• cümə axşamı, 25 aprel, 10:36
  • Baku Bakı 14°C

Ən böyük savab

18.07.13 10:24 1597
Ən böyük savab
Bu günlərdə təsadüfən bir ailə tanıdım. 4 uşaqlı ailədir, amma uşaqlardan yalnız biri ailənin doğma övladıdır. Qalan 3 uşaq ailə tərəfindən qəyyumluğa götürülüb. Özü də ailə özü yataqxanada yaşaya-yaşaya bu addımı atıb. Səbəb uşaqların valideynlərinin yaşadığı həyatdır. Belə ki, həmin uşaqların anaları uşaq evində böyüyüb, sonradan həyatın sərt üzü ilə qarşılaşan gənc qadın bir neçə dəfə ailə qurmaq adı ilə aldadılıb və hər dəfə də bir uşaq dünyaya gətirib. Sonuncu “həyat yoldaşı” da xəstəliyi səbəbindən ondan ayrılaraq başqa yerdə yaşayır. Qadın dünyasını dəyişdikdən sonra özlərinin yeganə qızlarını gəlin köçürən qonşular uşaqlar da eyni taleyi yaşamasın deyə onları övladlığa götürüblər. Bu, təbii ki, örnək olası bir faktdır. Lakin məsələ ondadır ki, həm mövcud qanunvericilik, həm təcrübə Azərbaycanda hələ ki, qəyyumluğun yüksək səviyyədə inkişafına imkan vermir.
Müvafiq qanunvericiliyə görə, uşaqlar övladlığa iki halda verilir. Bunlardan biri uşaqların Azərbaycan vətəndaşlarına, digəri isə xarici vətəndaşlara övladlığa verilməsi ilə bağlıdır. Ölkə qanunvericiliyиnə əsasən, hər bir Azərbaycan vətəndaşı azərbaycanlı uşaqları övladlığa götürə bilər. Bu zaman həmin insanların hansı təbəqəni təmsil etməsi nəzərə alınmır. Əsas meyar ondan ibarətdir ki, uşağın övladlığa verildiyi ailə onun bütün hüquqlarını qoruya bilsin. Təhsil almasını, sağlamlığını təmin etsin.
Bununla belə, təəssüf ki, uşaqların övladlığa verilməsi məsələsində çoxlu problemlər var. Uşaqların övladlığa və ya qəyyumluğa verilməsi hazırda da Sovet dövründən qalma mexanizmlərlə həyata keçirilir. O zaman uşaqların müdafiəsini təmin edən dövlət qurumları yüksək səviyyədə fəaliyyət göstərirdi. Amma hazırda Azərbaycanda mövcud olan uşaq müdafiə qurumları - azyaşlılar komissiyası, icra hakimiyyətləri yanında qəyyumluq və himayədarlıq orqanı müasir beynəlxalq tələblərə cavab verən səviyyədə fəaliyyət göstərmir. Ekspertlər bildirirlər ki, Azərbaycan bu sahədə aparılan islahatlara görə, hətta MDB ölkələrindən də bir qədər geri qalır. Uşaq hüquqları üzrə ekspert Nabil Seyidov deyir ki, dövlətin övladlığa verilən uşaqlar üzərində nəzarətini təmin etmək üçün mexanizmlər yenilənməlidir: “Bu nəzarət müəyyən bir müddət ərzində olmalıdır. Həmin uşaqlara ömürləri boyu nəzarət dövlətin də marağında deyil və uşaqların verildiyi şəxslər onların qanuni nümayəndələri sayılır. Bu baxımdan dövlətin müdafiəsi yolverilməzdir və dövlət uşaq müdafiə təşkilatları vasitəsilə həmin ailələr üzərində himayəni müəyyən müddət həyata keçirməlidir. Çünki uşaqların övladlığa verilməsindən sonra ailədə müəyyən problem yarana bilər. Buna görə də dövlətin uşaq müdafiə qurumları övladlığa verilən bütün uşaqları öz himayəsi altına alınmalıdır. Uşaqların özündən, onların valideynlərindən və başqa kanallardan uşaqların hüquqlarının pozuntusu ilə bağlı hər hansı məlumata dərhal reaksiya verilməlidir. Etiraf edək ki, müvafiq dövlət qurumları hazırda bu vəzifəni yetərincə həyata keçirə bilmir. Hazırda hər il minlərlə uşaq övladlığa və qəyyumluğa verilsə də, onların taleyi ilə heç də həmişə maraqlanmırlar”.
