“Emosional zəka əldə etmək asan olsaydı, hamı lider olardı” - Uğur hekayəsi
Biliyin,
sertifikatların, dərəcələrin ola bilər. Amma o düşünür ki, bunlarla yanaşı, irəli
getmək üçün vacib amillərdən biri də insani keyfiyyətlərdir. Çünki karyerada
adamı irəli aparan xüsusiyyətlərdən biri də insanlarla gözəl ünsiyyət qurulmasıdır. Bunu
bacaran insanların həm də geniş şəbəkəsi olduğunu deyən müsahibimiz ADAUniversiteti Fondunun prezidenti Natiq Hacıyevdir.
- Karyerasının ilk illərində xaricdə və ölkədə iş təcrübəsi
imkanı olanların qarşısında iki yol olur: xaricdə qalmaq, ya da ölkəyə
qayıtmaq. Sizin də xaricdə çalışmaq şansınız olub, amma karyeranızın böyük hissəsi
Azərbaycana bağlıdır.
- Təhsilimin əsas hissəsini ölkəmizdə almışam. Azərbaycan
Dillər Universitetinin beynəlxalq münasibətlər fakültəsində həm bakalavr, həm
magistraturanı bitirmişəm. Sonra karyera fəaliyyətinə başladım. 2004-cü ildə
Avropa İttifaqının Nazirlər Kabineti yanında "Nazirlər Kabineti aparatının təkmilləşdirilməsi”
layihəsində işlədim. Bir ildən sonra burada qazandığım təcrübə məni daha yüksək
hədəflərə həvəsləndirdi. Anladım ki, bunu etmək üçün mütləq əlavə təhsil
lazımdır.
2007-ci
ildə ABŞ Dövlət Departamentinin "Edmund S.Muskie” təqaüd proqramını qazanıb
Amerikaya yolda düşdüm. Bu proqramın şərtlərindən biri o idi ki, təhsilimizi
bitirdikdən sonra məzunlar qayıdıb ən azı iki il ölkədə fəaliyyət göstərməlidir.
2009-cu ildə təhsilimi başa vurdum. Proqramın digər iştirakçılarından bəziləri
iş tapıb ABŞ-da qaldılar, amma mən geri döndüm. Birincisi, ailəmdən uzaq düşmək
istəmirdim - atam rəhmətə getmişdi, anam və bacım burda idi, onlara dəstək lazım
idi. Digər tərəfdən, burada artıq müəyyən bir karyera yolum var idi. Qayıdıb, o
yolu davam etdirmək, ölkədə öz ixtisas sahəmə töhfə vermək üçün çalışmaq istəyirdim.
ABŞ-ın
sabiq prezidenti Con Kennedinin fikrini təkrarlamış olsam, soruşmurdum ki, vətən
mənə nə verib, mənim ona nə verə biləcəyim barədə düşünürdüm.
- Yəqin ki xaricdə qalıb çalışmadığınıza görə,
sonra heç peşman olmayıbsınız…
- Yox, təəssüflənmirəm.
2009-cu ildə təhsilimi başa vurub qayıdanda xaricə getməyi məcbur edə bilən iş
qıtlığı yox idi. Qayıtdıqdan sonra ilk qoşulduğum təşkilat "British Council” idi. Orada proqramlar üzrə menecer kimi fəaliyyətə başladım.
Onlar da uzun müddət istədikləri kadrı tapa bilmirmişlər, mənim kimi bir işçi
lazım imiş.
Əslində,
söhbət xaricdə və ölkədə yaşamağımdan da getmir. Mənim istəyim Azərbaycan üçün
nə isə etməkdir. Ola bilsin ki, bir gün xaricdə olum, Azərbaycanla bağlı iş
görüm.
- Xaricdə alınan təhsilə, bizdə kadrlar və işəgötürənlər
üstünlük kimi baxırlar. Bu təhsil sizə hansı üstünlükləri qazandırdı?
- Hələ
ölkəmizdə təhsil aldığım müddətdə müxtəlif beynəlxalq təşkilatlarda gənclər
üçün keçirilən proqramlarda iştirak edirdim. Bundan çox şey öyrənirdik. Komanda
ilə işləmək, analitik, kritik düşüncə və s. istiqamətdə özümüzü təkmilləşdirirdik.
ABŞ-dakı
təhsilimin birinci ilində ancaq intensiv təhsil aldım, ikinci ildə isə oxumaqla
yanaşı, Azərbaycanın BMT yanında daimi nümayəndəliyində təcrübə keçdim. Elmi
işimi yaza-yaza səfirlərlə, BMT-dəki nümayəndələrlə müsahibələr aparırdım,
BMT-nin kitabxanasına çıxışım oldu. Nyu-York şəhərində yaşadım. O iki il hərtərəfli
gözəl təcrübə idi.
Və bizim təhsilin bir hissəsi kimi praktiki layihələr
etmək vacib idi. Komandalarla praktiki layihələr edirdik, müəyyən ölkələrin,
yaxud böyük təşkilatların, şirkətlərin problemlərini araşdırırdıq, onlara təkliflər
verirdik. Bu da, çox yaxşı təcrübə idi.
Ümumi
olaraq qazandırdığı üstünlüklərə gəlincə, birincisi, xaricdə təhsil almaq yeni
mədəniyyətin içində olmaqdır. Mənim oxuduğum təhsil müəssisəsində (SIT Graduate
Institute) təhsil alanların 70 faizi xaricilər idi. Orada hər ölkədən adam
tapmaq olurdu. Hərənin bir mədəniyyəti olur, onlarla tanış olursan, fərqli mədəniyyətlərə
məxsus insanlarla tolerant şəkildə bir yerdə yaşamağı öyrənirsən.
İkincisi,
dil biliyin təkmilləşir. Düzdür, mənim ingilis dili biliyim yaxşı idi.
Bakı-Türk Anadolu liseyində oxumuşdum, orda da tədris ingilis dilində olduğu
üçün dillə bağlı elə bir problemim yox idi, amma yenə də dil biliyim bir az da
təkmilləşdi.
Üçüncüsü,
ölkəndən, ailəndən ayrı olanda təkbaşına qərar vermək, çətinliklərin öhdəsindən
gəlmək kimi bir bacarıqların da formalaşır.
- Xaricdə təhsil aldığınız müddətdə olan
tanışlıqlar burada işinizə nə dərəcədə yarayır?
- Əslində,
Bakıya qayıdandan sonra burda dissertasiya işimi davam etdirdim. Xaricdəki
professorlarla olan əlaqələrim burda da mənə kömək oldu. Onların rəylərini, bəzi
məsələlərdə məsləhətlərini aldım. Dostların öz yeri var. Hər hansı ölkənin
adını çəksəniz, ordan ən azı bir nəfərlə bir yerdə təhsil almışıq. Hər ölkədə
bir dostum var. Ölkələrinə səfər edəndə görüşürük, danışırıq, məsləhətləşirik.
- İnsanı karyerada irəli aparan, sahib olduğu
üstünlüklər toplusudur. Sizə görə, bu topluya nələr daxildir?
- Mən
2011-ci ildən ADA universitetində işləyirəm. Amma liderlik təlimləri ilə bağlı
fəaliyyət kimi bir hobbim də var. Bununla bağlı dost-tanışa məsləhətlər verirəm,
Azərbaycanda layihələr həyata keçirən bir sıra beynəlxalq təşkilatlarda məsləhətçi
kimi çıxış edirəm. Bu istiqamətdə "Liderlik” haqqında bir təlimatın
yazılmasında da iştirak etmişdim. Sizin sualınıza cavab elə orda qeyd etdiyim
bir neçə vacib faktorlardan ibarətdir.
Birincisi,
emosional zəka lazımdır. Yəni, insan özünü dərk etməlidir. Hər vəziyyətdə bunu
bacarmalıdır. Özünü dərk edən insanların dəyərləri, məqsədləri olur. Bu, şəxsi
həyatda da belədir. İkincisi, özünü tənzimləmə çox vacibdir. Emosiyalarını idarə
edəndə hər hansı vəziyyətdən çıxış yolunu tapmaq üçün emosiyalara qapılmırsan.
Üçüncüsü, həvəsləndirmə-motivasiyadır. İnsan karyerada uğur qazanmaq istəyirsə,
özünü də, digərlərini də həvəsləndirməlidir. Dördüncü, empatiya hissi - özünü
başqaların yerinə qoymaqdır. Biz insanlar beləyik ki, tez qərar verir, tez tənqid
edə bilirik. Amma empatiya hissi vacib elementlərdən biridir ki, uğur qazanmağa
kömək edir. Beşinci isə sosial, ünsiyyət bacarıqlarının olmasıdır. İnsanlarla
ünsiyyəti bacarmaq lazımdır. Bunu bacaran insanların geniş şəbəkəsi olur.
- Amma
bunların hər biri heç də asan əldə olunan məsələ deyil.
-
Sadaladıqlarım, liderliyin əsas komponentlərindən sayılır. Təbii ki çətindir. Emosional zəka əldə etmək
asan olsaydı, hamı lider olardı. Amma bunlar öyrənməklə əldə edilən
bacarıqlardır.
- Siz öyrənibsiniz
artıq?
- Hələ də
öyrənirəm. Təbii ki, bunun üçün həm də ətrafda müvafiq mühit - emosional zəkalı
insanlar olmalıdır ki, öyrənməyə təkan versin. Nə qədər çalışsanız da, tək əldən
səs çıxmaz.
- Karyera irəliləyişinə nail olanların hər birində
müəyyən bir çətin dövr olur. Elə dövr ki, nə qədər irəlidə olsa da, o günləri heç
unutmur. Sizdə elə bir zaman olubmu?
- Bu
sual məni bir az arxaya baxıb fikirləşməyə sövq etdi. Bu, məndə şəxsi məsələ ilə
bağlı olub. 2005-ci ildə bakalavr təhsilimi bitirəndə 21 yaşım var idi. Həmin
vaxtlarda atamı itirdim. Diplom işi yazan vaxtlarım idi, həyətdə yas mərasimi
keçirilirdi, mən otaqda diplom işi yazırdım. Bu dövrlər mənim üçün çətin idi. Dəstəyin,
sanki bir qanadın yox olur. Amma bu, bir növ insanı güclü olmağa sövq edir.
Düşünürəm ki, atam bu gün sağ olsa, nailiyyətlərimə sevinərdi. Çünki özü də
alim olub, Milli Aviasiya Akademiyasında elmi işlər üzrə prorektor idi. İstiqamətlərimiz
fərqli olsa da, mən də bu gün universitetdə çalışıram.
- ADA
Universiteti Fondundan, burdakı işinizdən danışaq.
- ADA
Universiteti Fondu 2007-ci ildə təsis olunub, mən isə 2011-ci ildən qoşulmuşam.
Strateji inkişaf üzrə menecer kimi başladım, daha sonra fondun rəhbəri postuna keçdim.
Fondun məqsədi universitetin təhsil və tələbə yönümlü fəaliyyətini təmənnasız dəstəkləməkdən
ibarətdir. Unikal sistemdir. Burda önəmli tərəflərdən biri də özəl sektorla
universitetin əlaqəsini gücləndirməkdən ibarətdir. Fond bu istiqamətdə körpü
rolunu oynayır. Bizim əsas işimiz ondan ibarətdir ki, özəl sektorla əlaqələr
quraq, universitetin tələbələrinə xidmət edən təqaüd fondu üçün vəsaitlər cəlb
edək, elmi araşdırmaları dəstəkləyəcək maliyyə resursları tapaq.
- İş və şəxsi həyat. Burada vaxt ayırmaq cəhətdən
balansı qoruya bilirsiniz?
- Bunu
qorumaq lazımdır. Uğurlu şəxslər həm də o adamlardır ki, iş və şəxsi həyat
balansını qoruya bilirlər. Hazırkı işimi həm də ona görə sevirəm ki, bu
tarazlığı qorumağa imkan yaradır.
- Yəni, evdə xanımdan şikayət olmur?
-
(Gülür) Yox olmur. Bəlkə də ona görə olmur ki, biz eyni təşkilatda çalışırıq.
ADA Universitetində tanış olub ailə qurmuşuq. İş cədvəllərimizin nə qədər
intensiv olduğunu yaxşı bilirik. Və birlikdə bu tarazlığı qorumaq üçün
çalışırıq.
- Ənənəvi sual: uğurunuzun sirri nədir?
- Bu
sirdir, niyə deyim ki (gülür)? Bu gün mən üzərimə düşən işi bacardığım qədər
yaxşı səviyyədə görməyə çalışıram. Demirəm ki, uğursuzam, amma düşünürəm ki,
uğurlarımın çoxu hələ qabaqdadır. Məncə, 60 yaşım olanda müəyyən hədəfə çatsam,
sizinlə paylaşacaq daha çox misallarım ola bilər.
Aygün Asimqızı