• cümə, 19 Aprel, 06:20
  • Baku Bakı 13°C

“Ən böyük müəllimim övladımdır” – Mənim balam

10.03.17 11:30 4586
“Ən böyük müəllimim övladımdır” – Mənim balam

Bir insanın ən böyük sərvəti onun övladıdır. Övlad elə bir nemətdir ki, onun qiyməti yoxdur. Atalarımız da deyib ki, "əzizim əzizdir, ancaq tərbiyəsi ondan da əzizdir”. Ana olduqdan sonra hər bir qadın öz yöntəmləri ilə övladını böyüdür, cəmiyyətə yararlı bir şəxsiyyət yetişdirməyə çalışır.
Bu gün "Mənim balam” rubrikasının qonağı tanınmış opera ifaçısı Oya Ergün də belə analardandır. Tanınmış ginekoloq Hakan Tanrıverdi ilə ailəli olan Oya xanımın Toros Alp Tanrıverdi adında 7 yaşında övladı var.
Zaman-zaman Oya xanımın konsertlərinə gedərkən Alpı tanıma şansım olurdu. Yaşının az olmasına baxmayaraq, sözlərin ən gözəlini seçib anasına deyir, Oya xanım mahnı ifa edirsə, onu diqqətlə dinləyirdi. Alpın öz dünyası var. O, öz dünyasında valideynləri ilə xoşbəxtdir. Onun xoşbəxt olmasının isə bir sirri var - valideyn tərbiyəsi.

- Oya xanım, Alpı tərbiyə edərkən hansı üsullardan istifadə edirsiniz?


- Uşağın tərbiyəsi mənim üçün çox önəmlidir. Ana olmağa hazırlaşanda, uşaq psixologiyası ilə bağlı kitablar oxudum və bununla bağlı məlumatlar əldə etməyə çalışdım. Övladımı yetişdirərkən onu gələcəkdə bədbəxt edə edəcək, depressiyaya salacaq, sevilməyəcəyi bir ortamdan çəkindirməyə çalışmağa xüsusi önəm verirəm. Böyüdərkən də xarakterinə heç bir zərər verməməyə xüsusi diqqət göstərirəm. Övlad o qədər dəyərli nemətdir ki, biz ona zərər verməməli və qorumağa çalışmalıyıq. Valideynlər uşaqlarını qorumaq məcburiyyətindədirlər, mən də ən çox buna önəm verirəm. Valideynlərimin məni tərbiyə etdiyi yaxşı və pis üsullardan da örnək almışam. Mən övladıma dediyim hər bir sözdə, baxdığım hər baxışda belə, sevgi verməyə çalışıram. Alpı "sən bu dünyaya bizə hədiyyə olaraq gəlmisən, bu dünyaya aidsən, seviləcək insansan, xoşbəxt olmağa haqqın var” - kimi duyğularla yetişdirirəm. Hər şeydən önəmlisi, haqqına, azadlığına sahib çıxdığı kimi, hörmət etməyi də öyrətməyə çalışıram.

- Bəs, Azərbaycana necə, öyrəşə bilirmi?

- Əlbəttə. Alp iki yaş yarımlıq olanda biz Azərbaycana gəldik. O, "türk balasıyam, ancaq Bakıda qalasıyam” deyir (gülürük). Alp Azərbaycanı çox sevir, çünki burada böyüyür. İnsanın ana vətəni uşaqlığı imiş. Oğlumun da ana vətəni Azərbaycandır. Azərbaycan dilində çox təmiz danışır.

- Oğlunuz cəmiyyət tərəfindən hörmət olunan, eyni zamanda məşhur bir ailədə böyüyür. Gələcəkdə musiqiçi, yoxsa həkim olmaq istəyir?


- Əslində bu sualı Alpa verəndə, hər zaman elə hesab etmişik ki, bizə siyasi cavab verib. Bizi üzməmək üçün "mən mahnı oxuyan həkim olacam” deyirdi. Ancaq indi görürük ki, o, həqiqətən mahnı oxuyur, həm də nəyisə sağaltmağa, müalicə etməyə çox səy göstərir. Misal üçün, çürüyən bitkiləri təkrar canlandırmağa, əgər bir zədəsi varsa onu necə sağalda bilərik - kimi şeylərə həvəs göstərir. İndi görürük ki, o, əvvəllər də siyasi deyil, öz düşündüyü kimi cavab verirmiş. Biz onu anlamamışıq.

- Biz tez-tez Alpı sizin konsertlərinizdə görürük. Oğlunuz musiqinin tam mərkəzində böyüyür.


- Alp dünyaya gəldiyindən bu günə, onu bütün konsertlərimə aparmışam. O mənim bətnimdə olarkən - 8 aylığında konsert vermişdim. Hətta 52 günlük olanda belə, ikinci konsertimi verdim. Oğlum mənim konsert və məşqlərimi görərək böyüyür. Bunun üçün oğlumu şanslı hesab edirəm.

- Bəs, sizə xoş sözlər deyirmi?

