• cümə axşamı, 28 mart, 22:19
  • Baku Bakı 13°C

Əmlak bazarında bahalaşma yoxdur

18.10.16 13:22 1517
Əmlak bazarında bahalaşma yoxdur
Bakıda ilkin daşınmaz əmlak bazarında qiymətlər avqust ayı ilə müqayisədə dollar ekvivalentində 4,43 faiz artıb. Bu barədə "MBA Group” şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. Ekspert bildirib ki, manatla ifadədə isə artım 2,76 faiz təşkil edib. O əlavə edib ki, təkrar daşınmaz əmlak bazarında da qiymətlərdə artım müşahidə olunub: "Ötən ay avqust ayı ilə müqayisədə dollar ekvivalentində artım 3,77 faiz, manatla ifadədə isə 2,11 faiz olub”.
Ekspert qeyd edib ki, buna baxmayaraq, daşınmaz əmlakın digər seqmentlərində qiymətlərin ucuzlaşması hələ də davam edir: "Kommersiya obyektləri bazarında avqust ayı ilə müqayisədə sentyabrda qiymətlər dollar ekvivalentində 4,96 faiz, manatla ifadədə isə 6,48 faiz azalıb. Torpaq bazarında da müvafiq olaraq 0,83 faiz və 2,42 faiz azalma var. Mənzillərin kirayəsi bazarında azalma sentyabr ayında avqust ayı ilə müqayisədə 8 faiz, manatla ifadədə isə 9,4 faiz təşkil edib. Kommersiya obyektlərinin kirayə bazarında isə müvafiq göstəricilər 4,28 faiz və 2,73 faiz azalma təşkil edib”
Lakin bu açıqlama heç də birmənalı qarşılanmayıb. Xüsusilə də yeni tikililərin və təkrar bazarda satılan daşınmaz əmlakın bahalaşması iddiası etirazlara səbəb olub. Bəs görəsən qiymətlərdəki artım payı həqiqəti nə dərəcədə əks etdirir? Daşınmaz əmlak bazarında hazırkı vəziyyət qənaətbəxşdirmi?
İqtisadçı ekspert Qadir İbrahimli qəzetimizə açıqlamasında bildirdi ki, qeyd olunan göstəricilərin heç birinin rəsmi təsdiqi yoxdur: "Azərbaycanın daşınmaz əmlak bazarında qiymət artımı üzrə hazırda heç bir real, ciddi və rəsmi əsas yoxdur. Bildiyiniz kimi, devalvasiyadan sonra əhalinin gəlirləri nominal qaydada azalıb. İşsizlik, əmək haqlarının azalmasından başqa, devalvasiya nəticəsində əhalinin gəlirləri də iki dəfə dəyər itirib. Bütün bunlar isə real alıcılıq qabiliyyətinə xeyli mənfi təsir edib. Bu kimi hallar onu göstərir ki, indiki dövrdə daşınmaz əmlak bazarında qiymət artımından söz gedə bilməz. Yenə də qeyd edim ki, bunun üçün heç bir rəsmi, hüquqi, iqtisadi əsas yoxdur”.
İqtisadçının fikrincə, bu rəqəmlərin açıqlanması bazara alıcı cəlb etmək məqsədi daşıyır: "Yayılan məlumatda bahalaşmanın dollar ekvivalentində olduğu da qeyd olunur. Bu isə ümumiyyətlə qeyri-mümkündür. Əksinə, bu gün daşınmaz əmlak bazarı "donmuş” vəziyyətdədir. Hətta təbliğat üçün sosial şəbəkələrdə də hər gün müxtəlif şirkətlər alıcılara sərfəli və daha təkmilləşdirilmiş şərtlər təklif edir. Hansı ki, bu reklamlar 3-4 il bundan öncəyə qədər gözə dəymirdi. Daşınmaz əmlak bazarının əsas oyunçularının dediklərinə və müşahidələrimizə əsasən, hazırda bazardakı vəziyyətin heç də qənaətbəxş olmadığını deyə bilərik. Hətta hesab edirəm ki, bazarın canlanmasının yaxın illər ərzində bərpa olunması da real görünmür. Fikrimcə, mətbuatda gedən bu məlumatlar daşınmaz əmlak bazarının oyunçuları tərəfindən qəsdən ortaya atılan bir oyundur və ictimai rəyi çaşdırmaq və alıcı cəlb etmək məqsədi güdür”.
