AZE | RUS | ENG |

Əməliyyatlarını musiqi sədaları altında edən cərrah - Uğur hekayəsi

Əməliyyatlarını musiqi sədaları altında edən cərrah - Uğur hekayəsi
Fidan Abdullayeva: “Tək Azərbaycanın sərhədlərində qalmaqla, mükəmməl həkim olmaq mümkün deyil”

Möcüzələrə inanır. Deyir ki, etdiyi cərrahi əməliyyatlar və qarşılaşdığı nüanslar sübut edir ki, həkimin sağalmasını mümkünsüz hesab etdiyi xəstəlik, bir gün möcüzə nəticəsində sağala bilər. Onun fikrincə, hər kəsin taleyində müəyyən yol var. O yolda sağlamlıqla bağlı bir problem olanda, həkimlər sadəcə vasitəçi olur. Gerisi insanın özündən və inamından asılıdır.

Müsahibimiz həkim-oftalmoloq, Silahlı Qüvvələr Baş Klinik Hospitalının həkimi, Azərbaycanda keratakonus xəstəliyi üzrə ən yaxşı cərrahlardan hesab olunan Fidan Abdullayevadır.

Həmsöhbətimiz Azərbaycan Tibb Universitetində müalicə-profilaktika fakültəsində təhsil alıb. Universiteti fərqlənmə ilə bitirdikdən sonra Türkiyədə İstanbul və Səlcuq universitetlərində çəpgözlük üzrə ixtisaslaşıb. Təhsilini Almaniyada Mainz Universitetində davam etdirib, keratokonus və refraktiv cərrahiyyə kursu keçib. Daha sonra 3 aylıq Hindistanın Nagpur şəhərində Mahatme Eye Hospitalda 100-dən çox əməliyyat edərək katarakta cərrahiyyəsi üzrə kurs keçib. 2011-ci ildə könüllü olaraq Pakistana gedərək 2 ay Trust hospitalda 200-ə yaxın katarakta, qlaukoma əməliyyatları edib. Hazırda Türkiyə, Avropa, Amerika oftalmoloji dərnəklərinin üzvüdür. 2004-cü ildən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında oftalmoloq kimi çalışır.
 


- Fidan xanım, adətən qız uşaqlarının əksəriyyəti uşaqlıqdan həkim olmaq istəyir. Sizdə də sənət sevgisi uşaqlıqdan gəlir?
- Anam həkim olmağı çox arzulayırdı. Öz xəyalı həyata keçmədiyi üçün məni həkim kimi görmək istəyirdi. Elə uşaqlıqdan ancaq həkimliklə bağlı oyuncaqlarım olurdu. Düşünürdüm ki, bu sənət çox maraqlıdır. Tibb Universitetinə daxil olduqdan sonra yadımdadır, qohumumuzun gözünə virus düşmüşdü. Mən də, hələ tələbəlik illərində kitablardan oxuyaraq, onu müalicə etməyə başladım. Müalicəm öz effektini verdi. O vaxta qədər göz həkimi olmağı düşünmürdüm. Bu müalicədən sonra istiqamətimi seçdim ki, bu sahədə özümü inkişaf etdirməliyəm. 
 
- Karyeranıza nəzər yetirdikdə görürük ki, xarici ölkələrdə qatıldığınız konfranslar, kurslar az deyil. Sizcə, xaricdə təhsil almağın əhəmiyyəti nədir?
- Xaricdə təhsil almağın əhəmiyyəti çoxdur. Həkim üçün isə bu, vacibdir. Çünki orada öyrənmək üçün imkanlar genişdir və ən əsası sənə xəstəni müayinə etmək imkanı verirlər. Hər şeyi nəzəriyyədən yox, təcrübədən öyrənirsən. Xaricdə həkimlər öyrənmək istəyənə xüsusilə dəstək olur, əhəmiyyət verirlər. Avadanlıqları çox güclüdür. Mənə elə gəlir ki, xaricdə təhsil almayan həkim mükəmməl həkim ola bilməz. Tək Azərbaycanın sərhədlərində qalmaqla, mükəmməl həkim olmaq mümkün deyil.
 


- Ən çox keratakonus əməliyyatı edən həkim kimi tanınırsınız. Ümumiyyətlə, keratakonus nədir və ölkəmizdə bu xəstəlik kifayət qədər çoxdurmu?
- Bəli, Azərbaycanda çoxdur. İlk dəfə keratakonusla bağlı kursu Almaniyada keçdim. İspaniyada davam etdirərkən gördüm ki, bu xəstəliklə bağlı Küveytdən gələn xəstələr həddindən artıq çoxdur. Azərbaycanda isə öz təcrübəmdən deyə bilərəm ki, Naxçıvanda keratakonus xəstələri digər şəhərlərə nisbətən çoxdur. Havası tozlu, günəşli, quru olan şəhərlərdə keratakonus daha çox yayılır. Xəstəliyin yaranma səbəbi məlum deyil. Adətən 14-15 yaşdan sonra meydana çıxır. Özəlliyi odur ki, heç bir ağrı vermədən, görməni get-gedə azaldır. Ona görə də, kiminsə genetikasında keratakonus varsa, onlar mütləq müayinədən keçməlidir. Ən təhlükəlisi odur ki, keratakonusla gedən zəiflik bərpa olunmur. Korluğa doğru gedir və ən yaxşı halda donor köçürülməlidir. Biz əməliyyatla gözün zəifliyini bərpa etmirik, sadəcə zəifliyin gedişatını dondura bilirik. Keratakonusda görmə bərpa olunmur, xəstəni incitmədən korluğa doğru aparır. Onu da qeyd edim ki, Azərbaycan MDB ölkələrinin içində ən çox keratakonus xəstəliyinin olduğu ölkələrdəndir.

- Karyeranız dövründə əməliyyatlarınızın sayını unutduğunuzu deyirsiniz. Maraqlıdır, sizə təsir edən hansısa əməliyyatınız olubmu?
- Sayını bilməsəm də, ən çox etdiyim əməliyyatlar keratakonusdur. Mənə təsir edən əməliyyatlarım çox olub. Bunlardan biri Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz xanımın əməliyyatı idi. Dedi ki, mən kitablar tərcümə edirdim, indi gözlərim görmür və kiməsə möhtacam. Möhtac olmaq istəmirəm... Bir gündə iki gözünü əməliyyat etdim və səhəri gün əla görməyə başladı. İndi də onun hanısısa yazısını oxuyanda, düşünürəm ki, burada mənim də köməyim var. İkinci ən təsirli əməliyyatım isə daun xəstəsi olan qız uşağı idi. Keratakonus xəstəliyi var idi və bir gözü tamamilə sıradan çıxmışdı. Digər gözündə isə şans az idi. Mən dedim ki, sıradan çıxan gözü əməliyyat etməyəcəm. Çünki onu əməliyyat etmək risk idi və mənə görə onsuz da mənası yox idi. Uşağın anası ağladı ki, hər iki gözünü əməliyyat et. Deyirdi ki, yuxuda görüb ki, əməliyyatın effekti olacaq. Yardım məqsədilə etdiyim əməliyyatlardan biri idi. Ananın xahişindən sonra, hər iki gözünü əməliyyat etdim. İnanın ki, bir neçə aydan sonra xəstə gəldi və mən təəccübləndim. Deşilmək təhlükəsində olan bir gözü tamamilə bitişmişdi və həmin gözü ilə mənə hərfləri oxudu. Anası dedi ki, mən yuxuda görmüşdüm və bilirdim ki, görəcək.
 


- Sizcə, bu, möcüzə idi? Ümumiyyətlə, möcüzələrə inanırsınızmı?
- Bəli, bu, mümkünsüz idi və mən artıq möcüzələrə inanıram. Əvvəllər bu sualı mənə versəydilər, inkar edərdim. Amma zaman keçdikcə, karyeramda da qarşılaşdığım hadisələr məni inandırır. İnsan həyatında Allahın verdiyi elə istiqamətlər var ki, onu heç kim döndərə bilməz. Biz həkimlər sadəcə vasitəçiyik. 
 
- Könüllü kimi təkcə Azərbaycanda deyil, Pakistanda, Hindistanda da pulsuz əməliyyatlar etmisiniz...
- Həyatda bəzi nüanslar var ki, onun əvəzi yoxdur. Kimin nə qədər ruzisi varsa, onu da alacağıq. Amma hər bir həkim imkanı olmayan xəstələrə kömək etməlidir. Düzdür, bəzən olur ki, xəstə deyir ki, mən eynəkdən azad olmaq istəyirəm, məni pulsuz əməliyyat edin. Mən ona açığı deyim ki, yardım edə bilmərəm. Bu, kef əməliyyatıdır. Əgər imkan yoxdursa, eynək taxa bilər. Amma keratakonus xəstəsini pulu yoxdur deyə, əməliyyat etməsəm, günü-gündən görməsi gedəcək və kor olacaq. Bu, mənim üçün böyük bir vicdan əzabı olar ki, adam gəldi və onu pula görə əməliyyat etmədim. Ən dəhşətlisi isə əməliyyat etmədiyim üçün cavan qızın və oğlanın dünya işığından məhrum olmasına vəsilə oldum. Bu, ağır vicdan əzabıdır. Hansısa imkanı olmayan xəstənin sevinci, ondan aldığım müsbət enerjinin qiyməti yoxdur. Mənəvi dəyər mənim üçün maddiyatdan da önəmlidir. 
 

 
- Xəstələriniz deyir ki, əməliyyatlarınızı musiqi sədaları altında edirsiniz... 
- Uşaqlıqdan musiqini sevirəm. İlk başlayanda cərrah kimi müəyyən həyəcan, stress olur. Çünki əlinin altında gələcək taleyi səndən asılı olan gənc uzanır. Musiqini dinləyəndə həkim də, xəstə də rahat olur. Əvvəllər düşünürdüm ki, həm xəstə dincəlsin, həm də özüm. Sonra gördüm ki, musiqi olarkən mən daha yaxşı əməliyyat edirəm. Bəzi adamlar sakitliyi sevir, məndə belə deyil. Mən kitab oxuyanda da, yüksək səslə musiqiyə qulaq asıram. Əməliyyat vaxtı caz və sakit xarici musiqiləri dinləməyi çox sevirəm.
 