- Əlbəttə. O, məşqlərdən və konsertlərdən sonra mənə daha çox sevgi göstərir. Özünü xoşbəxt hiss etdiyini deyir. Bir dəfə məşq edirdim. Məşqdən sonra yaxınlaşıb, dedi ki, mən nə şanslı övladam ki, belə gözəl mahnı oxuyan, piano çalan birinin yanında dururam. O, hər fürsətdə bizə öz minnətdarlığını bildirir. Ümumiyyətlə 6-7-8 yaş arasında olan uşaqlar sevildiyini görmək və sevdiyini demək ehtiyacını duyur. Davamlı olaraq atasına da, mənə də bizi nə qədər çox istədiyini ifadə edir.


- Həyat yoldaşınız Hakan bəy ölkəmizdə saysız övladların dünyaya gəlməsində bir vasitəçi olub. Bu ehtimalla uşaqların ona olan sevgisi də gizlin deyil. Elə sizə də. Belə olan halda, Alp sizi və atasını digər uşaqlara qısqanırmı?

- Bütün uşaqlar valideynlərini paylaşmaq istəmirlər. Belə olan halda Alpa deyirəm ki, sən mənim üçün dünyanın ən önəmli uşağısan. Ancaq filankəsin anası üçün də onun övladı önəmlidir. Biz dünyada olan bütün uşaqları sevirik. Bütün uşaqlar sevilməyə layiqdir. Hakanla bərabər oğlumuza "sən bizim üçün çox özəl birisən” duyğusunu aşılayıb, qısqandırmaq duyğusunu aşındırmağa çalışırıq.

- Oğlunuzun tərbiyəsi ilə siz, yoxsa Hakan bəy məşğul olur?

- Əlbəttə ki, ən çox mən məşğul oluram. Oğlum mənim işimə də, məşqimə də gəlir. Evdə özəl dərs verərkən belə, o mənim yanımda olur. Bütün günü Hakanın yanında olmağı düzgün deyil. Çünki Hakanın işi uşaq üçün heç də əlverişli deyil. Ancaq buna baxmayaraq, atası da hər zaman gözəl davranışları ilə ona örnək olmağa çalışır.

- Bəs dəcəllik edəndə onu necə cəzalandırırsınız? Ümumiyyətlə, sizcə, uşağı döymək tərbiyə üsuludurmu?

- Bizim uşaqları döymək haqqımız yoxdur. Heç bir uşaq döyülməyə layiq deyil. Hər zaman deyirəm ki, əgər mən uşağımı vuraramsa, əllərim qırılsın. Belə bir şey ola bilməz. Bizim kimisə vurmaq haqqımız yoxdur. Olur, bəzən uşaqlara əsəbiləşirik. Ancaq o zaman əsəblərimi cilovlamağa çalışıram. Əgər uşaqla kobud şəkildə davransanız, gələcəkdə o da insanlara qarşı kobud olacaq. Uşaq evdə valideynlərindən necə görürsə, onların tökdüklərini yığır və gələcəkdə öz həyatında tətbiq etməyə çalışır.
Səhv etdiyi şeylərdə onu cəzalandıraram. Onu da elə edirəm ki, uşağın özü hiss etmir. Misal üçün, deyirəm ki, bir saat top oynamayacaqsan. Bir səhv hərəkət etdikdə, sevdiyi hər hansı cizgi filminə həmin gün qadağa qoyuram. Bu tip kiçik cəzalar verirəm. Cəza vermək çox həssas bir mövzudur. Cəza o qədər diqqətli verilməlidir ki, övlad onun cəza olduğunu bilməməlidir. Onsuz da uşaqlar böyüdükcə, öz xətalarından uzaqlaşır, hər şeyin fərqinə varmağa başlayırlar. O zaman da xətalar azalmağa başlayır. Mənim üçün ən böyük müəllim övladımdır. Dünyada neçə universitet bitirsəm də, heç bir təhsil mənə oğlumu böyüdərkən öyrəndiyim qədər böyük şeylər öyrətməyib.

- Türkiyəyə necə, getmək istəyirmi?

- Türkiyədə qohum-əqrəbalarımız var. Əlbəttə ki, ora da getmək istəyir. Ancaq o hər zaman Azərbaycanda yaşamaq istəyir. Çünki onun dostları buradadır.

- Adətən, övladlar ailə qurarkən valideynlər müdaxilə edir. Oğlunuz gələcəkdə bir xanım seçərkən ona müdaxilə edəcəksinizmi?
- O, kimi özünə həyat yoldaşı seçsə, mənim başımın üstündə yeri olacaq. Bu onun öz seçimidir. İnsan necə və hansı ortamda böyüyürsə, öz mühitinə uyğun birini seçir. Biz çox şanslıyıq ki, öz uşağımızı Azərbaycan kimi bir ölkədə yetişdiririk. Çünki azərbaycanlılar çox mehribandır, mədəniyyətlərimiz bir-birinə oxşayır. Onun səhv bir insan seçəcəyinə inanmıram.

- Oğlunuzun sosial şəbəkələrdə mövcudluğuna nəzarət edirsinizmi?
- Təbii ki, hər zaman nəzarət edirəm. "Facebook”-da bir hesab açdıq ki, qohum-əqrəbalarımıza mesaj göndərsin. Gün ərzində 2 dəfə 15 dəqiqə olmaqla sosial şəbəkədə yazmaq icazəsi var. Biz ona elektron cihazlardan istifadəni yasaq etmirik, amma çox uzunmüddətli istifadəni də məsləhət görmürük.

Xəyalə Rəis


banner

Oxşar Xəbərlər