• şənbə, 20 Aprel, 05:43
  • Baku Bakı 15°C

“Azərbaycanı əsassız tənqid edən qüvvələrin mövqeyi hər keçən il daha da zəifləyir”

13.09.18 16:48 1996
“Azərbaycanı əsassız tənqid edən qüvvələrin mövqeyi hər keçən il daha da zəifləyir”
Polşanın paytaxtı Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun toplantısı öz işinə başlayıb. Ənənəvi olaraq hər il keçirilən toplantıda 57 üzv dövlətdən rəsmi şəxslər, eyni zamanda qeyri-hökumət təşkilatları (QHT) təmsilçiləri, media nümayəndələr iştirak edirlər. Vətəndaş cəmiyyətinə, mediaya açıq olan bu toplantıda əvvəlcədən qeydiyyatdan keçməklə, arzu və niyyətini bildirməklə, təsdiq almaqla iştirak etmək mümkündür. Bir neçə gündür davam edən toplantıda Mətbuat Şurası Xarici əlaqələr komissiyasının sədri Azər Həsrət də iştirakçı olub. O, bu toplantıda müzakirə olunan məsələlər, səsləndirilən fikirlərlə bağlı "Kaspi”nin suallarını cavablandırıb.

- Azər bəy, səfəriniz necə keçdi?
- Səfərimiz yaxşı, effektiv keçdi deyə bilərik. 6-7 ildir ki, davamlı olaraq bu toplantılarda iştirak edirəm. Həm media, həm də vətəndaş cəmiyyəti təmsilçisi olduğuma görə, illik toplantının sahəmə aid olan sessiyalarında, tədbirlərində iştirak edirəm. Ümumilikdə bu toplantı iki həftə davam edir. ATƏT üzvü olan dövlətlərin hər birindən nümayəndələr, o cümlədən dövlət rəsmiləri, QHT və media təmsilçiləri toplantıya qatılırlar. Toplantı çərçivəsində müxtəlif mövzular üzrə hər gün ayrı-ayrı tədbirlər keçirilir, müzakirələr aparılır. Azərbaycandan da hər dəfə olduğu kimi dövlətin rəsmi nümayəndələri ilə bərabər, media və QHT təmsilçiləri qeyd olunan toplantıda iştirakçı olub. Mənim qatıldığım tədbirlər sırf media azadlığı ilə əlaqədar idi. Sentyabrın 11-də bütün gün ərzində media azadlığına dair müzakirələr aparılıb. Əlbəttə ki, bu müzakirələrdə iştirakçı olub Azərbaycanda söz və mətbuat azadlığının real vəziyyətinə dair fikirlərimizi çatdırmışıq.

- Sizinlə bərabər, Azərbaycanı həmin toplantıda kimlər təmsil edirdi?
- Media nümayəndəsi olaraq mən iştirak edirdim. Toplantıya Mətbuat Şurasının xətti ilə qatıldığım üçün bu qurumu təmsil edirdim. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsindən Gülsel Səfərova, Mərkəzi Seçki Komissiyasının Aparat rəhbəri Rövzət Qasımov, QHT rəhbəri kimi Əhməd Şahidov, Fərid Şahbazlı və qeyriləri də toplantıda iştirak edirdilər. Bundan başqa, Azərbaycandan kənarda yaşayan, ölkəmizlə bağlılığı olan insanlar da toplantıda iştirak edirdilər. Təbii ki, onların məramı, məqsədi, toplantıya qatılma niyyəti bizə əvvəlcədən bəlli idi. Məhz buna görə də onların Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə dövlətimizin, dövlətçiliyimizin, milli maraqlarımızın kontekstindən çıxış edərək cavab verdik. Hesab edirik ki, Azərbaycanda media ilə bağlı hər hansı problem varsa, bunun üçün də müraciət edəcəyimiz ünvan var. Bu ünvan Azərbaycan dövlətidir, əlaqədar qurumlardır. Azərbaycan dövləti medianın problemlərini həll etmək üçün hər zaman iradə nümayiş etdirib.

- Azərbaycan əleyhinə təbliğat aparanları kim və ya kimlər təmsil edirdi həmin toplantıda?
- Bu qrupu həmin toplantıda məlum personalar Emin Hüseynov və Arzu Qeybulla təmsil edirdi. Ola bilər ki, mənim tanımadığım başqa kimlərsə də onların xətti ilə toplantıda iştirak edib. Amma tədbirlər zamanı yalnız adlarını çəkdiyim iki şəxs çıxış edib fikir bildirdi. Səsləndirdikləri fikirlərə gəlincə, hər zaman olduğu kimi eyni mülahizələri, ittihamları dilə gətirdilər. Təsəvvür edin ki, bunlar 10 il bundan öncə nəyi deyirdilərsə, indi də dillərindən eyni sözləri eşitdik. Hətta onlara qoşulan bəzi dövlət və vətəndaş cəmiyyəti nümayəndələri də Azərbaycanla bağlı qeyri-obyektiv, heç bir fakta, sübuta söykənməyən iddialar irəli sürdülər. Çıxış imkanımdan yararlanaraq onların əsassız iddialarına tutarlı cavab verdim. Mənimlə paralel olaraq, Azərbaycan dövlətini təmsil edən Gülsel Səfərova zaman-zaman müdaxilələr edib ölkəmizin reallıqlarını, rəsmi mövqeyi, səsləndirilən ittihamların əsassız olduğunu toplantı iştirakçılarının diqqətinə çatdırdı. Şəxsi qənaətim bundan ibarətdir ki, Azərbaycan əleyhinə təbliğat aparanların fikir və mülahizələrini toplantı iştirakçılarının 70-80 faizi qımışaraq dinləyirlər. Bizi əsassız tənqid edən qüvvələrin mövqeyi hər keçən il daha da zəifləyir. Artıq auditoriya onların gətirdiyi arqumentləri ciddi hesab etmir. Onları dinləməyə maraq göstərən də demək olar ki, yoxdur. Çünki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu, ölkəmizin reallıqları hər kəsə aydındır. Məhz bu səbəbdən anti-Azərbaycan qüvvələrin Qərbdəki dəstəkçiləri də azalıb.


- Konkret olaraq hansı ittihamlar səsləndirirdilər?
- Emin Hüseynov və Arzu Qeybulla indiyədək irəli sürdükləri əsassız ittihamları, yaxud yeni absurd yanaşmanı dilə gətirirdilər. Misal üçün, Emin Hüseynov iddia edirdi ki, guya onun anasını öldürüblər. Halbuki, onun anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Əlbəttə ki, biz insan itkisinə, eləcə də Emin Hüseynovun anasının vəfat etməsinə üzülürük, onun hislərini başa düşürük. Lakin Emin Hüseynov reallıqdan uzaq fikir səsləndirərək, anasının faciəvi şəkildə öldürüldüyünü açıq mətnlə iddia edirdi. Hər gün dünyadakı müxtəlif xəstəxanalarda onlarla, yüzlərlə, minlərlə insan dünyasını dəyişir. İndi biz bütün bu ölüm hallarını siyasətlə əlaqələndirməliyikmi? Belə bir iddiada olmaq sağlam yanaşma olmaz. Ona görə də Emin Hüseynovun anasının ölümündə Azərbaycan dövlətini, hakimiyyətini günahkar bilməsi növbəti əsassız ittihamdan başqa bir şey deyil. Bununla o, əndazəni aşdı və cavabını da aldı. Emin Hüseynov və onun kimi Azərbaycan əleyhinə təbliğat aparanlar heç bir fakta söykənmədən, yalnız ümumi şəkildə əsassız ittihamlar səsləndirirlər. Belə ümumi sözlərlə Azərbaycan haqqında yanlış təsəvvür formalaşdırmaq yolverilməzdir. Azərbaycan elə bir ölkədir ki, istənilən məsələ ilə bağlı buraya gəlib yerindəcə araşdırma aparmaq, obyektiv qənaətə gəlmək mümkündür.


- Beynəlxalq tədbirlərdə anti-Azərbaycan qüvvələrin işğalçı Ermənistanla eyni mövqeni bölüşdükləri hər kəsə məlumdur. Düşmən ölkəni təmsil edənlər bu dəfə özlərini necə apardılar?
- Toplantıda Rusiya və Ukrayna nümayəndələri arasında ciddi fikir ayrılığı, gərginlik yaşandı, uzun-uzadı müzakirələrə yol açıldı. Hətta Ukrayna dövlət rəsmisi Krım yarımadasından olan, Rusiyanın təbəəliyini qəbul etmiş iki QHT rəhbərinin çıxışını əngəllədi. Əsas kimi də Krımın Ukrayna ərazisi olduğunu, hazırda Rusiya tərəfindən işğal edildiyini və bundan qaynaqlanan məsələləri götürdülər. Bu hadisədən istifadə edərək təklif etdim ki, ATƏT bundan sonrakı toplantılarında bölücü ərazilərdən, eyni zamanda işğal altında olan ərazilərdən nümayəndələr bu toplantılarda təmsil olunmasınlar, hətta onların qeydiyyatdan da keçmələri əngəllənsin. Yəni, faktiki olaraq işğal altındakı ərazilərdən kimsə gəlib belə toplantılarda iştirak etməsin. Tələb etdim ki, ATƏT bu kimi məsələlərə göz yummalı deyil. Bu təklifdən sonra Ermənistan nümayəndəsi öz çıxışında söylənilənlərə reaksiya verdi. Ermənistan nümayəndəsi bəzi dövlətlərin "qara siyahılar” tutduğunu, müxtəlif ərazilərə gedən jurnalistlərə qarşı təbliğat apardığını vurğuladı. Həmin erməni Azərbaycanın adını çəkməsə də ATƏT-ə çağırış etdi ki, jurnalistlərin sərbəst hərəkəti, istədiyi vaxt istədiyi əraziyə getməsi üçün şərait yaradılsın, buna görə onlara qarşı hər hansı hərəkətə yol verilməsin. Ona cavab olaraq, Ermənistan tərəfinin xarici jurnalistləri aldadaraq Azərbaycanın işğal olunan torpaqlarına – Dağlıq Qarabağ ərazisinə gətirdiyini, rəsmi Bakının da beynəlxalq prinsiplərə və hüquqa söykənərək, həmin ərazilərə qeyri-qanuni səfər edən şəxslərə qarşı tədbir gördüyünü diqqətə çatdırdım. Bildirdim ki, ATƏT bu cür məsələlərə son qoymaq üçün üzv dövlətlərə müraciət etməlidir. Əgər kimsə, o cümlədən xarici jurnalist işğal altındakı ərazilərimizə səfər etmək istəyirsə, bunun üçün ilk növbədə Azərbaycan dövlətinə müraciət etməli, icazə almalıdır. Bundan sonra həmin əraziyə hansı yolla getməsi onun şəxsi işidir.

- ATƏT-in toplantısı ərəfəsində Azərbaycanda bəzi şəxslər "siyasi məhbus siyahısı” ilə təkrar gündəmə gəlməyə çalışdılar. Toplantı çərçivəsində anti-Azərbaycan qüvvələrin bu məsələni də şişirtmək cəhdləri oldumu?
- Ümumiyyətlə toplantı çərçivəsində ayrıca olaraq Azərbaycan məsələsi müzakirə olunmadı. Sadəcə, çıxış edənlərdən ölkəmizlə bağlı bir neçə fikir səsləndirən oldu. "Siyasi məhbus” siyahısına gəlincə, çıxışlar zamanı həbsdə olan jurnalistlər barəsində fikirlər səsləndirildi. Misal üçün, elə adamların adını jurnalist kimi qeyd edirlər ki, nəinki xaricdə, eləcə də ölkə daxilində, media camesində onları tanıyan yoxdur. Mətbuat Şurası təmsilçiləri olaraq şəxsən bildiyimiz fakt var ki, rayonların birində iki nəfər şəxs cinayət törədib və buna görə həbs olunub. Onların jurnalistikaya, vətəndaş cəmiyyətinə, siyasətə heç bir aidiyyəti yoxdur. Bu iki şəxs həbsə düşdükdən sonra "reket qəzetlər”dən birinin baş redaktoru həmin məhbuslarla görüşüb, 500 manat müqabilində onlara jurnalist vəsiqəsi satıb. Bunun ardınca həmin iki şəxs jurnalist olduqlarını, məhz jurnalistlik fəaliyyətinə görə həbs olunduqlarını bildiriblər. Yaxud bloqer Mehman Hüseynovun da jurnalist olduğunu, həbs edildiyini bildirdilər. Onun da jurnalist olmadığı, bloqerliklə məşğul olduğu, konkret qanunsuz əməlinə görə həbs edildiyi qeyd olundu. Bu kimi faktları sadalayaraq tövsiyə etdik ki, siyasi məhbus və ya həbsdə olan jurnalistlərlə bağlı çıxış edərkən diqqətli olmaq, faktların doğruluğuna əmin olmaq gərəkdir.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər