AZE | RUS | ENG |

“Ən böyük ailə səadəti qarşılıqlı anlaşmadan yaranır”

“Ən böyük ailə səadəti qarşılıqlı anlaşmadan yaranır”
Lalə Mehralı: “Maddiyyat mənəvi-əxlaqi dəyərlərdən önə çıxanda ailədə problemlər yaranır” Elçin Bayramlı: “Xoşbəxtlik həyat yoldaşını düzgün seçəndə başlayır” Hər bir ailənin xoşbəxt olmasının, kiçik dövlətlərini uğurla idarə etməsinin bir sirri var. Onların sirri ailədə qarşılıqlı olaraq bir-birlərini anlamaqdan keçir. Düşünürlər ki, təkcə sevmək xoşbəxtlik demək deyil. Ailədə sevgi, dəlicəsinə eşq olmasa da, əgər fədakarlıq, səmimilik və anlaşma varsa, xoşbəxtlik də məhz ordadır. Rubrikamızın budəfəki qonaqları 9 ildir eyni həyatı bölüşən jurnalist-sosioloq Lalə Mehralı və fins.az saytının redaktoru Elçin Bayramlıdır. “Babam məni Elçinə tapşırdı” Onlar 2000-ci illərin əvvəllərində Tovuz televiziyasında (SmTv) çiyin-çiyinə çalışıblar. Tanışlıqları və ən gözəl günləri də məhz burada olub. Tovuz televiziyasında vakansiya ilə bağlı işçi elanı verilib. İşçiləri də televiziyanın baş redaktoru kimi Elçin qəbul edirmiş. Lalə iş görüşməsinə babası ilə gedib. O zaman çox utancaq, fağır qız (o, özünü belə adlandırır- A.Ə.) olan Lalə kanala gələrkən başına gələcəklərdən xəbərsiz idi. Sən demə, qapıdan teleşirkətə daxil olarkən o, artıq Elçinin diqqətini çəkib. Lalə deyir ki, babası onu Elçinə tapşıranda, bu tapşırığın ömürlük olacağını ağlına da gətirməyib: “Babamla direktorun yanına getmişdik. O zaman televiziyanın direktoru Rasim Əliyev idi, olduqca mülayim və zarafatcıl insan idi, bizimlə tanış olduqdan və işə qəbul elanına görə gəldiyimizi öyrəndikdən sonra “baş redaktor Elçin Bayramlı ilə görüşün” dedi. Vakant yerlərə işçiləri o seçirmiş. Elçinin otağına ötürdülər bizi, bir az söhbət etdik, danışığımı, diksiyamı, tələffüzümü yoxladı, sonra “10 gün sınaq müddəti olacaq dedi”. Amma sən demə ilk yoxlamadanca işə qəbul olunmuşam, mənim xəbərim yoxdur. Babam məni Elçinə tapşırıb getdi. Elçin də dedi ki, “arxayın ol, ay baba, nəvən mənə əmanətdir”. O tapşırmaq, bu tapşırmaq, iş yoldaşlığı həyat yoldaşlığına döndü. 15 gün qabaq evliliyimizin 9 illiyini qeyd etdik”. “Mən öz yarımı, paramı tapdım” Həmin gündən danışan Elçin deyir ki, Lalə çox utancaq və saf qız idi: “Günlərin bir günü televiziyanın əsas binasının qapısı önündə dayanmışdım. Həyət qapısından gənc bir qız və yaşlı bir kişinin girdiyini gördüm. Bu qız fərqli idi. Görən kimi diqqətimi çəkdi. Cizgi filmlərində bir fraqment olur, maraqlı nəsə görəndə gözlərdən qığılcım çıxıb ora tuşlanır, bax eynilə məndə də elə oldu. Onda 30-a yaxın yaşım vardı və o vaxta qədər kriteriyalarıma uyğun qız tapa bilmirdim. Laləni gördükdən sonra kriteriyalarıma uyğun olub-olmamasını, psixologiyasını, dünyabaxışını, şəxsi xüsusiyyətlərini yoxlamaq üçün 50 suallıq anket tərtib etdim və Laləyə təqdim etdim. Lalə elə bilirdi ki, bu anketi bütün işçilər cavablandırır (gülür- A.