• cümə axşamı, 25 aprel, 16:01
  • Baku Bakı 23°C

“Emosiya proqramı”

14.02.19 18:28 1426
“Emosiya proqramı”
Dünən Ermənistan parlamenti hökumətin yaxın beş il üçün nəzərdə tutduğu proqramı təsdiq edib. 82 deputat lehinə, 37 əleyhinə olmaqla Paşinyanın "iqtisadi inqilab proqramı” qəbul olunub. Əleyhinə çıxış edənlər arasında "İşıqlı Ermənistan” və "Çiçəklənən Ermənistan” Partiyasından olan deputatlar var. Lakin Nikol Paşinyanın böyük entuziazmla təqdim etdiyi iqtisadi proqramın perspektivsizliyi, heç bir əsası olmadığı barədə tənqidlər ara vermir. Artıq Paşinyana yaxınlığı ilə seçilən partiya və deputatlar da bu fikri səsləndirməyə başlayıblar.
Məsələn, "İşıqlı Ermənistan” Partiyasının fraksiya katibi Gevorq Qorqisyan parlamentdə keçirilən müzakirələr zamanı bildirib ki, Ermənistan hökumətinin yeni iqtisadi inqilab proqramında emosiyadan başqa konkret heç nə yoxdur. Onun sözlərinə görə, Ermənistanın baş naziri iddia edir ki, vəzifəli şəxslərin özlərini aparmalarının modelində dəyişiklik gərəkdir: "Lakin siz Karen Karapetyanın kabinetinə analoq olan proqram hazırlamısınız. Halbuki, ötən il bu proqramı tənqid edib onu "sağlıq” adlandırmışdınız”. Deputat bildirib ki, "hökumət daxilində aparılan islahatlar da əhəmiyyətsiz məsələlərdir. Məsələn, diaspor nazirliyi ləğv olunub, əvəzində hökumət rəhbəri yanında səlahiyyətli şəxs institutu yaradılır. Bununla da super baş nazirlik yaradılır”.
G.Qorqisyan onu da deyib ki, proqramda yalnız 11 rəqəm göstəricisi əks olunub, 95 dəfə "olmalıdır”, 33 dəfə "zəruridir” kəlməsi qeyd olunur: "Bir il sonra soruşacağıq, bəs nə işlər görülüb? Siz də cavab verəcəksiniz ki, "olmalıdır”. Beş il sonra isə bildirəcəksiniz ki, "indi seçkidir, xalq qərar verəcək”. Baş nazirin çıxışlarından və təqdim olunan proqramdan belə nəticəyə gəlmək olar ki, məsuliyyətdən qaçmaq və hər şeyi xalqın üstünə atmaq məqsədi güdülür”.
"Çiçəklənən Ermənistan” fraksiyasından olan deputat Gevork Petrosyan da tənqidlərə qoşulub. "Siz deyirsiniz ki, qoy, vətəndaşlar inqilab həyata keçirsinlər, biz yox? Sizin dediyiniz vətəndaşlar artıq inqilab ediblər. Daha artıq nə etməlidirlər? Axı vətəndaş necə iqtisadi inqilab edə bilər, necə ac adam iqtisadi inqilab edə bilər? Siz bildirirsiniz ki, insan ilk növbədə aclıq və yoxsulluğu keçməlidir. Bir anlığa təsəvvür edin ki, sizin bacı və yaxud qardaşınız yanınıza gəlir və deyir ki, yoxsuldur. Siz ona da deyəcəksiniz ki, "yoxsulluğu aşın və sonra görəcəksiniz ki, nə olur?” – deyə Petrosyan bildirib. Onun sözlərinə görə, Paşinyan son iki gündə proqramda yazılanlardan çox danışıb: "Sadəcə, proqramda bir cümlə yazılmalıdır – ruhdan düşməyin, hər şey yaxşı olacaq, sizin probleminiz yoxdur”. O, əlavə edib ki, Paşinyanın srağagün və dünən səsləndirdiyi fikirlər onda optimizm doğurmur.
Yeri gəlmişkən, parlament müxalifəti baş naziri onlara qarşı hörmətsizlik etməməyə və suallarına "ironiya” ilə yanaşmamağa çağırıb. Xəbərdarlıq ediblər ki, müxalifətin səsinə qulaq asmayan hökumət iflasa məhkumdur. Məsələn, "Maarifçi Ermənistan” müxalifət fraksiyasının deputatı Ani Samsonyan bildirib ki, Paşinyanın pis proqram təqdim etməsinin səbəbkarı müxalifət deyil. Ardınca da Nikola xatırladıb ki, artıq o, müxalifətçi deputat deyil, ölkənin rəhbəridir: "Xahiş edirik ki, bizi müxalifətçilikdə ittiham etməyin. Siz artıq keçmiş müxalifətçi deputat deyilsiniz və burada təmsil olunan deputatlar sizin üçün keçmiş korrupsiyalaşmış hakimiyyət deyil”.
"İşıqlı Ermənistan” Partiyasından olan deputat Mane Tandilyan isə deyib ki, ictimaiyyətin böyük əksəriyyəti yenidən öz ölkəsinin gələcəyinə inamını itirməyə başlayıb: "Təqaüdçülər həyat səviyyəsinin sürətlə artmasını gözləyirlər. 30 il evsiz yaşayan insanların məxməri inqilabın reallaşmasından sonra işıqlı mənzilə ümid etmək haqları var”.
Hökumət proqramı müzakirə olunan vaxt isə paytaxtı etirazlar bürüyüb. Dünən səhər saatlarından başlayaraq Ermənistanın paytaxtı Yerevanda ictimai nəqliyyatın fəaliyyəti iflic vəziyyətinə düşüb. Buna səbəb "Yerevan avtobusu” QSC-nin sürücülərinin xidmət göstərməkdən imtina edərək etiraz aksiyası keçirməsidir. Avtobus sürücüləri "Yerevan avtobusu” QSC-də 7 ildir direktor postunu tutan Elbak Tarpoşyanın işdən qovulmamasını tələb ediblər. Aksiyanın başladığı bir neçə saatdan sonra Yerevan meriyasının nəqliyyat idarəsinin rəisi Qenrix Navasardyan və "Yerevan avtobusu” QSC-nin direktoru paytaxt sürücüləri ilə danışıqlar aparmaq üçün etirazçıların yanına gəliblər. Navasardyan bildirib ki, Elbak Tarpoşyan 2018-ci ilin dekabrında özü istefa ərizəsi yazıb, amma hələ onun istefası təsdiq olunmayıb. Bu səbəbdən hələlik "Yerevan avtobusu” QSC-nin direktoru səlahiyyətlərini icra etmək üçün başqa adam təyin olunacaq. Lakin etirazçıların sözlərinə görə, artıq Yerevan meriyasının bu posta gətirmək istədiyi öz namizədi var və sürücülər üçün həmin namizədin rəhbərliyi, sadəcə, qəbuledilməzdir. Qarşı tərəfin təkidinə baxmayaraq, sürücülər avtobus sükanı arxasına oturmaqdan imtina ediblər. Nəticədə, istefa verən direktor Elbak Tarpoşyan özü onların qarşısına çıxaraq "mənə bir neçə saat vaxt verin, söz verirəm ki, istefa ərizəmi elə özüm çırıb atacağam” deməklə sürücüləri işlərini davam etdirməyə razı salıb. Etirazçılar Tarpoşyana 3 saat vaxt verərək şərt qoyublar ki, onların tələblərinə uyğun qərar qəbul edilməsə, yenidən aksiya keçirməklə tətili uzadacaqlar.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər