• cümə, 29 Mart, 12:03
  • Baku Bakı 14°C

“Ən gözəl sərvətim övladlarımdır” - Mənim balam

23.11.18 11:00 2748
“Ən gözəl sərvətim övladlarımdır” - Mənim balam
"Hər zaman övladlarıma demişəm ki, dövrün tələblərindən irəli gələn bütün şıltaqlıqlara dözərəm, yalnız təhsildə güzəştə getmərəm. Təhsildə güzəşt ola bilməz” - Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Mənim balam” rubrikası ilə bağlı qəzetimizə müsahibəsində qeyd etdi.

Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin üzvü olan müsahibimiz üç övlad sahibidir. O, övladlarının tərbiyə metodikasının sirlərini bizimlə bölüşdü.

- Müşfiq müəllim, övladlarınızı dədə-baba üsulu, yoxsa öz metodunuzla tərbiyə edirsiniz?
- Təbii ki, dədə-baba qaydasına üstünlük verirəm. Tərbiyə elə bir şeydir ki, insanın qanına-canına hopur. Bizim dövrümüzdə tərbiyə üsulları çox sərt olub. Ədəb-ərkan qaydalarına daha çox diqqət yetirilib. Bu baxımdan, nə qədər yenilikçi olsaq da, canımıza hopmuş əvvəlki standartlardan tam kənarlaşa bilmərik. Nəsillər arasında tərbiyə fərqliliyi hər zaman olub. Heç zaman köhnə nəsil yenisini bəyənməyib. Hər dövrün öz xüsusiyyətləri var. İctimai münasibətlərdə, ədəb-ərkan məsələlərində, əlbəttə, yenilik olmalıdır. Bu, dünyanın inkişaf qanunauyğunluqlarından biridir. Amma indiki dövrün modernləşmə-yeniləşmə prosesində bir problem var. Əvvəllər baba ilə nəvə arasındakı baxış fərqi, tutaq ki, 15 faiz olurdu ki, bunu da həzm etmək mümkün olurdu. İndi isə dəyişikliklər o qədər sürətlə gedir ki, keyfiyyətcə yeni bir insan tipi meydana gəlir və bu tiplər də insanları narahat edir. Misal üçün, babam başına börk qoyardı. Ancaq atam "norka” papaq geyərdi. İndiki nəsil isə, tutaq ki, papağı, ümumiyyətlə inkar edir. Bir də görürsən ki, baş örtüyü olmadan, qışın ortasında "dizi cırıq şalvarlar”da çıxıblar küçəyə...


- Hər zaman köhnə və yeni baxış söhbətləri olub, olacaq da...
- Əlbəttə, elədir. Amma baxır, köhnə dediyin nədir? Bizim elə adətlərimiz var ki, onun mövcudluğunun heç bir ziyanı yoxdur, əksinə, müsbət çalarlıdır. Köhnədən qalıb deyə, hər şeyi silib atmaq da olmaz. Bizim dövrümüzdə valideynə, ataya, ümumiyyətlə böyüklərə hörmət çox sərt tələb idi və bu hörməti göstərməyin formaları var idi. Məsələn, yaşadığımız evdə gün ərzində ata evə 10 dəfə də daxil olardısa, hər dəfə ayağa durardıq. İndikilərdən tələb etmək olmaz ki, sən 10 dəfə ayağa durub otur. Formanı dəyişməklə, məzmunu saxlamaq olar: axı böyüyə hörmət etməyin nə pis tərəfi var ki? İctimai nəqliyyatda yaşlı adam gəlirsə, ona yer verməyin nəyi pisdir ki?.. Burada cəmiyyətə ziyan verəcək heç bir şey yoxdur. Milli kimliyimizi ehtiva edən, cəmiyyət və özümüz üçün ziyansız olan adətləri qoruyub-saxlamalıyıq. Bu baxımdan, köhnə və indiki nəsil arasında ziddiyyət var. Bəzən insanları təəccübləndirən hallarla rastlaşıram. Bizim dövrümüzdə deyirdilər ki, böyüyün yanında gərək möhkəm danışmayasan, bu, eyib hesab olunurdu. Bu adət bizim canımıza-qanımıza hopub. Hərdən ictimai nəqliyyatdan istifadə edirəm. Görürəm ki, gənclərin səsi hər tərəfi götürüb, qışqıra-qışqıra danışırlar, ədəbsiz sözlər işlədirlər, yersiz hərəkətlər edirlər. Nə böyük-kiçik bilirlər, nə ətrafdakılara hörmət qoyurlar. Açıq-aşkar nümayiş etdirirlər ki, ətrafdakıların mənə aidiyyəti yoxdur. Qulağında qulaqcıq, ağzında saqqız çeynəyərək yanındakı yaşlını heçə saymaq, bəyəm, modernləşməkdirmi? Ümumi davranış qaydası var ki, buna riayət olunmalıdır. Əgər cəmiyyətin içində yaşayırsansa, ona hörmətlə yanaşmaq lazımdır.

- Qeyd etdiniz ki, sizin dövrünüzdə sərt tərbiyə üsulları var idi. Bəs həmin üsulları övladlarınızın üzərində tətbiq edirsinizmi?
- Milli-mənəvi dəyərlərə çox bağlıyam. Özümü azərbaycanlı və azərbaycançılıq ideologiyasından kənarda təsəvvür edə bilmirəm. İşimlə əlaqədar dünyanın müxtəlif ölkələrində oluram: sıralarında inkişaf etmiş ölkələr də var, inkişafdan qalmış ölkələr də. Ən inkişaf etmiş ölkədə belə 4-5 gündən artıq qala bilmirəm. Bu, təkcə Azərbaycanın iqlimi ilə bağlı deyil, onun adət-ənənəsinə bağlıyam. Biz azərbaycanlılarda, mənsub olduğumuz türkdilli xalqlarda insanlığa və bəşəriyyətə sevgi var, hörmət var. Gündəlik həyatımızda, bəlkə də, bunun fərqinə varmırıq, amma kənarda olanda, belə isti münasibət üçün qəribsəyirsən. İstiqanlılığı, ədəb-ərkana bağlılığı övladlarıma da təlqin edirəm. Əlbəttə, indiki dövrün tərbiyə üsulları da fərqlidir, dövrə uyğun metodlar tapmalısan. Əvvəlki dövrün tərbiyə metodu imperativ idi: deyiləni etməliydin. İndi isə, necə deyərlər, interaktiv üsul seçmək lazım gəlir. Nisbətən gənc yaşlarımda tərbiyə vermək metodu baxımından müəyyən çətinliklər çəkirdim. Həmkarlarımla söhbətlərdə hiss edirdim ki, onlar da bu ağırlığı çəkirlər. Köhnə standartları tətbiq edə bilməzsən, bu, aydındır. Amma hansı yeniliklər tətbiq etməlisən, hansı yeniliklərə açıq olmalısan ki, öz kimliyindən çıxmayasan? Hətta uşaqlar bütün dediklərimi qəbul etsələr belə, mən özüm hiss edirdim ki, onları çətinliyə salıram. Çünki bir ailənin standartları ailədən kənarda keçmir, cəmiyyətə uyğunlaşmaq lazımdır. Onları tutub-saxlayanda hiss edirəm ki, cəmiyyətdən təcrid olunurlar. Onları proseslərin gedişatına, hadisələrin axarına da tam buraxa bilmərəm, belədə görürsən ki, nələrsə yolunda getmir. Ortaq bir yol seçmək lazımdır...


- Övladlarınıza zaman ayıra bilirsinizmi?
- Əlbəttə, mənim üç övladım var, sonuncu qızıma nəvəm də deyirəm. Çünki iki övladdan sonra onun dünyaya gəlməsində böyük fasilə yarandı. Böyük qızım 20 yaşındadır, balacanın isə 8 yaşı var. İndi başa düşmüşəm ki, babalar niyə nəvələrini çox istəyirlər. Onlarla daha çox vaxt keçirirsən və onun səmimiliyini görə bilirsən. İlk övladım dünyaya gələndə kirayədə qalırdıq. Kirayə pulu, gündəlik dolanışığı təmin etmək üçün çox işləyirdik, buna görə də övladlarımıza lazımı qədər zaman ayıra bilmirdik. Belə olanda uşağın fərqinə vara bilmirsən... İndi, şükürlər olsun ki, hər şey yoluna düşüb və mən onlara daha çox vaxt ayırıram. Ən azı, hər gün axşam, əgər səfərdə deyiləmsə, zamanında evə gəlirəm, vaxtımı onlarla keçirirəm, söhbətləşirik, dərdləşirik, məsləhətləşirik.

