• cümə, 29 Mart, 09:40
  • Baku Bakı 5°C

“Çempionat 1-2 həftə dayansın, amma günahkarlar tapılsın!”

27.08.13 10:47 1246
“Çempionat 1-2 həftə dayansın, amma günahkarlar tapılsın!”
Azerisport.az xəbər verir ki, komanda qolsuz heç-heçəyə razılaşmaqla yanaşı həm də ciddi problemlərlə üzləşdi.
Bu və digər məqamlarla bağlı klubun vitse-prezidenti Tahir Süleymanovun fikirlərini öyrənməyə çalışdıq. O, saytımıza müsahibəsində Lənkərandakı olaylarla bağlı öncə bunları söylədi:
“Biz çox təəssüf edirik ki, bu gün insanlar futboldan yox, tamamilə kənar məsələlərdən danışırlar. Sərgilənən futboldan çox Lənkərandakı olaylar müzakirə olunur. Mən bütün bu hadisələr ətrafında ajiotaj yaratmağın əleyhinəyəm. Bizə sadəcə bu hadisələri yaxşı analiz edib, günahkarları cəzalandırmaq qalır. Əks halda bundan ziyan çəkən məhz futbolumuz və azarkeşlərimiz olacaq”.
Klub rəsmisinin sözlərinə görə, Lənkərandakı aksiya öncədən hazırlanıbmış: “Əgər fanatlar polisləri, əsgərləri vururlarsa, rəqib komandanı qapının ağzında gözləyirlərsə, bu, təsadüfi ola bilməz. Bütün bunlar öncədən hazırlanmışdı. Stadionun çıxışında oyundan sonra bizi təxminən 1000 nəfər bir saatdan çox gözlədi. Bütün bunlar cəzasız qalmamalıdı. “Neftçi” Lənkəranı polis maşınlarının müşaiyəti ilə tərk etdi. Onlar bizə çox kömək etdilər. Bu üzdən hər birinə təşəkkürümü bildirirəm. Əgər onlar olmasaydı, bu olaylardan daha çox ziyan görən olacaqdı”.
“Neftçi”nin vitse-prezidenti daha sonra bunları söyləyib: “Bu, sadəcə münaqişə deyil. Bütün bunlar onu göstərir ki, gələcəkdə daha ciddi problemlərlə üzləşə bilərik. “Qəbələ” – “Qarabağ” oyunundan sonra da buna oxşar xoşagəlməz hadisə yaşanıb. Ona görə indidən bunların qarşısını almaq üçün tədbirlər görülməlidi. Ən vacib odu ki, günahkarlar tapılsın. Mən təklif edirəm ki, Peşəkar Futbol Liqası bütün klubların iştirakı ilə toplantı keçirsin. Biz yenidən bu cür olaylarla qarşılaşmaq istəmirik. Qoy çempionat 1-2 həftə dayansın, amma günahkarlar tapılsın”.
Süleymanov sonda “Neftçi”nin “Xəzər Lənkəran”la noyabrda keçiriləcək növbəti matçı yüksək səviyyədə keçirməyə hazır olduqlarını bəyan edib: “Neftçi” ilə “Xəzər Lənkəran” arasında heç bir problem yoxdu. Rəhbərlik səviyyəsində dost münasibətlərimiz var. Mahir Şükürovla Elnur Allahverdiyev yığmada bir yerdə top qovur. Elə isə bu cür qalmaqallar yaratmaq kimin nəyinə lazımdı? “Neftçi” olaraq biz noyabr ayında keçiriləcək növbəti Böyük oyunu ən yüksək səviyyədə təşkil etmək üçün əlimizdən gələni edəcəyik”.
banner

Oxşar Xəbərlər