Q.İbrahimli daşınmaz əmlak bazarında ucuzlaşma ilə bağlı açıqlanan rəqəmlərin isə real ola biləcəyini vurğuladı: " Bu gün Azərbaycanın daşınmaz əmlak bazarında qeyd etdiyim durğunluq qiymətlərin aşağı düşməsini, xüsusilə də dollar ekvivalentində aşağı düşməsini şərtləndirir. Eyni zamanda, manatla olan alqı-satqıda da azalma real görünür. Ümumiyyətlə, Azərbaycan hazırda yeni bir dövrə qədəm qoyur. Bu dövrün özünəməxsus xüsusiyyətlərindən biri də odur ki, yaxın bir neçə il ərzində daşınmaz əmlak bazarında yeni qiymətlər formalaşacaq. Yeni reallıqlar çərçivəsində qiymətlər indiki kimi yüksək olmayacaq. Belə ki, bazarda tam yeni qiymətlər və yanaşma tərzi formalaşacaq”.
"Qaya Real Estate Daşınmaz Əmalak” şirkətinin satış direktoru Akif Əliyev də deyir ki, daşınmaz əmlak bazarının alıcı kütləsində ciddi artım müşahidə olunmur: "Əslində, alıcılıq qabiliyyəti bir o qədər də yüksək deyil. Yəni hazırkı dövrdə alıcı kütləsində artım yoxdur. Birinci və ikinci dərəcəli klassifikasiya olunan əmlak sahibləri getdikcə müəyyən qədər bazara adaptasiya olunmağa başlayıblar. Manatın ucuzlaşması ilə əlaqədar qiymətlərdə müəyyən qədər eniş müşahidə olunurdu. Lakin baş verən bütün bu prosesləri əmlak bazarında yaranan yeni vəziyyətə adaptasiya kimi də qiymətləndirmək olar”.
A.Əliyev kommersiya obyektlərinin ucuzlaşması və torpaq bazarındakı azalma barədə də danışdı: "Hazırda sözügedən azalma ölkəyə xaricdən gətirilən tikinti materiallarının qiymətinin artması ilə izah oluna bilər. Kommersiya bazarında illik gəlir faizinin dəyərlə müqayisədə aşağı düşməsi mülk sahiblərini məcbur edir ki, öz əmlaklarını satışa çıxarsınlar. Əgər əvvəllər onlar satışdan illik 4-5 faiz civarında gəlir əldə edirdilərsə, həmin gəlirlər indi 2-2,5 faizə enib. Ona görə də verilən icarə məbləğləri və əmlakın qiymətində çox böyük fərq yaranır. Lakin istənilən halda, investisiyanı saxlamaq üçün kommersiya əmlakı ən etibarlı hesab olunur. Lakin hazırda mülkiyyətçilər kommersiya obyektlərini sataraq əldə olunan gəliri nağd vəsaitə çevirib daha gəlirli yerlərə investisiya etmək istəyirlər. Buna görə də satışa xeyli kommersiya obyektləri çıxarılır. Nəticədə qiymətlərdə müəyyən azalma müşahidə olunur. Qeyd edim ki, təkrar daşınmaz əmlak bazarında da hazırda adaptasiya prosesi gedir. Mətbuatda göstərilən artımlar bir o qədər də reallığı əks etdirmir. Fikrimcə, manat stabil qaldıqca, bu proses davam edəcək. Manatın dollara nisbətən ucuzlaşması, yaxud bahalaşması bazarda dəyişikliyə səbəb olan əsas faktlardandır. Burada əsas ziyan isə mülk sahiblərinə dəyir. Manat dollara nisbətən dəyər itirdikcə əmlakın qiyməti də uyğun olaraq aşağı düşür”.
Sonda ekspert ilin son rübü üçün ehtimal olunan proqnozlardan da söz açdı: "Fikrimcə, potensial alıcılar ilin son rübü üçün də gözləmə mövqelərini saxlayacaqlar. Çox güman ki, müəyyən aktivlik gələn ilin ilk birinci rübünün ortalarına və sonuna təsadüf edər. Bu, maliyyə bazarı ilə əlaqəli olan bir şeydir. Zəruriyyətdən doğan əmlak alqı-satqısı isə təbii ki, olacaq. Lakin bu da özlüyündə çox böyük faiz təşkil etməyəcək. Amma ümumilikdə ucuz əmlak təklifləri çox olacaq. Tələb və alıcı kütləsi isə o qədər də artmayacaq”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər