• şənbə, 20 Aprel, 15:26
  • Baku Bakı 23°C

Əməkdar artistin şagirdlərlə onlayn görüşü

17.04.20 17:19 2829
Əməkdar artistin şagirdlərlə onlayn görüşü
Əgər 10 yaşlı uşaq teatr haqqında düşünürsə və ona maraq göstərirsə...

Karantin günləri ilə əlaqədar olaraq uzun müddətdir ki, təhsilə ara verilib. Ölkəmizdə aprelin 20-nə kimi məktəb və universitetlərdə tətil elan edilib. Bu müddətdə isə şagirdlər və tələbələr dərslərinə onlayn şəkildə davam edir. Belə ki, günədlik dərs rejimini onlayn sistemində tətbiq edən müəllim və şagirdlər yeni bir metodla qarşı-qarşıyadırlar.
Onlayn təhsil sisteminə əməkdar artist Elman Rəfiyev də qoşulub. Belə ki, Pantomima Teatrının direktoru Qaradağ rayonu, Sahil qəsəbəsi, E.İsmayılov adına 253 nömrəli məktəbin 3a sinif şagirdləri ilə onlayn şəkildə görüş keçirib. Sinif rəhbəri Quliyeva Xuraman şagirdlərlə aktyorun görüşünü təşkil edib. E.Rəfiyev bildirib ki, bu görüş şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır: "Karantin günlərində onlayn dərslərin keçirilməsi zəruridir. Şagirdlərin dərs proqramından əlavə, sevdikləri incəsənət nümayəndəsi ilə görüşü isə onların gündəlik dərs proqramını daha əyləncəli edir. Xuraman müəllimədən belə bir təklif aldıqda məmnunluqla qəbul etdim. Şagirdlərlə onlayn görüş mənim üçün də xoş təsir bağışladı. Bu, silsilə xarakter daşısa, şagirdlər üçün daha səmərəli olar. Məktəb müəllimləri onlayn dərslərlə bərabər, aktyorlar, digər sənət nümayəndələri ilə də belə görüşlər təşkil etsələr, həm uşaqların dünyagörüşünə təsir edərlər, həm də onlar gələcəkdə bu görüşü xoş bir xatirəyə çevirərlər. Görüşlər vaxtarışı olsa, uşaqlar da evdə darıxmaz tanınmış sənəçi ilə ünsiyyətdə olaraq, düzgün istiqamətlənərlər. Onlayn görüş zamanı uşaqların sevinc hissi keçirdiklərinin şahidi oldum. Onlar öncədən mənim rol aldığım filmləri, serialları izləyib suallar hazırlamışdılar. Mənimlə görüşə bir növ hazırlaşmışdılar. Şagird olsalar da, mənə bir-birindən maraqlı suallar verdilər. Mən də o sualların hamısını cavablandırmağa çalışdım. Əgər 10 yaşlı uşaq teatr haqqında düşünürsə və ona maraq göstərirsə, bu o deməkdir ki, bu gün teatr tənəzzülə uğramayıb, əksinə, uğura doğru gedir. Axı bizim gələcəyimiz məhz bu uşaqların, gənclərin əlindədir. Teatrı gələcəyə onlar aşılayacaq".
E.Rəfiyev bir saata yaxın çəkən görüşdə bu günün aktyorlarından, dramaturgiyadan, teatrın insan həyatındakı rolundan danışdıqlarını bildirdi: "Biri var televizya tamaşalarında, seriallarda baxsınlar, biri də var ki, həmin aktyorlarla canlı şəkildə ünsiyyətdə olsunlar. Bunlar başqa-başqa duyğulardır. Misal üçün, mən şagird olanda Siyavuş Aslanı uzaqdan görəndə sevinc hissi keçirirdim. Yaxınlaşıb ona salam verməyi arzu edirdim. Ona baxıb deyirdim ki, mən də onun kimi aktyor olacağam. Bu gün uşaqlar o qədər sevincli idilər ki".
Əməkdar artist iki gün əvvəl "zoom” proqramı vasitəsilə mədəniyyət naziri Əbülfəs Qarayevin teatr direktorları ilə görüş keçirdiyini bildirdi: "İclasda teatrın indiki durumu, virtual tamaşaların effekti, aktyorların bugünkü işləri barədə müzakirələr aparıldı. Bilirsiniz ki, mədəniyyət naziri karantin günlərində də teatrlar, muzeylər, mədəniyyət müəssisələri ilə maraqlanır. İclasda müəyyən təkliflər də səsləndirildi".

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər