• cümə, 19 Aprel, 08:11
  • Baku Bakı 13°C

Əminsən ki, sən şeytan deyilsən?

06.10.19 10:00 1074
Əminsən ki, sən şeytan deyilsən?
Conatan FRANZEN

ABŞ nasiri Conatan Franzen (Jonathan Franzen) bir sıra roman və esse kitablarının müəllifidir.
O, 1959-cu ildə ABŞ-ın İllinoys ştatındakı Vestern Sprinqs şəhərində doğulub. Suortmor kollecində oxuduğu illərdəki uğurlarına görə 1981-ci ildə Fulbrayt Fondunun təqaüdünə layiq görülüb və bu sayədə bir neçə il Almaniya universitet­lərində təhsil almaq imkanı qazanıb.
Ədəbi aləmə o, dörd illik ara ilə nəşr etdirdiyi "27-ci şəhər” (1988) və "Güclü təkan” (1992) romanları ilə qədəm qoyubdur.
Cəmiyyətin sosial həyatındakı nöqsanların tənqidinə həsr olunmuş "Düzəlişlər” (2001) romanına görə "Bədii ədəbiyyat” nominasiyaları üzrə iki nüfuzlu mükafata layiq görülüb: 2001-ci ildə ölkəsinin "Milli Kitab Mükafatı”na, 2002-ci ildə isə "Ceyms Teyt Bleyk Xatirə Ödülü”nə. XXI yüzildə çap olunan bestsellerlər arasında ən uğurlu əsərlərdən biri sayılan bu romana oxucular hələ də dərin maraq duyurlar.
Sonralar işıq üzü görən "Azadlıq” (2010) romanı da ədəbi aləmdə böyük əks-səda doğurubdur. "Azadlıq” romanı 2010-cu ildə "Qalaksi Milli Kitab Mükafatı”na və "Salon Kitab Ödülü”nə, 2011-ci ildə isə Hörtlənd mükafatına və Con Qardner ödülünə layiq görülüb.
Hələlik sonuncu sayılan romanı "Günahsızlıq” 2015-ci ildə çap edilib.
Yazar eyni zamanda "Tənhalığa çəkilmək” (2002), "Uzaq ada” (2012) və "Yer kürəsinin sonunun sonu” (2018) adlı esse, "Narahatlıq bölgəsi” (2006) adlı xatirə kitabları ilə də oxucu rəğbəti qazanıbdır.
Öz orijinal əsərlərini yaratmaqla yanaşı, o, tələbəlik dövründə dərindən yiyələndiyi alman dilindəki bəzi əsərləri ingilis dilinə çevirməyə də vaxt tapır. Məsələn, alman nasiri Frank Vedekindin "Yaz oyanışı” adlı kitabının uğurlu tərcüməsi (2007) ilə o, bu sahədə də yüksək sənətkarlığa sahib olduğunu sübuta yetiribdir. Tərcümə fəaliyyəti üzrə bir digər işi isə 2013-cü ildə çap olunan "Kraus layihəsi”dir.
Hazırda Nyu-Yorkda yaşayan yazar 1994-cü ildən indiyədək "The New Yorker” jurnalında çalışır.
Aşağıda oxuculara təqdim olunan mətn Conatan Franzenin "Uzaq ada” adlı esselər kitabından götürülmüşdür. Esse Buker və Nobel mükafatları laureatı, Kanada general-qubernatorunun bədii ədəbiyyat üzrə ödüllərinə müxtəlif vaxtlarda düz üç dəfə layiq görülən və 1931-ci ildə doğulan kanadalı nasir Elis Enn Manronun (Alice Ann Munro) yaradıcılığına həsr olunubdur.



Hazırda Elis Manro Şimali Amerika qitəsinin ən yaxşı yazarı tituluna iddialıdır, çünki kitabları bestseller sayılır, hərçənd onun oxucularının sayı sən deyən çox deyildir. Layiq olduğu qiyməti hələ də almayan növbəti yazarı sizlərə təqdim edərkən mən Manronun sehirləyici və hələlik sonuncu kitabı sayılan "Qaçqın qız"dan bəhs etmək, buna paralel olaraq yazarın şöhrətinin onun yaratdığı kamil nəsrin səviyyəsindən niyə geri qaldığını araşdırmağa çalışacağam. (Yəqin ki, tərif dolu təqdimatlarla bağlı aldığınız dəvətnamələr sizləri də bezdiribdir və onlardan can qurtarmağın yollarını çoxdan tapmısınız. Eyni şəkildə biz tanınmış xeyriyyə cəmiyyətlərindən öz poçtumuza daxil olan çoxsaylı məktubları da açmamağı uyğun görürük. Məsələn, belə bir məktubu: "Don Pauell, çox rica edirik, yoxsullara əl tutun… Hər həftə ayıracağınız on beş dəqiqəlik qiraət yazar Yozef Rotun çağdaş ədəbi aləmdə layiq olduğu yeri tutmasına misilsiz bir töhfə sayılacaqdır…"

1. Manronun kitablarını oxuyan kəs bir hekayətçi kimi onun üslubundan böyük zövq alır.
Mövcud problem ondan qaynaqlanır ki, ciddi bədii nəsr kitablarının alıcıları daha çox lirik və oxucunun qəlbini riqqətə gətirən saxta ədəbi əsərlərə meyl edirlər.

2. Manronu oxuyan insan mətndən həm vətəndaşlıq hissini coşduran, həm də tarixi bilgilərlə zənginləşir.
Onun əsas mövzusu – insanlardır. İnsanlar, insanlar, yenə də insanlar. Hər hansı önəmli mövzuya (məsələn, İntibah dövrünün incəsənətinə və ya ölkəmizin tarixindəki önəmli bir olaya) həsr olunmuş bir kitabı oxuyan insan öz vaxtını boşa sərf etmədiyinə daxilən özünü inandırır. Əgər oxunan kitabın mövzusu bugünkü dünya ilə bağlıdırsa və onun qəhrəmanlarının qayğıları bizə də doğma gəlirsə, üstəlik, kitaba elə bağlanıbsınızsa ki, yuxunuz da ərşə çəkilib, bax, onda oxucuda belə bir şübhə yarana bilər ki, müəllif onun sadəcə başını piyləməyə nail olubdur.

3. Manro öz kitablarına hay-küylü adlar vermir. Məsələn, "Kanada pastoralı", "Kanadalı psixopat", "Al qırmızı Kanada", "Kanadada" və ya "Kanadaya qarşı fitnə" kimi.
Əsərlərindəki ən önəmli və dramatik məqamları qısaca şərh etməyi, onları asan anlaşılan şəkildə oxucuya çatdırmağa da Manro əsla can atmır. Yaratdığı surətlərin halına hədsiz dərəcədə acıması, canlı danışıq dilinə aşinalığı və mənasız sözlərdən qaçması da yazara görünməmiş zərər vurur, bütün bunlar ucbatından müəllifin "mən"i arxa plana keçir, bir növ "kölgədə" qalır. Oxucunun dostu olduğunu anlatmaqdan ötrü o, kitablarının qapaqlarına gülərüzlü fotolarını yerləşdirir və bu sayədə özünü ciddi ədəbi məram sahibi kimi göstərməyə çalışanlar sayağı fotolardan qaşqabaq sərgiləmir.

4. İsveç Kral Akademiyası sarsılmaq nədir, bilmir.
Stokholmdakılar əmindirlər ki, ədəbiyyat üzrə Nobel ödülü alanlar arasında kanadalılar və sadəcə hekayə yazarları hədsiz çoxdur. Həm də keyfin istəyən qədərdir!
(Qeyd: Xatırladırıq ki, bu esse Elis Manronun 2013-cü ilin ədəbiyyat üzrə Nobel mükafatına layiq görülməsindən 11 il əvvəl qələmə alınmışdır – A.Y.)

5. Manro bədii nəsr yazır və digər ədəbi növlərlə müqayisədə belə nəsrlə bağlı rəy yazmaq xeyli müşküldür.
Misal üçün, Bill Klintonu götürək: onun özü barədə yazdığı kitab necə də maraqla oxunur! Hədsiz maraqlıdır! Əgər müəllifin özü oxucu üçün maraqlı şəxsiyyətdirsə, o halda Bill Klinton haqda kitabı onun özündən daha yaxşı kimi yaza bilər görəsən?! Bundan başqa, hamının Bill Klintonla bağlı müəyyən bir rəyi var və hamını düşündürən də odur ki, görəsən, bu kitabda Klinton özüylə əlaqəli nələri açıqlayıb, hansı faktların isə üstündən sükutla keçib? Niyə bir məqamı hədsiz qabardarkən, digərini görməməzlikdən gəlib? Ona görə də bu cür kitab barədə rəy bir göz qırpımındaca araya-ərsəyə gəlir.
Bəs Elis Manro kimdir? Hədsiz özəl yaşantıların çox uzaq bir təqdimatçısı. Onun bu yeni kitabının necə satıldığından söz açmaq, bununla bağlı hansısa tikanlı sözlərlə oxucu marağını körükləmək və ya onun yeni əsərinin konkret mövzusundan yazmaq (çünki bütövlükdə süjet xəttini anlatmasam, bu, mümkün olan deyil) məndən ötrü maraqsız olduğundan bu kitabı çapa hazırlayan "Alfred A.Knopf" nəşriyyatına qapaq üçün aşağıdakı bir cüt xoş cümlədən yararlanmağı məsləhət görərdim:
"Manro Şimalı Amerika qitəsinin ən yaxşı yazarı olmağa iddialıdır. Onun "Qaçqın qız" kitabı isə – əsl möcüzədir".

Bununla yanaşı, mən "Nyu-York Tayms buk revyu" həftəliyinin tənqid redaksiyasına məsləhət görərdim ki, ən baxımlı guşədə Manronun iri fotosunu yerləşdirsin, onun altında isə nisbətən xırda ölçüdə xüsusi maraq bəsləyən oxucular üçün yazarın mətbəxinin, övladlarının fotolarını versin. Daha sonra isə nadir hallarda müsahibə verən bu yazarın aşağıdakı fikirlərini sitat kimi təqdim eləmək də yetərli olardı:
"Öz keçmiş mətnlərimə baxanda mən müəyyən xəcalət hissi keçirirəm... Belə götürəndə, hazırda nəyin üzərində işləyirsənsə, məhz o - səninkidir. Bu isə o deməkdir ki, sən hələ əynini tam geyinməmisən və bircə dənə nazik köynəkdə (bu – sənin hələlik tamamlamadığın mətndir) adam icçnə çıxırsan, daha öncə ortaya qoyduqlarının əksər qismi isə hələ də tam anlaşılmayıbdır. Ona görə də mən yazarın kütləyə təsiriylə bağlı hər hansı rolu əsla üzərimə götürmürəm. Əgər həmin rolu üstlənsəydim, onda özümü ən böyük yalançının yerində hiss eləyərdim..."

6. Ən betəri isə odur ki, Manro sadəcə hekayələr yazır.

Bu isə onun rəyçisini xeyli ağır vəziyyətdə qoyur. Görəsən dünya ədəbiyyatında süjeti qısa anladılacağı təqdirdə öz gözəlliyini qoruyub saxlayacaq hər hansı hekayə varmı ki? (Vaxt öldürmək istəyən bir kişi Yalta bulvarında yanındakı miniatür bir itlə gəzişən xanımla tanış olur… Kiçik bir şəhərdə hər il keçirilən lotereya uduşları, sən demə, tamamilə ağlagəlməz məqsədlərə xidmət edirmiş… Miladla bağlı ziyafətdən sonra ortayaşlı dublinli kişi həyat və sevgi barədə düşüncələrə dalır…)
Heç Opra Uinfri də öz verilişinin növbəti müzakirə mövzusu kimi bir hekayələr toplusunu seçməzdi, çünki hekayələri müzakirəyə çıxarmaq son dərəcə qəliz məsələdir. "Nyu York Tayms buk revyu" nəşrinin keçmiş redaktoru Çarlz Makqrat bu yaxınlarda hekayə yazan gəncləri qolf oyununu öyrənməyə can atan, lakin hələlik oyun sahəsinə çıxmağa cürəti yetməyən, sadəcə məşq meydançasındaca öz oyun vərdişlərini püxtələşdirən adamlara bənzətmişdi. "Həqiqi oyun" deyərkən o, məhz romanı nəzərdə tutduğundan, bu bənzətməni çox ciddi qəbul etməmək də olar. Makqratın bu önyarğısıyla kitab naşirlərinin təxminən böyük əksəriyyəti razıdır: əgər onlar müəllif ilə iki kitabla bağlı saziş imzalayırlarsa, bunlardan ancaq biri, yəni gəlir gətirməyəni hekayələr toplusu ola bilər, ikincisi isə… əsla ola bilməz.
Əslinə qalanda, son iyirmi beş il ərzində bədii ədəbiyyatda insanın varlığını titrədən və əsl nailiyyət sayılan əsərlərin hansılar olduğunu məndən soruşsalar, istər-istəməz kiçik həcmli nəsr əsərlərini sadalayardım və dəqiq deyə bilmərəm: bunun səbəbi hekayə janrının bunca dışlanmış olmasıdır, yoxsa bunun tam əksi. Heç şübhəsiz ki, bir Misilsiz Xanım Yazar var. Ondan başqa biz sadəcə hekayə yazan və ya əsasən hekayə yazan Lidiya Devisin, Devid Minsin, Corc Sondersin, Emi Hempelin və mərhum Raymond Karverin adlarını çəkə bilərik. Bunların dışında hekayə ilə yanaşı, ən müxtəlif janrlarda uğur qazanan çoxsayılı yazarlar qrupu var və buraya Con Apdayk, Coy Uilyams, Devid Foster Uolles, Lorri Mur, Coys Kerol Outs, Denis Conson, Enn Bitti, Uilyam T.Vollman, Tobias Vulf, Enni Pru, Maykl Şeybon, Tom Druri, mərhum Andre Dübyu aiddir. Bununla yanaşı, adıçəkilən bu qələm sahibləri sübuta yetiriblər ki, öz yaradıcılıq "mən"lərinə daha çox sadiq qaldıqları təbii mühit – məhz qısa nəsr əsərləridir. Heç şübhəsiz, sırf roman üzrə ustalaşan, misilsiz yazarlar da vardır. Ancaq mən gözlərimi qapayıb, son onilliklərin ədəbi nailiyyətləri barədə düşünəndə qarşımda canlanan dumanlı mənzərədə ən gur işartılar, təkrar baş çəkməyi arzuladığım məkanlar (yəni mətnlər) – məhz oxuduğum bu və ya digər hekayələrdir.
Hekayə janrının mənə xoş gələn bir cəhəti isə yazara mətnin ardında gizlənməyə imkan verməməsidir. O, uzunçuluqla heç nəyə nail ola bilməz: onsuz da oxucu tezliklə, yəni sonuncu səhifəyə çatanda, yazarın ona çatdırılası dəyərli bir mesajının olub-olmadığını öyrənəcək. Hekayə janrının könlümə yatan bir digər özəlliyi isə təsvir olunan hadisələrin adətən indiki zamandan və ya hələ diri sayılan yaddaşdan alınmasıdır. Bugünkü gerçəkliklərdən qaçmağa çalışan və bəzən ölü mətn təsiri bağışlayan çağdaş romanların əksəriyyətindən fərqli olaraq, hekayə janrı sanki tarixin dərinliklərinə baş vurmaqdan çəkinir, buna bir müqavimət göstərir. Məncə, hekayə janrının daha bir üstünlüyü də – yazardan ən yüksək istedad tələb eləməsidir, çünki belə istedad sahibi aşağı-yuxarı eyni hekayəti dönə-dönə anlatmasına rəğmən, hər dəfə təzə xarakterlər və situasiyalar ilə qarşımızda zühur eləyə bilir. Bədii əsər sahibləri bəzən yeni, daha fərqli bir şey yaza bilmədiklərindən şikayətlənirlər, hekayə yazarları (hekayəçilər) isə belə durumlarla daha sıx rastlaşırlar. Bir daha vurğulayıram ki, onların qaçıb-gizlənəcək bir yerləri yoxdur. Bu janrın ən böyük ustaları, bərkdən-boşdan çıxmış Manro və Uilyam Trevor isə buna hər hansı cəhd də göstərmirlər.
Gəlin, Manronun dəfələrlə qələmə aldığı eyni hekayətin strukturuna baxaq. Ontario kəndlərindən birində, orta gəlirli bir ailədə doğulub-böyüyən, ağıllı və həssas bir qızın anası ya dünyasını dəyişib, ya da yatağa düşübdür. Məktəb müəllimi olan atasının evləndiyi ikinci arvadı isə yetərincə qəliz bir insandır. Təhsil üçün təqaüd qazanan bu qız əlinə ilk fürsət düşən kimi ucqar kəndlərindən baş götürüb qaçır və ya öz maraqlarını daha vacib sayaraq, buna bənzər bir addım atır. O, erkən yaşda ərə gedir, sonradan Britaniya Kolumbiyasında məskunlaşır, öz övladlarını böyüdür. Sonralar ərindən ayrılan bu qadında bəzi naqisliklər meydana çıxmağa başlayır. Deyək ki, o, bir aktrisa, bir yazar və ya teleaparıcı kimi uğur qazanır, cürbəcür kişilərlə eşq macəraları yaşayır.
Ən nəhayət, doğma şəhəri Ontarioya qayıdır və məlum olur ki, onun gənc ikən qoyub getdiyi bu yerlər də hədsiz dərəcədə dəyişib və bundan qadının keyfinə əməlli-başlı soğan doğranır. Bir vaxtlar o, bu yerləri öz könlünün diktəsiylə tərk eləmişdi. Özündənrazı şəkildə geri döndüyü zaman burada könülaçıqlığıyla qarşılanmaması isə nədənsə onun eqosuna görünməmiş zərbə vurur, çünki gəncliyinə xas və daha ənənəvi sayılan dünyagörüşü onun bugünkü davranışları ilə heç cür barışmaq istəmir. Doğma yerləri tərk edərkən o, daha azad və bütöv şəxsiyyət olmağa can atırdı, halbuki onun bu addımı burada qalanlara ağır itki və qanqaraçılıq bəxş eləmişdi. Yəni onlara sağalmaz yara vurmuşdu.
Yazarın, demək olar ki, hər hekayətinin məğzi bundan ibarətdir. Əlli ildən artıq bir dövrdə Manro eyni bulağın gözündən su içməkdədir. Eyni təfərrüatlar onun əsərlərində, eynilə Kler Kuilti kimi, dönə-dönə təkrarlanır, canlanır. Digər tərəfdən isə ilkin materialın, məğzin dəyişməzliyi fonunda Manronun bir sənətkar kimi necə böyüdüyünü, əzəmət qazandığını da asanlıqla sezmək olur. Buna misal olaraq, onun "Seçilmiş hekayələr"ini, əsasən də son üç kitabını göstərə bilərik. Özünüz baxın, görün, o, kiçik bir hekayətdə nələr yarada bilir: hər dəfə onu təkrar işləyəndə yeni tapıntılar qoyur ortaya. Yox, bu zaman o, adama oyun meydançasındakı qolfçunu əsla xatırlatmır. Dümdüz döşəməyə adi, qara trikoda çıxan bu gimnast qadın səhnəyə əllərindəki qamçılarla, əyinlərindəki gözqamaşdırıcı kostyumlarla, üstəlik, fillərin və pələnglərin müşayiəti ilə təşrif buyuran bütün romançıları kölgədə qoymağa qadirdir.
Müsahibələrindən birində Manro belə demişdi: "Əşyaların, həm də özünə qapanmış əşyaların qəlizliyində son hədd yoxdur. Halbuki həyatda onlardan daha bəsit, daha primitiv bir şey də tapmazsan".
Bunu deyərkən, o, ədəbiyyatı cazibədar qılan başlıca aksiomanı dilə gətirib. Şəxsən mənə gələndə, səbəbini bilməsəm belə (bu, ya fasiləsiz mətn oxumaq imkansızlığımdan irəli gəlir, çünki çağdaş həyatda diqqəti əsas hədəfdən yayındıracaq şeylər hədsiz çoxdur, ya da ki maraqlı romanlar azdır), həqiqi ədəbiyyatı dadmaq, onunla nəfəs almaq istəyəndə, onda aradığım paradoksallığı və qəlizliyi adətən qısa nəsr əsərlərində tapıram və onlar məni tünd bir içki qədər kefləndirir.
Son aylar "Qaçqın qız" toplusu ilə yanaşı, mən ən əyləncəli çağdaş bədii nəsr nümunələri sırasına Uollesin "Unutma" adlı kitabını və Britaniya yazarı Helen Simpsonun sarsıdıcı hekayələr toplusunu da daxil edərdim. Simpsonun çağdaş analıq məsələləriylə bağlı komik məqamlardan bəhs edən kitabı "Hey Yeah Right Get a Life" ("Hey, yetər bunca axmaqladın") adı altında işıq üzü görmüşdü və zənnimcə, bu başlığın təkmilləşdirilməsinə hər hansı gərək yox idi. Lakin Amerikanın kitab industriyası buna gərək duyduğundan belə bir addım atdı və gəlin görək, bu başlıq hansı şəklə düşdü: "Getting a Life" ("Həyat qazanma"). Məlum feildən törəmə isim kimi yaradılan bu kitab adını yadınızda yaxşıca saxlayın, çünki amerikalı naşir növbəti dəfə hekayə kitablarının pis satılmasından acı-acı şikayətlənəndə bu başlıq istər-istəməz xatirinizdə canlanacaq.

7. Digər müəlliflərlə müqayisədə Manronun hekayələrinə rəy yazmaq daha müşkül işdir.
Çexovdan sonra meydana çıxan istənilən yazarla müqayisə etsək, görərik ki, Manro hər hekayəsində anlaşılmaz bir bütövlük axtarışındadır və bu yolla həyatın təsvirinə can atır. Bütün yaradıcılığı boyu o, oxucusunu bəsirət gözünün açılmasına hazırlayır və bunu tədricən etməkdə xüsusi istedad sahibidir.
Lakin "Seçilmiş hekayələr" (1996) toplusundan sonra işıq üzü görən üç kitabı ilə Manro sübut elədi ki, öz yaradıcılığında görünməmiş sıçrayışa imza atıb, gərgin, nəfəskəsən süjetlər və ya saspens ustasına çevrilibdir. Onun bizlərə təqdim elədiyi məqamlar, durumlar artıq kamilləşmə göstəricisi deyildir, onlar taleyüklü, düzədilməsi artıq imkansız və hədsiz dramatik xarakterə sahibdirlər. Bu zaman oxucuya aşılanır ki, o, hekayətdəki hər döngəyə, dalana baş vurmadığı müddətcə əsərin məğzini, mənasını əsla anlaya bilməz, çünki bütün qaranlıq məqamlara adətən sonuncu bir-iki səhifədə aydınlıq gətirilir. Bir hekayə ustası kimi öz ambisiyalarını durmadan artıran Manronun gözqamaşdırıcı effektlərə duyduğu maraq da get-gedə azalıb. Yaradıcılığının ilk dönəmində onun əsərlərində gurultulu ritorikaya (bəlağətə), ekssentrik təfərrüatlara, oxucunun diqqətini özünə kilidləyən ifadələrə tez-tez rast gəlinirdi (buna misal kimi, yazarın 1977-ci ildə yazdığı "Şux döyülmələr" hekayəsini oxumağı tövsiyə edərdim). Halbuki indi onun hekayələri adama klassik faciələri xatırladır və bu bənzərlik onun önəmsiz detallara əsla yer verməməsi və ya hekayətin axışına öz "mən"i ilə müdaxilə etməməsiylə əsla bağlı deyildir, çünki bütün bunlar həm qulağa naxoş gəlir, həm də estetik-mənəvi prinsiplərlə səsləşmədiyindən adamın keyfini pozur.
Manronun əsərlərini oxuyarkən mən öz həyatım barədə düşüncələrə qapılıram: aldığım qərarlar, işlədiyim və işləmədiyim əməllər barədə, özümün necə adam olmam, ömür yolumu nöqtələyəcək ölümüm barədə düşünürəm. O, elə azsaylı (onların az qismi həyatdadır, əksəriyyəti isə dünyasını dəyişib) yazarlardandır ki, mən "Bədii ədəbiyyat – mənim dinim, imanımdır" deyəndə məhz belələri olur gözlərim önündə canlananlar. Manronun bu və ya digər hekayəsinin qiraəti zamanı mən onun xəyalının məhsulu olan surətlərə tam ciddiyyətlə, hörmətlə və əsl qardaş canıyananlığı ilə yanaşıram: bu, ömrümün ən xoş dəqiqələrində eynilə özümə yanaşmamı xatırladır.

Dilimizə çevirdi: Azad Yaşar

banner

Oxşar Xəbərlər