• cümə, 19 Aprel, 22:23
  • Baku Bakı 24°C

Əminəm ki, insanlarımız karantin qaydalarına riayət edəcək

30.04.20 16:00 1149
Əminəm ki, insanlarımız karantin qaydalarına riayət edəcək
Hamı bilməlidir ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Ona görə də, mütləqdir ki, sərt karantin rejiminin qaydalarına əvvəlki qaydada riayət edək. Təəssüf ki, insanlarımız karantin qaydalarına bəzən riayət etmirlər. Koronavirus pandemiyasının yeni dalğasına yol verməmək üçün vətəndaş məsuliyyətimizi dərk etməli, karantin rejiminin qaydalarına riayət olunmalıdır.
Bu fikirləriAZƏRTAC-a müsahibəsində Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib.
Koronavirus pandemiyasının dünyanın hər yerdə yayılaraq tüğyan etdiyini söyləyən alim çox böyük təəssüf hissi ilə bildirib ki, çarəsi hələ də tapılmayan xəstəlik səbəbindən insanlar həyatlarını itirirlər. Planetimizdə minlərlə insan pandemiyanın qurbanı olub. Acınacaqlısı da odur ki, koronavirus sərhəd tanımır və heç kimə acımır. Lakin şükürlər olsun ki, bu xəstəlikdən sağalanların da sayı az deyil.
İndiki vəziyyətdə hər şeyin insanlara bağlı olduğunu söyləyən Əməkdar elm xadimi deyib ki, məhdudiyyətlər götürülsə belə, insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları çoxala bilər.
Karantin qaydalarına riayət edilmədiyi təqdirdə pandemiyanın növbəti dalğasının başlaya biləcəyini söyləyən alim deyib: "Ehtiyatı əldən verməməliyik, virusun meydanını daraltmaqda, mütəxəssislərin, həkimlərin, məsul şəxslərin məsləhətlərini, dövlətin karantin rejimi ilə bağlı qoyduğu qaydaları yerinə yetirməkdə davam etməliyik. Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, məsafə saxlanılması və s. kimi məsələlərə, qaydalara riayət olunması zəruridir. Əgər pandemiyanın birinci dalğasını az itki ilə başa vurduqsa, bu, dövlət rəhbərliyinin qətiyyətli qərarları və iradəsi nəticəsində oldu. Əlamətdar haldır ki, Ümumdünya Səhiyyə Təşkilatının bəyan etdiyi kimi, pandemiya ilə mübarizə istiqamətində Azərbaycanın nümunəvi təcrübəsi artıq bir çox ölkələr tərəfindən fəaliyyət proqramı kimi geniş şəkildə istifadə olunmaqdadır. Yəni, dövlət üzərinə düşəni edib və artıq insanlarımızın növbəsidir ki, pandemiyanın ikinci dalğasının başlanmasının qarşısını alaq. Buna isə dediyimiz kimi yalnız karantin qaydalarına maksimum şəkildə riayət etməklə nail ola bilərik”.
Bəzi insanların bu xəstəliyə barmaqarası baxdığını, məsuliyyəti dərk etmədiyini bildirən Məhərrəm Qasımlı deyib ki, bu, yolverilməzdir. Hadisələrə sağlam düşüncə və təfəkkürlə yanaşmaq lazımdır. "Gəlin, qaydalara əməl edək ki, həm sağlamlığımızı qoruyaq, həm də dövlətimizə dəstək olaq. Həqiqətən də, biz birlikdə güclüyük. Əminəm ki, insanlarımız karantin qaydalarına riayət edəcək və xəstəliyin yenidən yayılmasını önləyəcəyik”, -deyə Əməkdar elm xadimi vurğulayıb.
banner

Oxşar Xəbərlər