- Övladın tərbiyəsində onun çevrəsinin və böyüdüyü mühitin də böyük rolu var. Belə olan halda, siz övladlarınızın dost çevrəsinə nəzarət edə bilirsinizmi?
- Əslində, məni bu məsələ çox narahat edirdi. Günü bütöv uşaqlarla keçirmək olmur. Cəmiyyət öz təsirini göstərir. Amma bir gün dostlarımızdan biri yaxşı məsləhət verdi: dedi ki, bu qədər narahatlıq keçirmə, övladlarına, xüsusən də qızına yaxşı təhsil ver. Əgər yaxşı təhsil alsa, şüuru daha yüksək inkişaf edəcək, yaxşını yamandan seçəcək, özü-özünü yanlışlardan qoruya biləcək. Sən ona mükəmməl təhsil versən, ona nəzarət etməyə ehtiyac yoxdur. Artıq özü müəyyən edəcək ki, yaxşı nədir, pis nədir. Mən bu fikri bəyənirəm və tətbiq edirəm, amma istənilən halda uşağı müəyyən yaşa qədər tamamilə sərbəst buraxmaq olmaz. Valideynin seçim üsulu olmalıdır ki, ona hər yaşda necə davranmağı öyrətsin. 18-20 yaşa qədər uşağın üzərində nəzarət olmalıdır. Nəzarət o demək deyil ki, övladın hər addımını izləməlisən. Uşağa sərbəstlik də vermək lazımdır. Nə qədər istəsək də, çərçivəyə sala bilmərik. İndi müasir dövrdür, evimizin dəvətsiz qonağı olan televiziyalarda ən azı 180 kanal var, gənclərin baxış bucağı da dəyişir. Mən övladlarıma orta məktəbdə telefon almamışam. Yuxarı sinfə keçəndə isə onlarla əlaqə saxlamaq üçün telefon aldım. Bu telefon da smartfon deyil, zəng eləmək üçün idi. Uşaqlarım haqqında ən yaxşı informasiyanı onlar özləri verirlər. Şərait yaratmışam, hər şeyi özləri danışırlar. Bir-birimizə güvənirik. Amma istənilən halda həftədə bir dəfə məktəbə gedib uşağın dərs sistemi ilə maraqlanmışam, yoldaşlarını araşdırmışam, kənardan da olsa, nəzarət sistemim olub. Amma bundan özlərinin çox zaman xəbərləri olmayıb. İstəməmişəm düşünsünlər ki, mən onları izləyirəm. Sadəcə, valideyn uşağın bütün fəaliyyətlərindən xəbərdar olmalıdır.


- Bəs onların təhsilinə müdaxilə edirsinizmi?
- Hər zaman övladlarıma demişəm ki, dövrün tələblərindən irəli gələn bütün şıltaqlıqlarınıza dözərəm, təkcə təhsildən başqa. Təhsildə güzəşt ola bilməz. Onların ixtisas seçiminə müdaxilə etmirəm. Böyük qızım kollecədə oxuyur, bağça müəlliməsi olmaq istəyirdi. Heç bir etiraz etmədim. Amma dedim ki, kolleci bitirib ali təhsil də al. Razılaşdıq, indi universitet imtahanlarına hazırlaşır. 18 yaşı olan kimi imtahan verib sürücülük vəsiqəsi də aldı. Dil kurslarına da gedir. Hesab etmirəm ki, insan təhsilin akademik nöqtəsinə çatmalıdır, akademik olmalıdır. Ən azı həyatda seçim edəcək qədər bilgisi olmalı, dillər bilməlidir. Azərbaycan dilini gözəl bilirlər və sevirlər. Bununla bərabər, kursa gedirlər, ingilis dili öyrənirlər.

