• cümə axşamı, 28 mart, 14:44
  • Baku Bakı 16°C

Emin Əmrullayev: "Yaxşı nəticə əldə etmiş müəllimlərimizin olması bizi sevindirməlidir"

04.01.19 15:52 4760
Emin Əmrullayev: "Yaxşı nəticə əldə etmiş müəllimlərimizin olması bizi sevindirməlidir"
Təhsil İnstitutunun direktor əvəzi, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev Trend-ə müsahibəsində "İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinə dair KİV-də yayılan məlumatlarla bağlı müəyyən məqamlara aydınlıq gətirib.
- Emin müəllim, "İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin əsas məqsədi nədən ibarətdir?
- "İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsi məktəblərdə tədris prosesini aparan müəllimlərin ümumi məktəb proqramı biliklərinin yoxlanılması məqsədi ilə həyata keçirilən imtahan deyil, tam əksinə, olimpiadalara hazırlıq prosesinə cəlb ediləcək müəllimlərin müəyyən edilməsinə xidmət edən müsabiqədir(olimpiadadır). Bu tip müsabiqələrdə nəticələrin 50% -dən aşağı olması müsabiqənin xarakteri ilə əlaqədardır. Məhz bu səbəbdən müsabiqə sadəcə dünya olimpiadaları keçirilən 5 fəndən təşkil edilib.
- Sosial mediada müsabiqəyə düşən sualların məzmunu ilə bağlı müzakirələr gedir. Məgər bu suallar fərqli suallardır?
- Müsabiqədə təqdim edilən sualların məzmunu ümumtəhsil müəssisələrində tədris olunan milli kurikulum əsasında deyil, dünya olimpiadaları proqramına uyğun, kifayət qədər çətinliyi artırılmış tapşırıqlar əsasında hazırlanıb. Beynəlxalq olimpiadalara hazırlıq proqramını orta məktəblərdə tədris prosesini həyata keçirən müəllimlərin bilmələri mütləq deyil. Bu səbəbdən müsabiqə könüllülük prinsipi əsasında keçirilib. Beynəlxalq olimpiadalarda təqdim edilən tapşırıqlar və ya həmin məzmuna müvafiq hazırlanan sualların nəinki orta məktəb müəllimləri, hətta ali məktəblərin professor- müəllim heyəti üçün çətinlik yaratması təbii haldır. Sırf bu sahə ilə məşqul olmayan istənilən müəllimin belə müsabiqələrdə nəticələrinin qənaətbəxş olmaması təbiidir.
- Mediada gedən müzakirələrdə daha çox qeyd olunurdu ki, bizim müəllimlərimizin böyük əksəriyyəti istənilən nəticəni toplaya bilməyiblər. Doğrudanmı belədir?
- Qətiyyən belə deyil. Dünyanın bir çox ölkəsində beynəlxalq olimpiadalara hazırlıq prosesi ali təhsil müəssisələrinin nəzdində professor-müəllim heyətinin rəhbərliyi altında həyata keçirilir. Məzmunu kifayət qədər dərin olduğu üçün beynəlxaq olimpiadalara hazırlıq nəinki fənlər, hətta bir fənn daxilində müvafiq bölmələr üzrə ixtisaslaşmış müəllimlər tərəfindən aparılır. Məsələn, riyaziyyat fənni üzrə "ədədlər nəzəriyyəsi” bölməsindən mütəxəssis olan müəllim kombinatorika və ya həndəsə sahəsini bilməyə bilər, bu, dünya praktikasında çox təbii haldır. Müsabiqənin keçirilməsinin məqsədlərindən biri də orta məktəblərdə çalışan müəllimlərimizdən bu sahəyə marağı olanları müəyyən edərək yuxarıdakı təcrübəni ölkəmizdə tətbiq etməkdir. Müsabiqədə yaxşı nəticə əldə etmiş müəllimlərimizin olması bizi sevindirməlidir. Nəticələrin bu şəkildə olması müsabiqəni hazırlayan münsiflər heyəti tərəfindən çox təbii qarşılanıb, hətta paytaxtdan və ya bölgələrdən bu sahə ilə tanış olan müəllimlərin mövcudluğu müsbət qiymətləndirilib.
- Müəllimlərin olimpiadaya hazırlığı üçün hansı resursları qeyd edə bilərik?
- Bu gün orta məktəb müəlliminin qarşısına qoyulan vəzifə məktəb proqramını şagirdlərə çatdırmaq, onları buraxılış və qəbul imtahanlarında lazımi standartlara cavab verə biləcək səviyyədə yetişdirməkdir. Olimpiadalara hazırlıq məsələlərinin öyrənilməsi ölkədə geniş miqyasda yayılmaqda və böyük marağa səbəb olmaqdadır. Müsabiqədə uğur qazanan müəllimlərimizlə olimpiada hərəkatının kütləviləşdirilməsi və ölkə üzrə yayılması istiqamətində bir çox layihələrin həyata keçirilməsi planlaşdırılıb. Xatırlatmaq istərdik ki, son 5 ildə Azərbaycan məktəbliləri iştirak etdikləri bir çox beynəlxalq olimpiadalarda ölkəmizi layiqincə təmsil edib və 140 medal qazanıblar. Müsabiqədə iştirak edən müəllimlər olimpiadalara hazırlıq prosesinə cəlb edildikdən sonra ölkə üzrə nailiyyətlərin daha da yaxşılaşacağına şübhə etmirik.
banner

Oxşar Xəbərlər