Ən böyük sirr çalışqanlıq, yorulmamaq və qane olmamaqdır - Uğur hekayəsi
Lazımi anda lazımi yerdə və lazımi insanların əhatəsində
olmağın gərəkli olduğunu düşünür. Deyir ki, şans ondan düzgün istifadə etdiyin
halda uğur qazanmaqda rol oynayır. Ona görə, özünə qarşı tələbkarlıq, iradə
gücü önəmlidir. Ən böyük sirri isə çalışqanlıq, yorulmamaq və qane olmamaqdır.
Çünki o, nə aldığı təhsillə, nə də vəzifə ilə kifayətlənib.
Müsahibimiz SOCAR-AQS MMC-də Təlim və bacarıqların
inkişafı üzrə rəhbər Tural Məmmədovdur.
Həmsöhbətimiz Gürcüstanda anadan olub. Orta məktəbi
bitirdikdən sonra 682 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
İnzibati İdarəetmə ixtisasına qəbul olub. Magistratura təhsilini həm Almaniyada
Schmalkalden Universitetində Beynəlxalq biznes və iqtisadiyyat üzrə həm də
ABŞ-da Texas San Antonio St.Mary’s universitetində MBA üzrə bitirib. 2011-ci
ildən SOCAR-ın Baş ofisində işə qəbul şöbəsində mütəxəssis, 2013-cü ildən
aparıcı mütəxəssis, 2014-cü ildən rəis müavini kimi davam edib. 2015-ci ildən
2019-cu ilə qədər Təlim və İnkişaf şöbəsinin rəisi işləyib. 2019-cu ilin iyul
ayından isə SOCAR-AQS MMC-də Təlim və bacarıqların inkişafı üzrə rəhbər vəzifəsində
çalışır.
- Tural bəy,
Azərbaycanda inzibati idarəetmə üzrə oxuduğunuz halda, xaricdə təhsilinizi iqtisadiyyat
üzrə davam etdirmisiniz. Bu sahəyə getməyə sonradan qərar verdiniz?
- Əslində iqtisadçı olmaq istəyirdim. 682 bal
topladım. Seçdiyim ixtisas ən yüksək keçid balı tələb etdiyi üçün balın yüksəkliyinə
aldanıb yazdım. Düşünürdüm ki, ən yüksək bal buradırsa, deməli, ən keyfiyyətli
yer də buradır. Bugünkü abituriyentlərin əsasən 90 faizinin seçimində bu nüans
rol oynayır. Amma düzgün yanaşma deyil. Mənim şansım gətirdi və seçimimə görə
peşman olmadım. Çünki ixtisasımda təhsil iki istiqamətdə - hüquq və
iqtisadiyyat üzrə aparılırdı. Mən həm hüquqi, həm də iqtisadi təhsil aldım.
Daha sonra isə sevdiyim ixtisasa xaricdə davam etdim.
- Sizin bəxtiniz
gətirib amma bəxti gətirməyənlər də olur. Gənclər ixtisası seçərkən nələrə diqqət
etməlidir?
- Əmək bazarını mütləq təhlil etməlidirlər. Ümumiyyətlə,
burada gənclərin günahı yoxdur. Günah cəmiyyətdə, mentalitetdədir. Yəni
valideynlər, qohumlar və onların təzyiqləri. Mən də həyatımda bunlarla üzləşmişəm
və indi də var. Hətta iş yerini dəyişəndə evdən mənə "dövlət sektorundan özələ
niyə gedirsən” kimi təzyiqlər olurdu. Onlara qarşı çıxmaq indiki yaşda asan
olsa da, tələbəlik illərində çətindir. Gənclərlə yanaşı valideynlərə də müraciət
edərdim ki, bazarı daha çox analiz etsinlər. Valideynlər get-gedə müasirləşir.
HR təşkilatları hər il əmək bazarı ilə bağlı araşdırma və hesabat çap edirlər.
Onları araşdırıb uyğun seçim etmək lazımdır ki, işini bitirdikdən sonra lazımsız
qalmayasan. Məsləhət ala biləcəyiniz peşəkar kouç şirkətləri var. İnsanın mənəvi
intellektual ehtiyacları olur və ehtiyacını özün dərk etməlisən. Gənclər
ixtisas seçimi edərkən nə istədiklərini bilmir və buna görə də məqsədsiz gənclər
toplusu yaranır. Bəzi tələbələr universitetə girmək xatirinə, ailə təzyiqi ilə
oxuyurlar. Daha sonra işləməyəndə günahı cəmiyyətdə, dövlətdə axtarırlar. İlk
növbədə günahı özündə axtarmaq lazımdır. Hazırda data analitikası,
proqramlaşdırma, blokçeyn texnologiyasını bilən gənclərə ehtiyac var. Sıfırdan
proqramlaşdırma öyrədən mərkəzlər var. Çünki buna ehtiyac böyükdür. Bundan əlavə,
Almaniyada peşə təhsili prestijli təhsil növüdür. Amma bizdə kimin uşağı oxumur,
yaxud çətin tərbiyə olunandır, peşə təhsilinə yönləndirirlər. Elə qaynaqçı var
ki, ali təhsilli mühasibdən 5 qat artıq maaş alır. Qazmaçı köməkçisi böyük şirkətlərdə
kifayət qədər yüksək pul qazanır. Ali təhsili yoxdur, sadəcə, qazma işini mükəmməl
bilir. İşini peşəkar görən bütün insanlar seçilir, pul qazanır, rəqabətdə digərlərini
udurlar.
- SOCAR-da müəyyən
pilləyə qədər gəldikdən sonra işinizi dəyişib, fərqli kollektivlə davam
etmisiniz. Nə üçün? Komfort zonadan çıxmaq çətin deyil ki?
- İki qurbağanın birini qaynar, digərini soyuq
qazanda qaynadırlar. Qaynar qazanda olan qurbağa qaçır. Digəri yavaş-yavaş
qaynamağını hiss etmir və ölür. İnsan bir mühitdə qalırsa, kök atır, uyğunlaşır
və elə bilir ki, oradan daha gözəl iş yeri yoxdur. Nəticədə şirkət ona öyrəşir,
o şirkətə. Gündəlik gününü keçirməklə məşğul olur və yerində sayır. Orta
hesabla bir işçinin eyni iş yerində yetişmə və "komfort zona”ya qapılma müddəti
3 il hesab edilir. 3 ildən sonrakı hər ay, bugünkü sürətli dəyişiklik mühitində,
işçi geriyə gedir, inkişafdan qalır. Bu arqument, normal iş şəraiti, bəlli, oturuşmuş
funksiya və təşkilati struktur şərtləri altında qüvvədədir. Hər hansı bir müddətli
layihə idarə, icra edən işçilərdə bu müddət layihənin bitmə vaxtı ilə
ölçülür. Əksər insanlar iş yerlərində
"komfort zona”nı tərk etməyə meylli olmurlar. Buna səbəb işçinin özünə, bilik,
bacarıq, qabiliyyətlərinə və hazırkı işinə qarşı hiss etdikləri və düşüncələrini
daxili dialoqla sorğuya çəkməməsidir. "Komfort zona”dan çıxmaq antibiotik
kimidir. İnsana virus daxil olmasa, o virusa qarşı immunitet formalaşmır. Düşünürəm
ki, özünüinkişaf üçün mütləq komfort zonadan çıxmalısan. Təbii olaraq, çətinlikləri
var. Amma üstünlükləri daha çoxdur. Birincisi və ən əsası, dəyişikliklərin idarə
olunması bacarığının inkişaf etdirilməsidir. Yeni mühitdəki çətinliklər,
onların öhdəsindən gəlmək üçün düşünülən yeni həll yolları, çətinliklərə və
problemlərə qarşı "immunitet” formalaşdırır ki, bunlar da ən qiymətli bilik
hesab edilən "öyrənilmiş dərslər” formasında gələcək istifadə üçün dəyərli
resursdur. Bundan savayı, yeni insan münasibətlərinə daxil olmaq ünsiyyət,
problem, konflikt həll etmə bacarıqlarını əsaslı surətdə inkişaf etdirir. Yeni
insanlarla tanışlıq 21-ci əsrin ən qiymətli resurslarından olan "şəbəkələşmə portfelinizi” gələcək karyeranız
baxımından genişləndirir. İnsan özünə nə isə qatmağa, öyrənməyə çalışmalıdır.
