Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Kollegiya iclası keçirilib
Prezident İlham Əliyevin siyasətinin ana xəttinin
sosialyönümlü olması 2018-2019-cu illərdə həyata keçirilən inqilabi
islahatlarda bir daha özünü göstərdi. Həyata keçirilən islahatlar ümumilikdə
4,2 miyondan çox insanın yaşayışına müsbət təsir edib. Bunu Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında Kollegiyanın sədri,
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir məlumat verib ki, hələ ötən ildən
reallaşdırılan yeni islahatlar kursu artıq bütün sahələrdə, o cümlədən sosial
sahə üçün uğurlu nəticələrini verib. O bildirib ki, Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST Agentliyi dövlət sosial xidmətləri
sahəsində yeni olmasına baxmayaraq, artıq 30 mindən çox şəxs DOST xidmətlərindən
faydalanıb və bu xidmətlərdən keyfiyyətindən vətəndaşların məmnunluq səviyyəsi 94
faizi keçir.
Nazir yeni qurulan altsistemlərin, həmçinin
"Məşğulluq” altsisteminin, yeni işə salınacaq "Valideyn himayəsindən məhrum
olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin əhəmiyyətindən də danışıb.
İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində olan Əlillərin Məişət Xidmət Cərgəsi Dövlət Müəssisəsinin
və "Həyat Ticarət Mərkəzi” Dövlət Müəssisəsinin yenidən təşkili, "Metropoliten
sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu
Kitabçası”nda dəyişiklik edilməsi, "Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin
Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi, "Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə
Qaydaları”nda dəyişiklik edilməsi, "Mədəni-maarif, turizm
müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu
Kitabçası”nın ləğv edilməsi, "Vasitəçilik fəaliyyətinə xüsusi razılıq
(lisenziya) almış hüquqi şəxslərin Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunması ilə bağlı
xarici hüquqi və ya fiziki şəxslərlə bağladıqları müqavilələrin təsdiq edilməsi
və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb etdikləri Azərbaycan
Respublikasının vətəndaşları haqqında məlumatın verilməsi Qaydası”nın təsdiqi
barədə” Kollegiya Qərarının ləğv edilməsi, "Bütün sahələr üçün ümumi olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda, "Teatr,
konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas
Sorğu Kitabçası”nda dəyişiklik edilməsi, "Mədəni-maarif müəssisələrində olan
qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə”,
"Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin
Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi, "Səhiyyə sahəsinə aid
olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu
Kitabçası”nın təsdiq edilməsi, "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin
Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi məsələləri müzakirə olunub və qərarlar qəbul
edilib.