• şənbə, 20 Aprel, 08:46
  • Baku Bakı 14°C

Əmisinin adını arenalarda yaşadan gənc - Portret

28.01.17 09:30 5077
Əmisinin adını arenalarda yaşadan gənc - Portret
Cüdo azərbaycanlı idman həvəskarlarının həmişə medal gözlədikləri idman növlərindən olub. Son Rio Olimpiadasında da belə oldu. Cüdoçularımız dünyanın ən mötəbər idman yarışında qızıl medal qazanmasa da, 2 "gümüş”lə ölkəmizin medal kolleksiyasını zənginləşdirməyi bacardı. Olimpiadadan təxminən 1 ay sonra isə ölkəmizin idman həvəskarları Pireney yarımadasından xoş xəbər aldı. Ötən ilin sentyabrında, İspaniyanın Malaqa şəhərində keçirilən 21 yaşadək cüdoçular arasında Avropa çempionatında iştirak edən millimiz uğurlu çıxışla hamını yaxşı mənada təəccübləndirdi. Yığmamız Avropanın ən güclülərinin komanda yarışını 2-ci kimi başa vurdu. Cüdo millimizin uğurlu çıxışı fonunda gənc cüdoçularımız Hidayət Heydərov və Natiq Qurbanlının qızıl medal qazanması lap yerinə düşdü. Malaqadan qızıl medalla dönən Natiq Qurbanlı da perspektiv vəd edən gənclərimizdəndi. Bu yazıda sizə gənc cüdoçumuzu daha yaxından tanıdacağıq.


Atanın sözü həlledici olur

Natiq Qurbanlı 1997-ci il, mayın 25-də Sumqayıtda dünyaya gəlib. Atası ona mərhum qardaşının adını verir. Natiqin əmisi ağırlıqqaldırma üzrə SSRİ idman ustası idi. Qardaşının həyatdan vaxtsız köçməsindən çox kədərlənən ata Qurbanlı oğlunu idmançı kimi yetişdirərək, qardaşının adını idman arenalarında yaşatmaq qərarına gəlir. Beləliklə, Natiqin atası oğlunu idmana - cüdoya yazdırır. Bəs niyə ağırlıqqaldırma yox, məhz cüdo? Natiq uşaq vaxt bir qədər cılız uşaq olduğundan, atası onu məhz cüdoya yazdırmaq qərarına gəlir.
Ancaq Natiqin cüdoya yox, idmanın şahı sayılan futbola daha çox marağı var idi. O, 9 yaşında olarkən qısa müddət Sumqayıtda futbol məşqlərinə də qatılır. Ancaq ata Qurbanlı oğlunun futbolla məşğul olmasına qarşı çıxır. Ata ilə oğul arasında fikir ayrılığında evin böyüyünün sözü həlledici olur. Beləliklə, Natiqin cüdo macərası başlayır. 10 yaşından cüdo məşqlərinə gedən Natiqin ilk məşqçisi atasının yaxın dostu Zaur İsgəndərov olur.

İlk nəticələr

Natiqin cüdoda nəticələri özünü çox gözlətmir. Azərbaycan birinciliklərində medalları sıralayan Qurbanlı, tezliklə beynəlxalq arenada da nəticə qazanmağa başlayır. Onun ilk beynəlxalq uğuru 2013-cü ilə təsadüf edir. Həmin ildə Antalyada keçirilən yeniyetmələrin Avropa kubokunda 2-ci olan Natiq, bir neçə gün sonra Kiyevdə keçirilən analoji yarışda 3-cü olur. 2013-cü ilin mayında, Polşanın Byelsko-Byala şəhərində keçirilən yeniyetmələrin Avropa kubokunu isə fəxri kürsünün birinci pilləsində başa vurur. Qurbanlı elə həmin il Estoniyanın paytaxtı Tallində keçirilən 18 yaşadək cüdoçular arasında Avropa çempionatında bürünc medal qazanır. Tallindəki uğurdan cəmi 2 ay sonra ABŞ-ın Mayami şəhərində keçirilən 18 yaşadək cüdoçular arasında dünya çempionatına qatılan Qurbanlı, yarışı qızıl medalla başa vurur.


Davam edən uğurlar

Bu uğurlardan sonra heç kim Natiqdə olan perspektivə şübhə etmir. Son 3 ildə Qurbanlı dəfələrlə yeniyetmə və gənclər arasında təşkil edilən Avropa kuboklarının qalibi olub. 2014-cü ildə Afinada yeniyetmələrin Avropa çempionatında qızıl medal qazanan Natiq, elə həmin ildə Byelsko-Byelada və Koimbrada keçirilmiş Avropa kuboklarında müvafiq olaraq qızıl və gümüş medallara sahib çıxır.
Yeniyetmələrin yarışlarındakı uğurlarını gənclərin yarışlarında da davam etdirən Natiq, Avropa kuboklarında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanır. Ötən ilin sentyabrında isə o, daha ciddi yarışa - 21 yaşadək cüdoçular arasında Avropa çempionatına qatılır. Natiq bundan iki il öncə, 2014-cü ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş analoji yarışda çıxış etmiş, özündən yaşca böyük cüdoçulara qarşı yarışda 5-ci olmuşdu. Bu dəfə isə o, daha təcrübəli idi. Artıq məşqçilər ondan 4-5-ci yer yox, medal gözləyirdilər.

Malaqadan "qızıl”la

Malaqada 55 kq çəkidə yarışan Natiq Qurbanlı finala qədər irəliləyir. Bu yolda o, türkiyəli Oğuzhan Qaracanı, macarıstanlı Daniel Monorini və gürcüstanlı İrakli Kupatadzeni məğlub edir. Həlledici görüşdə isə Rusiya cüdoçusu Ali Pafovu məğlub edən Qurbanlı, qitə birinciliyinin qızıl medalına sahib olur. Natiq Malaqadakı uğurunu belə xatırlayır: "Malaqada ilk rəqibim türkiyəli oldu. Bu rəqiblə əvvəllər iki dəfə qarşılaşmış, bir dəfə qalib gəlib, bir dəfə uduzmuşdum. Bu dəfə isə 2 xəbərdarlıqla qalib gəldim. Növbəti rəqib isə macarıstanlı oldu. Çətin də olsa, vazari xalı ilə qalib gəldim. Yarımfinalda gürcü rəqibi məğlub etdim. Finalda rusiyalı rəqiblə üzləşdim. Bu qarşılaşmadan öncə bir az stress var idi. Qızılın bir addımlığında dayanmaq adama təsir edir. Keçən il finalda uduzmuşdum, ona görə də, bu dəfə qalib gələrək himnimizi səsləndirmək istəyirdim. Bu qarşılaşmada tam qələbə qazanaraq, qızıl medal qazandım”.
Natiq çempionluq barədə "o hissi bildirmək olmur, gərək onu yaşayasan. İnsan o anda istəyir ki, yaxınları yanında olsun, sevincini bölüşəsən” deyir.

"Məşqçi kənardan daha yaxşı görür”

İdmançının uğur qazanmasında onun fiziki hazırlığı, gərgin məşqlər, intizamı ilə yanaşı, məşqçisinin verdiyi tapşırıqları hansı səviyyədə yerinə yetirməsi də rol oynayır. Natiq məhz bu cəhətlərin hamısını yerinə yetirən idmançılardandı. O, yarışlar zamanı həmişə fikrinin məşqçidə olduğunu deyir:
"Yarış zamanı fikrim ancaq məşqçinin tapşırıqlarında olur. Çünki məşqçi kənardan daha yaxşı görür”.

"Barsa”nın azarkeşi

Yuxarıda Natiqin futbola marağından yazmışdıq. Atasının təkidi ilə futbolu cüdoya dəyişən Natiqdə bu idman növünə maraq hələ də qalır. O, "Barselona”ya azarkeşlik edir. "Barselona” azarkeşinin sevimli oyunçusu isə əlbəttə ki, Lionel Messi olmalıdır. Elə Natiqdə də belədir.
Kiçik yaşlarında futbolçu olmağı xəyal edən Natiq üçün hazırda bu idman növü sadəcə, hobbidir. O, boş vaxtlarını məhz sevimli idman növü olan futbolu seyr etməklə keçirir.

Əsas məqsəd

General olmaq istəməyən əsgər, əsgər deyil. Eyni sözü idmançılar barədə də demək olar. İdmanda isə "general olmaq” olimpiya çempionluğudur. Natiq də "general olmaq” istəyən idmançılardandı. O, "bütün idmançıların əsas məqsədi olimpiya çempionu olmaqdır. Elə mənim də arzum nə vaxtsa Olimpiadada qələbə qazanmaqdır” deyir.
Ancaq bu işin elə də asan olmayacağını da bilir. Natiq olimpiya çempionu olmaq üçün digər ölkələrdəki rəqiblərindən öncə öz həmvətənlərini geridə qoymalıdır. Artıq olimpiya oyunlarında iştirak etməyə imkan verən ən aşağı çəki dərəcəsi olan 60 kq-da yarışacaq Qurbanlının yetərincə ciddi rəqibləri var. Elə təkcə son olimpiadada medal qazanmasa belə, yarımfinala kimi irəliləyən, karyerası ərzində dünya çempionatının bürünc, Avropa çempionatında gümüş medalını qazanmış Orxan Səfərovu qeyd etmək kifayətdir. Orxanın cəmi 25 yaşının olduğunu nəzərə alsaq, Natiqi irəlidə heç də asan rəqabət gözləmir.
Bunu o özü də başa düşür. Natiq "yeni çəkidə mübarizə aparmaq çətin olur. Gələcəkdə 60 kq çəkidə güləşəcəm. Bu çəkidə bizdə güclü cüdoçular var. Onlarla rəqabət aparmaq üçün çox çalışmaq lazımdır” deyir.

Portreti
Gənc və perspektivli olan Natiqdə ilk diqqəti cəlb edən xüsusiyyəti sabit çıxış etməsidir. Belə ki, Qurbanlı yeniyetmələrin və gənclərin yarışlarındakı çıxışlarında demək olar, eyni uğurları əldə edib. Onun son 4 ildəki çıxışlarına baxdıqda, heç bir yarışdan medalsız dönmədiyinin şahidi olarıq. Qalır, yeniyetmə və gənclərin yarışlarındakı uğurları böyüklərin də yarışlarında davam etdirmək. Bunu həyata keçirmək üçün Natiqdə bütün xüsusiyyətlər var.
Kənan


banner

Oxşar Xəbərlər