- Pakistan təhlükəli yerdir. 2 ay komfort zonadan çıxmaq və təkbaşına orada yaşamaq çətin deyildi ki?
- Çox çətinliklərim oldu. Hospitalının baş həkimi mənə facebookda dostluq göndərdi və xəstəxana haqqında məlumat verdi. Razılaşdım, amma oranı tanımırdım. Məni Okaro şəhərinə çağırdı hansı ki, balaca və periferik şəhərcikdir. İki uşağım, ailəm var. Anama sonuncu gün xəbər verdim ki, Pakistana işləməyə gedirəm. O vaxt da terror hadisələrinin ən qızğın dövrü idi. Anamı, uşaqlarımı ağlaya-ağlaya qoyub getdim. Təsəvvür edin, gecə məni qəribə paltarlı bir adam qarşıladı. Xəstəxana da çox qəribə idi. Silahlı adamlar tərəfindən qorunurdu. Şəhərdə elə bilirdim ki, 18-ci əsrə düşmüşəm. İnsanlar qəribə geyimli, nəqliyyat vasitələri arabalar idi və həddindən artıq kasıb idilər. Əməliyyatlara başladıq, gözləri açılandan sonra dilini bilmədiyin insanların duaları, sevinci o qədər gözəl idi ki... Təhlükəli səfər idi, amma yenə də olsa, gedərdim. Düşünürəm ki, əgər məni çağırırlarsa, deməli, ehtiyac var. Düzdür, mən olmasaydım, başqa həkim olardı, amma istədim ki, insanlara xeyrim dəysin.

- Uzun müddət zəif görən insana elə gəlir ki, hamı onun kimi görür. Amma görmənin zövqünü daddıqdan sonra qəribə reaksiyalar olur. Əməliyyatlardan sonra belə hallarla qarşılaşmısızmı?
- Bəli, hamı belə düşünür. Əməliyyatdan sonra reaksiyalar qəribə olur. Xəstə məni qucaqlayır, sevinir, indiyə kimi hər dəfə bayramlarda mənə yazırlar. Cəmiyyətdə eynəkli insanlara "sən korsan” deyə təhqirlər də olur. Birdən-birə görən insanın bütün həyatı dəyişir. O qədər gəlinlər olub ki, qaynanası kor dediyi üçün utanıblar. Məhz onların sevincinə dəyər.
 


- Pasiyentlərlə ünsiyyətiniz çox yaxşıdır. Sizcə, bunun əhəmiyyəti nədir?
- Mən səmimi olmağı sevirəm. Açığı deyim ki, xəstədən çox şey öyrənirəm. Onun söhbəti ilə şikayətindən də, tənqidindən də, tərifindən də öyrənirəm. Xəstəyə təkcə əməliyyat lazım deyil. Həm də ona motivasiya verib inandırmalısan və bilməlidir ki, problemi nədir. "Mən əməliyyatımı etdim qurtardı, işim bitdi” belə olmaz. Vəziyyəti mən bilirəm, o bilmir axı... Ona informasiya vermək mənim borcumdur. Verməsəm, işimi natamam xidmət hesab edirəm.

- "Uşaqlarımı ağlaya-ağlaya qoyub getdim” dediniz. Bir qadın üçün ailəli olub uğurlu karyera qurmağın çətinlikləri nələrdir?
- Bir dəfə bir müəllimim mənə demişdi ki, bir qadın həm yaxşı cərrah, həm yaxşı ana, həm də yaxşı həyat yoldaşı ola bilməz. Üçünün də mükəmməl olması mümkün deyil.  Bunlardan hansındasa, axsayacaqsan. Mənə elə gəlir ki, bu, doğrudur. Biz karyerada müəyyən qədər qurban veririk. Uşaqlarımıza, həyat yoldaşımıza ayırdığımız vaxtdan ya da xəstələrlə münasibətdən qurban veririk. Bu balansı saxlamaq üçün belə qərara gəldim ki, səhərdən axşama qədər işləməyəcəyəm. Günün digər yarısını ailəmə sərf etməliyəm. Mən ilk dəfə Pakistana gedəndə, qızımın 2 yaşı var idi. Qayıtdıqdan sonra, qızım məni tanımırdı. Məni sığallayıb soruşurdu ki, sən anasan, ya xalasan? Mən bunu heç vaxt unuda bilmirəm.

- Ənənəvi sualımız. Uğurunuzun sirri nədir?
- Sadəcə, niyyət etmək və məqsəd qoymaq lazımdır. Nə iş görəcəksənsə, mükəmməl olması üçün çalışmalısan. İlk dəfə Almaniyaya keratakonus üzrə gedəndə qərara gəldim ki, bu xəstəlik üzrə ən yaxşılardan olmalıyam. Məqsəd qoydum və məncə, buna çatmışam. İstənilən sahədə ən yaxşı olmaq üçün niyyətlənmək və çalışmaq lazımdır.

Aygün ƏZİZ
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000