- Sizcə, öyrənmək,
özünə nə isə qatmaq hansı vaxta qədər davam etməlidir? Ümumiyyətlə, bunun bitmə
vaxtı, "relax”zamanı varmı və karyerada bu nə dərəcədə rol oynayır?
- Özünə əlavə etmək davamlı olmalıdır, ölənə qədər.
İndiki dövr informasiya, dəyişiklik, şəbəkələşmə əsridir. 60-70-ci illərdə
alınmış ali təhsil diplomu əmək bazarında 20 il insana kömək edir. 80-ci ildə
bu 10 ilə, 90-cı ildə 5 ilə düşdü. 2000-ci ildə 3 il bizə lazım oldu. İndi isə
ali təhsil diplomunu bitirdin bir ay sonra aldığın biliklər artıq köhnəlmiş
sayılır. Yəni bakalavr, magistr, doktorantura ilə iş bitmir. Düşünürəm ki,
yaxın 10 ilə formal ali təhsil yavaş-yavaş sıradan çıxacaq. Bunun yerini
qısamüddətli sertifikasiya təlimləri tutacaq. Gənclərə şiddətlə tövsiyə edəcəyim
məsələ şəbəkələşmədir. Dünyanın bütün şirkətlərində şəbəkələşmə karyerada ciddi
rol oynayır. Hər bir insan yanında tanıdığı, işini bildiyi işçini tələb edir. Tələbə
vaxtı bunlarla məşğul olmadığım üçün peşmanam. O vaxtları başımı kitabdan
qaldırmırdım. Bu sahədə özümdən böyük uğurlu adamlarla ünsiyyətdə olub, əlaqələr
qurmamışam. Yaxşı oxumaq, əlaçı olmaq, səliqəli xətt karyerada o qədər də rol
oynamır. Ünsiyyət bacarığı ən əhəmiyyətlisidir. Bizim məzunlarda özgüvən,
ünsiyyət yaxşı olmur. Savadları yüksək olsa belə, rəqabətdə geri qalırlar. Siz
hansısa nəzəriyyəni bilməyə bilərsiniz,
oxuyub öyrənəcəksiniz. Amma özgüvən, özünüinkişaf, ünsiyyət, konflikt həll
etmə, liderlik, tez qərar vermə ən əhəmiyyətlisidir. İşçilər də əmək bazarında
məhz bu faktorla qalib gəlir və ya uduzur. Bir müddət sonra bilik hamıda eyniləşir.
İqtisadiyyatın nəzəriyyələrini hamı bilir, amma onu tətbiqini hər kəs eyni edə
bilmir. Bu sadaladığım biliklər isə orta məktəbdən gəlir, universitetdə
qazanılmır.Bu bacarıqların təməli orta məktəblərdə qoyulmalıdır. Bu gün, təəssüflər olsun ki, orta məktəblərimizdə bu nüansa önəm verilmir. Ona gorə də gənclər məcburdurlar ki, ali təhsil dövründə və sonradan müxtəlif ədəbiyyatlar oxumaq ve kurslara getməklə bu bacarıqlarını inkişaf etdirsinlər”.
- Təhsili əhəmiyyətinin
illərə görə dəyişməsi nəsillərin münaqişəsini yaradır və yaşlı nəsil gənclərin
rəhbər olmasını qəbul edə bilmir. Yaşlılar gənclərə "dünənin uşağı” kimi
yanaşırlar. Yəqin ki, özünüz də bu halla rastlaşmısınız?
- Bəli, rastlaşmışam. Özünü sübut etmək üçün zaman
lazımdır. Zamanla hər şey yoluna düşür. Gənc belə münasibəti normal qəbul edib
zamana buraxmalı və özünü sübut etməlidir. Öz işini ortaya qoyanda onsuz da
yaşlı da, gənc də bunu anlayır. Hörmətlə yanaşmaq lazımdır. Çünki hörmət hörməti
gətirir. Amma yaşlı olmaq o demək deyil ki, sən əvvəlki biliklərinə arxayın
olub, özünü inkişaf etdirməməlisən. İnsan ölənə qədər, yaşlı olsa belə, öz üzərində
işləməlidir. Öz üzərində işləsən sən də gənclərdən geri qalmarsan. Köhnə təhsilə
güvənmək olmaz. Bu gün gənclərin vəzifəyə gəlməsi tələbatdır. Mənim bir əməkdaşımın
70 yaxın yaşı var və ancaq xaricilərlə işləyir. Heç də müasir gənclərin bildiklərindən
az bilmir. Öz yaşıdları ilə müqayisədə rəqabətdə çox öndədir. 35-36 yaşında
olan biri deyir ki, mənimki keçdi bundan sonra nə oxuyacam. Bu, cəmiyyətin bəlasıdır.
Məsələn, mənə də evdə deyirlər ki, şöbə rəisisən yenə oxuyursan. Düşünürlər ki,
şöbə rəisi oldunsa, oxumağı dayandırırsan və səndən ağıllısı yoxdur. İstər gənc,
istər yaşlı daim öz üzərində işləməlidir.
- Bəs vaxtı
necə planlaşdırırsınız. Ailəsiniz, işiniz var və daim öz üzərinizdə işləyirsiniz...
Tez-tez "çatdırmıram”, "vaxtım yoxdur” sözləri ilə rastlaşırıq.
- Yazmasam planlaşdıra bilmərəm. Planlama məndə həftəlik
olur. Hər həftəsonu növbəti həftənin 5 günü planlaşdırılır. Hələ həftədə 3 dəfə
idmana da gedirəm. İdman insanın həm şəxsi həyatına, həm də karyerasına çox
böyük motivasiya, enerji verən faktordur. Mən bədənimdə də transformasiya
keçmişəm. İdmanın gücü ilə 1 ildə 100 kilodan 80 kiloya düşdüm. Bəzən mən də
"vaxtım yoxdur” sözündən istifadə edirəm. Amma o sözü heç sevmirəm. Biz zamanı
tənqid edirik, amma zaman danışsa, utanarıq. Çalışıram boş qalmayım. Vaxt elədir
ki, onu itirdinsə, geri qaytarmaq olmur. Əgər planla hərəkət etsəniz və istəsəniz
vaxt taparsınız.
- Uğurlu
karyerada ailənin rolu nə qədər önəmlidir?
- Çox önəmlidir. Mənə elə gəlir ki, subay adam rəhbərlik
xüsusiyyətlərini göstərə bilmir və uğurlu ola bilmir. Uğurlu olmaq üçün uğurlu
ailən olmalıdır. Ailə insanın mənəvi-psixoloji əhval ruhiyyəsini tonusda
saxlamaq üçün çox önəmlidir. Tənhalıq lazımsız məşğuliyyətlərə gətirib çıxarır
və həyata tutunma motivasiyasını azaldır. Mənim ailəm olmasa idi uğurlu ola
bilməzdim. 5 günüm çox məşğul olur, amma həftə sonu işə vaxt ayırmağa
tolerantlığım sıfırdır. Ailəm mənim dərmanım, motivasiyamdır.
- Uğur
sirriniz nədir?
- Uğurun sirri özünüzdədir. Filankəs bunu etdi mən
də edib uğurlu olacağam deyə bir şey yoxdur. Mühit, qarşılaşdığın insanlar və
öz düşüncələrin çox önəmlidir. Tənqidə qarşı həddindən artıq dözümlüyəm. Tənqid
yeganə pulsuz verilən məsləhətdir. Çox adam bunu başa düşmür. Tənqidsiz inkişaf
etmək mümkün deyil. Mən özüm də işdə tənqid qəbul etməyən əməkdaşla işləyə
bilmirəm. Tənqid eşitməmək insanı uçuruma aparır. Özünə qarşı tələbkarlıq, iradə
gücü çox önəmlidir. Ən böyük sirr çalışqanlıq, yorulmamaq və qane olmamaqdır.
Uğur ən ucuz şeydir. Çünki onu əldə etdinsə, sıfırdan başlayırsan. Yenə də
davam etməlisən və kifayətlənməməlisən. Uğurlu olmaq istəyirsənsə, neqativ
saçan insanlardan - enerji vampirlerindən uzaq gəzməli və tənqidə təşəkkürlə
cavab verib öz üzərində işləməlisən.
Aygün ƏZİZ