AZE | RUS | ENG |

“Ən böyük arzum sərgilərimin Qarabağda keçirilməsidir”

“Ən böyük arzum sərgilərimin Qarabağda keçirilməsidir”
İstiqlal Muzeyində ”Yaşa Azərbaycanım, yaşa!” adlı tədbir–sərgi keçirilib


Bu gün İstiqlal Muzeyində Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 21-ci ildönümünə həsr olunmuş ”Yaşa Azərbaycanım, yaşa!” adlı tədbir–sərgi keçirildi. Tədbirdə Dövlət Pedaqoji Universitetinin “Təsviri sənət, rəsmxətt və onun tədrisi metodikası” kafedrasının müəllimi Səyyar Əliyevin 35 ədəd rəsm əsəri nümayiş olundu.
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Rəssamlıq Akademiyasının dosenti Ziyadxan Əliyev, şair Oqtay Saraclı Səyyar Əliyevin yaradıcılığından bəhs edib, ona uğurlar arzuladılar. Qeyd edək ki, tədbirdə Sərhəd Qoşunlarının, Daxili Qoşunların kursant və əsgərləri də iştirak edirdilər.
Səyyar Əliyev bizimlə söhbətində təqdim etdiyi əsərlərin torpağımızla bağlı şən əhval-ruhiyyəli əsərlər olduğunu dedi: “Buna görə də mən bu gün vətənə həsr etdiyim əsərləri sənətsevərlərin nümayişinə gətirmişəm. Bundan əlavə, prezidentimizin Şuşanın 20 illik yubileyi ilə bağlı verdiyi qərara əsasən, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dəstəyi ilə may ayında sərgi təşkil olundu. Bu sərgidən öncə əsərlərimin orada təqdimatı keçirildi və orada da əsərlərim çox bəyənildi.
Yaratdığım rəsmlərdə göstərə bilmədiyim çox şey var. Şuşa faciəsində heykəllərimiz güllələndi, məktəblərimiz məhv edildi, bir sözlə, mədəniyyətimizə də zərər vurmağa çalışdılar. Mən də öz növbəmdə vətənimizin bu ağrılı-acılı günlərini tabloya çəkib, hər kəsə nümayiş etdirməyə çalışıram. Xalqımızın yolunda gecə-gündüz işləməyə hazıram. Azərbaycan xalqına müharibə yaraşmır, vətənimizə sevinc yaraşır”. Səyyar Əliyev vətən üçün, torpaq üçün əsərlər çəkdiyini və bu yöndə öz işinə fasilə verməyəcəyini qeyd etdi. Rəssam onu da bildirdi ki, torpaqlarımızın 20 faizi işğal altındadır, qaçqınlarımız evlərindən ayrı düşüb, bütün bunları görə-görə görməzlikdən gələ bilmir: “Mən əsərlərimdə bu hadisələri vurğulamağı özümə borc bilirəm. Ümumiyyətlə, bu mövzuya laqeyd yanaşa bilməzdim. İşğal altında olan torpaqlarımızı unutmaq olmaz. İstəyirəm ki, vətənimiz sülh yolu ilə qaytarılsın, biz vətən həsrətindən deyil, xoşbəxtlikdən, təbiətdən rəsmlər çəkək. Mənim ən böyük arzum, sərgilərimin Qarabağda keçirilməsidir. Biz Qələbə bayramını, müstəqillik gününü Qarabağda qeyd edək”.
Muzeyin direktoru Fəridə Şəmsidən sərgi barədə təəssüratlarını soruşduq: ”21 il öncə Azərbaycan İstiqlal Muzeyi yaradılıb. Muzeyimiz hər il bu günü qeyd edir. Biz bu yubileyi Səyyar müəllimlə keçirməyi qərara aldıq. Bizə maraqlı idi ki, o, Azərbaycanın bu gününü necə təsəvvür edir”.
Qeyd edək ki, sərgi 10 gün davam edəcək.

Xəyalə

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056