Qeyd edək ki, “Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı” Dövlət Proqramı işlənib hazırlanıb və bu proqram 2015-ci ilədək reallaşmalıdır. Burada 15 minədək uşağın bioloji və növbəti ailəyə verilməsi nəzərdə tutulur. N.Seyidovun sözlərinə görə, hazırda internat evlərində olan uşaqları 3 kateqoriyaya bölmək olar: “Onlardan birinci qrupu tam bioloji ailələri olan uşaqlardır. Həmin valideynlər hanısa problem səbəbindən uşaqlarını internat evlərinə yerləşdirib. İkinci kateqoriyaya əlilliyi olan uşaqlar daxildir. Həmin uşaqların ailələrə verilməsi bir qədər çətin prosesdir. Üçüncü kateqoriyaya isə təhsil nöqteyi-nəzərindən internata yerləşdirilən uşaqlar daxildir. Araşdırmalar göstərir ki, ilkin olaraq bir və hər iki valideyni olan uşaqların ailələrə verilməsi məqbul olardı. Bu zaman elə ailələr seçilməlidir ki, onlar uşaqlarını geri götürmək istəyir, amma hansısa problem səbəbindən bu arzularını yerinə yetirə bilmir. Övladlıq, qəyyumluq və himayədarlıq mexanizmləri tam hazırlandıqdan sonra isə əlilliyi olan və digər uşaqların ailələrə verilməsini həll etmək olar”.
Qeyd edək ki, Təhsil Nazirliyi uşaqların bioloji və alternativ ailələrə verilməsi mexanizmlərini hazırlamalıdır. Açıqlanan məlumatlara görə, artıq proqramın icrası ilə bağlı araşdırma fazası bitib. Mexanizmlər tam hazırlandıqdan sonra müvafiq qurumlarla müzakirə edilməli, sonra iki illik pilot proqram həyata keçirilməlidir. Bununla da müəyyənləşdirilmiş sayda uşaq ailələrə qaytarılacaq. Nəticələrə uyğun olaraq isə digər uşaqların ailələrə verilməsi prosesinə başlanılacaq: “Nəzərə almaq lazımdır ki, 5000-dək uşağın bioloji ailəsi yoxdur. İkinci mərhələdə isə həmin uşaqların üçüncü ailələrə verilməsi məsələsinə baxılacaq. Bu isə bir qədər çətin prosesdir. Həmin alternativ ailələrin tapılması, məlumat bazalarının yaradılması, onlar üçün təlimlərin keçirilməsi bir qədər vaxt aparacaq. Ən çətin məsələ isə əlilliyi olan uşaqların ailələrə verilməsidir”.
Uşaq QHT Alyansının sədri Nazir Quliyevin sözlərinə görə, övladlığa götürmə bütün dünyada ən məsuliyyətli və çətin məsələlərdən biridir. Elə məhz bu səbəbdən bu proses məhkəmə yolu ilə həyata keçirilir. Dünya təcrübəsində uşaqların ailə mühitinə yaxın bir mühitdə yaşaması üçün onların övladlığa və qəyyumluğa verilməsi önəmli məsələlərdən biridir: “İnkişaf etmiş ölkələrdə övladlığa verilən uşaqların taleyi hər zaman monitoriq edilir. Bu monitorinq sistemi uşağın həyatı üzərində nəzarət mexanizmi formalaşdırır. Azərbaycanda isə uşaq müdafiə sistemində böyük problemlər var. Hesab edirəm ki, övladlığa götürülən uşaqların həyatına monitorinq sistemi yaradılmalıdır”.
Qeyd edək ki, müvafiq prosedurlara əsasən, əcnəbilərə uşaq verilməsi ilə Ailə, Qadın və Uşaq komitəsi məşğul olur. N.Quliyevin sözlərinə görə, son dövrlərdə əcnəbilərə övladlığa uşaq verilmir: “Əcnəbilərə ancaq sağlamlıq problemləri olan, əlil, ailələrin götürmək istəmədikləri uşaqlar verilir. Bu uşaqların da sonrakı taleyi ilə maraqlanma mexanizmi yoxdur”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, övladlığa verilmə ilə bağlı, uşaqların sonrakı həyatına nəzarət olunması məsələləri ilə bağlı yeni qaydalar harzırlanıb və bu qaydalar müvafiq rəy və təkliflərin alınması üçün aidiyyatı orqanlara göndərilib. Həmin dövlət qurumlarından rəy və təkliflər artıq komitəyə daxil olub və rəy və təkliflər ümumiləşdirildikdən sonra qaydalar Nazirlər Kabinetinə göndəriləcək. Qaydalarda bir sıra yeniliklər nəzərdə tutulub ki, bu da övladlığa götürmə məsələsinə yenilik gətirəcək.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər