• cümə, 29 Mart, 00:22
  • Baku Bakı 7°C

Əmlak sığortasında yeniliklər

27.11.19 09:30 1024
Əmlak sığortasında yeniliklər
Ekspertlər düşünür ki, əmlakın sığortası ilə bağlı tətbiq ediləcək cərimələr əhali arasında narazılığa səbəb ola bilər
Azərbaycanda daşınmaz əmlakın sığortası icbari olsa da, heç də bütün mənzillərin sığortalandığını demək olmaz. Yığılan sığorta haqlarının həcmi də bu sahədə ciddi problemlərin olduğunu göstərir. İcbari Sığorta Bürosunun məlumatına əsasən, ölkədə əmlakın sığortalanmasından illik cəmi 30 milyon manat sığorta haqqı toplanır. Bununla belə, 2020-ci il yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanması ciddi nəzarətə götürüləcək.
İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov açıqlamasında qeyd edir ki, bu sahədə elektronlaşmanın həyata keçirilməsi nəzərdə tutulub: "Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin məlumat bazası ilə inteqrasiya yaradılmalıdır. Bundan sonra hansı mənzilin sığortalı, hansının isə sığortasız olduğunu elektron qaydada müəyyən etmək mümkün olacaq. Yaşayış yerləri ilə əlaqədar nəzarəti həyata keçirən qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq icra hakimiyyətləri orqanlarıdır. Artıq icra hakimiyyətlərinin sığortalı yaşayış yerini sığortasızdan ayıra bilmələri üçün fiziki olaraq yerində araşdırma aparmalarına ehtiyac qalmayacaq. İnformasiya sistemi vasitəsilə onlar öz ərazilərində olan hansı evin sığortalı olduğunu, hansı evin sığortasız olduğunu görə biləcəklər. Sığortasız əmlakın elektron qaydada cərimə edilməsi mümkün olacaq. Avtomobillər radarların altından keçəndə Daxili İşlər Nazirliyi öz elektron sistemi ilə hansı avtomobilin sığortasının olub-olmamağını müəyyən edə bildiyi kimi, əmlakın da sığortasının olub-olmadığını müəyyən etmək mümkün olacaq. Sığortalanmayan mənzillər 30 manat cərimə olunacaq. Bir neçə həftədən sonra həmin mənzil yenə də sığortalanmazsa, onun sahibi yenə cərimələnəcək. Hazırda daşınmaz əmlakın icbari sığortası Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər bölgələrdə isə 30 manatdır. Bunun müqabilində hər hansı hadisə baş verdikdə vətəndaşa dəyən ziyanın Bakıda 25 min manatı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 20 min manatı, digər bölgələrdə isə 15 min manatı sığorta şirkətləri tərəfindən ödənilir”.
Yanğın, elektrik naqillərində baş verən qısa qapanma, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; təbii fəlakətlər və s. kimi hadisələrdə sığorta ödənişi edilir. "İcbari sığortalar haqqında" qanuna görə, yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Lakin sığortaya evin əşyaları daxil deyil. Yəni evini sığortalayan şəxs o qədər də böyük məbləğ vermədən əşyalarını da ayrıca sığortalaya bilər. Sığorta şirkətlərinin belə paketləri olur. Bu, 50 manata aid deyil, bunun üçün əlavə ödəniş etmək lazımdır. Məsələn, evdə kiçik yanğın olub və əşyalar yanıb, amma ev salamatdır. Buna sığorta ödənişi düşmür. Amma evin təmiri xarab olubsa, sığorta ödənişi edilir. Evdə 1000 manatlıq şkaf yanıbsa, sığortanın ona aidiyyəti yoxdur. Amma müştəri evin əşyalarını ayrıca sığortalaya bilər.
Maraqlıdır, əmlakın sığorta edilməsinin məcburi olması, cərimənin tətbiqi nə dərəcədə düzgündür və bu hal sənədsiz evlərdə necə baş verəcək?
Hüquqşünas Sahib Məmmədov bildirir ki, qeyri-yaşayış obyektlərinin sığortalanması məcburi olsa da, evlərə olan münasibətdə bir qədər fərqlilik tətbiq edilməlidir: "Əmlakın sığortalanması olduqca yaxşı addımdır və bütün dünyada geniş yayılıb. Amma əksəriyyət ölkələrdə bu, könüllüdür. Yəni həmin ölkələrdə sığorta mədəniyyəti o qədər yüksəkdir ki, heç kəs əmlakını sığortalamamaq haqqında düşünmür. Mən əmlakın sığortalanmasının əleyhinə deyiləm, sadəcə, bunun icbari olmasını bir az uyğun görmürəm. Amma nə qədər ev var ki, dövlət reyestrinə daxil olmayıb. Elə Bakı şəhərində 10 minlərlə evin sənədi yoxdur. Həmin evlər sığortadan kənarda qalırlar.Bir fiziki şəxs daşınmaz əmlakını sığorta etməsə 20 gündə bir dəfə cərimə olunacaq. İl ərzində bu 550 manata yaxın pul edir. Daşınmaz əmlakın sıorta qiyməti yüksək olmasa belə 200 manat pnensiya alan və başqa qazancı olmayan üçün bu bir yükdür. Cərimələri də üzərinə gələndə bu böyük rəqəmə çevriləcək.Bundan başqa, əhali arasında elə təbəqə var ki, məsələn, şəhid ailələri, onların əmlaklarını dövlətin özünün sığortaçı qismində sığortalaması mümkündür. Digər tərəfdən, yaxşı olar ki, bu sığortanın icbariliyini hüquqi şəxslərə və qeyri-yaşayış obyektlərinə tətbiq etsinlər. Amma bir məsələ də var ki, kimin əmlakının başına iş gəlirsə, ilk olaraq dövlətdən gözləntisi olur. Bu səbəbdən sığortanın icbarı olması da müəyyən qədər başadüşüləndir. Ona görə qeyri-yaşayış obyektlərinin sığortalanması məcburi edilməlidir. Lakin evlərə olan münasibətdə bir qədər fərqli yanaşma tətbiq olunmalıdır”.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı sözlərinə görə cərimələrin 20 gündən bir periodik tətbiq etmək ciddi narazılığa səbəb ola bilər: "Bu sığorta növünün icbari olması ilə bağlı müxtəlif fikirlər səslənir. Sözsüz ki, beynəlxalq təcrübəyə əsaslansaq icbari deyil, könüllü olmalıdır. Nəzərə almaq lazımdır ki, ölkəmizdə əhalini sığortaya cəlb etmək elə də asan deyil. Təbii ki, bu işdə sığorta şirkətlərinin də müəyyən mənada rolu var. Yəni sığorta şirkətlərinin fəaliyyəti nəticəsində yaranmış etimadsızlıq ucbatından insanlar sığortaya maraq göstərmirlər. Digər tərəfdən, əmlakın sığorta məsələsini elə formada təqdim etmək olardı ki, əhalinin özü buna maraq göstərsin. Mövzu ilə bağlı yüksək səviyyədə maarifləndirmə tədbirləri həyata keçirilməli idi, amma təəssüf ki, bu işlərin heç biri olmadı. Cərimələrlə bağlı məsələyə gəlincə isə, periodik olaraq cərimələrin yazılmasını düzgün hesab etmirəm. Məncə, bu, orta və aşağı təbəqədən olanlar üçün əlavə sosial problemlərin yaranmasına gətirib çıxara bilər. Təsəvvür edin ki, insanlar evlərinin kommunal təminatı ilə bağlı xərclərini qarşılaya bilmir, bir tərəfdən də sığorta ilə bağlı cərimələr bunun üstünə əlavə edilir. Bu baxımdan, heç olmasa cərimələrin illik tətbiq daha yaxşı olardı. Yəni vətəndaşa möhlət verilərdi ki, bir il ərzində əmlakını sığorta etdirsin, əgər etdirməsə, bu zaman cərimə yazılsın. Amma bunu 20 gündən bir periodik olaraq tətbiq etmək, ciddi narazılığa səbəb ola bilər”.
R.Osmanlı sənədsiz evlərlə bağlı məsələyə də aydınlıq gətirdi: "Sənədsiz ev faktiki olaraq sığortanın subyekti deyil. Yəni evin "kupçası” yoxdursa, demək ki, ev də yoxdur. Sığortadan öncə evin sənədləşdirilməsi üzərində işlər görülməlidir, daha sonra sığorta edilməlidir. Sənədi olmayan evi sığortaya cəlb etmək özü bir qanunsuzluqdur. Hansısa bir əmlakın üzərində əməliyyat aparmaq üçün mütləq şəkildə onun sənədinin olması şərtdir və bu, mülki qanunvericiliklə tənzimlənir”.
Ekspert söhbətin əvvəlində əhali arasında maarifləndirmə işinin aparılmalısı gərəkdiyini qeyd etdi. Maraqlıdır, bəs bu maarifləndirmə necə aparılmalıdır?: "Təəssüf olsun ki, ölkəmizdə maarifləndirmə işi deyəndə yalnız mediada bir-iki çıxışla məsələni bitirirlər. Əslində isə belə olmamalıdır. Sığorta haqqında qanunvericiliyə görə sığorta şirkətləri illik gəlirlərinin müəyyən qədərini əhalinin sığorta ilə bağlı reklam işlərinə yönləndirilməlidir. Həmin reklamlar da elə çəkilməlidir ki, maarifləndirmə işini yerinə yetirə bilsin. Yəni sığorta şirkətləri özləri bu işdə maraqlı olmalıdırlar”.
Günel Azadə
banner

Oxşar Xəbərlər