- İndi daha çox ziyalı təbəqənin nümayəndələri övladlarını rusdilli məktəblərə yazdırır və bununla fəxr edirlər. Bəs siz necə?
- Mən onları xarici dilli məktəbə qoymamışam. Bunu bilərəkdən etmişəm. Hesab edirəm ki, Azərbaycanda yaşayan vətəndaşın övladı Azərbaycan dilində təhsil almalıdır. Hətta övladlarıma demişəm ki, ingilis dilini öyrənəndən sonra rus dilini də öyrənərsiniz. Amma təməl təhsil, tərbiyə doğma dildə olmalıdır. Mən bunun variantını görmürəm. Milli kimlik bir bütöv kompleksdir. Baxış sistemi, dünyagörüşü, dili, fizioloji görkəmi, təfəkkürü ilə, düşüncə tərzi ilə tam bir məsələdir. Misal üçün, siz "Gallenvagen” maşınına rusun "Vaz 2106” maşınının təkərini bağlaya bilməzsiniz. Axsayacaq, özünü itirəcək, sonda qəza törədəcək. Azərbaycanlısansa, təfəkkür tərzin, hadisələrə baxışın, mədəniyyətin, danışığın Azərbaycan dilində olmalıdır. Xarici dil öyrənmək isə mütləqdir.

- Övladlarınız sizin peşənizi davam etdirmək fikrində deyillər. Özünüz istəmədiniz, yoxsa onların jurnalistikaya marağı olmadı?
- Atam hər zaman deyirdi ki, kim olursan-ol, peşəkar ol, sevdiyin işlə məşğul ol. Əslində, onlar təkid etmədilər ki, jurnalist olmaq istəyirlər. Mən də elə situasiya yaratdım ki, bu peşəni seçməsinlər. Böyük qızım Şuşa Humanitar Kollecində bağça müəlliməliyini oxuyur. Paralel şəkildə universitetə hazırlaşır. Oğlum Murad yüksək qiymətlə orta məktəbi bitirdi. ADA universitetində ingilis dilində informasiya texnologiyaları ixtisası üzrə təhsil alır. Muradı məktəbə tez qoymuşdum. Birinci kursu bitirəcək, hələ 17 yaşı var. Kiçik övladım nənə-baba yanında çox olub. Adı Mələkdir, 8 yaşın içindədir. Dərs əlaçısıdır. 49 nömrəli məktəb-liseyə qoymuşam.


- Mələyi fərqli edən nədir?
- Nənə, baba sevgisi. Onun təhsil aldığı məktəb Bayraq Meydanı ilə üzbəüzdür. O, uşaq olanda həftədə bir neçə dəfə məni məcbur edirdi ki, Bayraq Meydanına gedək. Bayrağa salam deyib qayıdırdı. Məktəbə qoyulmasında seçim o olub ki, məktəbi Bayraq Meydanının ətrafında olsun, bayrağa nə qədər istəyir salam versin. Hazırda bayraq dirəyi təmirdədir. Hər gün oradan keçəndə deyir ki, "salam, Azərbaycan bayrağı, sənə yaxşı tikiş arzulayıram”. Onun bu cür yanaşması mənə də maraqlıdır. Onunla tez-tez söhbət edirik.

- Adətən valideynlər ilk övlada düşkün olurlar, ancaq siz deyəsən sonuncusuna düşkünsünüz.
- Çalışıram ki, sevginin artığı, əskiyi olmasın. Düzdür, cəmiyyətdə belə bir baxış var, xüsusən də kənd yerlərində. Oğlan uşağına xüsusi önəm verirlər. O qədər ailələr var ki, bunun qurbanı olublar. Evin böyük oğlu mütləq şəkildə qeyd-şərtsiz hörməti gətirilməli, işlə, təhsillə təmin olunmalıdır və ondan sonra digər övladlara diqqət yetirilməlidir. Bunun hamısını paralel şəkildə digər övladlara etməyə gücləri çatmırdı və bütün potensiallarını böyük ovladın üzərinə yatırırdılar. Mən belə ailələrin şahidi olmuşam. Bu, yanlış düşüncə tərzidir. Uşağa potensialına və bacarığına görə yön vermək lazımdır. Uşaq valideynin canıdır, qanıdır, özüdür. Sən bir gözünü çox, o biri qulağını necə az istəyə bilərsən? Uşaqlar arasında fərq qoymuram. Təbii ki, onların fərqli xüsusiyyətləri var. Nəfəsin çatdığı qədər çalışmalısan ki, o bərabərliyi yarada biləsən. Övlad Allahın gözəl payıdır. Mənim ən gözəl sərvətim övladlarımdır.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər