

- Yaşadığınız yerdə hansı problemlərlə rastlaşıbsınız?
- Uzun illər şəhərdə yaşayıb, birdən-birə rayon mühitinə, kənd yerinə köçdükdə sözsüz ki, bəzi ictimai və sosial maneələrlə qarşılaşırsınız. Mən Bakıda istər tələbə olduğum, istərsə də işlədiyim vaxt çox fəal sosial həyat sürən olmuşam. Amma bura elə deyil. Məsələn, insanın gəzməsi, istirahət etməsi üçün az yer var. Övladlarımızı aparmaq üçün əyləncə mərkəzləri yoxdur. İstədiyimiz şeyi almaq üçün kilometrlərlə yol qət etməli oluruq.

- Özünüzü əvvəlcədən bütün bunlara hazırlamışdınız?
- Çətinliklər ən çox onlardan qorxanları incidər, çətinlikləri aşmaq, qorxmamaq, onların üstünə getmək lazımdır. Bəli, onlar bizi qoyduğumuz məqsədlərə çatmağa gecikdirsə də, həll etmək öz əlimizdədir. Mən çətini seçmişdim və bunu təbii ki, dərk edirdim.

- Cəmiyyətdə ucqar kəndlərə gedib dərs deyən müəllimlərə çox yaxşı münasibət olur. Sizə münasibət necədir?
- Əlbəttə, dəyər verən insanlar çoxdur. Şagirdlərim və valideynləri məni çox sevirlər. Bu da məni xoşbəxt edir. Həyətlərindəki meyvələrdən mənim mürəbbə payımı ayrıca bişirirlər, hər meyvənin vaxtında nübarını gətirirlər.

- Dərs dediyiniz məktəbdə vəziyyət necədir?
- 2012-ci ildə işə başladığım vaxt, məktəbin həm yolu, həm şəraiti çətin idi. Amma o uçuq-sökük, qışda odun sobasının istisinə yığışdığımız məktəbdə 650-665 bal toplayacaq biliyə sahib uşaqlar yetişir. Şagirdlər yağış, palçıq demədən dərsə tam hazır gəlir. Soyuq divarları olan bu məktəbdə heç yerdə görmədiyim isti münasibət var.

- Bizimlə başınıza gələn, maraqlı yadda qalan bir xatirənizi bölüşə bilərsiniz?
- Maraqlı hadisələr çox olub. Vağazin kənd məktəbində təzə işlədiyim vaxtlar idi. Sinfin müəllim stolunun yanında olan pəncərəsi açıq idi. Jurnalı yazdığım an qaraltının mənə yaxınlaşdığını hiss etdim. Başımı jurnaldan qaldırdığımda, bir uzunqulağın içəri boylandığını gördüm, başı düz yanımda idi. Necə çığırdımsa, hamı sinfə yığışdı (gülür).


- Ailəsiniz, iki övladınız var. Həm ev işləri, həm uşaqlarla məşğul olmaq, həm də məktəbdə dərs demək çətin olmur?
- "Ailə və uşaqla çətin olmur” desəm, yalan olar. Amma mən işimi sevirəm, uşaqlarım da belə öyrəşiblər. Onlar da bizlə bərabər işləyirlər, səhər gedib, axşam qayıdırlar. Evdə də məşğələlər keçirəm, ona görə, övladlarım axşama qədər evdə olmur. Hərdən özümü onların qarşısında günahkar hesab edirəm.

- Qızlarınızın da müəllim olmasını, onların da ucqar kənddə məktəbdə işləməsini istəyərsinizmi?
- Bilirsiniz, bir saniyə sonra nə olacağını belə bilmirik. Ona görə də, bu, onların verəcəyi qərardır. Biz onların seçiminə yalnız dəstək ola bilərik. Qızım Dəniz mənim kimi ingilis dili müəllimi olmaq istəyir.

- Bu peşəni seçmək istəyən gənclərə məsləhətiniz?
- Çox şad olardım ki, yüksək ixtisaslı kadrlar gəlib bölgələrdə öz biliklərini şagirdlərə versinlər. Bakıda yaxşı müəllim çoxdur , bizsiz də yola verərlər. Amma əsas bölgələrdir. Gənc həmkarlarımı bu haqda düşünməyə çağırıram.

Günel Azadə



banner

Oxşar Xəbərlər