Ə). Nəticə isə rekord həddə idi. 50 testdən 49-u müsbət çıxmışdı. Mən bundan sonra öz yarımı tapdım. Əgər tapmasaydım, heç vaxt evlənməzdim”. “İstədiyim yar idi, yetirdi pərvərdigar” Laləni isə Elçindəki özgüvən, ciddilik və səmimiyyət cəlb edir. Amma Elçin o qədər professional davranır ki, Lalə Elçinin ondan xoşu gəldiyini başa düşmür. Ta ki, Lalə Elçinə “Albeni” şokoladını verənə qədər: “Mən yazıq o qədər fağır idim ki, başımı qaldırıb Elçinə baxmırdım. O mənim üçün sadəcə müdirim idi, o televiziyanın baş redaktoru, mən isə onun tabeliyində işləyən aparıcı və reportyor idim. İndi fikirləşirəm ki, əslində Elçin mənim də kriteriyalarıma uyğun idi. Məsəl var, deyir “istədiyim yar idi, yetirdi pərvərdigar”. Amma etiraf edirəm ki, Elçinlə ilk rastlaşanda onunla evlənəcəyim ağlıma belə gəlmirdi. Artıq 2 ay idi ki, tanış idik. Sən demə, bu vaxta qədər Elçin ürəyində hər şeyi ölçüb biçib. Bizim bir iş yoldaşımız var idi, “albeni” şokoladlarını çox sevirdi. Hər dəfə maaş verilən gün bir qutu “Albeni” alıb iş yoldaşlarına paylayırdı. Bir gün yenə hamıya bu şokoladdan verdi. Elçinlə başqa bir yoldaşımız studiyada çəkilişdə olduğu üçün onlara verilməmişdi. Onlar ümumi salona qayıdanda hamılıqla çay içirdik, qızlardan biri öz şokaladının birini digər yoldaşımıza verdi, məndə isə hələ 2 “albeni” var idi. İş yoldaşlarımızdan biri mənə göz-qaş elədi ki, şokoladın birini Elçinə verim. Ağlıma da gəlmirdi ki, şokoladın adı azərbaycancada “al məni” dir. Şokoladı Elçinə uzatdım, o, şokaladın üstünü bərkdən oxuyub üzümə baxdı və dedi: “Baş üstə, al deyirsən alaq də, heç bir problem yoxdur”. Ətrafda gülüş qopdu. Yalnız o zaman mənə çatdı ki, qeyri-ixtiyari Elçinə evlilik təklifi etmişəm”. Cehizsiz gəlin Elçin bu etirafdan sonra Laləyə bir buket gül, mücrü, qol saatı və sevgisinin etiraf olunduğu məktub təqdim edir: “Məktubda eşqimi etiraf etmişdim və yazmışdım ki, saatı qoluna taxtığın gün eşqimə qarşılıq verəcəyini başa düşəcəm. Lalə də saatı yalnız 3 ay sonra qoluna taxdı. Hər dəfə yadına salmaq üçün saatın necə olduğunu soruşurdum. O da qızarırdı. (gülürlər- A.Ə.). Lalə saatı taxdıqdan sonra, elçilik, nişan, 2 il sonra da toy oldu”. Həmsöhbətlərimizin xoşbəxtliyinin sirri maddiyyat əsiri olmamaları və biri-biriləri ilə ailə qurmamışdan öncə dost olmalarıdır. Onlar düşünür ki, ən böyük ailə səadəti qarşılıqlı anlaşmadan yaranır. Lalənin sözlərinə görə, maddiyyat mənəvi dəyərlərdən önə çıxırsa, bu zaman ailədə problemlər yaranır: “Ailədaxili münasibətləri, ailə büdcəsini düzgün tənzimləmək lazımdır. İsrafçılıq olmamalıdır və ailənin gələcəyini hər zaman fikirləşməlisən. Maddi problemlər sağlam ailədə problem yarada bilməz. Mən gəlin köçəndə cehiz aparmamışam. 2006-cı ildə Tovuzdan Bakıya gələndə yalnız iki çantada paltarlarımızı götürüb gəlmişdik. Bax, bu ev də bizim deyil, kirayə yaşayırıq, gördüyün bütün əşyaları öz pulumuzla, zəhmətimizlə, alın tərimizlə almışıq. Bir çox mebel və eş əşyamızı köhnə, işlənmiş almışıq, amma bu, bizim üçün heç vaxt problem olmayıb. Hətta, mən qızıl alanda belə özüm elə qızıllar seçirdim ki, həyat yoldaşım üçün maddi problem yaratmasın. Gəlin donuma yaraşan 1 manat 40 qəpiklik muncuq almışdım. Qayınanam qızıl almağa məcbur edəndə bacardığım qədər ucuz qızıl seçməyə üstünlük verdim. Bilirdim ki, qızıl, bahalı paltarlar, cehiz əhəmiyyətsizdir, ailə quranda bunlara önəm vermək heç də xoşbəxt olmağın şərti deyil. Elçinlə birlikdə söz verdik ki, hər şeyi özümüz edəcəyik. Köhnə də, təzə də olsa, hər şeyimizi sıfırdan yaratdıq. Şükür evdən başqa hər şeyimiz var. Ev almağa gücümüz yetməz, çünki 2 jurnalist maaşı ilə 2 uşaq böyüdürük, kirayə haqqı ödəyirik, problemlər çoxdur. Ümidimiz jurnalistlər üçün tikilən binadan mənzil almaqdır, hesab edirik ki, evləndikdən 10 il sonra “evlənə bilməyən”, kirayədə yaşayan 2 jurnalistin ailəsinin buna həm haqqı, həm də ehtiyacı var”. Elçin düşünür ki, xoşbəxtlik həyat yoldaşını seçəndə başlayır. Əgər yoldaşını düzgün seçirsənsə, xoşbəxt olursan: “Ondan sonrakılar o qədər də əhəmiyyətli deyil. Düzgün seçmisənsə, çətin gündə də, yaxşı gündə də hər şeyi yola verə bilirsən. Kişinin də, qadının da ən böyük dostu həyat yoldaşı olmalıdır. Biz bir-birimizin dostuyuq. Əgər qadın və ya kişi öz həyat yoldaşını dostu kimi görürsə, güvən buradan yaranır. Həyat yoldaşı bütün yoldaşlıqların içində ən yüksəyidir”. “Dədəm evi mətbəximdir” Hər ailədə olduğu kimi, jurnalist həmkarlarımızın da ailəsində müəyyən problemlər olur. Amma onlar özlərinəməxsus şəkildə bu problemin də öhdəsindən gəlirlər. Elçin deyir ki, ailədə münaqişələri həll etməyin ən yaxşı yolu müzakirədir: “İdeal ailə yoxdur. Bizdə də müəyyən narazılıqlar olur. Problemlərimizi masaya yatırır, oturub müzakirə edirik. Əsas ailənin ümumi mənafeyidir. Ailədə həm qarşındakını başa düşməli, həm də səhvi varsa, ona izah etmək lazımdır. Biri var, eləcə deyirsən “olmaz”, biri də var, bu “olmaz”ın səbəbini məntiqlə əsaslandırırsan. Bax, bu zaman bütün problemlər həll olunur”. Lalə düşünür ki, ailədə biri od olanda, biri su olmalıdır: “Bəzən Elçin evə gələndə mimikasından başa düşürəm ki, əsəbidir. Əsəbi insanlarla sakit davranmaq lazımdır. Bu zaman onu sakitləşdirməyə çalışıram. Evdə səssizliyə riayət edirəm. Qadın ki, ailədəki bir problemə görə küsüb atasının evinə gedib, sonra qayıdıb gəlirsə, o qadının nə ailədə, nə də uşağının yanında hörməti olmur. Bizim evimizdə də problem olur, mən də yoldaşımdan küsürəm, ən çox da siqareti tərgitsin deyə, amma küsüb atamın evinə getmirəm hər problemdə, mənim dədəm evi mətbəximdir. Küsəndə mətbəxə gedib oturur, əsəblərim sakitləşəndən sonra gəlirəm. İndiyədək bizim evimizdəki söz-söhbətlərdən heç birimizin valideynlərinin xəbəri olmayıb”. Sonda müsahiblərimiz vurğuladı ki, hər şeydə qızıl orta var. O, ortanı kim tapdısa, o zaman hər şey qaydasında olur, ifratçılıq hər şeydə problem yaradır. Qeyd edək ki, müsahiblərimizin Altay adlı 7 yaşlı oğlu və yenicə doğulmuş Elana adlı qızları var. Aygün ƏZİZ

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917