AZE | RUS | ENG |

Ən çox islahat həyata keçirmiş ölkə

Ən çox islahat həyata keçirmiş ölkə
2014-cü ildən sonra aparılan dərinləşmiş islahatlar ölkəmizin beynəlxalq hesabatlardakı mövqeyinin daha da yaxşılaşmasına səbəb olub

Azərbaycanda həyata keçirilən islahatlar, "qara qızılın” insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar, uğurla icra edilən regional inkişaf proqramları ölkəmizin hərtərəfli inkişafına səbəb olub. Bu inkişaf və tərəqqi, müasir dövrün tələblərinə, xalqın rifahına və milli maraqlarımıza söykənən siyasi kurs Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirib. Fərəhli haldır ki, bu reallıqlar yalnız yerli mütəxəssislər tərəfindən deyil, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunur. Dünya Bankının "Doing Business” reytinqində ölkəmizin hər il bir qədər də irəliləməsi də bu qəbildən olan hadisədir. Belə ki, Dünya Bankının "Doing Business-2019” reytinqində Azərbaycan 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Bundan əvvəlki hesabatda isə ölkəmiz 57-ci yerdə qərarlaşmışdı. Heç şübhəsiz bu, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət kursunun uğurlarını özündə ehtiva edən daha bir göstəricidir. Bu göstərici onu deməyə əsas verir ki, dövlət başçısının sosial-iqtisadi siyasəti alternativsizdir. 
 
 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili mövzu ilə bağlı bildirib ki, iqtisadiyyat sağlam özəl sektor olmadan inkişaf edə bilməz. Onun sözlərinə görə, özəl sektor inkişaf etdikcə yeni iş yerləri yaranır, ölkə daxilində xərclənən və investisiya qoyula biləcək gəlir yaranır. Millət vəkili deyib ki, iqtisadi cəhətdən inkişafa diqqət yetirən hər bir ölkə kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına təsir edə biləcək qanunların qəbul olunmasına və tənzimləmələrin tətbiqinə xüsusi diqqət yetirirlər: "Səmərəli biznes tənzimləmələri mikro və kiçik sahibkarlara böyümək, innovativ fəaliyyət göstərmək və qeyri-qanuni fəaliyyətdən qanuni fəaliyyətə keçmək üçün imkan və stimul yaradır. Qanuni fəaliyyətlə məşğul olmaq asanlaşdıqca qeyri-qanuni fəaliyyət göstərmək çətinləşir və ya əksinə. Dünya Bankının dərc etdiyi "Doing Business-2019” hesabatı 190 ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı olan qanunverici aktların və onların tətbiq olunmasını obyektiv olaraq qiymətləndirməyə imkan verir. Hesabat 11 indikator üzrə ölkələri təhlil etsə də, reytinq cədvəlində əmək bazarının tənzimlənməsi indikatoru istisna olmaqla, 10 indikatorun göstəricilərindən istifadə olunur. "Doing Business-2018” hesabatında 57-ci yerdə qərarlaşan Azərbaycan "Doing Business-2019” hesabatında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb. Azərbaycan hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri olub. Bu TOP 10 ölkələr əsasən biznesə başlama, kredit əldə etmək və vergi ödəmək sahələrində 62 islahat həyata keçiriblər. Bundan əlavə, Azərbaycan hesabatın 10 indikatorundan 8-də islahatlar həyata keçirərək öz mövqelərini yaxşılaşadırmış və islahatların sayında görə dünyada 1-ci olub. Bakı İcra Hakimiyyətində tikintiyə icazələrin "bir pəncərə” prinsipi ilə verilməsi, elektrik şəbəkəsinə qoşulmaları azaldan "ASAN Kommunal” mərkəzlərini açılması, yeni kredit bürosunun yaradılması kimi tədbirlər ölkəmizin hesabatda mövqelərini xeyli yaxşılaşdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və institutsional islahatlar ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli etməkdədir. Dünya Bankının apardığı təhlillərin nəticələri bunu bir daha göstərir. İslahatların dərinləşməsı və əhatəliliyinin artması ölkəmizdə biznes mühitini daha da inkişaf etdirməklə, əhalinin rifah halının daha da yaxşılaşmasına imkan yaradacaq”.
 
 

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov da qəzetimizə açıqlamasında deyib ki, Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycanın 25-ci yerdə qərarlaşaraq MDB ölkələri arasında ən yüksək yerə layiq görülməsi heç də təsadüfi deyil. Onun sözlərinə görə, Azərbaycanda gedən islahatlar - xüsusilə 2015-ci ilin sonlarından ölkədə post-neft dövrünün başlandığı elan edildikdən sonra başlayan iqtisadi islahatlar iqtisadiyyatın real sektorunun sürətli inkişafını təmin etməyi hədəfləyib. Professor hesab edir ki, neftin qiymətlərinin kəskin azalmasından sonra Azərbaycan hökumətinin müəyyən etdiyi sürətli iqtisadi islahatlar strategiyasına yüksək qiymət verənlərdən və onu ilk dəstəkləyənlərdən biri də məhz Dünya Bankının rəhbərliyi olub: "Onlar hələ islahatların başlanğıc mərhələsində Azərbaycan hökumətinin bu addımlarını başqa neft ölkələrinə nümunə göstərərək, bu yolda ölkəmizə yaxın dəstəkçi olduqlarını da bəyan ediblər. Dünya Bankı dünyanın ən nüfuzlu maliyyə institutudur. Onun hesabatını heç bir təşkilatın hesabatı ilə müqayisə etmək mümkün deyil. Azərbaycanın bu hesabatda ən çox islahat aparmış bir ölkə kimi qeyd edilməsi beynəlxalq müstəvidə bu informasiyanı alan hər bir tərəf üçün ciddi bir siqnaldır və ölkəmizin uğurlarına qara yaxmaq istəyənlərə tutarlı cavabdır. Bu onu göstərir ki, Azərbaycan öz iqtisadi strategiyasını düzgün müəyyən edib və onu tam doğru bir yolla irəliyə aparır. Bu ilin 9 ayının yekunları bir daha sübut etdi ki, 3 il bundan öncə ölkədə post-neft erasının başlandığını bəyan edən ölkə başçısının müəyyən etdiyi yeni iqtisadi islahatlar strategiyası nə qədər düzgün bir seçim idi. Bu islahatların müəllifi məhz Prezident İlham Əliyevdir. Ötən üç il ərzində o, islahatların uğuru üçün lazım olan ən qətiyyətli addımları belə atmaqdan çəkinməyib. Nəticələr isə göz qabağındadır. Bunu tək biz demirik. Bunu artıq az qala bütün dünya ölkələrinin üzv olduğu ən mötəbər bir maliyyə institutunun rəsmi hesabatı deyir”.
 
 

Sonda bir daha vurğulayaq ki, "Doing Business 2019” hesabatı və ölkəmizlə bağlı orada yer alan məlumatlar Azərbaycanda aparılan islahatların əhəmiyyətinin beynəlxalq miqyasda təsdiqidir. Məhz bu islahatlar dünyanın ən aparıcı hesabatında ölkəmizin mövqeyinin kəskin möhkəmlənməsinə gətirib çıxarıb.

Rufik İSMAYILOV
 
 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299