• cümə axşamı, 25 aprel, 16:57
  • Baku Bakı 23°C

Əmrə müntəzir qulbeçələr

29.11.18 17:49 1257
Əmrə müntəzir qulbeçələr
Avropa ölkələrinə sığınaraq özlərini "müxalifətçi” elan edənlər artıq bir neçə gündür sosial şəbəkələrdə qarşılıqlı ittihamlar səsləndirir, həmfikirlərini nələrdəsə günahkar bilirlər. Buna nümunə olaraq, Avropada yaşayan Məhəmməd Mirzəlinin "əqidədaşı” Tural Sadıqlı haqda sosial şəbəkədə yazdıqlarını göstərmək olar. Dünənə qədər "qan qardaşı” olan bu gənclər indi bir-birini "pul atmaqda”, yalan danışmaqda təqsirləndirirlər. M.Mirzəlinin yazdıqlarından belə məlum olur ki, T.Sadıqlı xarici donor təşkilatlarından qrantlar alsa da, həmin təşkilatların adını, qrantın məbləğini ona bildirməyib. Üstəlik, M.Mirzəlinin saflığından istifadə edən T.Sadıqlı onu efirə çıxarıb, qurbanlıq qoyun kimi öz maraqları naminə istifadə edib. Bütün bu baş verənlərdən hiddətlənən M.Mirzəli "Facebook”da status yazaraq T.Sadıqlını ifşa edib. Bununla hirsi soyumayan gənc fəal əqidədaşı T.Sadıqlının təsiri altında hazırlayaraq "youtube”də yaydığı videolarını da silib. Bəyan edib ki, T.Sadıqlı ondan istifadə edib, "xalqın layihəsi”ni qrant xətrinə ortaya atıb. "Made in Azerbaijan” səhifəsinin admini olan M.Mirəzli T.Sadıqlını satqınlıqda da ittiham edib. Qeyd edib ki, T.Sadıqlının Bakıdakı fəaliyyəti barədə danışmağa başlasa o, batar. M.Mirzəli dostu T.Sadıqlının ünvanına mesaj da göndərib. Vurğulayıb ki, T.Sadıqlının Almaniyada etdikləri barədə daha bir yazı yazacaq.
Buna cavab olaraq T.Sadıqlı da status yazıb və M.Mirzəlini nankorluqda ittiham edib və ona təzyiq olan zaman dəstək olduğunu bildirib. Bununla yanaşı, Turalın atası Əlövsət Sadıqlı öz oğluna qahmar çıxaraq, Məhəmmədin ünvanına sərt fikirlər səsləndirib. Beləliklə də müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib Avropaya sığınanlar, özlərini "demokrat”, "müxalifət” adlandıranlar arasında növbəti qalmaqal yaşanıb. Bu qalmaqala səbəb isə qrantlar – böyük məbləğdə pullar, yəni alınan pulların düzgün, ədalətli bölüşdürülməməsi səbəb olub. Bununla da bir daha aydın olub ki, xaricdə oturub Azərbaycan əleyhinə kampaniya aparanlar, məmurları hədəfə alanlar heç də bu işi cani-könüldən etmirlərmiş. Onların küçə səviyyəsində, təhqirlərlə dolu statuslar yazmaqlarına, sosial şəbəkədə özlərini "mübariz” hesab etmələrinə, cəmiyyətimizə "qəhrəman”, "müxalifətçi” kimi sırınmaq istəklərinə yeganə səbəb pul olub. Əqidəsini, prinsipini, varlığını pula satan, xarici dairələrin təsiri altında xalqına, dövlətinə, millətinə qarşı çıxan bu kimi şəxslərin, "iaşə müxalifəti”nin qrant müqabilində siyasi sifariş yerinə yetirdikləri gün işığına çıxıb.

Məhz buna görə də sosial şəbəkə istifadəçiləri məhəmmədləri, turalları sərt tənqid atəşinə tutublar. Əlbəttə ki, bu mənzərə ilk növbədə Azərbaycandakı radikal müxalifət təmsilçilərini, həmçinin "müxalifətçi” adı ilə xaricdə özlərinə gün-güzəran quranları da narahat edib. Belələri Məhəmmədlə Turalın bir-birini ifşasından qeyzlənərək hər kəsi susqunluğa dəvət edib, nə vaxtsa öz paxırlarının da açılmasından ehtiyatlanıblar. Misal üçün, AXCP sədri Əli Kərimli ilk vaxtlar susqunluq nümayiş etdirsə də, vəziyyətin dramatik hal aldığını görüb dərhal "Facebook”da zühur edib, internet üzərindən canlı müsahibə verib, ardınca da bu müsahibəni öz profilində belə bir təqdimatla paylaşıb: "Müxalifət partiyalarına, bütövlükdə demokratik düşərgəyə təklifim var. Demokratik düşərgə daxilində hər cür intriqaları dayandıraq. Bir-birimizin fəaliyyətini tənqid, təftiş etməyək, imkan yaradaq bizim fəaliyyətimizə xalq qiymət versin. Hər birimiz bacardığımız qədər və doğru bildiyimiz yollarla mübarizə aparaq. Hələlik vahid təşkilatda birləşmək alınmırsa da, əməldə və mübarizədə bir olaq. Çiyin-çiyinə, real mübarizə aparanlar prosesin gedişində uzlaşmanın, birləşmənin, qarşılıqlı kompromislərin də yolunu tapacaqlar”.
Göründüyü kimi, AXCP sədri baş verənlərdən böyük həyəcan və narahatlıq keçirib. Qarşılıqlı ifşanın bir ucunun da gec-tez ona doğru istiqamət alacağından qorxub. Çünki mühacir biznesinin kurasiyası, o cümlədən saxta müxalifətçi vəsiqələrinin, arayışların, zəmanətlərin verilməsi bilavasitə Ə.Kərimliyə aiddir. Eləcə də xarici dairələrdən qrantlar almaq ənənəsi, bunun müqabilində hətta şeytanla əməkdaşlığa getməyə hazır olmaq kimi pis nümunə də məhz AXCP sədrinə məxsusdur. O, "müxalifətçi”, "vicdan məhbusu”, "jurnalist” adı altında xaricə "ezam etdirdiyi”, "yol” göstərdiyi gənclərin nə vaxtsa təlimatları AXCP sədrindən aldıq demələrindən ehtiyat edir. Bu da heç kimə sirr deyil ki, vaxtilə Qərb dairələrindən, Avropa ölkələrinin Azərbaycandakı səfirliklərindən qrant və təlimatlar alan Ə.Kərimli daim siyasi sifariş yerinə yetirib. 2013-cü ilin prezident seçkiləri öncəsi isə o, şimal küləyinin, daha doğrusu rus pulunun təsiri altına düşüb, Milli Şura adlı bir qurumda öz missiyasını yerinə yetirib. Bu gün də Milli Şura AXCP sədrinin iradəsinə tabe olan amorf təşkilatdır. 2018-ci il prezident seçkiləri öncəsi isə Ə.Kərimli istiqamətini Qərbə və ya Şimala deyil, Cənuba dəyişib. Bu dəfə "demokrat” Ə.Kərimli radikal dindarlarla eyni mövqeni paylaşıb.

Bütün bunlar yenidən bir fikri səsləndirməyə əsas verir ki, AXCP sədri Ə.Kərimli, eləcə də ondan nümunə götürərək xaricdə Azərbaycan əleyhinə çirkin kampaniya aparan "iaşə müxalifətinin” "qarnının ağrısı” yalnız puldur. Kimliyindən və mövqeyindən asılı olmayaraq, hətta erməni diaspor təşkilatları, ermənipərəst dairələr belə olsa fərqi yoxdur, əgər pul təklif etsələr onlar sifariş yerinə yetirən qulbeçələr kimi əmrə müntəzirdirlər. M.Mirzəli-T.Sadıqlı qarşıdurmasına AXCP sədri Ə.Kərimlinin, eləcə də onun tərəfdaşlarının, trollarının verdiyi reaksiya məhz bu qulbeçəliyi ört-basdır etmək, gizlin saxlamaq cəhdidir.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər